“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.02.2013, 16:45
1399

Azərbaycan tarixi günbəgün: 24 fevral

A- A+

24 fevral 1991 - Laçın-Yevlax yolunda sərnişin avtobusunun ermənilər tərəfindən partladılması nəticəsində 7 azərbaycanlı həlak olub...

⇔ ⇔ ⇔ 

24 fevral 1830 - Car-Balakən bölgəsindəki üsyanı yatırmaq üçün Rusiya ordusunun Qafqaz korpusunun hissələri əraziyə yeridilib. General İvan Paskeviçin rəhbərlik etdiyi qoşunlar üsyanı yatırmağa müvəffəq olsa da, bir neçə aydan sonra bölgədə yeni üsyan başlandı.

 

24 fevral 1864 - Görkəmli mütəfəkkir, yazıçı, tərcüməçi, şair, həkim, ictimai xadim Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (1864-17.03.1940) Salyanda doğulub. Peterburq və İstanbulda ali təhsil alıb, Bakıda «Həyat» qəzetinin, daha sonra «Kaspi» qəzeti və «Füyuzat» jurnalının redaktoru olub. 1910-cu ildən ömrünün sonunadək Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Ə.Hüseynzadənin əsərlərində təbliğ etdiyi «türkçülük, çağdaşlıq və islamiyyət» fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.

 

24 fevral 1881 - Görkəmli şair, yazıçı Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə, 1881-24.7.1959) anadan olub. Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında müstəsna xidmətləri olub. «Uşaq çeşməyi», «Gülzar», «Milli qiraət kitabı» və s. dərsliklər yazıb, ali məktəblərdə ədəbiyyat tarixindən dərs deyib.

 

24 fevral 1886 - Xalq qəhrəmanı Abbasqulu bəy Xanbala oğlu Şadlinski (1886- 1930) Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisi) Vedibasar mahalının Vedi kəndində doğulub. 1918-ci ildə Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və s. ərazilərdə daşnak-erməni quldur dəstələrinə qarşı könüllü xalq birləşməsinə (sovetləşmədən sonra “Qırmızı tabor” adlandırılıb) rəhbərlik edib. Yazıçı Fərman Kərimzadənin “Qarlı aşırım” romanı və “Axırıncı aşırım” filmi Şadlinskinin həyat və fəaliyyətindən bəhs edir.

 

24 fevral 1991 - Qarabağ münaqişəsi gedişində ermənilər növbəti terror aksiyası həyata keçiriblər. Laçın-Yevlax yolunda sərnişin avtobusunun partladılması nəticəsində 7 azərbaycanlı həlak olub.

 

24 fevral 1992 - İranın xarici işlər naziri Əli Əkbər Vilayəti Qarabağ münaqişəsində ilk vasitəçilik təşəbbüsü ilə Bakıya səfərə gəlib.

 

24 fevral 1994 - Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul edib. Qərarda hər il fevralın 26-nın Xocalı soyqırımı günü kimi qeyd edilməsi, bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi nəzərdə tutulmuşdu. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi