“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.04.2021, 16:00
109

Azay Quliyev QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının sədri seçilib

A- A+

Agentlik 2008-ci ildən fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında yaradılıb

Aprelin 30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib.

İclasda təşkilati məsələlərə baxılıb.

Azay Quliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının sədri, Vüsal Quliyev isə sədr müavini seçilib.

Prezident İlham Əliyevin aprelin 28-də imzaladığı sərəncamla Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri təyin edilmişdi.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi haqqında Nizamnamə”nin 4.4-cü bəndinə əsasən, Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 üzvdən ibarətdir. Şuranın 8 üzvü qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, 3 üzvü isə dövlət orqanlarının nümayəndələrindən 4 il müddətinə təyin edilir. Şuranın sədri və onun müavini Şuranın iclasında Şura üzvləri sırasından 2 il müddətinə seçilir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası tərkibi:

(dövlət orqanlarından)

Quliyev Vüsal İlham oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun böyük məsləhətçisi

Məmmədov İlqar Kamil oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi

Hacıyev Zakir Yusif oğlu – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi şöbəsi müdirinin müavini

(qeyri-hökumət təşkilatlarından)

Allahverənov Azər Kərim oğlu – “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri

Həsənov Əvəz Yediyar oğlu – “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri

İsgəndərov İsrayıl İsa oğlu – “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri

İbrahimov Zaur İbrahim oğlu – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri

Quliyev Azay Əjdər oğlu – “Beynəlxalq Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin sədri

Mehdiyev Nurəddin Səftər oğlu – “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri

Orucov İlqar Nəcibəddin oğlu – “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri

Səfərova Günel Məhərrəm qızı – “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri.

***

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 19-da Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, 2008-ci ildən fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yeni qurumla – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əvəzlənib. 

Fərmanda diqqətə çatdırılır ki, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin əsas prinsip və formaları, prioritet sahələri, dövlət dəstəyinin təmin olunmasının əsas vasitələri və digər konseptual məsələləri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” təsdiq edilib. Ötən dövr ərzində qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafında fəal rol oynayıb, ölkənin milli maraqlarının qorunmasında, müxtəlif sahələr üzrə dövlət proqramlarının icrasında, həmçinin cəmiyyət həyatının bir sıra sahələrində yaranan problemlərin həllində yaxından iştirak ediblər.

Qeyri-hökumət təşkilatlarına göstərilən dövlət dəstəyi ilə bağlı əldə olunan nəticələrin təhlili və ümumiləşdirilməsi bu sahədə fəaliyyətin daha təkmil əsaslar üzərində qurulmasını, habelə qeyri-hökumət təşkilatlarının potensialından daha səmərəli istifadə edilməklə dövlətin və cəmiyyətin həyatında onların aktiv fəaliyyəti üçün tənzimləyici mexanizmlərin təkmilləşdirilməsini zəruri edir.

Bununla belə, qeyri-hökumət təşkilatları ilə biznes qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin genişlənməsinə və onların cəmiyyət üçün ictimai aktual hesab olunan məsələlərin həllində iştirakına əlavə imkanlar yaradır, həmçinin biznes qurumlarının cəmiyyət qarşısında sosial məsuliyyətinin artırılmasına və cəmiyyətdə həmrəylik ruhunun daha da güclənməsinə öz töhfəsini verir.

Fərmanla əsasən, dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılması, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təşkilati-hüquqi əsaslarının və mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Həmçinin “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

***

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkə başçısının 2007-ci il 13 dekabr tarixli fərmanı ilə yaradılmışdı. Ötən müddətdə Şuraya Azay Quliyev sədrlik edib. Azay Quliyev 2005-ci ildən – III, IV, V və VI çağırış Milli Məclisin deputatıdır.

Xəbərlər
Redaktorun seçimi