“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.08.2014, 16:55
1797

Qasım bəy Zakir (1784-1857)

Azərbaycan ədəbiyyatında satirik poeziyanın banilərindən biri
A- A+

Qasım bəy Zakir 1784-cü ildə Qarabağ mahalının Şuşa şəhərində tanınmış bəy ailəsində anadan olmuşdur. 1857-ci ildə Şuşa şəhərində vafat edib. Onun əsli Qarabağda məhşur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənah xanın doğma qardaşıdır.

Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars, dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məhşur söz usadlarının əsərləri ilə tanış olmaq imkanı vermişdir. Zakir mollaxananada oxuduğu illərdə adları çəkilən sənətkarların bədii irsini oxuyub öyrənmişdir. Şairin yeniyetməliyi və gəncliyi Qarabağda baş vermiş siyasi-hərbi hadisələr dövrünə təsadüf edir.

1795-ci ildə Qacarın Qarabağa hücum edib Şuşanı mühasirədə saxlaması, əhalinin şəhəri mərdliklə müdafiə etməsi, bundan iki il sonra Qacarın Şuşada qətli, şair Molla Pənah Vaqifin öz oğlu ilə birlikdə Cıdır düzündə öldürülməsi, XIX əsrin əvvəllərində İbrahim xanın Qarabağda vəhşicəsinə güllələnməsi və s. onun yeniyetməlik və ilk gənclik illərində gördüyü hadisələr, eşitdiyi əhvalatlar idi. Bu hadisələr onun dünyagörüşünün formalaşmasında öz təsirini göstərmişdir.

Qarabağ xanlığı Rusiyanın idarəçiliyinə keçdikdən sonra Zakir çar ordusunun Qafqaz müsəlman könüllü atlı dəstəsinə qoşulmuş, 1806-1813, 1826-1828-ci illərin Rusiya-İran müharibələrində iştirak etmişdir. O, Abbas Mirzənin başçılıq etdiyi İran qoşununa qarşı vuruşan dəstənin tərkibində olmuş, döyüşlərdə fərqləndiyinə görə 1828-ci ildə gümüş medalla təltif edilmişdir.

Azərbaycanın görkəmli satirik şairi Qasım bəy Zakir təndiqi realizmin təməl daşını qoyanlardan biri, dövrünün qabaqcıl fikir və meyillərinin ifadəçisi olmuşdur. Haqq-ədalət tərəfdarı olan şair daim cəmiyyətdəki eybəcərlikləri tənqid etmiş, xalqın maariflənməsi üçün əlindən gələni əsirgəməmişdir.

Görkəmli dövlət xadimi Nəriman Nərimanov Qasım bəy Zakir haqqında danışarkən bir həqiqəti demişdir: "Zakir "zülmət səltənətində" xalqa bəlanın haradan və kimlərdən gəldiyini görürdü".

Zakir və onun müasirləri olan A.Bakıxanov, İ.Qutqaşınlı və M.F.Axundov xalqın gözünü açmaq, onları maarifləndirmək üçün satiranı ədəbi janrların ən münasibi hesab edirdilər. Şairin əsərləri müstəqil ədəbi cərəyana çevrilən satirik şeirin vuran qəlbi və düşünən beyni olmuşdur.

Qasım bəy Zakiri, Mirzə Şəfi Vazehi, Baba bəy Şakiri, Abbasqulu ağa Bakıxanovu, Mirzə Baxış Nadimi və başqa şairləri satira yazmağa təhrik edən amillər yaşadıqları ictimai mühitdə baş verən hərc-mərclik, özbaşınalıq və qanunsuzluqlar idi. Bunların arasında Zakir maarifçi satiranın banisi olması ilə fərqlənirdi. Şair xalqı cəhalətdə və zillətdə saxlayanların pozulmuş əməl və əxlaqına dözə bilmir, satiraları ilə onları ifşa və ittiham edirdi.

Maarifçi və tənqidi realizmin bir metod kimi inkişafından söz açan Fuad Qasımzadə yazırdı: "İlk maarifçilər tərəfindən əsası qoyulan realist ədəbiyyat həmin illərdə Q.Zakir, B.Şakir, M.B.Nadim, M.C.Miskin və başqalarının yaradıcılığında tənqidi realizmə doğru inkişaf etməyə başladı..."

Bədii fikir tariximizdə XIX əsr Azərbaycan realizmi özündən əvvəlki əsrlərdəki realizmdən mahiyyət etibarilə fərqlənməklə qalmayıb, mühüm bir mərhələ kimi özünəməxsus estetik və yaradıcılıq prinsipləri ilə də seçilirdi. Bu realizmə "demokratik realizm", "maarifçi realizm" də deyiblər və hər iki realizmdə müəyyən həqiqət vardır.

Zakirin realizmi qabaqcıl rus demokratik fikri ilə bərabər Qərbi Avropadakı mütərəqqi ideyaların güclü təsiri ilə fərqlənirdi. Şairin yaradıcılığı bir də onunla seçilirdi ki, o, yazdığı realist əsərlərində Azərbaycan həyatının bir çox tipik xüsusiyyətlərini ümumiləşdirməyi bacarmış, eyni zamanda, satirik şeirlərin yeni nümunələrini - mənzum məktub, taziyanə, mənzum hekayə və təmsil janrlarını yaratmışdır.

Böyük satirikin gülüşü yaşadığı mühitin qan damarlarına qədər təsir etmişdir. Bu gülüşdən heç kim, nə xalqı maarif ziyasından uzaq tutmağa çalışan bəy, xan, mülkədar, nə çar məmurları, nə ruhanilər, nə də xalqı soyub-talayan başqa tüfeyli fırıldaqçılar yaxalarını qurtara bilməmişlər. Zakir avam kütlənin gözünü açmaq, onların savadlanmasına yardım etmək məqsədilə yorulmadan çalışmışdır. O, qələmini süngüyə çevirərək xalqı zülmət səltənətində saxlayan mürtəce qüvvələrə qarşı gülüşün bütün növlərindən - satira, istehza, kinayə, sarkazm və yumordan bacarıqla istifadə etmişdir.

Elə buna görə özünün həyatı zillətdə keçmiş, düşmənlərinin sayı getdikcə çoxalmış, var-yoxu talan edilmiş, mülki zorla əlindən alınmış, oğlu və qardaşı oğlu şərə salınaraq tutulmuş, qardaşı oğlu öldürülərək həbsxananın divarları dibində quyulanmışdı. Ehtiyac içində yaşayan şair dostu M.F.Axundovdan maddi yardım istəmişdi. M.F.Axundov ona kömək etməklə bərabər, həm də Bakı sürgünündən qurtarmışdı.

Zakirin yaradıcılığı maarifçi satiranın inkişafında ayrıca mərhələ təşkil etmişdir. Şair öz əsərləri ilə cəmiyyətin sağlam yollarla inkişafına, xüsusilə maariflənməsinə və bu yolla cəhalətdən qurtularaq bəy, məmur özbaşınalığına qarşı çıxmalarına çalışmışdır. Onun bu istiqamətdə yazdığı satiralar, o cümlədən "Aslan, qurd və çaqqal", "Tülkü və qurd" təmsilləri, "Dərviş və fəqir" mənzum hekayəsi və başqa yazıları 1988-ci ildə Tiflisdə nəşr edilən "Ana dili" dərsliyinə salınmışdır.

Böyük satirik ictimai və siyasi məsələlərə də açıq gözlə baxmış, hər cür yaraların sağalmasına cəhd etmiş, "məzlumun qanını içənlərə" nifrət etmiş, onlara qənim kəsilmiş, xalqın nicatını yalnız maariflənməkdə görmüşdür. İctimai haqsızlıqlara qarşı amansız və mübariz olmaq ruhu şairin maarifçi realist və satirik şeirlərinin diqqəti cəlb edən xüsusiyyətlərindəndir.

Satirikin əsasən, ifşaçı ruhda olan realizmi, kəskin satirası, yaradıcılığında xalq həyatına yaxınlıq, feodal təhkimçi mühitdə kütlənin elmdən uzaq tutulmasına qarşı çıxması, yaşadığı mühitdəki nöqsanlara dərin istehzalı münasibət onu müasirlərindən fərqləndirirdi. Şairin dost tutduğu mütəfəkkir yazıçı M.F.Axundova və eləcə də Axundovun ona olan müsbət təsirini də inkar etmək olmaz.

Bu barədə Ə.Mirəhmədovun yazdıqları da maraqlıdır: "Bu iki yazıçı arasındakı dostluq onların öz yaradıcılıq inkişafına və ümumiyyətlə, Azərbaycanda maarifçi, realist ədəbiyyatın, demokratik fikirlərin get-gedə güclənməsinə mühüm təsir göstərmişdir".

Görkəmli satirikin xalq qarşısındakı xidmətlərindən biri də odur ki, o, M.P.Vaqifdən sonra Azərbaycan dilini daha yüksək pilləyə qaldırmağa çalışan ən böyük sənətkarlardan biri olmuşdur. O, dil məsələlərinə yaradıcı sənətkar kimi yanaşmış, şeirin, sənətin xalqa xidmətini daim nəzərə almışdır.

Zakir əsərlərini geniş xalq kütlələrinin başa düşdüyü bədii dildə yazmışdır. Məhz buna görə M.F.Axundov, F.Köçərli, Ə.Haqverdiyev, A.Şaiq və başqaları Azərbaycan dilinin incəliyindən, gözəlliyindən danışarkən Zakirin adını dönə-dönə çəkmişlər.

Ana dili hər bir sənətkarın əlində fikrini və hissini dolğun, düzgün əks etdirmək üçün əsas silahdır. Zakir bu silaha yiyələnmiş, Vaqifdən sonra Azərbaycan bədii dilini daha da zənginləşdirmiş və incələşdirmişdir. Bədii söz elə deyilməlidir ki, orada sözün mənası da dərinləşməlidir. Şair belə bir bacarığa malik idi.

Zakirin sadə Azərbaycan dilində yazdığı əsərlərin M.F.Axundovun heyrətinə səbəb olması təsadüfi deyildir. O görürdü ki, Vaqifdən sonra şeirdə, sənətdə xalqa doğru meyil güclənir və qüvvətlənir. Xalqa doğru meyilin ən gözəl nümunəsi isə Azərbaycan xalq dilinin şeirdə, sənətdə üstün mövqe tutması idi.

F.Köçərli yazırdı: "Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayası mənziləsindədir. Ananın südü bədənin mayası olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir..."

"Açıq və aydın dildə" yazıb-yaradan Zakirin leksikonunun əsasını və canını ümumxalq sözləri təşkil edir. O, Azərbaycan dilinin ən gözəl xüsusiyyətlərindən, incəliklərindən məharətlə istifadə etmiş, dildə olan məsələlərdən, idiomatik ifadə və frazeoloji birləşmələrdən, ayrı-ayrı sözlərin xalq dilində işlədilən məna çalarlarından bol, həm də yerli-yerində işlətmişdir. Bütün bunlar şairin fikrini zənginləşdirmiş, sözün təsir qüvvəsini artırmış, həm də onu obrazlı, təbii və sadə etmişdir.

Zakirin şeirlərində canlı danışıq dilinin bir sıra başqa xüsusiyyətləri də nəzərə çarpır. Məsələn, şair danışıq dilində olan əks mənalı qoşa sözlərdən istifadə etmişdir; eniş-yoxuş, gecə-gündüz, gəl-get, əl-ayaq, alıb-satmaq və sairə XIX əsrdə Azərbaycan ədəbiyyatında realizm bir ədəbi məktəb kimi formalaşmağa başlamış və Zakir də bu ədəbi məktəbin ilk görkəmli nümayəndələrindən biri olmuşdur. O, XIX əsr realist ədəbiyyatımızın inkişafına müsbət təsir göstərən və ona istiqamət verən maarifçi ziyalılardan olmuşdur.

Şair öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını mövzu, fikir, ideya cəhətdən zənginləşdirdiyi kimi, janr etibarilə də onu inkişaf etdirmişdir. O, Azərbaycan dilinin bir çox gözəlliklərini şeirə, sənətə gətirmişdir. M.F.Axundovdan sonra realist-demokrat ədəbiyyatımızın görkəmli nümayəndələri də yeri gəldikcə Zakir sənətinə müraciət etmişlər.

Zakir görkəmli bir sənətkar kimi özündən sonrakı realist şeirimizin inkişafına müsbət təsir etmişdir. Bu təsir S.Ə.Şirvani və eləcə də M.Ə.Sabir yaradıcılığında özünü göstərmişdir.

XIX əsr realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Zakirin ədəbi irsi xalqımızın mədəniyyət xəzinəsinə daxil olmuşdur. Onun yaradıcılığı orta və ali məktəb proqramlarında, dərsliklərdə, müntəxəbatlarda geniş yer tutmuşdur.

Böyük şair, görkəmli satirik Qasım bəy Zakirin maarifçilik fəaliyyəti, sonralar onun xələfləri, o cümlədən dostu M.F.Axundov tərəfindən davam və inkişaf etdirilmişdir. Həmin tarixi şəxsiyyətlərin, görkəmli ziyalıların elm, təhsil, maarifin inkişafı, dilimizin saflığı uğrunda apardıqları mübarizələrin məntiqi nəticəsidir ki, hazırda bu sahədə böyük irəliləyişlərin, inkişafın şahidi oluruq.

Adilə Qocayeva. "Azərbaycan"

 

Xəbərlər
Redaktorun seçimi