Azərbaycan tarixi günbəgün: 3 fevral
3 fevral 1924 – Bakıda ilk tramvay nəqliyyatı işə salınıb. Azərbaycanda polad relslər üzərində ilk nəqliyyat 1883-cü il mayın 8-də Bakı-Tiflis dəmir yolunun işə salınması ilə faəliyyətə başlamışdı.
1899-cu ildə Bakıda ilk konka işləməyə başlamışdı. 1923-cü ildə elektrik tramvay xətti çəkilməsi başlanır və 1924-cü il fevralın əvvəlində (bəzi mənbələrə görə, fevralın 8-də) istismara verilir. 1926-cı ildə SSRİ-də ilk elektrik dəmir yolu xətti də Bakıda (Bakı-Sabunçu elektrik qatarı) işə salındı. 2002-ci ildə Bakıda tramvay nəqliyyatı ləğv olundu.
3 fevral 1993 – Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq yönündə ilk sənəd - «Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında» müqavilə imzalanıb. Müqavilə Gürcüstan rəhbəri Eduard Şevardnadzenin Bakıda prezident Əbülfəz Elçibəylə görüşünün yekunu olaraq imzalanıb.
3 fevral 1995 – Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycanın təşkilatda “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib. Azərbaycan Avropa Şurasına 1992-ci ildə müraciət etmiş, 1994-cü ildə AŞPA üç Cənubi Qafqaz respublikasının müraciətinə baxılması barədə 1247 saylı tövsiyə qərar qəbul etmişdi. AŞPA Bürosu 1996-cı ilin iyununda Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul etdi.
3 fevral 2004 – Prezident İlham Əliyevin iştirakı ilə "Gülüstan" sarayında Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsi üzrə son sənədlərin təntənəli imzalanma mərasimi keçirilib. Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin, BTC-nin kreditorlar qrupunun nümayəndələri tərəfindən imzalanan maliyyələşmə paketi 78 müxtəlif tərəfin 17 mindən artıq imzası olan 208 maliyyə sənədindən ibarət idi.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: