“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.01.2014, 19:10
2672

Azərbaycan diasporunun təşəkkül tarixi

A- A+

Azərbaycan diasporunun formalaşması tarixi kifayət qədər uzun bir zaman kəsiyini əhatə edir. Onun ilkin addımları barədə dolğun məlumatın azlığına baxmayaraq, bir sıra tarixi mənbələrə əsasən bəzi faktları aşkara çıxarmaq mümkün olmuşdur.

Əldə olunan elmi nəticələrə görə, Azərbaycan diasporunun təşəkkül və formalaşma tarixi bir neçə mərhələyə bölünür:

- VII əsrin sonu - VIII  əsrin əvvəlləri. Xilafət ordusunun Azərbaycana yürüşü, İslam dininin yayılması ilə əlaqədar burada  ərəbdilli elm və mədəniyyətin inkişafı, eyni zamanda  onlarca azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını başlamış və  bu proses diasporun yaranmasının təməlini qoymuşdur.

- X – XIX əsrlər. Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqların intibahında qabaqcıl mövqeyə çıxması sayəsində xaricdə məskunlaşması daha geniş vüsət almışdır.

- Azərbaycan diasporunun formalaşmasının III mərhələsi. Həmin dövr Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalından sonrakı dövrə təsadüf edir.

Rusiyada diasporumuzun təşəkkülünü şərti olaraq iki dövrə bölmək olar:

XX əsrin əvvəllərindən 1920-ci ilədək olan birinci dövrdə azərbaycanlıların Rusiya ilə əlaqələri nizamsız xarakter daşımışdır.

1920-ci ildən sonrakı, ikinci  dövrdə isə bu proses qismən tənzimlənmiş və intensivləşmişdir. Buna baxmayaraq, həmin mərhələlərdə  təşkil olunan diasporlar həm kəmiyyət, həm də fəaliyyətlərinin keyfiyyətinə görə bir-birindən fərqlənirdilər.

- Diasporun formalaşmasının IV mərhələsi Azərbaycan Demokratik Respublikasının (1918-1920) süqutundan sonra xarici mühacirlər axını və Avropada Azərbaycan diasporunun təşəkkülü  ilə bağlıdır. 

-  1941-1945-ci illərdə II Dünya  müharibəsi zamanı əsirlikdə və Sovet qəza maşınının ölüm xofundan Vətənə dönə bilməyən  azərbaycanlılardan ibarət icmaların yaranması diasporun formalaşmasının V mərhələsi kimi səciyyələndirilir.

- Ötən əsrin sonlarında İranda baş verən ictimai-siyasi proseslərlə  əlaqədar bu ölkədən  on minlərlə azərbaycanlının Qərb ölkələrinə  mühacirəti Azərbaycan diasporunun genişlənməsinin mühüm mərhələlərindən biri olmuşdur.

- SSRİ-nin süqutundan  sonra Avropa ölkələrində azərbaycanlıların yeni nəsillərinin məskunlaşması diasporun təşəkkülünün son mərhələsi kimi qiymətləndirilə bilər.

VII əsrdə Azərbaycanın Xilafət ordusu tərəfindən işğalı, ölkə əhalisinin  İslam dinini qəbul etməsi, məktəb və mədrəsələrdə tədrisin ərəbcə aparılması ərəbdilli elmin və ədəbiyyatın yaranmasına gətirib çıxarmışdır. Bu proses uzun  illər boyu davam etdiyindən,  Azərbaycanla İslam dininin mərkəzi Məkkə və başqa Yaxın Şərq şəhərləri arasında elmi, mədəni, iqtisadi əlaqələrin yaradılmasına və inkişafına gətirib çıxardı.

Ən müxtəlif tarixi mənbələrdə azərbaycanlı elm adamlarının, tacirlərin, müxtəlif peşə sahiblərinin ərəb ölkələrinə səfər etmələri, orada yaşayıb-yaratmaları barədə çoxsaylı məlumatlara rast gəlmək mümkündür. Belə ki, İbn Quteybənin «Kitab-əş-şer və şüəra», Əbülfərəc İsvahaninin «Kitab əl-ağani» əsərlərində VII-VIII əsrlərdə Mədinədə azərbaycanlı şairlərin yaşadıqları qeyd olunur.

İbn Qüteybə Əbülyəqzana istinad edərək  yazır: «Mədinədə məvalilərdən elə bir şair yoxdur ki, əslən azərbaycanlı olmasın». İndiyə qədər  Mədinədə yaşayıb-yaradan azərbaycanlı şairlərin yalnız bir neçəsi barədə məlumatlar var. Onlardan biri Musa Şəhabatdır. Musa Şəhabatin 686-687-ci illərdə İraqda vali olmuş Həmzə ibn Abdullaha həsr etdiyi iki mədh və Mədinə qazısı Əbubəkr ibn Əbdürrəhman barədə yazdığı həcv günümüzə gəlib çıxmışdır.

Həmin dövrdə Azərbaycan şairi İsmayıl ibn Yəsar tanınmış Xilafət şairlərindən biri olmuşdur. Tarixi mənbələrdə bildirilir ki, o müasirləri arasında böyük nüfuz sahibi kimi tanınmışdır. Hətta xəlifənin də çox vaxt İsmayıl ibn Yəsarın fikri ilə  hesablaşdığı barədə faktlar da mövcuddur.

XI əsrdə görkəmli Azərbaycan şairi Xətib Təbrizi bütün Şərq dünyasında böyük şöhrətə malik olmuşdur. O, nüfuzlu  alim ədəbiyyatşünas və dilçi kimi tanınmış,  ərəb dünyasında ədəbiyyat, qrammatika və leksikologiya üzrə tədqiqatlar aparan qabaqcıl elm xadimi adını qazanmışdır.

Müxtəlif dövrlərə aid  tarixi mənbələr onu da  təsdiqləyir ki, qürbətə üz tutan alim və mütəfəkkirlərimiz el-oba xiffəti ilə yaşasalar da əksər hallarda Vətənə dönmür, qərib ömürlərini Azərbaycandan uzaqlarda başa vururdular. Bu yerlərdə qalan nəsillər isə illər keçdikcə yerli xalqlara qaynayıb-qarışır, övladları  Azərbaycan əsilliliyini itirir, yerli etnos içərisində  əriyirdilər. Elə buna görə də  tarixin dərinliklərində qalan qiymətli və zəngin faktları arayıb axtarmaq, ortaya çıxarmaq olduqca çətindir.

Dahi alim, riyaziyyatçı və astronom Xacə Nəsirəddin Tusi XIII yüzillikdə Şərqin bir sıra ölkələrini gəzib dolaşmış və ümumbəşəri sivilizasiya xəzinəsinə misilsiz töhfələr bəxş etmiş yüzlərlə azərbaycanlı dühadan biridir.

XIII əsrdə Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri də  Səfiəddin Urməvi olmuşdur. O, bütün Şərq aləmində istedadlı müsiqiçi və mahir xəttat kimi böyük şöhrət qazanmışdır.

Orta əsrlərdə Azərbaycana monqol-tatar yürüşləri   minlərlə ailənin zorla Orta Asiyaya  köçürülməsi ilə nəticələndi. Sonrakı əsrlərdə də bu prosesin davam etdiyi barədə həm tarixi mənbələrdə, həm  də Azərbaycan folklorunda xeyli fakta rast gəlmək olar.

Orta Asiya və Qazaxıstanda məskunlaşan on minlərlə həmvətənimizin bir çoxunun ulu babaları məhz göstərilən dövrlərdə tarixi vətəndən dərbədər olanlardır. Cambul, Çu, Mərkə, Qurday, Luqovoy kimi şəhərlərdə və digər yaşayış məntəqələrində talelərinə ömürlük qürbət yazılan minlərlə soydaşımız  məskunlaşmışlar.

XIV əsrin ikinci yarısı və XV əsrin əvvəllərində yaşamış məşhur səyyah və coğrafiyaşünas Əbdürrəşid Bakuvi bir çox ölkələrə səyahət etmiş, orada yaşayan xalqların tarix və mənsubiyyətini qələmə almışdır. Səyyah doğma Vətənin hüdudlarından kənarda dünyasını dəyişmişdir.

XVII əsrdə əslən Qarabağ bəylərindən olan Oruc bəy Bayat Avropaya mühacirət edərək, uzun müddət orada yaşamışdır. XVII-XIX əsrlərdə Avropanın ən böyük şairləri «Don Juan» təxəllüsü ilə tanınan bu şəxs haqqında şerlər, poemalar yazmışlar.

XVIII əsrdə Azərbaycan diasporunun ən tanınmış təmsilçilərindən biri də böyük Azərbaycan səyyahı Hacı Zeynalabdin Şirvani olmuşdur. Valideynləri o, hələ körpə ikən Şamaxıdan Kərbəlaya köçmüşlər. Bu şəxs  demək olar ki, bütün Şərq ölkələrinə səyahət etmiş və ömrünün 37 ilini səfərlərdə keçirmişdir. Bir çox din və təriqətlər  haqqında səhih və ətraflı məlumatlar toplayan, dünyanın müxtəlif xalqlarının adət-ənənələri barədə geniş məlumata malik olan Hacı Zeynalabdin Şirvani bəşəriyyətə misilsiz dörd elmi əsər, habelə divan, risalə bəxş etmişdir. 

XIX əsr Azərbaycan tarixində xüsusi mərhələ olmuşdur. Rusiyanın Qafqazı hərbi və siyasi cəhətdən özünə tabe etdirməsi, Azərbaycanın bu ölkə ilə məcburi inteqrasiyasına gətirib çıxarmışdır. Müstəmləkə zülmü altında olan qədim  bir regionda Çar imperiyasının siyasəti mürtəcə xarakter daşıyırdı. Yerli xalqın milli mədəniyyətinin inkişafı məhdudlaşdırılır, milli özünüdərk hissləri məhv edilirdi.

Eyni zamanda yeni keyfiyyətli və məzmunlu mənəvi dəyərlər formalaşırdı. Qafqazda nüfuz uğrunda Rusiya, İran və Türkiyə arasında az qala bütöv əsr boyunca davam etmiş mübarizə, Azərbaycan xalqının taleyində silinməz iz buraxdı. Azərbaycanın şimal hissəsinin Rusiya tərəfindən işğalı burada elm və mədəniyyətin yeni istiqamətdə inkişafına səbəb oldu. 

Həmin dövrə qədər ölkədə sırf Şərq elmi-mədəni mühiti hökm sürürdüsə, XIX yüzilliyin əvvələrində bu xüsusiyyət Qərb elementləri ilə zənginləşməyə başladı. Çarizmin milli ucqarlarla bağlı yeritdiyi siyasət müəyyən qabaqlayıcı tədbirlər həyata kecirməyi tələb edirdi. Rusiyanın bir sıra şəhərlərində, o cümlədən, Kazan və Peterburqda türk dillərinin elmi şəkildə öyrənilməsi, müvafiq fakültə və kafedraların formalaşdırılması da bu qəbildən idi.

Mirzə Kazımbəy, Mirzə Cəfər Topçubaşov kimi ziyalıların imperiya paytaxtında çalışmaları  Azərbaycan ziyalılarının keyfiyyətcə yeni nəslinin yetişməsindən xəbər verirdi. XIX əsrin əvvəllərindən etibarən   Rusiya Xarici İşlər Nazirliyində xeyli azərbaycanlı çalışırdı. Əslən azərbaycanlı olan Nəsirov, əslən Tiflisdən olan Mirzə Əbuturab Vəzirov və başqaları Peterburqda yüksək vəzifələrdə çalışırdılar.

Rusiyada azərbaycanlı elm  və mədəniyyət xadimlərindən başqa, xeyli hərbiçi, dövlət xadimi və ədəbiyyat, incəsənət nümayəndələri  də yaşayırdı. Abasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundov,  eləcə də rus ordusunda xidmət edən yüzlərlə zabit və generallar həmin ölkədə Azərbaycan diasporunu formalaşdıran həmvətənlərimizdən idilər.

Onlar Rusiya hərb tarixinə, elm və mədəniyyətinə zəngin töhfələrini vermişdir. Rusiya şərqşünaslığı Mirzə Cəfər Topçubaşov, Mirzə Kazımbəy, hərb sənəti isə generallar - Səməd bəy  Mehmandarov, Əliağa Şıxlinski məktəbləri ilə fəxr etməlidir.

Azərbaycanlıların xarici ölkələrdə məskunlaşması prosesi yalnız  Rusiyanı deyil, digər ölkələri də əhatə etmişdir. XIX əsrdə Azərbaycan diasporunun daha bir tanınmış nümayəndəsi Cəmaləddin Əfqani olmuşdur. Bir müddət Əfqanıstanın Baş naziri vəzifəsində işləmiş bu şəxs  Misir Universitetinin professoru, məşhur «Ərabi-paşa» üsyanlarının rəhbərlərindən biri olmuşdur.

XIX əsrdə yaşamış Osmanlı ordusunun paşası Mehrəli bəy (Məməli oğlu)  Türk Milli Qəhrəmanı adına layiq görülmüş və Qarapapaq Hamidiyyə alaylarının baş komandanı təyin edilmişdir.

Hər bir soydaşımızla ayrılıqda fəxr etsək də, əfsuslar olsun ki, o dövrlərdə diasporumuz təşkilatlana bilməmiş, toplum olaraq fəaliyyət göstərməmişlər.

XX əsrin əvvəllərində azərbaycanlıların xaricə axını daha geniş vüsət almağa başlamışdır. Qafqazda çar Rusiyasının antimüsəlman və antitürk siyasəti məqsədli şəkildə regionda azərbaycanlı əhalinin üstün mövqeyinin zəiflədilməsinə yönəlmiş və 1905-1906, 1918-ci illərdə ermənilər tərəfindən həyata keçirilən  soyqırım, etnik təmizləmə siyasəti belə imperiyanın strateji niyyətlərindən  törənmişdir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə xaricə axının miqyası xeyli  azalsa da, demokratik respublikanın süqutu nəticəsində faciəli bir vəziyyət formalaşdırdı. Xalq Cümhuriyyətinin qurucularının və tərəfdarlarının bolşeviklər tərəfindən ciddi təzyiq və təqiblərə məruz qalması onları ölkəni tərk etmək məcburiyyətində qoymuşdur.

Təsadüfü deyildir ki, bu dövr azərbaycanlıların xaricə miqrasiyasının kütləvi xarakter aldığı  mərhələlərdən biri olmuşdur.

XX  əsrin əvvəllərində bolşeviklərin təqiblərindən qurtulub xarici ölkələrə mühacirət edənlərdən Əlimərdan bəy Topçubaşov, Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev (Ağaoğlu), Məmməd Əmin Rəsulzadə, Nağı bəy Şeyxzamanlı, Cahangir Kazımbəyli, Səid Əlizadə, Ceyhun Hacıbəyli və bir çox başqa tanınmış simalar qürbətdə Azərbayan diasporunun təşkilatlanması prosesinin əsasını qoymuşlar.

1949-cu ilin fevralında Türkiyənin Ankara şəhərində yaradılmış Azərbaycan Kültür Dərnəyi dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk addım olmuşdur.  Azərbaycan Xalq Cumhuriyyəti  dövründə  milli təhlükəsizlik naziri işləmiş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı 1958-cı ildə ABŞ-da Amerikanın Azərbaycan Cəmiyyətini təsis etmişdir. Hazırda bu  cəmiyyətə Nağı bəy Keykurunun (Şeyxzamanlı) nəvəsi, xanım davamçısı Tomris Azəri rəhbərlik edir.

Bu hadisələr əsasən Azərbaycan diasporunun tarixində təşkilatlanma mərhələsinin məhz ötən əsrin ortalarından başladığını söyləməyə əsas verir. Həmin dövrə qədər soydaşlarımızı birləşdirən icma və birliklərin yaradılması ilə bağlı hər hansı fakta təsadüf olunmamışdır. 

II Dünya müharibəsindən sonrakı dövr Azərbaycan diasporunun tarixində yeni bir mərhələ ilə əlamətdar oldu. Müharibə dövründə və sülhün bərqərar olunmasından sonra xaricdə yaşayan həmvətənlərimizin sayı əhəmiyyətli dərəcədə artmışdır.  Onların arasında hərbi əməliyyatlar zamanı əsir düşmüş və müharibə başa çatdıqdan sonra müxtəlif səbəblər üzündən Avropa ölkələrində məskunlaşmış azərbaycanlılar əksəriyyət təşkil etmişdir. Sovet rejiminin amansız və qəddar cəza tədbirləri, qanlı represiyaları onların bir çoxunu geri qayıtmaqdan çəkindirmiş,  beləliklə xaricdə yaşayan azərbaycanlıların sayca artmasına səbəb olmuşdur.

 Qeyd etmək lazımdır ki, təxminən 30 milyon azərbaycanlının tarixən yaşadığı müasir İran ərazisindən də son onilliklər ərzində mühacirət edənlərin sayı Azərbaycan Respublikasını tərk edənlərin sayından qat-qat çox olmuşdur.

Ümumiyyətlə, II Dünya müharibəsindən  bir neçə il sonra Sovet hökumətinin  tətbiq etdiyi sərt sərhəd rejimi SSRİ-dən xaricə axını məhdudlaşdırsa da,  dissident hərəkatı əvvəlki illərlə  müqayisədə  daha kütləvi xarakter almışdır.  Təbii ki, sovet respublikası olan Azərbaycanda azad fikirli ziyalılar, vətənpərvər qüvvələr üçün real təhlükə var idi.

Lakin SSRİ-də dissident hərəkatının, azad fikrin genişləndiyi bir dövrdə - 1969-cu ildə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladı. O, respublikanın həyatında, ictimai şüurun, milli özünüdərkin təşəkkülündə  yeni bir mərhələnin özülünü qoydu.

Heydər Əliyev ölkənin ictimai həyatının bütün sahələrində sürətli inkişafa aparan köklü islahatlara yol açdı. Azərbaycan qısa vaxt ərzində iqtisadi göstəricilərinə, intellektual potensialına görə SSRİ miqyasında ön sıralara çıxdi. Heydər Əliyevin ardıcıl surətdə apardığı islahatlar yalnız iqtisadi sahəni əhatə etmirdi. Bu köklü dəyişikliklər elm və təhsildə, mədəniyyətdə də böyük sıçrayışlarla nəticələndi. Azərbaycanda elmin inkişafının stimullaşdırılması istiqamətində bir çox mühüm addımlar atıldı.

Heydər Əliyev elmə, mədəniyyətə, ədəbiyyata xüsusi diqqət və qayğı göstərirdi. Azərbaycanın bir çox elm və mədəniyyət xadimlərinin, ədib və şairlərinin həyat və yaradıcılığında özünü göstərən bu diqqət, respublikada azad fikirli ziyaliların təqibinə birdəfəlik son qoydu. Təsadüfü deyildir ki, məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1969-cu ildən Sovet İttifaqı dağılana kimi Azərbaycanda bir nəfər də olsun dissident qeydə alınmamışdır.

Ümummilli lider Heydər Əliyev təbiətən demokratik ruhlu bir şəxsiyyət olduğundan ayrı-ayrı bədii əsərlərdə, elmi monoqrafiyalarda sovet quruluşunun ünvanına yönəldilmiş tənqidlərə olduqca dözümlü münasibət bəsləyir və cəmiyyətin müxtəlif sahələrində təzahür edən çatışmazlıqların üzə çıxarılmasına əlverişli imkan yaradırdı. O, xüsusilə Azərbaycan xalqının milli mənəvi dəyərlərinin qorunmasını, xalqımızın tarixinin obyektiv araşdırılmasını, həqiqəti ortaya çıxaran əsərlərin yaradılmasını daha çox diqqət mərkəzində saxlayırdı.

Bəxtiyar Vahabzadənin «Latın dili» şerinin və «Gülüstan» poemasının, İsmayıl Şıxlının «Dəli Kür» romanının, «Dədə Qorqud», «Babək»,  «Bir cənub şəhərində», «İstintaq» filmlərinin, «Şəhərin yay günləri» tamaşasının məhz 70-ci illərin məhsulu olması, «Qobustan» ədəbi-publisistik jurnalının nəşri bu baxımdan təsadüf sayıla bilməz. Bütün bunlar ümummilli lider Heydər Əliyevin vətənpərvərliyinin, xalq təəssübkeşliyinin məntiqi nəticəsi kimi dəyərləndirilir.

XX əsrin 70-ci illərin əvvəllərindən başlayan iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahələrində inkişaf, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə ölkədə milli özünüdərk prosesinin təkamülünə böyük təkan verdi. 70-80-ci illərdə Heydər Əliyev qətiyyət, müdriklik və cəsarətini xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına yönəltmişdir.

Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək imkandan tam səmərə ilə istifadə edilirdi.

Xarici ölkələrlə mədəni əlaqələrin qurulmasi, bədii tərcümə işinin genişlənməsi, xaricdə yaşayan həmvətənlərimizlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin («Vətən» cəmiyyəti) yaradılması soydaşlarımızın birliyinə və Vətənlə ayrılmaz tellərlə bağlanması mühüm addımlardan biri idi. Eyni zamanda  respublikamızın hərtərəfli inkişafı onlarda milli qürur hissi oyadır, Ata  yurduna maraq və bağlılığı artırırdı.

Heydər Əliyev Azərbaycan xalqının elmi və intellektual potensialının gücləndirilməsinə həmişə böyük qayğı ilə yanaşırdı. Məhz elə bu qayğı və diqqətin sayəsində yüzlərlə azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı qazanmışdır. Belə ki, keçmiş SSRİ məkanının 50-dən çox böyük şəhərinin 170-dən artıq ali təhsil ocağında elm, iqtisadiyyat, mədəniyyət, istehsalat və digər sahələri əhatə edən və Azərbaycanda zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən çox mütəxəssis hazırlanmışdır. Bu kadrların bir çoxu yenidən Azərbaycana qayıdıb respublikanın inkişafına öz töhfələrini versə də onların bir qismi təhsil aldıqları şəhərlərdə məskunlaşmışdır.

Bir sözlə, 70-80-ci illərdə sovet dövlətində gedən respublikalararası inteqrasiya prosesləri, gənclərin Azərbaycandan kənarda digər respublikalarda təhsil almaq imkanı azərbaycanlıların təbii miqrasiyasına təkan vermişdir. Respublikamızdan kənarda əmək fəaliyyətinə başlayan həmin mütəxəssislər bir tərəfdən həmvətənlərimizin mütəşəkkilliyinin güclənməsinə, digər tərəfdən elm və mədəniyyətimizin inkişafına əhəmiyyətli yardım göstərmişlər.

Heydər Əliyevin Moskvada Sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyəti dünya azərbaycanlıları arasında milli təfəkkürün güclənməsində xüsusi rol oynamışdır. Bu gün xarici ölkələrdə «Azərbaycanlı» adını şərəf və ləyaqətlə daşıyan neçə-neçə dünya şöhrətli alimlər, ziyalılar, incəsənət xadimləri, iş adamları vardır və onlar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

Hər bir azərbaycanlı  Rusiya neft sənayesinin qurucularından biri, əfsanəvi neft kəşfiyyatçısı, geoloq Fərman Salmanovun, dünya şöhrətli rəssam Tahir Salahovun, elm aləmində «Zadə» soyadı ilə tanınmış alim Lütfi Əliəsgərzadənin, Fransada yaşayan rəssam Toğrul Nərimanbəyovun, kinodramaturq, «Oskar» mükafatı laureatı  Rüstəm İbrahimbəyovun, müğənni, bəstəkar Müslum Maqomayevin adları ilə fəxr edir, qürur duyur.

Ötən əsrin 80-ci illərin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının güclənməsinə zəmin yaratmış oldu.

Azərbaycanda milli oyanış daha geniş vüsət almışdır. Təsadüfü deyildir ki, 1989-cu ildə azərbaycanlılar «Dünyanın ən mübariz xalqı» adına layiq görülmüşdülər. Erməni işğalçılarının ölkəmizin ayrılmaz parçası  olan Dağlıq Qarabağın ərazisinin qəsb edilməsinə yönəldilmiş terror-təxribat aksiyaları xalqımızın milli özünüdərk hissinin güclənməsində mühüm rol oynadı.
1990-cı il 20 Yanvar faciəsi Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilmişdir. Bu faciənin harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, xalqı vahid qüvvə kimi  birləşdirdi. 

Heydər Əliyev belə bir mürəkkəb vəziyyətdə vətəndaş mövqeyi və Vətən təəssübkeşliyi nümayiş etdirərək 20 Yanvar qırğını ilə bağlı Moskvada etiraz səsini ucaltdı, dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini bəyan etdi. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi ölkənin, xalqın taleyi üçün tarixi məsuliyyət daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli lider ətrafında birləşdirdi. Lakin həmin məqamda respublikamizda bu imkandan istifadə edilmədi və nəticədə mövcud problemlər daha da dərinləşdi.

Azərbaycan xalqının tarixi təkamülü sayəsində XX əsrin sonlarında dövlət müstəqilliyimiz yenidən bərqərar olmuş və dönməz, qarşısıalınmaz xarakter almışdır. Bu yalnız Azərbaycan vətəndaşlarının deyil, xaricdə yaşayan bütün soydaşlarımızın milli təfəkküründə əsaslı dönüşün nəticəsi oldu.

Xəbərlər
Redaktorun seçimi