“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.11.2009, 22:13
496

Qarabağ ətrafında müharibə havası Qərbdə rezonans doğurub

A- A+

«Stratfor» Mərkəzi (ABŞ): «Azərbaycana müharibəyə tam hazır olmaq üçün əlavə bir neçə il lazımdır»

Azərbaycan prezidentinin Ermənistanla yeni müharibənin başlaya biləcəyinə dair xəbərdarlıq bəyanatı fonunda gerçəkləşən Münhen danışıqlarından sonra Qərbdə Qarabağ münaqişəsinə diqqət nəzərəçarpacaq dərəcədə artıb. 
 
Son günlər çeşidli informasiya kanalları, analitik mərkəz və siyasi dairələrdə Qarabağ nizamlanmasına dair xəbər və şərhlər də bunu təsdiqləyir.

Baxmayaraq ki, Azərbaycan-Ermənistan prezidentlərinin görüşündən sonra həm münaqişə tərəfləri, həm də beynəlxalq vasitəçilər - ATƏT-in Minsk Qrupunun həmsədrləri - sülh prosesində müsbət tendensiyanın olduğunu bəyan ediblər, ümumilikdə münaqişə ətrafındakı vəziyyət heç də rəvan deyil və mümkün müharibə havası özünü göstərir.

Odur ki, regionda geniş maraqları olan Qərb dairələri də bu havanın gerçək hərbi toqquşmaya rəvac verib-verməyəcəyini aktiv müzakirə edirlər. ABŞ-ın nüfuzlu “Stratfor” Araşdırmalar Mərkəzinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni hesabatı da bu qəbildəndir.

“Azadlıq” radiosunun məlumatına görə, “Stratfor”un ekspertləri hesab edirlər ki, Azərbaycan prezidenti İlham Əliyev Münhen görüşü ərəfəsi Dağlıq Qarabağ danışıqlarına yeni istiqamət verib: “İlham Əliyev Azərbaycanın hərbi gücdən istifadə edə biləcəyini əvvəllər də demişdi, ancaq ilk dəfədir ki, Azərbaycanın hərbi gücdən istifadəyə hazır olduğunu bildirir». «Ona görə birinci əsas sual odur ki, Azərbaycan ordusu Ermənistanla müharibəyə hazırdırmı?”- deyə mərkəzin hesabatında vurğulanır.

“Stratfor” ekspertlərinin cavabı budur ki, Azərbaycan hələlik müharibəyə tam hazır deyil. Hesabatda Azərbaycanın hərbi büdcəsinin son illərdəki artım tempinə diqqət çəkilir və ölkənin hərbi büdcəsinin bir neçə ildə 250 milyon dollardan (2005-ci il) 1 milyard dollara qalxdığı qeyd olunur.

«Neft istehsalından və neftin yüksək qiymətindən bəhrələnən Azərbaycan hərbi qüdrətini yaradarkən Ermənistan iqtisadiyyatı və hərbisi yerində sayıb. Ancaq “Stratfor”un Bakıdakı mənbələrinin dediyinə görə, Azərbaycan hərbisinə müharibəyə tam hazır olmaq üçün əlavə bir neçə il lazımdır. Ancaq bu o demək deyil ki, Azərbaycan lazım bildiyi müharibədən çəkinəcək”, - deyə hesabatda vurğulanır.

“Stratfor” məsələnin başqa tərəfinə də nəzər salıb. Hesabatda qeyd olunur ki, Azərbaycanın Qarabağ uğrunda müharibəyə hazır olub-olmamasından asılı olmayaraq İlham Əliyevin muharibə bəyanatları regionda öz nüfuzunu və tarazlığı saxlamağa çalışan Rusiyaya problem yaradır: «Hərbi ritorika reallaşsa, Rusiya məcbur olub Cənubi Qafqazda ona “həlledici ayaq yeri” verən Ermənistana köməyə gəlməlidir. Rusiya isə bunu istəmir. Gürcüstanla müharibənin nəyə başa gəldiyini görən Rusiya hər vasitə ilə yeni hərbi münaqişədən yayınmağa çalışacaq”.

“Stratfor”n rəyinə görə, noybarın 24-də Ulyanovskda Rusiya və Azərbaycan prezidentlərinin görüşünun əsas məqsədi də Azərbaycanı hərbi təhlükələr yolu ilə getməməyə inandırmaq idi: “Medvedyev, çox güman, Əliyevin diqqətinə iki məsələni çatdırıb. Birincisi, Azərbaycan Ermənistanla müharibəyə getsə, Rusiya nəinki hərbi münaqişəyə qatılacaq, eyni zamanda Dağlıq Qarabağı tutacaq. Bu da Azərbaycan üçün dəhşət olacaq. İkincisi, Azərbaycan müharibəyə getsə, regiondakı əsas əməkdaşlıq tərəfdaşı olan Rusiyanı itirəcək”.

“Stratfor”un yazısının sonunda deyilir: “Azərbaycan hiss edir ki, gediş eləməlidir. Ancaq kənardan dəstək ala bilmir. Rusiya Azərbaycana xəbərdarlıq edir ki, müharibə tonunu aşağı salsın, ehtiyatlı olsun. İndi sual odur ki, Azərbaycan xəbərdarlığa qulaq asacaqmı?”

Qarabağ münaqişəsi ətrafındakı son gəlişmələrə Almaniyanın nüfuzlu «Frankfurter Allgemeine Zeitung» qəzeti də məqalə həsr edib.

«Əliyev Ermənistanı hədələyir» adlı məqalədə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın noyabrın 22-də Münhendə geçirilən görüşü və bu görüş öncəsi səslənən bəyanata diqqət çəkilir.

«Görüş öncəsi azərbaycanlı qaçqınlar qarşısında çıxış edən Azərbaycan prezidenti bəyan etmişdi ki, sülh danışıqları nəticə verməsə, Azərbaycan Qarabağ müharibəsində itirilmiş torpaqlarını geri qaytarmaq üçün hərbi yola əl atmalı olacaq. Prezident Əliyev nəzərə çatdırıb ki, Azərbaycan son illərdə hərbi gücünün artırılmasına və yeni silahların alınmasına «milyardlar» xərcləyib və öz ərazilərini azad etmək üçün hərbi imkanlardan yararlanmağa tam haqqı var», - deyə məqalədə bildirilir.

Daha sonra Almaniya qəzeti Azərbaycan tərəfdən belə bəyanatların əvvəllər də səsləndiyini, lakin indi vəziyyətin dəyişdiyini nəzərə çatdırır: «Əksər müşahidəçilər Azərbaycan tərəfdən bu cür hədəli bəyanatların əvvəllər də səsləndiyini əsas gətirərək bu çıxışların daha çox daxili auditoriyaya hesablandığını vurğulayırlar. Lakin, bununla belə, son vaxtlar Bakının Qarabağ məsələsindəki əsəbiliyi diqqət çəkir və bunu sezməmək mümkün deyil», - deyə «Frankfurter Allgemeine Zeitung» qəzeti qeyd edir.

Qəzetin yazdığına görə, Azərbaycanın bu əsəbiliyinin bir səbəbi də son dönəmdə Ermənistanla Türkiyə arasında müşahidə olunan yaxınlaşmadır.

Alman qəzeti 2009-cu ilin aprelindən başlayaraq Yerevan və Ankaranın yaxınlaşma və münasibətləri normallaşdırma yönündə xeyli yol qət etdiklərini və bunun Azərbaycan tərəfindən Qarabağ probleminin həlli üçün böyük zərbə olaraq qəbul edildiyini nəzərə çatdırır.

Bununla yanaşı, qəzet onu da vurğulayır ki, Türkiyənin Azərbaycanı etirazını göz önünə almadan Ermənistanla yaxınlaşmanı davam etdirməsi real deyil. Üstəlik Türkiyənin özündə bu siyasətə qarşı güclü müxalifət var. Eləcə də Ermənistanda, həmçinin xaricdəki erməni diasporu arasında prezident Sarkisanın Türkiyə ilə yaxınlaşma siyasətinə qarşı güclü etiraz dalğası mövcuddur.

«Odur ki, hazırdkı vəziyyətdə Ermənistanla Türkiyənin real yaxınlaşmasının tam gücü ilə getdiyini demək yanlış olardı», - deyə alman icmalçı bildirir.

Bu arada Ermənistanda hakimiyyətin Türkiyə ilə yaxınlaşma siyasətinə qarşı çıxan və Qarabağ nizamlanması ətrafında gəlişmələrə şübhə ilə yanaşan «Daşnaksütyun» partiyası Rusiyanı da son proseslərdə ittiham edən bəyanatla çıxış edib.

«Daşnaksütyun» partiyasının parlament fraksiyasının rəhbəri, parlamentin sabiq vitse-spikeri Vaan Ovannisyan bəyan edib ki, Rusiya son dönəmdə Qarabağ münaqişəsinin nizamlanması prosesində «Ermənistan üçün təhlükəli rol oynamağa başlayıb».

Azərbaycan və Ermənistan prezidentlərinin Almaniyadakı son görüşünü dəyərdəndirən Ovannisyan Rusiyanın ünvanın tənqidlər səsləndirib. Onun sözlərinə görə, Ermənistan cəmiyyəti Rusiyanın da yer aldığı ATƏT-in Minsk Qrupunun həmsədrlərinə inanmamalıdır.

«Əvvəla, həəmsədrlərin bəyanatları çox vaxt bir biri ilə ziddiyyət təşkil edir. Ən əsası isə, həmsədrlər bu gün Ermənistanı Qarabağ məsələsində maksimum güzəştə vadar etməyə çalışırlar. Bunda məqsəd isə Ermənistan-Türkiyə protokollarının Türkiyə parlamentinə ratifikasiyasını asanlaşdırmaqdır. Çünki Türkiyə Qarabağ məsələsində irəliləyiş olmadan protokolları ratifikasiya etməyəcək», - deyə Ovannisyan bildirib.

Qeyd edək ki, daşnaklar bundan öncə də Türkiyə-Ermənistan protokollarına qarşı çıxıblar. Partiyanın bir qədər əvvəl Ermənistanın hökumət koalisiyasını tərk etməsi də bununla bağlıdır. Daşnaklar həmçinin Rusiya-Türkiyə münasibətlərinə də daima şübhə ilə yanaşıblar. Lakin ilk dəfədir ki, «Daşnaksütyun» Rusiyanı aşkar tənqid hədəfi alan belə bəyanatla çıxış edir.

Vüqar Orxan, “525-ci qəzet”, 26.11.2009

Xəbərlər
Redaktorun seçimi