“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.08.2014, 13:07
1677

Nigar Rəfibəyli (1913-1981)

Xalq şairi, tərcüməçi
A- A+

Onun şeirləri ahəngi, lirikası, üslubu, rəngarəngliyi ilə elə ilk baxışdan diqqəti cəlb edir. Oxuduqca bir daha əmin olursan ki, bu incədən-incə, saf, təmiz misralar içdən, qəlbdən gəlir. 
İyunun 29-da anadan olmasının 100 iliyini qeyd edəcəyimiz Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq Şairi Nigar Rəfibəylinin poeziyası qəlbə yatımlılığı, insanı düşündürə bilməsi, kövrəkliyi və məğrurluğu ilə bütün zamanlarda ölməzdir.

Ədəbiyyatımızda ondan əvvəl də ondan sonra da qadın şairələrimiz olub və bundan sonra da olacaqdır. Amma bu istedadlıların sırasında Nigar Rəfibəylinin adı ilk çəkilənlərdəndir. Azərbaycan ədəbiyyatında qadın şairlərimizin sırasında onun öz yeri, öz dəsti-xətti vardır. Nigar Rəfibəylinin şeirlərini oxuyanda qeyri-ixtiyari onun müəllifinin məhz xanım olduğu açıq-aşkar duyulur. Çünki bu şeirlərin ahənginə elə bir zəriflik, həssaslıq, həzinlik hopmuşdur ki, istər-istəməz bu ipək ovqatlı misraların ürək döyüntüsündə məhz qadın məhəbbətinin, həsrətinin göynərtiləri hiss edilir.

Nigar Rəfibəyli Gəncə şəhərində cərrah-həkim ailəsində anadan olmuşdur. Atası Xudadat bəy Rəfibəyov əsrimizin əvvəllərində Avropada oxumuş ziyalılarımızdan biri, ali təhsilli ilk azərbaycanlı cərrah idi. O, Azərbaycanın ilk milli hökumətində, Xalq Cümhuriyyətində nazir vəzifəsini tutmuş, sonra repressiya qurbanı olmuşdur. Nigar Rəfibəyli repressiya illərində bəy qızı olması ilə bağlı min cür əzab və əziyyətlə üzləşmişdir. Onun qohum-qardaşlarını “xalq düşməni” damğası ilə qətlə yetirmişlər. O şanlı nəsildən yadigar qalan Nigar Rəfibəyli bu ədalətsiz münasibətin acığına bütün ömrü boyu ləyaqətlə yaşamışdır. Quruluşun, zamanın, ayrı-ayrı nadanların haqsızlıqlarını torpağın, millətin ayağına yazmayaraq vaxtdan ucada dayanmışdır. Əksinə, çəkdiyi əzabların müqabilində öz məğrurluğunu saxlayaraq varlığı ilə bağlı olduğu torpağa, Vətənə övlad borcunu yerinə yetirə bilmişdir.

Nigar Rəfibəyli mənsub olduğu nəslin və xalqın ən dəyərli, unudulmaz sənətkarlarından birinə çevrilmişdir. Elə bunun nəticəsində bu gün müstəqil ölkəmizin hər yerində Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Azərbaycan ədəbiyyatının inkişafına böyük töhfələr vermiş Xalq Şairi Nigar Rəfibəylinin 100 illik yubileyi əsl poeziya bayramı kimi qeyd olunmaqdadır.

Azərbaycan milli ədəbiyyatını zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən Nigar Rəfibəylinin yaradıcılıq qayəsinin əsasını Vətənə bağlılıq, insanın mənəvi ucalığı təşkil edir. Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatında öz səsi, sözü olan şairədir. Onun özünəməxsus deyim və ifadə tərzi vardır. Şairənin poeziyası insanların qəlbinə yol tapan kövrək, lakin davamlı, oxucusunu uzun müddət təsir altında saxlamağı bacaran bir poeziyadır. Nigar xanımın həyatının yarım əsrini həsr etdiyi, sevə-sevə yazıb-yaratdığı və sevilə-sevilə oxunan şeirlər külliyyatı Vətən torpağının gözəlliyinə - gülünə, çiçəyinə, dənizinə, bağına, meşəsinə, fəsillərin özünəməxsus çalarlarına, dünyamızda baş verən fərəhli və nisgilli hadisələrə, ən başlıcası, insanlara, onların taleyinə, mənəvi aləminə həsr olunmuşdur. Bütün bunlar kövrək qəlbli şairənin hissini, düşüncəsini ehtizaza gətirmiş, gördüklərini şeirə çevirmişdir.

Ədibin “Çadra” adlı ilk şeiri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunan ilk şeirlər kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. Nigar Rəfibəyli təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunan “Dənizin səsi gəlir”, “İşıqlı dünyam”, “Günəşdən gənclik istədim”, “Həzin bir axşamda düşsən yadıma”, “Şanlı nəsillərin yadigarısan” müharibə mövzusuna və müharibə əleyhinə həsr olunan “Zəfər nəğməsi”, “Anaların səsi”, uşaqlar üçün yazdığı “Balaca qəhrəman”, “Günəşin cavabı”, “Məstanın balaları”, “Bizə bahar yaraşır” kitabları ilə ədəbiyyatımızı zənginləşdirmişdir.

Görkəmli ədib Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatında şairə, tərcüməçi kimi silinməz iz qoymuşdur. Azərbaycanla bağlı müxtəlif mövzularda yazıb-yaradan Nigar xanım dünya xalqlarının da həyatından, faciəli məqamlarından bəhs edən şeirlər qələmə almışdır.

Daim ciddi yaradıcılıq axtarışları ilə məşğul olan Nigar Rəfibəyli 1937-1939-cu illərdə “Uşaqgəncnəşr”in bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsində çalışmışdır. 1940-cı ildən ömrünün sonunadək bütün qüvvəsini yaradıcılıq işinə həsr edərək qardaş xalqların ədəbiyyatından nümunələri dilimizə çevirməklə milli mədəniyyət xəzinəmizi zənginləşdirmişdir.
Nigar xanımın yaradıcılığı bir neçə cəhətdən maraqlıdır. Hər şeydən əvvəl isə o, gözəl nəğmələrin, heç zaman unudulmayan, həmişə təzə-tər səslənən mahnıların müəllifidir.

Azərbaycanın çox görkəmli bəstəkarları - Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Emin Sabitoğlu, Polad Bülbüloğlu, Vasif Adıgözəlov, Telman Hacıyev, Sevda İbrahimova və başqaları şairənin biri-birindən həzin, lirik şeirlərinə müraciət etmişlər. Gözəl səsləri ilə dinləyici qəlbini fəth edən müğənnilərimiz Nigar xanımın sözlərinə bəstələnmiş mahnıları böyük şövq və məhəbbətlə, məharətlə ifa etmişlər. Unudulmaz Bülbüldən, Rəşid Behbudovdan başlamış Zeynəb Xanlarovayadək olan məşhur müğənnilərin əksəriyyəti Nigar Rəfibəyli şeirlərinə ikinci ömür vermişlər.

Tədqiqatçılar Nigar Rəfibəylinin həmişə şairliyi ilə şəxsiyyətinin qoşa dayandığını bildiriblər. Qəlbi həyata, insanlara sevgi ilə dolu olan Nigar Rəfibəyli həmişə saf duyğuların, böyük arzuların daşıyıcısı olmuşdur. Onun ayrı-ayrı şeirləri sanki böyük bir insanın rəsminin cizgiləridir. Bu cizgilər - bu misralar bir-birinə qovuşaraq gözümüzün önündə ustad bir sənətkarın portretini yaradır.

Orijinal yaradıcılıq imkanlarına malik olan Nigar Rəfibəylinin şeirləri Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçilir. Onun poeziyasında insana məhəbbət anlayışı genişdir. Əsil humanist şairlər kimi, Nigar xanım da bütün əməksevər, sülhsevər insanları sevir, onları xoşbəxt görmək istəyirdi.

Nigar Rəfibəyli Azərbaycanın şair qadınları arasında öz zərif duyğusu və intellektual səviyyəsi ilə seçilir. Onun şeirlərində Azərbaycan qadınlarının sevgi və zəhmət dünyası, ağrı və acıları bütün əlvanlığı ilə qələmə alınmışdır. Nədən yazmasından asılı olmayaraq, Nigar Rəfibəylinin poeziyasında daim müraciət olunan bir mövzu həmişə diqqət çəkmişdir. Bu, ana məhəbbəti, qadın səadəti, övlad sevgisidir. Nigar Rəfibəyli yaradıcılığında ana mövzusunun xüsusi yeri vardır. Övlad, ana məhəbbəti, onun şeirində Tanrı zirvəsinə qalxa biləcək bir dünyadır:

Döyür pəncərəmi bir acı ruzigar,
Bayırda bu axşam yenə boran var.
Bürüyüb qəlbimi coşqun arzular,
Çəkilib gözümün yuxusu, ana.

Nigar Rəfibəylinin yaradıcılığı incə və saf duyğulardan ibarətdir. Onun ən kədərli şerində belə ümidli günəşin şəfəqləri duyulur. Misraların ahəngində dan yerinin ağardığını görürsən. Bu şeirlərin ahəngində qəribə bir zəriflik vardır. Nigar xanımın lirikası geniş, vüsətli bir lirikadır. Onun palitrasındakı rənglər yalnız məhəbbətin tərənnümü, hicran yanğısının təsviri üçün deyil. Bu rənglər həyatın daha əlvan hadisələrinin inikası üçün, ictimai həyatda, insanlar arasındakı münasibətlərdə yol verilən haqsızlıqların ifadəsi, köməksizlərin müdafiəsi, ahəngdarlığın qorunması üçündür.

Gözəl insan, unudulmaz şairəmiz Nigar xanım Rəfibəyli 1981-ci il iyulun 10-da Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Hazırda Bakı küçələrindən biri onun adını daşıyır.
Nigar Rəfibəylinin həyat və yaradıcılığı, onun həzin hisslər və incə duyğular tərənnüm edən poeziyası bütün həyatı boyu böyük şair, ictimai xadim Rəsul Rzanın həyat və yaradıcılığı ilə, necə deyərlər, qoşa addımlamışdır. O, özünün vəfalı ömür-gün yoldaşı - Azərbaycanın böyük şairi Rəsul Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının yüksəlməsində xüsusi rol oynamışdır.

Yer üzündə bir-biri üçün yaranıb, biri-birini dəlicəsinə sevənlərin sırasında Nigar Rəfibəyli ilə Rəsul Rzanın öz yeri, öz görüntüsü var. Hər iki sənətkarın ömür tarixçəsinə qızıl hərflərlə yazılmış və milyonlara örnək ola biləcək bu sevgi dastanının təsiri zaman keçdikcə azalmır, əksinə günbəgün artır. Bu ülvi, pak, böyük inam və etibardan doğan sevgidən yaranmış şeirlərin sayı isə yetərincədir. Yersiz təqiblərlə, təzyiqlərlə üzləşdikləri ən çətin günlərdə bir-birlərinə dayaq olan bu iki söz nəhəngi heç zaman sınmamış, əksinə çətinliklərdə daha da bərkiyərək, bir yerdə alınmaz qalaya çevrilmişlər.

Nigar Rəsula, Rəsul da öz növbəsində xanımı Nigara çoxlu şeirlər həsr etmişdir. Bu dəyərli poetik nümunələr sırasında Nigar Rəfibəylinin Rəsul Rzaya yazdığı bu şeir elə yarandığı ilk gündən həzin musiqiyə çevrilərək hamının qəlbinə yol tapmış və tez bir zamanda ürəkləri fəth etmişdir.

Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır vaxtsız solur neyləyim?

Nərgizlərin gözü yaşla dolanda
Bənövşələr baxıb qəmgin olanda
Qərənfilin gözü yolda qalanda
Yasəmənlər saçın yolur neyləyim?

Bu ailənin övladı, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar da öz əcdadlarının, anasının, atasının sənət yolunu davam etdirir və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir. Bir ailənin üç üzvü Azərbaycanın sevilən-seçilən nümayəndəsinə çevrilmişdir. Bir ailədə üç xalq yazıçısı - Rəsul Rza, Nigar xanım Rəfibəyli və Anar. Bu, əlbəttə, bir şəcərənin tarixi üçün böyük bir səltənətdir.

Bu yazını hazırlayarkən hörmətli yazıçımız Anarın “Sizsiz”ini bir daha xatırladım. Bu kitabda övladın ana və ataya qarşı tükənməz sevgisinin böyüklüyü, əlçatmazlığı bir daha göz önündə canlanır...

Abdulla Suvar (AzərTAc)

Xəbərlər
Redaktorun seçimi