“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.08.2014, 21:38
2449

“AB rəsmilərinin bəyanatı əsassız və qəbuledilməzdir”

A- A+

Azərbaycan XİN qurumun məsul şəxslərinin Leyla Yunusla bağlı fikirlərinə cavab verib...

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Birliyinin komissarlarının “Sülh və Demokratiya İnstitutu”nun direktoru Leyla Yunusun həbsi ilə bağlı bəyanatına münasibət bildirib. XİN-in mətbuat xidmətinin açıqlamasında deyilir:

“Avropa Birliyinin ali nümayəndəsi və vitse-prezidenti, eləcə də genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarının sözçülərinin Leyla Yunusla əlaqədar 2 avqust 2014-cü il tarixli bəyanatı əsassız və qəbuledilməzdir. Hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz. Konkret cinayət əməlləri törətməkdə ittiham olunan hər bir vətəndaş qanun qarşısında cavab verməlidir. İstintaq prosesi tam şəkildə qanunvericiliyin tələblərinə uyğun aparılır və Leyla Yunus digər ittihamlarla yanaşı, dövlətə xəyanətdə də ittiham olunur.

Bu tipli bəyanatlar Azərbaycan Respublikasının daxili işlərinə qarışma, məhkəmə sisteminin işinə müdaxilə və cinayət tərkibli əməllərin məqsədyönlü şəkildə siyasiləşdirilməsi cəhdləri kimi qiymətləndirilərək rədd edilir. Azərbaycan Respublikasına bu cür yollarla siyasi təzyiqin göstərilməsi tamamilə səmərəsizdir”. 

* * *

Mövzuya dair:

Vətənə xəyanət bağışlanmır!

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin bəyanatı

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi Leyla Yunusun anti-Azərbaycan fəaliyyəti ilə bağlı bəyanat yayıb. 

Bəyanatda özünü “günahsız insanların” müdafiəçisi kimi təqdim edən “Sülh və Demokratiya İnstitutu” adlı qurumun rəhbəri Leyla Yunusun erməni dəyirmanına su tökdüyünün çoxdan bəlli olduğu vurğulanır. Qeyd olunur ki, hər dəfə günahları üzə çıxanda, ermənipərəst hüquq müdafiəçilərini və bəzi beynəlxalq təşkilatların üzdəniraq ekspertlərini ətrafına toplayıb, guya Azərbaycanda ona qarşı təxribatlar törədildiyi və fəaliyyətinə süni əngəllər yaradıldığı barədə rəy formalaşdırmağa çalışır. 

Bəyanatda deyilir: “Leyla Yunus “Sülh və Demokratiya İnstitutu” adı altında dəfələrlə Ermənistana səfər edib, orada görüşlər keçirib. O, “Sülh və Demokratiya İnstitutu” adlı qurumla Ermənistanın “Region” Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında “xalq diplomatiyası” adı altında birgə layihələr həyata keçirir. Azərbaycan torpaqlarının 20 faizinin uzun müddətdir işğal altında saxlandığı, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirdiyi, münaqişənin həllində qeyri-konstruktiv mövqe tutduğu bir vaxtda ermənilərlə birgə layihələrin həyata keçirilməsi vətənə ən böyük xəyanətdir. 

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub. 

Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon işğal olunub. Neçə illərdir ki, həmin rayonların sakinləri olan azərbaycanlılar, o cümlədən biz - Dağlıq Qarabağ bölgəsinin azərbaycanlıları öz doğma torpaqlarımıza qayıda bilmirik. Bu illər ərzində torpaqlarımız və evlərimiz ermənilər tərəfindən dağıdılıb, talan edilib və yandırılıb. Biz öz doğma ata-baba yurdlarımıza qayıtmaq istəyirik. Ancaq Leyla Yunus və onun həmfikirləri bir dəfə də olsun bu həqiqəti dilinə belə gətirməyib, çox vaxt isə ermənilərin hüquqlarının guya pozulmasını utanmadan öz himayədarlarına çatdırır, bununla da əsil ermənipərəst mövqeyini daim ortaya qoyur. 

Bununla yanaşı, Leyla Yunus heç bir vaxt 1 milyon insanın öz torpaqlarından zorla qovulmasını və təcavüzə məruz qalaraq hüquqlarının pozulmasını, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri də bilərəkdən yada salmır. Halbuki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təsdiq olunub. Eyni zamanda, adı çəkilən nüfuzlu beynəlxalq təşkilatların qətnamələrində münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həlli öz əksini tapması göstərilib. 

O, daim erməni lobbisinin sifarişlərini yerinə yetirərək, guya Azərbaycanda insanların hüquq və azadlıqlarının pozulması, bəzi adamların siyasi fəaliyyətlərinə görə həbs olunmaları barədə rəy formalaşdırır, beynəlxalq təşkilatlara respublikamızdakı “siyasi məhbuslar”ın uydurma siyahısını təqdim edib.

Beynəlxalq təşkilatları, səfirlikləri və diplomatik korpusları öz oyununda alət eləməyə çalışan Leyla Yunusu bu gün həmin qurumlar müdafiə etməyə çalışır. ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Mari Xarf, Helsinki Komissiyasının həmsədrləri Bena Kardin və Kristofer Smit kimilər Azərbaycan hökumətindən Leyla Yunusun azadlığa buraxılmasını əsasız surətdə tələb edirlər. 

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi tərəfindən dəfələrlə xarici təşkilatlara erməni icması ilə “Xalq diplomatiyası” çərçivəsində görüşlərin təşkil edilməsində vasitəçi olmaları üçün müraciət edilməsinə baxmayaraq, bu günə qədər heç bir görüş baş tutmayıb. Ancaq Leyla Yunus saxtakar və xəyanətkar əməlləriylə istədiyi vaxt xarici ölkə təşkilatları və Ermənistan rəhbərliyi ilə görüşlər təşkil etmiş, antiazərbaycan qrupların əlində “yaxşı” bir silah olmuşdur. 

Biz, Dağlıq Qarabağın Azərbaycanlı İcması, Qarabağ ictimaiyyəti Leyla Yunusun antiazərbaycan mövqeyini kəskin pisləyirik. Bir milyondan artıq soydaşımızı öz doğma torpaqlarından didərgin salan ermənilərin mövqeyini dəstəkləyən, üzdəniraq “hüquq müdafiəçisinin” öz millətinə, dövlətinə qarşı apardığı destruktiv, cinayətkar fəaliyyətinə hüquqi müstəvidə qiymət verilməsinin tərəfdarı olduğumuzu bildiririk. 

Leyla Yunusun və bu anti-Azərbaycan mövqeli xanımın həyat yoldaşı Arif Yunusun istintaqa cəlb edilməsi, onların Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Vətənə, dövlətə xəyanətdə ittiham olunması törədilən faktiki cinayətlərin məntiqi nəticəsidir. 

Erməni lobbisinin və anti-Azərbaycan dairələrin məkrli “layihəsi” və əlaltısı olan vətən xaini Leyla Yunus ədalət qarşısında cavab verməlidir. Ona görə də “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi də Leyla Yunusun ermənipərəst əməllərinə öz etirazını bildirir və onun bu cinayətkar əməllərini Vətənə xəyanət kimi qiymətləndirir. 

Hüquq-mühafizə orqanları tərəfindən atılan bu addım Azərbaycan ictimaiyyəti tərəfindən dəstəklənir və biz də bu qərarın haqlı olduğuna tərəfdar çıxırıq. Vətənə xəyanət bağışlanmır! Hər bir kəs qanun qarşısında öz layiqli cəzasını almalıdır!”. 

AzərTAc

* * *

Leyla və Arif Yunusovların cinayətkar fəaliyyətinə son qoyulmasını alqışlayırıq

Biz – Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı, doğma Qarabağın müdafiəsi uğrunda Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlərin iştirakçıları, şəhid ailələrinin üzvləri, müharibə əlilləri – düşmənlərimizlə əlbir fəaliyyətdə  olaraq millətimizə və dövlətimizə xəyanət etmiş, Leyla və Arif Yunusovların, həmçinin onların qurduğu tora düşənlərin cinayətkar əməllərini qətiyyətlə pisləyirik. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Milli Təhlükəsizlik Nazirliyinin bu günlərdə birgə yaydıqları rəsmi məlumat da göstərir ki, bu şəxslərin cinayətkar fəaliyyəti milli və dövlət maraqlarımıza necə böyük zərbə vurub.

Biz Qarabağ uğrunda döyüşlərdə düşmənin hər cür amansızlığının şahidi olmuşuq, erməni qəsbkarların törətdiyi vəhşilikləri görmüşük. 20 ildən artıqdır ki, torpaqlarımız işğal altında, özümüz köçkün və qaçqın vəziyyətindəyik. Lakin üzləşdiyimiz itkilər, yaşadığımız mərhumiyyətlər bizi heç vaxt mənən sındırmayıb, acizləşdirməyib. Dövlətimizə, onun rəhbərliyinə dərin və tükənməz inamla düşməndən qisasımızı alacağımız günü səbirsizliklə gözləyirik...

Belə bir vaxtda milli xəyanətkarların mənfur əməlləri bizə hədsiz mənəvi iztirab gətirir, doğma yurd həsrəti ilə tarıma çəkilmiş əsəblərimizi daha da gərginləşdirir, nifrət və qəzəbimizi çoşdurur.   

“Sülh və demokratiya” kim bəşəri dəyərləri öz əlində siyasi oyuncağa  və zəhmətsiz gəlir mənbəyinə çevirmiş Leyla və Arif Yunusovların milli maraqlarımıza zidd mövqeyi, müstəqil və azad Azərbaycanı dünya ictimaiyyətinə qara rənglərlə təqdim etmək cəhdləri bizi hər zaman ciddi şəkildə narahat edib və hiddətləndirib. Onların “hüquq müdafiəçili”yinin arxasında çirkin niyyətlərin dayandığı daim hiss olunsa da, bu niyyətlər arasında vətənə xəyanət kimi ağır və dözülməz bir cinayətin gizləndiyini isə ehtimal etməzdik. Hüquq-mühafizə orqanlarının, milli təhlükəsizliyimizə cavabdeh olan dövlət qurumlarının  bu ağır cinayətin üstünü açmasını, Leyla və Arif Yunusovların casusluq fəaliyyətinə dair şübhələri konkret faktlarla ortaya qoymasını vətən sevgisi ilə yaşayan hər bir azərbaycanlı kimi biz də alqışlayırıq, bu cinayətin bütün iştirakçılarının tezliklə ifşa edilib, ədalət mühakiməsinə verilməsini istəyirik.

Ermənistan Respublikasının xüsusi xidmət orqanının əməkdaşlarına  qəsdən kömək edərək casusluq və dövlətə xəyanət yolu tutanların öz cinayətkar əməllərinə Rauf  Mirqədirov kimi öz jurnalist fəaliyyəti ilə cəmiyyətimizdə nüfuz qazanmış bir şəxsi də şərik etmələri acı təəssüf hissi doğurur. Öz peşə prinsiplərini və mənəvi dəyərlərini əli soydaşlarının qanına batmış düşmənin verdiyi çirkli pullara dəyişməkdən böyük rəzillik varmı?!

Öz xəyanətkar niyyətlərini həyata keçirmək üçün düşmən dövlətin ərazisinə özbaşına və maneəsiz gedib-gəlməyin isə “xalq diplomatiysı” adlandırılması, sadəcə, biabırçılıqdır. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə tənzimlənməsi naminə əsl xalq diplomatiyası ilə məşğul olmaq missiyasını xalqımız və onun tərkib hissəsi olan qarabağlılar adından “Dağlıq Qarabağın Azərbaycanlı İcması” ictimai birliyi dövlətmizin və millətimizin maraqları çərçivəsində lazımi səviyyədə yerinə yetirməkdədir. Biz bu missiyanı hamılıqla dəstəkləyirik, onun real, konkret nəticələr verməsi üçün hər bir fədakarlığa hazır olduğumuzu bildirirk.

Azərbaycan, nəyin bahasına olursa-olsun, öz əzəli və əbədi torpaqlarımı düşməndən azad edəcəkdir! Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət buna yönəlib, biz bu siyasətin  tezliklə öz nəticəsini verəcəyinə əminik!

Biz – cəbhə bölgəsində yaşayanlar açıq-aşkar görürük ki, üz-üzə dayandığımız yağı düşmən Azərbaycanın dünyadakı  siyasi nüfuzundan, iqtisadi və hərbi gücündən dərin qorxu keçirir. Torpaqlarımızı onların tapdağından qurtaracağımızı yaxşı bilirlər, əsgər və zabitlərimizin rəşadətindən xəbərdardırlar. Son günlər törətdikləri təxribatlara görə isə layiqli cəzalarını alıblar!

Bir daha bəyan edirik ki,  maddi və digər maraqlarını təmin etmək niyyətilə, bilərəkdən və ya bilməyərəkdən düşmənə kömək edən cılız xislətli xəyanətkarlarin ifşa edilməsi bizdə də dərin razılıq hissi doğurur.  Qürurverici haldır ki, güclü və qüdrətli Azərbaycan dövlətinin hüquq-mühafizə və təhlükəsizlik orqanları belə xəyanətkar fəaliyyətin qarşını almaq, xainləri  ifşa etmək, onları layiq olduqları cəzaya çatdırmaq üçün daim ayıq-sayıqdırlar.

Əminik ki, Leyla və Arif Yunusovların, onlarla əlbir olanların cinayətkar  siması tam açılacaq, millətimizə və dövlətimizə qarşı törətdikləri cinayətlər gərəkli hüquqi qiymətini alacaqdır!

 

Ağdam rayonunda yaşayan müharibə əlilləri və veteranları, şəhid ailələri adından 

Baxşeyiş Abbas oğlu Hətəmli,

ehtiyatda olan “Azərbaycan bayrağı” ordenli  baş leytenant, II qrup Qarabağ müharibəsi əlili,  Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının prezidenti, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri  İctimai Birliyi Ağdam Rayon Şöbəsinin sədri, Əməkdar jurnalist

 

Xəbərlər
Redaktorun seçimi