“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.12.2014, 19:47
2493

Azərbaycanın ən böyük məscidinin açılışı keçirilib

A- A+

Heydər məscidinin münarələrinin hündürlüyü 95, günbəzinin hündürlüyü 55 metrdir

Dekabrın 26-da Bakıda Heydər məscidinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub. 

Prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından maraqlanıb, mütəmadi olaraq buraya gələrək görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib.

Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.

 

Prezident İlham Əliyev: “Azərbaycanda bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar”

 

Mərasim “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb. Mərasimdə çıxış edən Prezident İlham Əliyev ölkəmizdə din-dövlət münasibətlərinin ən yüksək səviyyədə olduğunu deyib.Qeyd olunub ki, 90-cı illərdə Prezident Heydər Əliyevin fəaliyyəti nəticəsində sağlam zəmində dövlət-din münasibətləri qurulmuşdur: “O, həmişə qeyd edirdi ki, biz öz milli, dini adət-ənənələrimizə sadiq olaraq müasir, güclü dövlət qurmalıyıq. Bu idi onun strateji baxışları. Dövlət-din münasibətlərinin qurulması, formalaşması böyük nailiyyətimizdir. Bu gün də bu siyasət davam etdirilir. Heydər Əliyevin dövründə Azərbaycanda 500-dən çox məscid tikilmişdir. Yüzlərlə məscid təmir edilmişdir. Ulu öndər müqəddəs Kəbənin içində namaz qılmışdır. Mən xoşbəxtəm ki, bu xoşbəxtlik mənə də nəsib olmuşdur. Yəni, o illərdə milli, dini dəyərlərə göstərilən diqqət və müəyyən edilmiş istiqamət bugünkü Azərbaycanın güclənməsinə xidmət edirdi. Çünki indi bizim güclü iqtisadiyyatımız var. Siyasi dayaqlarımız da möhkəmdir. Ən önəmlisi, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı vahid yanaşma, vahid mövqe var. İctimai-siyasi vəziyyət müsbətdir və əlbəttə ki, dövlət-din münasibətləri burada böyük rol oynayır”.

Prezident qeyd edib ki, son 11 il ərzində Azərbaycanda 250-yə yaxın məscid tikilmiş və ya təmir edilmişdir: “Xalqımız üçün çox böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi onların arasındadır. Hazırda İmamzadə dini, tarixi, mədəni mərkəzində təmir-bərpa işləri aparılır. Bu gün ölkəmizin ən böyük, möhtəşəm, əzəmətli Heydər məscidi açılır. Azərbaycanda digər başqa dinlərin məbədləri, o cümlədən dövlət vəsaiti hesabına tikilir, təmir edilir. Onu da qeyd etməliyəm ki, bu məscid dövlət vəsaiti hesabına tikilmişdir, necə ki, rus pravoslav, katolik, alban kilsələrinin tikintisi, təmiri işlərində dövlət öz dəstəyini vermişdir. Azərbaycanda sinaqoqlar tikilir, təmir edilir. Yəni, Azərbaycanda bu sahədə nadir təcrübə əldə edilibdir. Bu, bizim üçün təbiidir. Çünki bu, bizim üçün normal həyat tərzidir, cəmiyyətin normal yaşamasıdır. Eyni zamanda, bu, bizim dövlət siyasətimizdir. Bax, bu iki amil bu müsbət ab-havanı yaradır. Həm cəmiyyətdən gələn istəklər, sifarişlər, eyni zamanda, dövlət siyasətimiz”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar: “Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmamışdır və olmayacaqdır. Hətta heç bir anlaşılmazlıq da olmamalıdır və yoxdur. Biz bu yolla gedirik və dünyaya bu yolu göstəririk. Bu gün sivilizasiyalararası dialoq haqqında müxtəlif fikirlər, fərziyyələr irəli sürülür. Alimlər, jurnalistlər, ictimai xadimlər, hətta siyasətçilər də bəzi hallarda bu münasibətlərin gələcəyinə o qədər də müsbət baxmırlar, yanaşmırlar. Çox təəssüf edirəm. Gəlsinlər Azərbaycanın təcrübəsini görsünlər, öyrənsinlər. Görsünlər ki, bir ölkədə bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində necə yaşaya bilərlər, bütün millətlərin hüquqları necə təmin edilə bilər. Biz buna necə nail ola bilmişik? Bəzi hallarda xarici qonaqlar məndən bunu soruşurlar. Bunu izah etmək üçün gərək bir neçə gün vaxt sərf edəsən. Çünki yenə də deyirəm ki, bu, dövlət siyasətimizdir. Eyni zamanda, tarixən belə olubdur. Azərbaycan da və cəmiyyət də bu gözəl mənzərəni görərək öz töhfəsini verir ki, bu proses daim davam etsin”.

Prezident diqqətə çatdırıb ki, bu gün Azərbaycan beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsi üçün öz dəyərli töhfəsini verir: “Təsadüfi deyil ki, məhz Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilmişdir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dialoqlar, mədəniyyətlərarası dialoq, humanitar forum, dünya dinlərinin liderlərinin zirvə görüşləri - bütün bunlar bu gün Azərbaycan reallıqlarıdır. Biz çalışırıq bu tədbirlərin keçirilməsi ilə ümumi işimizə töhfəmizi verək ki, dünyada da dini, milli zəmində heç vaxt anlaşılmazlıq, qarşıdurma olmasın. Əfsuslar olsun ki, biz bir çox hallarda bunun əksini görürük. Yaxın Şərqdə, Avropada, digər yerlərdə dini amil əsasında müharibələr, davalar, qanlı toqquşmalar baş verir. Bu, əlbəttə ki, bizi çox narahat edir. Yenə də deyirəm, ümid edirəm ki, Azərbaycan öz müsbət təcrübəsini başqa ölkələrlə bölüşərək ümumbəşəri dəyərlərə qiymətli töhfəsini verir və verəcəkdir”.

 

Xəbərlər
Redaktorun seçimi