“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.10.2020, 15:00
957

Azərbaycanın tarixi və mədəni irsinə qarşı Ermənistanın törətdiyi cinayətlər

A- A+

Oktyabrın 28-də ADA Universitetində “Azərbaycanın tarixi və mədəni irsinə qarşı Ermənistanın törətdiyi cinayətlər” mövzusunda xarici ölkələrin diplomatik korpus nümayəndələri və media təmsilçiləri üçün brifinq keçirilib...


 

Brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov,

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iştirak ediblər.

Brifinqi ADA Universitetinin prorektoru Fariz İsmayılzadə açaraq Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz və işğalçılıq siyasətinin eyni zamanda Azərbaycanın mədəni irsini hədəf aldığını vurğulayıb.

Brifinqdə çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc yaşayış məntəqələrinə hərbi təcavüzünün bu günlərdə də davam etdiyini, döyüş meydanında məğlub duruma düşən işğalçı ölkənin hərbi əməliyyatlar zonasından uzaqda yerləşən yaşayış məntəqələrinə, mülki infrastruktura raket zərbələri endirdiyini bildirib.

Oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə raket atılması nəticəsində 4 dinc sakinin həlak olduğunu deyən Hikmət Hacıyev brifinqin davam etdiyi dəqiqələrdə də Ermənistanın Bərdə şəhərində daha bir terror hücumu həyata keçirdiyini diqqətə çatdırıb. Düşmənin Bərdə şəhərinin mərkəzinə, insanların gur olduğu yerlərə raket zərbələri endirməsinin insanlıq əleyhinə cinayət olduğunu vurğulayan Hikmət Hacıyev qeyd edib ki, bəşəriyyət, mütərəqqi dünya buna seyrçi qalmamalıdır.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinin məqsədlərindən biri də qəsdən Azərbaycan xalqının milli irsinin dağıdılmasıdır. Bu, etnik və mədəni təmizləmə, müharibə cinayətləridir. Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən mədəni soyqırımı Azərbaycan mədəniyyətinə, ümumiyyətlə, dünya mədəniyyəti abidələrinə qarşı edilən hücumlardır.

Brifinqdə çıxış edən Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov bildirib ki, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı, mədəni irsini talan etdiyi, tarixi abidələrini dağıtdığı Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir. Zəngin mədəni irsə malik Qarabağ Azərbaycana Pənahəli xan Cavanşir, Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Əbdürrəhim bəy Haqverdiyev kimi dahi şəxsiyyətlər və mədəniyyət xadimlərini bəxş edib. Bu torpağın zəngin irsinin həmçinin dünya mədəni irsinin parçası olduğu, ənənəvi Qarabağ atüstü oyunu – çövkənin, əsasən Qarabağda formalaşan Azərbaycan muğamının və Qarabağda zəngin sənət məktəbi olan Azərbaycan xalçaçılığının UNESCO-nun müvafiq siyahılarına daxil edildiyi diqqətə çatdırılıb.

Anar Kərimov qeyd edib ki, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda, ətraf rayonlarda tarixi abidələrin dağıdılması, mədəni irsin talan edilməsi bu ərazilərdə azərbaycanlıların mədəni kimliyini məhv etmək məqsədi güdür. Bu torpaqlarda azərbaycanlı əhalinin əsrlərlə yaşamasına dəlalət edən tarixi abidələri dağıtmaq, həmin izləri itirmək, azərbaycanlıların mədəni kimliyini yox etmək cəhdidir.

Bildirilib ki, 1990-cı illərin əvvəllərinə olan statistikaya əsasən, işğal edilmiş ərazilərimizdə 2625 abidə qeydə alınmışdı. Onlardan 11-i beynəlxalq əhəmiyyətli, 240-ı ölkə əhəmiyyətli və 455-i yerli əhəmiyyətli olmaqla ümumilikdə 706-sı dövlət tərəfindən mühafizə edilirdi. Yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, o cümlədən Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.

Ermənilərin işğal edilmiş ərazilərdəki tarixi abidələrin təyinatını dəyişdirməsi barədə danışan Anar Kərimov bu günlərdə Azərbaycan Ordusu tərəfindən azad olunan Zəngilan rayonu ərazisində də belə faktların üzə çıxdığını deyib. Zəngilandakı məsciddən tövlə kimi istifadə edilməsinin beynəlxalq normaların pozulması ilə yanaşı, İslam dünyası üçün təhqir olduğunu söyləyən A.Kərimov deyib: “Bu, vandalizm aktıdır. Ümid edirik ki, beynəlxalq təşkilatlar tərəfindən bu fakt lazımınca pislənəcək və qiymət veriləcək. Ümid edirik ki, beynəlxalq təşkilatlar Ermənistanı tarixi abidələri hədəf alıb məhv etməsini dayandırmağa çağıracaq”.

Anar Kərimov onu da xatırladıb ki, XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 300 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində, İrəvan şəhərində yalnız bir məscid – Göy məscid qismən salamat qalıb ki, bununla da erməni tərəfi beynəlxalq ictimaiyyət qarşısında gözdən pərdə asmaq istəyir.

Erməni silahlı qüvvələrinin son günlər törətdiyi vəhşiliklərdən söz açan Anar Kərimov deyib ki, münaqişə zonasından təxminən 80 kilometr uzaqda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri və qədim mədəniyyət mərkəzi olan Gəncəyə raket hücumu nəticəsində nəinki dinc insanlar ölüb və yaralanıb, mülki infrastruktura, həmçinin tarixi tikililərə də ziyan dəyib. XIX əsrdə tikilmiş Gəncə gimnaziyası, IX əsrə aid İmamzadə məscidi, XIX əsrdə inşa olunan Aleksandr Nevski rus-pravoslav kilsəsi də Ermənistanın raket hücumları nəticəsində zərər görüb.

Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə muzeylərin mülkiyyətində olan əlyazmalar və digər dəyərli eksponatlar da yox edilib, bir qismi  oğurlanaraq qara bazarlarda satışa çıxarılıb. Bundan əlavə, Azərbaycanın xalçaçılıq sənətinin dəyərli nümunələri talan edilib. Bütün bu faktlarla bağlı monitorinqin aparıldığını söyləyən A.Kərimov deyib: “Onları necə geri gətirəcəyimizlə bağlı məsələ qaldıracağıq. Bura qiymətli eksponatlar, xalçalarımız daxildir. Biz bəzi hərraclarda dəyərli xalçalarımızı tapmışıq. Həmin xalçaları və dəyərli eksponatları ölkəmizə qaytarmağa davam edəcəyik”.

“Mədəni irsin hədəfə alınması, müharibə cinayətidir. Ermənistan 27 ildən çoxdur ki, Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və tarixi irsin xarakterini məqsədli şəkildə, qəsdən məhv edir və ya dəyişdirir. Bu, ATƏT-in 2005 və 2010-cu illərdə işğal olunmuş ərazilərə dair faktaraşdırıcı missiyaları tərəfindən sənədləşdirilib. Bundan əlavə, beynəlxalq medianın peyk şəkilləri və hesabatları da bu qanunazidd hərəkətlərin beynəlxalq humanitar hüquqa, o cümlədən 1954-cü il üçün “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında” Haaqa Konvensiyasına və onun iki protokoluna zidd olduğunu göstərir”, – deyə Anar Kərimov vurğulayıb.

Çıxışı zamanı münaqişə və hərbi əməliyyatların başa çatmasından sonra görüləcək işlərdən də bəhs edən Anar Kərimov müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi rayonlardakı tarix-mədəniyyət abidələri, mədəniyyət evləri, kitabxanalar, teatr, musiqi məktəbləri və muzeylərə dəyən zərərin ölçüləcəyini, müvafiq monitorinqlərin aparılacağını, habelə həmin abidələrin və mədəniyyət müəssisələrinin Mədəniyyət Nazirliyi tərəfindən bərpa ediləcəyini, bu torpaqlara xalqımızın zəngin mədəni ruhunun geri qaytarılacağını vurğulayıb.

Brifinqdə diplomatik korpus nümayəndələrinin mövzu ilə bağlı fikirləri də dinlənilib, sualları cavablandırılıb.

Xəbərlər
Redaktorun seçimi