“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.06.2015, 19:16
3171

Üç gündə yeddi qızıl medal...

A- A+

I Avropa Oyunlarında iyunun 13-15-də ümumilikdə 16 medal qazanan Azərbaycan komanda sıralamasında ikinci yerdədir

Bakıda keçirilən I Avropa Oyunlarında Azərbaycan idmançıları uğurlu çıxışlarını davam etdirirlər.

İyunun 15-də Azərbaycan güləşçiləri I Avropa Oyunlarında daha bir qızıl medal qazanıblar. Sərbəst güləş üzrə qadınların mübarizəsində 48 kiloqram çəki dərəcəsində mübarizə aparan “London-2012” Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa və dünya çempionu Mariya Stadnik final görüşündə Bolqarıstan idmançısı Elitsa Yankovaya qalib gələrək Azərbaycana yeddinci qızıl medalı qazandırıb. M.Stadnik finalda rəqibinə böyük hesabla – 12:1 hesabı ilə qalib gələrək final görüşünü vaxtından əvvəl başa vurub.

Avropa Oyunlarının idman elçisi Mariya Stadnik ilk görüşdə portuqaliyalı Lilian Santosa qalib gələrək dörddəbir final mərhələsinə adlayıb. Növbəti mərhələdə güləşçimiz fransalı Julie Sabatie ile qarşılaşıb. Mariya Stadnik tam üstünlüklə rəqibinə qalib gələrək yarımfinalda polşalı İvona Matkovskanı məğlub edib.

Dəfələrlə dünya və Avropa çempionatlarının qalibi olan Mariya Stadnik 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında 3-cü, 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında isə 2-ci yerə layiq görülüb.

Sərbəst güləş üzrə Azərbaycanın daha bir təmsilçisi, 55 kq çəki dərəcəsində yarışan Natalya Sinitsina bürünc medal qazanıb.

Bununla iyunun 15-də Azərbaycan idmançıların qızıl medal sayı 7-yə, ümumi medal sayı isə 16-ya çatıb. Qeyri-rəsmi komanda yarışında Azərbaycan ikinci yerdədir.

Birinci yerdə Rusiya (9 qızıl medal) komandası möhkəmlənib. Üçüncü Türkiyə (4 qızıl medal) yığmasıdır.

* * *

İyunun 15-də “Bakı-2015” İlk Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlarda ilk mükafatçılar müəyyənləşib. Milli Gimnastika Arenasında 26 komandanın mübarizəyə başladığı yarışda Azərbaycan millisi 174,195 bal toplayıb. Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərovun çıxış etdiyi komandamız 3-cü pillədə qərarlaşıb, bürünc medalın sahibi olublar.

Oyunda birinci yerin sahibi Rusiya (178,963), ikinci yerin sahibi isə  Ukrayna (177,429) olub.

Azərbaycan idmançılarının “Bakı-2015”də  qazandığı medalların sayı 14-ə çatıb.

 “Bakı-2015” birinci Avropa Oyunlarının “Baku Crystal Hall”da keçirilən karate üzrə kumite yarışlarının ikinci günündə Azərbaycan karateçiləri İrina Zaretska (68 kq) və Ayxan Mamayev (84 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İyunun 14-də qadınlar 68 və 68 kiloqramdan yuxarı, kişilər isə 84 və 84 kiloqramdan yuxarı çəki dərəcələrində 4 dəst medal uğrunda yarışıblar.

Yarışda 68 kiloqram çəki dərəcəsində qadınların mübarizəsində Azərbaycan idmançısı İrina Zaretska ilk görüşündə ispaniyalı atlet Kristina Vizkainoya 6:1 hesabı ilə qalib gəlib. İkinci görüşündə isə avstriyalı idmançı Alisiya Tereza Buçingerə 0:4 hesabı ilə məğlub olub. Daha sonra yunanıstanlı atlet Vasiliki Patensidouya 1:0 hesab ilə qalib gələn idmançımız yarımfinala yüksəlib. O, bu mərhələdə Monteneqro atleti Marina Rakoviçi də həmin hesabla məğlubiyyətə uğradıb.

İrina Zaretska finalda avstriyalı atlet Alisiya Tereza Buçinger ilə qarşılaşıb. Oyun azərbaycanlı idmançının böyük üstünlüyü ilə başa çatıb: 8:1. Beləliklə, karateçimiz komandamızın hesabına daha bir qızıl medal yazdırıb. Bu çəki dərəcəsində üçüncü yeri Monteneqro atleti Marina Rakoviç tutub.

Kişilər arasında 84 kiloqram çəki dərəcəsində çıxış edən Ayxan Mamayev ilk görüşündə yunanıstanlı atlet Georgius Mikail Tzanosla heç-heçə oynayıb. Növbəti görüşlərdə Ukrayna atleti Yaroslav Horunanı 6:3, fransalı Kenji Qrillonu 6:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə isə karateçimiz kosovolu atlet Alvin Karaqini də böyük hesabla məğlub edib: 6:1.

Həmyerlimiz finalda yunanıstanlı atlet Georgius Mikail Tzanos ilə qarşılaşıb və ona 2:1 hesabı ilə qalib gələrək ilk Avropa Oyunlarının çempionu olub.

Türkiyəli atlet Uğur Aktaş isə kosovolu Alvin Karaqini 4:3 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.

Bununla da, Azərbaycan karateçiləri birinci Avropa Oyunlarında dördüncü qızıl medalı qazanıblar.

* * *

İyunun 14-də “Bakı-2015” birinci Avropa Oyunlarının güləş yarışlarında Azərbaycan idmançıları üç medal qazanıblar.

Avropa Oyunlarının üçüncü günündə yunan-Roma güləşçiləri 66, 75, 85 və 130 kiloqram çəki dərəcəsində mübarizə aparıblar.

Avropa və dünya çempionu Həsən Əliyev (66 kq) gürcüstanlı Saçino Davitaia, xorvatiyalı Daniel Janeciç, Belarus idmançısı Mixail Siamionau üzərində qələbə qazansa da, yarımfinalda ermənistanlı Miqran Arutunyana məğlub olub.

Üçüncü yer uğrunda görüşdə Həsən Əliyev Serbiya təmsilçisi Aleksandr Maksimoviçə qalib gəlib.

Finalda isə Rusiya güləşçisi Artyom Surkov Ermənistan təmsilçisini məğlub edib. Digər bürünc medala isə slovakiyalı İstvan Levai sahib olub.

75 kiloqram çəki dərəcəsində yeniyetmələr arasında dünya çempionu Elvin Mürsəliyev Riçard Riqo (Slovakiya), İonel Puskasu (Rumıniya), Çingiz Labazanov (Rusiya) və Zurabi Datunaşviliyə (Gürcüstan) qalib gələrək finala yüksəlib. Həlledici mərhələdə serbiyalı Viktor Nemesə üstün gələn E.Mürsəliyev Avropa Oyunlarının çempionu adını qazanıb. Rusiyalı Ç.Labazanov və Ukrayna güləşçisi Dmitri Puşkov yarışı üçüncü pillədə başa vurublar.

Yarışda 85 kiloqram çəki dərəcəsində final görüşü Rusiya güləşçisi Davit Çakvetadze və ukraynalı Jan Beleniuk arasında keçirilib. Görüş rusiyalı idmançının qələbəsi ilə yekunlaşıb. Türkiyəli Metehan Başar və Almaniya güləşçisi Ramsin Azizsir bürünc medal qazanıblar.

Digər idmançımız - 130 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan çempionu Sabah Şəriəti finala gedən yolda Mikola Kuçmi (Ukrayna), Yakobi Kajaia (Gürcüstan) və Yoseb Çuqoşvilini (Belarus) məğlub edib. Finalda isə türkiyəli Rza Kayaalpa məğlub olaraq birinci Avropa Oyunlarının gümüş medalı ilə kifayətlənib.

Belarus güləşçisi Yoseb Çuqoşvili və Estoniya təmsilçisi Heiki Nabi yarışı üçüncü pillədə başa vurublar.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi birinci Avropa Oyunlarında ümumilikdə 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.

* * *

“Bakı-2015” birinci Avropa Oyunlarının ikinci günündə - iyunun 13-də “Baku Crystal Hall”da keçirilən karate üzrə kumite yarışlarında Azərbaycan karateçiləri Firdovsi Fərzəliyev və Rəfael Ağayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışın birinci günündə qadınlar 50, 55, 61 kiloqram çəki dərəcələrində, kişilər isə 60, 67, 75 kiloqramda 6 dəst medal uğrunda çıxış ediblər.

Kişilər arasında yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Firdovsi Fərzəliyev yarımfinalda makedoniyalı Emil Pavlovu 8:0 hesabı ilə məğlub edərək finala yüksəlib. O, finalda italiyalı idmançı Luka Mareskaya 4:0 hesabı ilə qalib gələrək ilk Avropa Oyunlarının çempionu olub.

Azərbaycan idmançısı Rəfael Ağayev (75 kq) isə yarımfinalda almaniyalı Noah Bitsçi 1:0 hesabı ilə məğlub edib. Rəfael Ağayev finalda italiyalı Luici Busanı da 1:0 hesabı ilə məğlub edərək “Bakı-2015”-də ikinci qızıl medalı ölkəmizə qazandırıb.

Yarışda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın idmançımız İlahə Qasımova yarımfinal mərhələsində fransalı idmançı Emili Touya məğlub olub. Bürünc medal uğrunda mübarizədə qadın idmançımız ispaniyalı Qarsiya Ferreri 5:2 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, İlahə Qasımova Azərbaycan atletləri arasında birinci Avropa Oyunlarında ilk medal qazanan idmançı olub.

67 kiloqram çəki dərəcəsində yarışan Azərbaycan idmançısı Niyazi Əliyev yarımfinalda türkiyəli atlet Burak Uyqura uduzub. Lakin Niyazi Əliyev almaniyalı idmançı Rikardo Qiqleri 3:1 hesabı ilə məğlub edərək üçüncü yeri tutub və Azərbaycan komandasına birinci Avropa Oyunlarının karate yarışlarında ikinci bürünc medalı qazandırıb.

Xəbərlər
Redaktorun seçimi