Azərbaycan tarixi günbəgün: 11 fevral
11 fevral 1725 – Rusiya Xarici İşlər Kollegiyası işğal olunmuş Xəzərətrafı ərazilərdə erməni əhalisinin yerləşdirilməsi barədə fərman verib.
Bu, çar Rusiyasının ermənilər vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək siyasətinin ilk praktik addımı idi. XVIII əsrin əvvəlində Azərbaycanın Xəzərboyu ərazilərini müvəqqəti ələ keçirən çar I Pyotr sələflərinə məhz bu siyasəti vəsiyyət etmişdi.
11 fevral 1829 – Rusiya imperiyasının Tehrandakı səfiri, şair Aleksandr Qriboyedov qətlə yetirilib. Türkmənçay müqaviləsindən sonra İrandan erməni əhalisinin Azərbaycan torpaqlarına köçürülməsində iştirak edən Qriboyedov həmin müqavilənin birinci ildönümündə bir qrup dindarın Rusiya səfirliyinə basqını zamanı öldürülmüşdü. Bu hadisədən sonra İran şahı Rusiya ilə münasibətləri sahmanlamaq üçün üzrxahlıq olaraq Peterburqa böyük miqdarda qızıl və daş-qaş göndərdi.
11 fevral 1981 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani vəfat edib. Möhsün Sənani 1900-cü il iyunun 19-da Tiflisdə anadan olmuşdu.
11 fevral 1992 – Erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal ediblər.
11 fevral 2000 - Prezident Heydər Əliyev Baş Dövlәt Vergi Müfәttişliyinin lәğv edilməsi, onun bazasında Vergilәr Nazirliyinin yaradılması barədə fərman verib. 11 fevral Azərbaycan vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
11 fevral 2004 – Prezident İlham Əliyev "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" fərman imzalayıb. Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində respublikanın bölgələrinin iqtisadi mənzərəsi köklü şəkildə yaxşılaşmış, geniş aqrar-sənaye, sosial, energetika və kommunikasiya infrastrukturu yaranmış, 700 mindən çox yeni iş yerləri açılmışdır.
11 fevral 2009 – Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücümundan Müdafiə Qoşunlarının komandanı general-leytenant Rail Rzayev Bakıda (səhər xidməti avtomaşınında işə gedərkən) qətlə yetirilib. Rail Qurban oğlu Rzayev 1945-ci il martın 10-da Bakıda anadan olmuşdu. 1993-cü ildən Azərbaycan müdafiə nazirinin müavini, Hava Hücümundan Müdafiə Qoşunlarının komandanı idi.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: