“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.08.2014, 16:46
1724

İmadəddin Nəsimi (1369-1417)

Mütəfəkkir şair, humanist filosof
A- A+

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Seyid Əli Nəsimi 1369-cu ildə Şamaxıda doğulmuşdur.

Sənətkarlar arasında böyümüş, ilk təhsilini Şamaxıda almışdır. Tarixi, ədəbiyyatı, dini elmləri, məntiqi, riyaziyyatı, astronomiyanı yaxşı bilmişdir. Riyazi poetikanın bilicisi olmuş, Azərbaycan, ərəb, fars dillərində yazmışdır.

Nəsimi Yaxın Şərq ölkələrində dərvişlik etmiş, Təbrizdə və Anadoluda yaşamışdır. Panteizmin təbliğatçısı olmuşdur. Gözəlliyi əhatə edən aləmdə və insanın özündə axtarmağa, insanı ən gözəl yaradan qüvvə kimi görməyə çağıraraq deyirdi: Allah insanın üzündə təcəlla tapıb, onun vasitəsilə təzahür edir.

Ey daşlar və dəmirlər içrə xəzinə axtaran,

İnsandan böyük xəzinə gəlməmiş cahana!

Nəsiminin əsərləri Yaxın Şərqdə və Orta Asiyada böyük şöhrət qazandı. O, sosial haqsızlığa qarşı çıxır, fanatizmi, mövhumatı tənqid edir, düzlüyə, ağlın qələbəsinə çağırırdı. Poeziyasında sufi mistik motivlər güclüdür. Allahla vəhdətləşməyə cəhd edir.

Nəsiminin humanizmi Nizaminin humanist ənənələri ilə vəhdət təşkil edir. Nəsimi sözün əsl ustadı olub, qəzəl, rübai, müxəmməs, qəsidə və s. janrlarda yazıb yaratmışdır.

Ey cəmalın səhifəsində xətmi Quran buldum uş.

Saçının hər tarəsində küfrü iman buldum uş.

Çün hidayət eyləmiş həqq üzünə nuri-əzəl,

Ol səbəbdən kim üzündə nuri-burhan buldum uş.

Surətin müsfəhdir ey dilbər, üzün bədri munir,

Tələtin şəmsiz zühadır, mahi-taban buldum uş.

Ey səkkiz cənnəti ədni ərz edən zahid, mana

Mən bu gün yarın cəmalində gülüstan buldum uş

Cövrünə qaldım təhəmmül, səbr edib, yarın müdam,

Dərdə dərman ondan oldu, dərdə dərman buldum uş

Ey Nəsimi, vəchi-Allahın kəlamidir üzün

Kim, bu vəchilillah içində fəzli-rəhman buldum uş.

Öz baxışlarına görə Nəsimi dəfələrlə həbs olunmuşdur. 1417-ci ildə isə Hələbdə Misir sultanının fərmanına əsasən dəhşətli edama məruz qalmış - dərisi diri-diri soyulmuşdur.

Zahidin bir barmağın kəssən dönüb haqqdan qaçar,

Amma bu miskin aşiqi sərpa soyalar ağlamaz.

İmadəddin Nəsimi yaradıcılığı Yaxın və Orta Şərqdə poeziyanın inkişafına böyük təsir göstərmişdir. Əsərləri dünyanın bir çox dillərinə tərcümə edilərək çap olunmuşdur. Haqqında monoqrafiyalar, şeirlər, poemalar, romanlar, musiqi əsərləri yazılmış, Bakının mərkəzində ona abidə qoyulmuş, abidə qoyulduğu rayon Nəsimi adlanır, AMEA-nın Dilçilik İnstitutu şairin adını daşıyır.

"Azərbaycanfilm" kinostudiyasında “Nəsimi” bədii filmi (1973, ssenari müəllifi İsa Hüseynov, rejissoru Həsən Seyidbəyli) çəkilmişdir. Hələbdə qəbrinin üstündə mavzoley tikilmiş, küçələrdən birinə adı verilmişdir. 

 

Xəbərlər
Redaktorun seçimi