“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.01.2015, 19:38
1576

Prezidentdən xəbərdarlıq: gedin, təmiz işləyin…

A- A+

“Əvvəlllər prioritet təşkil etməyən layihələri də investisiya proqramına daxil edirdik, artıq o dövr bitdi. Nəyisə artırmaq, rəqəmləri şişirtmək çətin olacaq”

Yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Prezident İlham Əliyev konfransda geniş nitq söyləyib. Dövlət başçısının nitqinin əsas tesiz və mövzularını icmal olaraq təqdim edirik.

 

Dünyada böhran və Azərbaycandakı sabitlik

 

2014-cü ildə dünyada müxtəlif hadisələr baş vermişdir, müxtəlif proseslər getmişdir. Dünyada gərginlik artır, həm Yaxın Şərqdə, həm Avropada qanlı toqquşmalar baş verir, müharibələr davam edir. Bir sözlə, dünyada maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlamışdır.

Azərbaycanda isə keçən il ərzində bütün işlər müsbət istiqamətdə getmişdir. Azərbaycan inamla irəliyə gedir, dayanıqlı inkişaf təmin edilmişdir. Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada bizə olan maraq artır. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim çoxsaylı görüşlər, orada səslənən fikirlər bunu bir daha göstərir və Azərbaycanın inkişaf modelini yüksək qiymətləndirirlər.

Yəni, budur bizim bugünkü reallıqlarımız. Dünyada çağırışların sayının artmasına baxmayaraq, Azərbaycanın inamlı, uğurlu inkişafı davam edəcək. Yaxın Şərqdə siyasi və hərbi böhran yaşanır, Avropada vəziyyət gərginləşir, Ukraynadakı vəziyyət daha da kəskinləşir, neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür. Yəni, son bir il ərzində bütün bu və digər amillər əslində mənfi tərəfə gedən amillərdir. Yəni, mən bu amillərin arasında bir dənə də müsbət amil görmürəm. Amma buna baxmayaraq, Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır. Regionlar sürətlə inkişaf edir. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir.

 

Regionların inkişafı ölkənin inkişafı deməkdir

 

2004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. O vaxt bəyan etmişdim ki, 600 min iş yeri yaradılacaqdır. Ancaq ondan daha çox iş yeri yaradılmışdır. Baxmayaraq ki, o vaxt bizim böyük maliyyə resurslarımız yox idi, valyuta ehtiyatlarımız çox məhdud idi, iqtisadiyyat çoxşaxəli deyildi və neftdən gələn gəlirlər hələ ki, qabaqda idi. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və xalqın böyük dəstəyi ilə biz birinci proqramı uğurla başa vurduq və ikinci proqram qəbul edildi. Əlbəttə ki, ikinci proqramı qəbul edərkən artıq Azərbaycan dəyişmişdi. 2009-cu ildə Azərbaycan artıq ayaqda möhkəm dayanmışdı. Artıq bizim gəlirlərimiz gəlməyə başlamışdı. Ona görə hələ 2009-cu ildə ikinci proqramın icrası ilə bağlı demişdim ki, mən heç bir problem görmürəm. O proqram da artıqlaması ilə icra edilmişdir.

Biz üçüncü proqramı da 2018-ci ilə qədər uğurla icra etməliyik. Baxmayaraq, bir daha demək istəyirəm ki, ətrafda gedən xoşagəlməz proseslər mənzərəni tam dəyişmişdir. İstisna olunmur ki, böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Çünki vaxtında bütün tədbirləri görmüşük, heç vaxt populist bəyanatlarla çıxış etməmişik, heç vaxt xaricdə yerləşən hansısa quruma xoşa gəlmək üçün addımlar atmamışıq. Ancaq praqmatik siyasət aparmışıq, Azərbaycan xalqının maraqlarını qorumuşuq və ölkəmizi inamla idarə etmişik.

Əgər biz 2004-cü ilə nəzər salsaq görərik ki, son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bütün göstəricilər bunu təsdiq edir. Sadəcə olaraq bəzi rəqəmləri qeyd etmək istərdim. 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. Sənaye istehsalı 2,7 dəfə artmışdır. Ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuşdur. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur. Bu, bizə böyük inam verir, eyni zamanda, kredit reytinqlərimizi artırır və bununla bərabər bu, bir sığortadır, istənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır. Bu illər ərzində 1 milyon 360 min yeni iş yeri yaradılmışdır. Onlardan 1 milyonu daimi iş yeridir. Bu da daimi proses olmalıdır.

 

İqtisadi güc və müstəqil siyasət

 

Məhz iqtisadi güc bizə bu imkanları yaratdı və bu gün biz müstəqilik. İqtisadi və siyasi cəhətdən heç kimdən asılı deyilik. Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik.

Eyni zamanda, ciddi iqtisadi islahatlar ciddi sosial siyasətlə də tamamlanmalıdır. Bu olmasa, cəmiyyətdə islahatlara o qədər də böyük dəstək olmayacaq. Ona görə biz sosial sahəni də prioritet kimi götürmüşük. Bəzi ölkələr ki, indi xarici yardımsız yaşaya bilmirlər, onların rəhbərliyi hakimiyyətə gəlmək naminə çoxlu vədlər vermişlər - maaşları on dəfə qaldıracağıq, pensiya yaşını aşağı salacağıq və s. İnsanlar da onlara inanıb, onlara səs verib. Onlar da hakimiyyətə gələndən sonra gərək o sözləri yerinə yetirərdilər. Bunun üçün resurs yox idi. Ona görə nə etdilər? Getdilər xarici bazarlardan borc aldılar, özlərini asılı vəziyyətə saldılar. Ondan sonra borcun üstünə borc gəldi. Bir borcu qaytarır, o biri borcu götürür və beləliklə, piramida yaranır. Piramidanı təkcə dələduz şirkətlər yaratmır. Bəzi hallarda hökumətlər də yaradır. Bir gün bu piramida dağılmış və həmin ölkələr çox ağır vəziyyətə düşmüşlər. Ona görə siyasi məsuliyyət də çox böyük əhəmiyyət daşıyır.

 

Sosial siyasətin statistikası

 

Sosial sahəyə gəldikdə, sosial islahatların təməlində güclü iqtisadiyyatımız dayanır. Mən bu sahədə də bəzi rəqəmləri qeyd etmək istərdim. 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu, 565 dollardır. Orta aylıq pensiya 24 dollar idi, hazırda 221 dollardır. Azərbaycanda sosial infrastruktur layihələri son on bir ildə uğurla icra edilmişdir. 2900 məktəb binası, 560 tibb ocağı tikilmiş və ya təmir edilmişdir. Təkcə regionlarda 41 olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi yaradılmışdır. Bax, bu, sosial sahəyə, sosial infrastruktura qoyulan vəsaitin və ayrılan diqqətin təzahürüdür.

Bu illər ərzində sosial cəhətdən ən ağır vəziyyətdə olan soydaşlarımıza - məcburi köçkünlərə də biz daim qayğı ilə yanaşmışıq. Son on bir il ərzində 84 qəsəbə yaradılmışdır. Hazırda, 210 min köçkün yeni, gözəl evlərə, mənzillərə köçürülmüşdür. Bu məqsədlər üçün 2 milyard manat, yəni, 2,6 milyard dollar vəsait ayrılmışdır. On bir il ərzində 210 min insanı yerləşdirmək asan məsələ deyil. Bu, böyük bir şəhər boyda qəsəbələrdir. Bunu da biz edirik və edəcəyik. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərimiz var. Bu il də onların problemlərinin həlli üçün həm dövlət büdcəsində, həm Dövlət Neft Fondunda kifayət qədər böyük vəsait nəzərdə tutulur.

 

Mədəni irs və milli dəyərlərə bağlıllıq

 

Biz bu illər ərzində bütün əsas tarixi, mədəni, dini abidələrimizi əsaslı şəkildə bərpa etmişik və yenilərini tikmişik. Teatrlar, muzeylər - bu sahəyə də nəinki Bakıda, hər bir yerdə, bütün bölgələrdə böyük diqqət göstərilir. Çünki bu, bizim tariximizdir, mədəniyyətimizdir. Biz bunu gələcək nəsillər üçün qorumalıyıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin. Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Çünki bu gün qloballaşma prosesi gedir.

Bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Budur bunun təməlində dayanan əsas məqsəd. Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu inteqrasiya, dünyanın yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm. Ancaq, eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun.

Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Yaşlı nəslin borcudur ki, bax, bu ənənələri yaşatsınlar və gəncləri milli ruhda böyütsünlər. Ona görə bizim tarixi, dini abidələrimiz, mədəniyyətimiz sadəcə olaraq, memarlıq abidələri deyil. Bu, eyni zamanda, tərbiyə vasitəsidir. Bax, Azərbaycan belə inkişaf etməlidir. Bu gün Azərbaycan müasir, inkişaf edən ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyətdir. Həmişə də belə olmalıdır. Nə qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq. Ancaq bu, həmişə belə olmalıdır. Ölkəmizin müstəqil həyatı üçün bu, əsas şərtdir.

 

Regional infrastrukturun mənzərəsi

 

Bu illər ərzində infrastruktur layihələrinə böyük diqqət göstərilmişdir və görülən işlər göz qabağındadır. İlk növbədə, elektrik enerjisi qurğularının yaradılmasına böyük vəsait ayrıldı. Son 11 il ərzində 23 elektrik stansiyası tikilmişdir ki, onların gücü 2400 meqavatdır. Müqayisə üçün deyə bilərəm ki, ölkəmizin ümumi enerji potensialı 6300 meqavatdır. 2400 meqavat son 11 ildə yaradılmışdır. Əgər yaranmasaydı, bu gün ölkəmizin üçdəbir hissəsi işıqsız qalacaqdı, heç bir inkişafdan söhbət gedə bilməzdi, heç bir müəssisə yaradılmazdı. Müəssisələrə gəldikdə, son 11 ildə 64 min müəssisə yaradılmışdır. Ona görə elektrik enerjisi ilə təchizat təmin edildi.

Bütün şəhərlərdə qazlaşdırma yüz faiz səviyyəsindədir. Bu da tarixi nailiyyətdir. Heç vaxt belə olmamışdır. Hətta sovet dövründə bəzi rayonlarda ümumiyyətlə təbii qaz çəkilişi aparılmamışdır. Kəndlərdə də bu proses gedir. Qazlaşdırma Azərbaycanda minimum 90-95 faiz olmalıdır. Biz proqramın sonunda - 2018-ci ildə bu məqsədə də çatacağıq.

Son 11 il ərzində 10 min kilometr yol çəkilmişdir. Magistral yollar, kənd yolları, 340 körpü və tunel tikilmişdir. Bakı-Tbilisi-Qars kimi beynəlxalq strateji əhəmiyyət daşıyan layihə Azərbaycanın təşəbbüsü ilə başlamışdır, indi tikintisi başa çatır. Bölgələrdə 6 aeroport tikilmişdir, onlardan 4-ü beynəlxalq aeroportdur. İçməli su layihələri də prioritet xarakter daşıyır və son illər ərzində bu sahəyə daha da böyük diqqət göstərilir. Bizim bütün şəhərlərimizdə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su 24 saat təmin ediləcək. Artıq bir neçə şəhərdə bu layihələr başa çatıb. İndi Bakının su ilə təminatı 78 faizə çatmışdır, 2004-cü ildə 29 faiz idi. Yəni, şəhərin 24 saat su ilə təchizatı nəzərdə tutulur. Ölkə üzrə 60 faizdən çoxdur, amma 11 il bundan əvvəl bəlkə 10-15 faiz idi.

Vaxtında real sektora, infrastruktura investisiya qoymayan ölkələr bu gün peşman olurlar. Onlar bu işə indi başlayırlar, amma artıq gecdir. İndi neftin qiyməti düşəndən sonra böyük investisiya qoymaq o qədər də asan məsələ deyil. Biz hər şeyi vaxtında etməli idik və etmişik. Ona görə deyəndə ki, bu gün Azərbaycan modeli var, biz səhv etmirik. Bu model var və bu model başqa tərəflər üçün də maraq doğurur.

 

İnvestisiya proqramına ancaq prioritet məsələlər salınacaq

 

Maliyyə resurslarımız kifayət qədər böyükdür. Xarici borc ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biridir. Bu göstəriciyə görə bəlkə də biz dünyada birinci 10 ölkənin arasındayıq. Bütün işləri daxili resurslar hesabına görmüşük.

Bununla bərabər, neftin qiymətinin düşməsi istər-istəməz bizim gəlirlərimizə təsir göstərir. Biz daha əvvəlki illərdə olduğu kimi, valyuta ehtiyatlarımızı artıra bilməyəcəyik. Bu, reallıqdır, bunu hamı bilməlidir. Belə olan halda əlbəttə ki, israfçılığa yol verilməməlidir. Əgər əvvəlki illərdə biz bəzi hallarda o qədər də böyük prioritet təşkil etməyən layihələri də investisiya proqramına daxil edirdiksə, artıq o dövr bitdi. İnvestisiya proqramına ancaq prioritet məsələlər salınır. Neftlə zəngin olan bütün ölkələr, böyük potensiala malik olan ölkələr öz büdcələrini ixtisar edirlər, özü də böyük dərəcədə. Xərcləri ixtisar edirlər. Bu da təbiidir. Hər adam yorğanına görə ayağını uzatmalıdır. Hökumətlər də, dövlətlər də eyni qayda ilə hərəkət etməlidirlər.

Bununla bərabər, prioritet xarakter daşıyan bütün layihələr icra ediləcək, o cümlədən infrastruktur layihələri, sosial layihələr. Bu il məktəblərin tikintisi və təmiri nəzərdə tutulur. Tibb ocaqlarının, idman qurğularının, xüsusilə uşaq bağçalarının tikintisi son illərdə Azərbaycanda geniş vüsət almışdır. Bu proses davam etdirilməlidir. İnfrastruktur layihələri elektrik, içməli su, kanalizasiya layihələri davam etdiriləcək.

 

Qeyri-neft sektoru prioritet istiqamətdir

 

Qeyri-neft sektorunun inkişafı bizim üçün həmişə prioritet olub. Bunun nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır. Keçən il qeyri-neft sektorumuz 7 faiz, 2013-cü ildə isə 9 faiz artmışdır. Bizim ümumi daxili məhsulumuzun tərkibində qeyri-neft sektoru üstünlük təşkil edir. Getdikcə bu rəqəm daha da artacaq və artmalıdır. Çünki qeyri-neft sektorumuz sahibkarlığın inkişafı hesabına böyük dərəcədə tərəqqi edir.

Son 11 il ərzində Sahibkarlara Kömək Milli Fondunun xətti ilə iki milyard dollar məbləğində güzəştli kreditlər verilmişdir. Bu kreditlər iqtisadiyyatın real sektoruna ayrılmışdır. Kreditlərin böyük əksəriyyəti kənd təsərrüfatı məsələlərinə, qalan hissə isə sənaye müəssisələrinin yaradılmasına yönəldilmişdir.

Hər bir rayonda sənaye zonası yaradılmalıdır. Artıq yaxın zamanlarda bu proses də başlayacaq. Azərbaycanda texnoparklar yaradılır və bu proses sürətlə gedir. Sənaye klasterləri yaradılır, yaradılacaqdır. Böyük, nəhəng sənaye obyektləri tikiləcəkdir. Xüsusilə mən burada metallurgiya kompleksinin tikintisini qeyd etmək istəyirəm. Çünki bu, bir növ bizim üçün yeni sənaye sahəsi olacaq ki, bunun da xammal, resurs bazası var, ixrac imkanları da kifayət qədər genişdir. Ona görə bu sahəyə dövlət investisiyaları qoyulur. O sahələr ki, ölkəmiz üçün strateji əhəmiyyət daşıyır və o sahələr ki, öz növbəsində, həm ixrac potensialımızı artıracaq, eyni zamanda, özəl sektorun fəaliyyətinə təkan verəcək, o sahələrə dövlət investisiyalar qoyur. Bakı, Sumqayıt, Gəncə bizim əsas sənaye şəhərlərimizdir. Eyni zamanda, Mingəçevir də böyük sənaye şəhərinə çevrilməlidir.

Bizim ümumi daxili məhsulumuzda neft amili artıq üstünlük təşkil etmir. Amma ixrac potensialımızın əksəriyyəti təbii resurslarımızdır. Biz hazır məhsullarla xarici bazarlara çıxmalıyıq, indi çıxırıq və çıxacağıq.

 

“Dövlət pulu fermerlərə verir, məmurlara yox”

 

Bu il “Kənd təsərrüfatı ili” elan edilmişdir. Bu, bizim üçün prioritetdir. Gələcəkdə kənd təsərrüfatı, sənaye inkişafı bu qeyri-neft sektorunun əsas istiqamətləridir, islahatlar aparılır. Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün böyük önəm daşıyır. Biz sovet dövründə özümüzü əsas ərzaq məhsulları ilə təmin edə bilməmişik. Ona görə yox ki, təmin edə bilmirdik. Ona görə ki, o vaxt - sovet dövründə bir bölgü var idi. Azərbaycanda neft, ağır sənaye, neft-kimya, pambıq, üzüm istehsalı və s. Ancaq o vaxt heyvandarlığın o qədər də inkişaf etməsinə imkan vermirdilər. Ona görə biz əsas ərzaq məhsullarını Rusiyadan, Ukraynadan gətirirdik. Sovet xalq təsərrüfatı sistemi belə idi. Ona görə müstəqilliyin ilk dövrlərində biz idxaldan böyük dərəcədə asılı vəziyyətə düşmüşdük. Bu vəziyyəti dəyişmək üçün çox ciddi tədbirlər görüldü və son illər ərzində biz ərzaq təhlükəsizliyimizi demək olar ki, təmin etmişik. Biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik və ixrac etməliyik.

“Elektron kənd təsərrüfatı” layihəsi lazımi səviyyədə getmir. Ona görə ciddi tədbir görün. Yerlərdə icra başçıları, şöbələr bütün məlumatları dəqiqliklə verməlidirlər. Bu təhlil bir yerdə aparılmalıdır. “Azersky”dan müşahidə aparılarkən bu məlumatlar təsdiq edilməlidir. Ondan sonra düyməni basıb biz biləcəyik ki, harada nəyimiz var, nə əkilməlidir və haradan istifadə olunmur. Çünki mən bilirəm ki, istifadəsiz torpaqlar çoxdur. Amma dəqiqliklə kim mənə deyə bilər ki, haradan istifadə olunur, haradan yox. İndi yerlərdən istənilən arayış da verilə bilər. Amma nəzarət mexanizmi olmalıdır. İndi peykimizin olduğu bir vaxtda nəyisə gizlətmək, yaxud da ki, əksinə nəyisə artırmaq, rəqəmləri şişirtmək çətin olacaq. Buna da son qoyulmalıdır və son qoyulur.  

Kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsi təkcə quraqlıqla bağlı deyil. İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır.

Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır. Bütün sahələrdə səmərəli iş aparılmalıdır. Ancaq o təqdirdə Azərbaycanın uğurlu inkişafı təmin oluna bilər.

 

Ərzaq təhlükəsizliyi və daxili təchizat

 

Ərzaq təhlükəsizliyi ilə bağlı görülən işlərin statistik əksi bu arayışdadır. Mən indi bəzi rəqəmləri səsləndirəcəyəm. Mal əti - özümüzü təminetmə səviyyəsi 87 faiz, qoyun əti - 97 faiz, quş əti - 98 faiz, yumurta - 100 faiz, süd və süd məhsulları - 76 faiz, taxıl - 60 faiz, üzüm - 98 faiz, kartof - 90 faiz, bostan məhsulları - 100 faiz, meyvə və giləmeyvə - 120 faiz, tərəvəz - 103 faiz, duz - 87 faiz, şəkər və şəkərdən hazırlanan məhsullar - 170 faiz. Ancaq burada nəzərə alınmalıdır ki, şəkər tozunun istehsalının maya dəyərində 64 faiz xam şəkər idxal olunur, 36 faiz dəyər Azərbaycanda formalaşır. Bitki yağları və marqarin - 77 faiz, kərə yağı - 52 faiz, makaron məmulatları - 58 faiz.

Bu cədvəldə göstərilir ki, bizim gələcək fəaliyyətimiz hansı istiqamətlərdə daha da ciddi olmalıdır. Biz bütün bu pozisiyalar üzrə 100 faiz səviyyəsinə çatmalıyıq. Burada ən ağır pozisiya əlbəttə ki, taxıldır. Ancaq hesab edirəm ki, iri fermer təsərrüfatlarının yaradılması nəticəsində biz bu məqsədə çatacağıq. Mən hesab edirəm ki, üçüncü proqramın başa çatması nəticəsində biz bütün bu rəqəmləri 100 faizdən artıq səviyyədə görməliyik və görəcəyik.

 

Gedin, təmiz işləyin…

 

Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır.

Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir. Müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır. Azərbaycanda sürətli inkişaf prosesi gedir, düşünülmüş siyasət, müstəqil siyasət aparılır. Budur bizim uğurlarımızın təməlində dayanan əsas amillər. İqtisadi, siyasi islahatlar aparılır, bütün azadlıqlar təmin edilir, demokratiyanın inkişafı sürətlə gedir və xalqla iqtidar arasındakı birlik uğurlu inkişafımızın əsas amilidir.

 

Xəbərlər
Redaktorun seçimi