“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.12.2014, 17:43
2176

Martin Şultsun fikirləri Avropa Parlamentinin obyektivliyinə kölgə salır

A- A+

“Konkret cinayət əməllərində ittiham olunan şəxsləri söz, fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etmək qərəzli siyasi mövqedən xəbər verir”

Avropa Parlamentinin prezidenti Martin Şultsun 2014-cü il noyabrın 26-da Azərbaycanla bağlı söylədiyi fikirlər ölkəmizin vətəndaş cəmiyyəti təsisatlarında da etiraz doğurub.

“Effektiv Təşəbbüslər Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da qurumun plenar iclasında Azərbaycana qarşı səsləndirdiyi qərəzli fikirləri ölkəmizin daxili işlərinə qarışmaq cəhdi  kimi qəbul edir və buna öz qəti etirazımızı bildiririk. Avropa Parlamentinin prezidenti olaraq Martin Şults Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət göstərmək əvəzinə ölkəmiz haqda həqiqətə uyğun olmayan fikirləri ilə diqqət çəkir. Noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında onun guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusun hüquqlarının pozulması haqqında söylədiyi fikirlər ölkəmizin daxili işlərinə qarışmaq deməkdir. Martin Şults bununla Azərbaycanda, ümumiyyətlə, insan haqlarına guya əməl edilməməsi təəssüratı yaratmağa cəhd edib. Konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır, qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir.

İndiyə qədər Martin Şults çıxışlarında Ermənistandan deportasiya edilmiş, özlərinin Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından bircə dəfə də olsun danışmayıb, erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qoyulan müsəlmanlardan bəhs etməyib. 20 ildən çoxdur təcavüzkar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları haqqında bir dəfə də olsun onun fikrini eşidən olmayıb, eyni zamanda Avropada hər gün dini və insani hüquqları tapdanan milyonlarla müsəlmanın diskriminasiyaya məruz qalması Avropa Parlamentinin prezidentini qətiyyən narahat etmir.

Bütün bunlar onu düşünməyə əsas verir ki, cənab Şultsu daha çox Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmaq, Azərbaycan xalqını demokratik dəyərlərdən uzaq bir xalq kimi qələmə vermək mərəzi daha çox maraqlandırır.

Avropa Parlamentində Azərbaycana qarşı qərəzli, həqiqətə uyğun olmayan belə fikirlərin səslənməsi ümumilikdə Avropa İttifaqının Cənubi Qafqaz siyasətinin zəifliyindən xəbər verir, bu təşkilatın hələ də region dövlətlərinin bölgədəki rolunu real qiymətləndirə bilmədiyini bir daha təsdiq edir.

Biz Martin Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə səsləyirik.

 

Xəbərlər
Redaktorun seçimi