“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.12.2014, 12:34
1742

Azərbaycan həqiqətləri Avropada daha geniş yayılacaq

A- A+

Lüksemburqda “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosu açılıb

Noyabrın 27-də Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılışı olub. 2011-ci ildə fəaliyyətə başlayan assosiasiyanın informasiya bürosu Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin dəstəyi ilə açılıb.

Büronun məqsədi ölkəmizin mədəniyyətinin, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Lüksemburqda, eləcə də bütün Avropada daha geniş yayılmasıdır.

Lüksemburqun mərkəzi küçələrindən birində yerləşən informasiya bürosu və onun tərkibinə daxil olan sərgi zalı vasitəsilə ölkəmizlə bağlı tarixi, mədəni, turistik məlumatların, eləcə də işğal olunmuş Dağlıq Qarabağ barədə həqiqətlərin yerli əhaliyə çatdırılması, mütəmadi olaraq müvafiq tədbirlərin təşkili nəzərdə tutulur. İnformasiya bürosu istənilən ziyarətçi üçün hər zaman açıqdır və Azərbaycanla bağlı müxtəlif kitablar, jurnallar, audio və videomateriallar, broşürlər və s. əyani vəsaitlərə malikdir.

Tədbirdə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev, millət vəkili Fuad Muradov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, səfirliyin müşaviri Fərəh Gözəlova və “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri xanım Lea Linster çıxış edərək, Lüksemburqda belə bir assosiasiyanın yaradılması ilə bağlı fikirlərini bölüşüblər.

Dağlıq Qarabağın azərbaycanlı icmasının idarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev Assosiasiyanın yaradılmasında və fəaliyyətində əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirib və belə təşkilatların fəaliyyətinin avropalıların Azərbaycan həqiqətləri barədə məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb.

Çıxışlarda Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələrindən ətraflı söhbət açılıb. Ölkəmizlə bağlı həqiqətlərin, xalqımızın mədəni dəyərlərinin və tarixinin Avropada yayılmasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm işlər gördüyü xüsusi qeyd edilib.

Mərasimdə kamançada Azərbaycan muğamları səslənib və qonaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti və zəngin mətbəxi haqqında kitablar və digər materiallar paylanıb.

“Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədr müavini Seymur Əhmədov qurumun gələcək fəaliyyəti barədə danışaraq 2015-ci ildə ölkəmizin mədəniyyətinin təbliği istiqamətində bir çox tədbirlərin, konsertlərin, sərgilərin təşkil edilməsinin nəzərdə tutulduğunu deyib.

Tədbirdə Lüksemburqda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər, Lüksemburq Xarici İşlər Nazirliyi baş katibinin müavini Leo Faber, digər dövlət qurumlarının nümayəndələri, Azərbaycan diasporunun və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

 

Xəbərlər
Redaktorun seçimi