“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.09.2009, 09:06
358

Ramazan bayramınız mübarək!

A- A+

Xalqımıza və bütün dünya müsəlmanlarına mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun!

Sentyabrın 20-si və 21-i Azərbaycanda Ramazan bayramı qeyd olunur. Bu il avqustun 22-dən başlayan Ramazan ayı sentyabrın 19-da başa çatıb. Sentyabrın 20-də məscidlərdə bayram namazı qılındı, mübarək ayın orucunu başa vuran insanlarımız bayramlaşdılar, bir-birini təbrik etdilər. 

Müsəlmanlar orucu ona görə Ramazanda tuturlar ki, müqəddəs kitab Qurani-Kərim bu ayda nazil edilmişdir. Bu məsələni Qurani-Kərim belə açıqlayir:

 «İnsanlara dogru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayiran   (Quran)   Ramazan   ayında   nazil   edilmişdir» (əl-Bəqərə,185), odur ki,  Allaha   lütfünə   görə minnətdarlıqlarını bildirmək üçün bu «aya yetişən şəxslər oruc tutmalıdırlar» (əl-Bəqərə, 185).

Qeyd edək ki, İslam aləmində Ramazan bayramında valideynlərə, qohum-əqrəbaya baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara diqqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti bəyənilən əməllərdən hesab olunur.

Bundan başqa Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrət payı çıxmalıdır. Fitrət bayram namazına qədər çıxılmalıdır, onun miqdarı üç kilo buğdanın bazar qiyməti ilə ekvivalent təşkil edir. Fitrət payının imkansız insanlara, əlillərə, kimsəsizlərə verilməsi məqbul sayılır.

 

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Dövlət başçısı ilahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının insanları sülh, əmin-amanlıq və bərabərlik yoluna dəvət etdiyini, mənəvi-əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirdiyini bildirib: “Xalqımız həmişə milli mənəvi və İslami dəyərlərə sadiqliyi ilə seçilib, Azərbaycan İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olub. Təsadüfi deyil ki, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilib. Müsəlman dünyasının ayrılmaz parçası olan ölkəmizdə milli-dini mərasimlər, o cümlədən Ramazan bayramı xüsusi təntənə ilə qeyd olunur.

Allah və din qarşısında vicdani borcunu ləyaqətlə yerinə yetirən və orucluğun sınaqlarından alnıaçıq çıxan vətəndaşlarımız bayram fərəhini məmnunluqla bölüşür, dövlətimizin, xalqımızın əmin-amanlığı və rifahı üçün diləklər edirlər. Ölkəmizin hər yerində Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Bu mübarək Ramazan günlərində bütün xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, dualarınızın çin olmasını Uca Yaradandan arzu edirəm.

Əziz bacı və qardaşlarım!

Cəmiyyətimizdə dostluq, qardaşlıq və həmrəylik duyğularını daha da gücləndirən, insanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran mübarək Ramazan ayını hər il olduğu kimi, bu il də böyük qürur hissi və könül xoşluğu ilə yola salırıq. Bu əziz bayram günlərində bir daha hər birinizi səmimi qəlbdən təbrik edir, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram. Allah orucunuzu qəbul etsin!”

 

Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə təbrikində Allah-taaladan oruc və namazların qəbul, duaların müstəcab olmasını dilədiyini bildirib: “Şükürlər olsun ki, Allah-Talanın buyurduqlarına əməl edən xalqımız ildən-ilə Ramazanın təlqin etdiyi bu gözəl cəhətlərə daha çox vaqif olur. Əlhəmdüllah, Uca Allahın istəyini qazanmaq üçün müsəlman qardaş və bacılarımız mübarək ay boyunca ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazan bayramına qovuşurlar. Allahın vacib hökmü olan oruc ibadətini başa vurmuş xalqımıza mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun”.

QMİ sədri bildirib ki, Allahın yaratdıqları arasında münasibətlərdə mərhəmətin önə çəkilməsinə yol açan Ramazan ayı bəşər övladına xeyirxahlıq və şəfqət təlqin edir: “Bu müqəddəs bayram günündə valideynlərə, qohum-əqrəbaya baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara diqqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti bəyənilən əməllərdəndir.

İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycan müsəlmanlarının Ramazan bayramında ən ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə üst-üstə düşür. Bu əziz gündə uca Allaha dualar edirik ki, inşallah, müstəqilliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda səy göstərən dövlət başçımızın rəhbərliyi altında işğal altında olan torpaqlarımız azad olunsun, qaçqınlarımız və köçkünlərimiz öz doğma yurdlarına qayıtsın.

Əziz bayram – Eydül-Fitr münasibətilə bütün müsəlmanlarımızı bir daha səmimi qəlbdən təbrik edir, xeyir-dua verir, hər birinizin ocağına rifah və əmin-amanlıq bəxş etməsini uca Allahdan diləyirəm. Məlum olduğu kimi, Şəvval hilalının (Ay) görünməsindən asılı olaraq, Ramazan bayramı miladi təqvimi ilə sentyabrın 20-ə və ya 21-nə düşür. Azərbaycan hökumətinin qərarına əsasən hər iki gün bayramdır.

Dualarımız Vətənimizin xoşbəxt gələcəyi və xalqımızın səadətə qovuşması üçündür. Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçək olsun! Allah orucumuzun əcri olaraq öz lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin, Vətənimizi qüdrətli və firavan qərar versin. Amin”.

Xəbərlər
Redaktorun seçimi