“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.12.2009, 21:49
359

Milli Məclis ABŞ Konqresinə müraciət qəbul edib

A- A+

Dağlıq Qarabağın Azərbaycanlı Icması isə ABŞ prezidentinə müraciət edib

Dekabrın 15-də Azərbaycan Milli Məclisi adından ABŞ-ın Dağlıq Qarabağa yardım ayırması ilə bağlı ABŞ Konqresinə müraciət qəbul olunub.
 
Müraciətdə Amerika Konqresinin 2010-cu il üçün xarici yardımlar haqqında büdcə layihəsində Dağlıq Qarabağ ermənilərinə 8 milyon dollar məbləğində ayrıca maliyyə yardımı ayrılmasına etiraz ifadə olunub.

Parlamentin iclasında deputatlar bu məsələ ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.

Millət vəkili Əli Hüseynov ABŞ-ın belə bir addım atmasını siyasi korrupsiya kimi xarakterizə edib. Onun sözlərinə görə, Azərbaycanla razılaşdırmadan belə addımın atılması ikiüzlülük və siyasi riyakarlıqdır.

Deputat Rövşən Rzayev Dağlıq Qarabağın azərbaycanlı icmasına yarım edilməməsindən narahatlığını ifadə edib.

İqbal Ağazadə isə bunun birinci hal olmadığını, Rusiya, Fransa və ABŞ-ın zaman-zaman bu kimi mövqe nümayiş etdirdiyini vurğulayıb.

Zahid Oruc iqtidar və müxalifətin bu məsələdə vahid mövqe nümayiş etdirməsinin çox yaxşı hal olduğunu bildirib. Deputat ABŞ tərəfindən Dağlıq Qarabağa vəsait ayrılmasının yanlış addım olduğunu söyləyib: “ABŞ-ın bu addımı mahiyyət etibarı ilə Rusiyanın Ermənistana etdiklərinin təkrarıdır”.

Pənah Hüseyn “Müsavat” deputat qrupunun da ABŞ-ın bu addımına etiraz etdiyini deyib: “Artıq siyasi partiyalar belə bir etiraz məktubu hazırlayır. Biz də bu etirazları dəstəkləyirik”.

Spiker Oqtay Əsədov ABŞ prezidentinin göndərdiyi büdcə layihəsində, habelə Senatın büdcəsində Dağlıq Qarabağın adının olmadığını diqqətə çatdırıb: “Təəssüf ki, Konqres belə bir addım atdı. Ermənistana vəsait ayırmaları öz işləridir. Lakin Azərbaycanın başı üzərindən Dağlıq Qarabağla bağlı bu addımı atmaq ədalətsizlikdir”.

Sonra ABŞ Konqresinə müraciət hazırlanması üçün deputatlar Musa Quliyev, Əli Hüseynov, Səttar Mehbalıyev, Nəsib Nəsibli, Yevda Abramov, Rövşən Rzayev, Elman Məmmədov və Gülər Əhmədovdan ibarət komissiya yaradılıb.

Komissiyanın hazırladığı müraciət 108 deputatın lehinə səsi qəbul olunub.

 * * *

Azərbaycan Respublikası Milli Məclisinin Amerika Birləşmiş Ştatlarının Konqresinə müraciəti

Hörmətli həmkarlar!

Bu günlərdə ABŞ Konqresi tərəfindən 2010-cu maliyyə ili üçün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə 8 milyon dollar maliyyə vəsaiti ayrılmasına dair qərar qəbul edilməsi barədə aldığımız xəbər bizi son dərəcə narahat edir. Ölkəmizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş bölgəsindəki qanunsuz rejimin simasında separatizmin dəstəklənməsi kimi qiymətləndirilə biləcək bu qərar Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin ruhuna və məntiqinə ziddir.

Bildiyiniz kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində qonşu Ermənistan Respublikasının Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək niyyəti ilə başladığı işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı daha yeddi rayon - Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulub didərgin salınmışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına gətirib çıxarmış işğalın nəticələrini təsbit etmək üçün zəbt olunmuş ərazidə dünyanın heç bir dövləti tərəfindən tanınmayan oyuncaq rejim qurulmuşdur. Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon müxtəlif beynəlxalq terror təşkilatlarının fəaliyyət zonasına çevrilmişdir.

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədi ilə 1994-cü ildə Minsk qrupunun həmsədrləri simasında münaqişənin nizama salınması mexanizmi təsbit edilmiş, Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyası Minsk qrupunun həmsədrləri təyin edilmişdir. Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Avropa Şurası müvafiq qətnamələr qəbul edərək işğalçılıq və etnik təmizləmə siyasətini pisləmiş, zəbt olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz geri qaytarılmasını tələb etmişlər.

Təəssüf ki, mötəbər beynəlxalq təşkilatların Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrinin və qərarlarının həyata keçirilməsi indiyədək təmin edilməmiş, Minsk qrupunun fəaliyyəti ona bəslənən ümidləri doğrultmamışdır. Vəziyyətin bu cür qalmasının nə qədər təhlükəli olduğunu izah etməyə ehtiyac yoxdur.

Ermənistan dövlətinin sülh danışıqları prosesində tutduğu qeyri-konstruktiv mövqe, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etməsi, öz ərazisində xarici hərbi bazalar yerləşdirməsi, ordusunu ən müasir dağıdıcı hücum silahları ilə təmin etməsi, atəşkəs rejimini tez-tez pozması müharibə tonqalının yenidən alovlanması təhlükəsini daha da artırır.

Azərbaycan cəmiyyətində belə bir fikir kök salmışdır ki, Dağlıq Qarabağ probleminin həllinə mane olan ən böyük amil dünyanın nüfuzlu dövlətlərinin münaqişəyə ikili standartlarla yanaşması, təcavüzkarın öz adı ilə çağırılmaması və cəzasız qalması, işğalçı ilə işğalın qurbanının bərabər tutulmasıdır.

Məhz bütün bunlara görə, hörmətli həmkarlar, ABŞ Konqresinin separatçı rejimə maliyyə yardımı ayrılması qərarını biz həyəcan və təşviş hissi ilə qarşılayırıq. Mahiyyətcə o qədər də böyük olmayan bu maliyyə vəsaitinin ayrılmasını humanitar yardım kimi deyil, separatçılığa, torpaqların işğalına verilən mənəvi dəstək kimi qiymətləndiririk. Əgər bunun sırf humanitar yardım olmasında təkid edilirsə, bu halda qarşıya belə bir məsələ çıxır.

Madam ki, Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa ayrılan maliyyə vəsaiti də Azərbaycana ayrılan yardımın tərkibinə daxil edilməli idi. Belə halda həmin vəsaitin sonrakı təyinatı göstərilə bilərdi. Bu cür yanaşma sülh danışıqları prosesinə də müsbət təsir göstərərdi.

Ayrılan maliyyə vəsaitinin hansı məqsədlərə yönəldilə biləcəyi başqa bir məsələdir. Amma bütün hallarda bu dəstək ona dəlalət edir ki, Ermənistan rəhbərliyi arxayınlaşaraq, münaqişənin həllini bir qədər də uzatmağa səy göstərəcək, danışıqlar prosesinə əngəllər törətməkdə davam edəcəkdir.

Bir məqam da təəccüb və təəssüf doğurur. Obama administrasiyası tərəfindən təqdim edilən 2010-cu ilin büdcə layihəsində Dağlıq Qarabağa yardım göstərilməsi nəzərdə tutulmamışdı. Belə bir vəsait ABŞ Senatının qəbul etdiyi layihədə də yox idi. Həmin yardımla bağlı müddəalar ABŞ Nümayəndələr Palatasında fəaliyyət göstərən erməni lobbisinin səyləri nəticəsində qanun layihəsinin son variantına daxil edilmişdir. Bu isə onu sübut edir ki, müəyyən hallarda erməni lobbisi ABŞ-ın milli maraqlarına uyğun olmayan qərarları qəbul etdirmək iqtidarındadır. Doğrudur, bilirik ki, ABŞ Nümayəndələr Palatasında Azərbaycanın haqq işini dəstəkləyən konqresmenlər də vardır və biz onlara minnətdarıq.

Ümid edirik ki, bu yaxınlarda Nobel sülh mükafatı almış ABŞ Prezidenti Barak Obama özünün veto hüququndan istifadə edərək Cənubi Qafqazda sülh və əmin-amanlıq yaradılması səylərinə mane ola biləcək 2010-cu ilin dövlət büdcəsi haqqında qanunun Dağlıq Qarabağa birbaşa yardım göstərilməsinə dair müddəalarının qüvvəsini dayandıracaqdır.

Bir daha qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları strateji tərəfdaşdırlar. Bu tərəfdaşlığın hər iki tərəfə nə qədər fayda gətirdiyini ötən illər göstərmişdir. Əməkdaşlıq etdiyimiz sahələr beynəlxalq terrorizmə qarşı mübarizədən başlamış Avropanın və dünyanın enerji təhlükəsizliyinə qədər bir çox sahələri əhatə edir. Amerika Birləşmiş Ştatları ilə bərabər hüquqlu münasibətlərin inkişaf etdirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin üstün istiqamətlərindən biridir. Bu cür halların bir daha təkrarlanmaması arzumuzu ifadə edərək, əmin olduğumuzu bildiririk ki, daim rastlaşdığımız ikili standartların tətbiqi ikitərəfli münasibətlərimizə xələl gətirməyəcəkdir.

(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il 15 dekabr tarixli iclasında qəbul edilmişdir).

  * * *

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması ABŞ prezidentinə məktub göndərib

-16.12.2009-

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin adından ABŞ prezidenti Barak Obamaya məktub göndərilmişdir.

İcmanın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun imzaladığı məktubda qeyd edilir ki, dünyada təhlükəsizliyin və sülhün möhkəmlənməsinə yönəlmiş siyasi kursunuza görə bu yaxınlarda Nobel sülh mükafatına layiq görülməyiniz Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmasına olan ümidlərimizi artırmışdır. ATƏT-in Minsk qrupunun üzvü kimi ABŞ-ın vasitəçilik missiyasını intensivləşdirməsi və Ermənistan rəhbərliyini işğal edilmiş Azərbaycan torpaqlarından çəkilməyə məcbur etməsi çox vacibdir. Güc tətbiqi ilə ərazi qazanılması və əldə edilmiş ərazidə xalqların öz müqəddəratını təyin etmək hüququ adı altında hakimiyyətin qanuniləşdirilməsi beynəlxalq hüquq prinsiplərinə ziddir.

Sənəddə vurğulanır ki, Ermənistan və Azərbaycan prezidentləri arasında sülh danışıqlarının getdiyi bir mərhələdə ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon ABŞ dolları məbləğində vəsait ayırması Dağlıq Qarabağın azərbaycanlı icmasında böyük təəssüf hissi yaratmışdır. Çünki azərbaycanlı icmanı silah gücü ilə öz doğma torpaqlarından qovub etnik təmizləmə siyasəti həyata keçirən separatçı rejimin və Ermənistan rəhbərliyinin dəstəklənməsi Dağlıq Qarabağdakı icmalara münasibətdə balansın pozulmasına gətirib çıxara biləcək bir amildir.

Məktubda xəbərdarlıq edilir ki, ABŞ Konqresinin bu addımı sülh danışıqlarında qeyri-konstruktiv mövqe tutan Ermənistan rəhbərliyinin mövqeyinin sərtləşməsinə, separatçı rejimin isə özünün tanınması kimi qələmə verməsinə xidmət edə bilər.
Təəssüflə vurğulanır ki, bölgənin erməni icmasına yardım edildiyi halda, daha çox zərər çəkmiş azərbaycanlı icmanın unudulmasını izah etmək çətindir. Halbuki Dağlıq Qarabağın azərbaycanlı icması da bölgənin erməni icması kimi Dağlıq Qarabağda yaşamaq hüququna malikdir.

Sənəddə daha sonra deyilir: Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli üçün, ilk növbədə, bölgənin qaçqın düşmüş azərbaycanlı icmasının öz torpaqlarına geri qayıtması zəruridir. Bölgənin erməni və azərbaycanlı icmaları arasında etimada əsaslanan münasibətlərin formalaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət töhfəsini verəcəkdir. İcmalar arasında ilk görüşlər artıq baş tutmuşdur. Hazırda Dağlıq Qarabağ bölgəsinin 65 min nəfərdən artıq olan azərbaycanlı icmasının tələbi hər iki icmaya bərabərhüquqlu yanaşmanın nümayiş etdirilməsi, göstərilən hər hansı siyasi, iqtisadi və maliyyə dəstəyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə xidmət etməsidir. Münaqişə həll edilmədən regionda uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar olması mümkün deyildir.

Məktub “Biz Sizin sülhə xidmət edən fəaliyyətinizə inanır və bu cür birtərəfli aksiyaların qarşısının alınması və ədalətin təmin edilməsi üçün Prezident səlahiyyətlərinizdən istifadə etməyinizi xahiş edirik” sözləri ilə bitir.

AzərTAc.

 

 

Xəbərlər
Redaktorun seçimi