“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.02.2013, 15:23
430

“Daş yuxular” gündəmə daş kimi düşdü

A- A+

Əkrəm Əylislinin romanı Azərbaycan cəmiyyətində görünməmiş ajiotaj doğurub

Yazıçılar Birliyi: “Daş yuxular” əvvəldən axıracan erməni siyasətinə xidmət edir". Xalq yazıçısı Əkrəm Əylislinin Rusiyanın “Drujba narodov” (“Xalqlar dostluğu”) jurnalında (№12, 2012) çap olunan “Daş yuxular” romanı, Azərbaycan cəmiyyətinin bütün kəsimlərində olduğu kimi, ədəbi dairələrdə də qızğın müzakirə və ajiotaj doğurub. 

Əsəri oxuyub-oxumamasından asılı olmayaraq hər kəs bu barədə fikir bildirir, çünki bu artıq ədəbi deyil, ictimai-siyasi hadisədir. Milli heysiyyata toxunan əsərə və müəllifinə sərt, kəskin münasibət də təbii və anlaşılandır.

Fevralın 4-də Azərbaycan Yazıçılar Birliyi də bu mövzuda rəsmi mövqeyini açıqlayıb. Qurumun katibliyinin yaydığı məlumatda “Daş yuxular” romanı  Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinə ciddi ziyan vuran, illər boyu diplomatiyamızın, mətbuatımızın, ziyalılarımızın, o cümlədən yazıçılarımızın beynəlxalq səviyyədə milli maraqlarımıza xidmət edən fəaliyyətlərinə ağır zərbə endirən hadisə kimi dəyərləndirilir:

“Bədii cəhətdən çox zəif olan bu əsər sırf siyasi mahiyyət daşıyır. Müəllifin “məsələni siyasiləşdirməyin” deyə özünü sığortalaması əsassızdır. Siyasi əsərə məhz siyasi cəhətdən qiymət vermək lazımdır. Bu cəhətdən yanaşdıqda isə roman əvvəldən axıracan erməni siyasətinə xidmət edir. İllər boyu erməni təbliğatının dünyaya sırımaq istədiyi fikrə, guya onlara qarşı türklərin birtərəfli şəkildə soyqırımı törətməsi iddiasına, Əylisli yeni bir suçlama da əlavə edir: durub durduqları yerdə ermənilərin azərbaycanlılar tərəfindən qırılmasını “bədii” şəkildə sübut etməyə çalışır. Müəllifin rəğbətlə təsvir etdiyi personajları birmənalı şəkildə “ermənilər yox, biz özümüz pisik” deyirlər. “Personajın dediyi ilə müəllifin fikrini eyniləşdirməyin” iddiası miskin özünümüdafiə cəhdidir. Müəllif əsərin əsas ideyasını daşıyan personajı ilə razı deyilsə, bu nədən və harada görünür, baş qəhrəmanın ermənipərəst əqidəsinə harada, kim etiraz edir? Əksinə, əsərin bütün ruhu məhz baş qəhrəmanın antimilli dünyagörüşünün əksidir”.

Məlumatda bildirilir ki, Ə.Əylisliyə əvvəlki yazılarına görə rəğbət bəsləyənlər bu qədər antiazərbaycan ruhlu, sırf erməni-daşnak təəssübkeşliyi ilə yazılmış mətnin onun qələmindən çıxdığına heç cür inanmaq istəmirdilər: "Ta o vaxta qədər ki, müəllif teleekrana çıxıb utanıb-qızarmadan bu əsərin guya Azərbaycanın mənafeyinə xidmət etdiyini söylədi. Bəziləri bu əsərin sifarişlə yazıldığını güman edirlər. Yanlış gümandır. Heç kəs, ən varlı və ən qatı erməni millətçisi belə Azərbaycan yazıçısına bu sayaq nankor yazı sifariş verməyə cəsarət etməzdi. Daha doğrusu, bu əsər sifarişlə yazılıbsa, Əkrəmin qəlbinin sifarişi ilə yazılıb. Qarabağ münaqişəsi başlanandan bəri Əylisli heç vaxt Azərbaycanın maraqlarına uyğun bircə kəlmə belə söyləməyib, qələmə sarılanda da yalnız Azərbaycandan getmiş ermənilərin xiffətini çəkib.

Yazıçı və onun mövqeyini dəstəkləməyə cəhd göstərənlər bunu guya ki, humanizm dəyərləri ilə izah edirlər. Bu nə humanistlikdir ki, torpaqlarının iyirmi faizi işğal olunmuş, Xocalı vəhşətinə məruz qalmış, Ermənistanın Quqark rayonunda, Azərbaycanın Bağanis Ayrım kəndində, neçə-neçə başqa yerlərdə olmazın zülmlərlə, qətllərlə üzləşən xalqın “günahlarını” dünyaya car çəkəsən, ona qarşı bütün bu işğalı, təcavüzü, qətliami törədənləri isə mələk sifətində mədh edəsən? Romanda müəllifin prototipi olan manqurt qəhrəman arzu edir ki, Eçmiədzinə gedib Katolikosun qarşısında diz çöksün, üzr istəsin (nəyə görə, Xocalıya, işğal olunmuş rayonlarımıza, vəhşicəsinə qətl edilmiş qadınlarımıza, qızlarımıza, körpələrimizə görəmi?) xristianlığı qəbul edib rahib olsun. Olsun, erməniliyi də, xristianlığı da qəbul edir-etsin, rahib də olsun, amma bu sabiq azərbaycanlı daha niyə öz keçmiş həmvətənlərinə bu qədər çirkab atır? Ölüm ayağında da bu manqurtun dilinə itirilmiş torpaqlarımız deyil, Eçmiədzin gəlir. Əylislinin havadarları deyirlər ki, bu beynəlmiləlçilik əlamətidir. Bəyəm dünya millətlərindən biri olan Azərbaycan xalqını rüsvay etmək beynəlmiləlçilikdir? Erməniləri sevirsən sev, kimin nə sözü var, amma daha pasportuna görə sənin öz xalqın olan azərbaycanlıları niyə onların ayağına verirsən, ən zır erməni millətçilərinin belə yazmadıqları böhtanları yağdırırsan ünvanımıza?

Ən qəribəsi odur ki, bu qatı antiazərbaycan mövqeyə Azərbaycanın öz içində qahmar çıxanlar – “beşinci kolonna” tapılır. Dedikləri budur ki, biz gərək ermənilərlə dil tapaq, onlarla birgə yaşamaq üçün zəmin hazırlayaq. Çox əcəb. Dil də tapaq, zəmin də hazırlayaq. Amma məgər bu zəmin mütləq təslimçilikdən ibarət olmalıdır? Ermənilərlə dil tapmaq üçün onların dedikləri və hətta, demədikləri bütün yalanlara şərik çıxmalıyıq, azərbaycanlılara, türklərə atdıqları böhtanları “bədiiləşdirərək” Moskva jurnalında aləmə car çəkməliyik?”

Məlumatda xatırladılır ki, Azərbaycan yazıçıları, o cümlədən Yazıçılar Birliyinin rəhbərləri, Ə.Əylislidən çox qabaq, yəni Sumqayıtda və Bakıda faciəvi hadisələr baş verərkən - məhv olmuş bütün günahsız insanların – hansı millətdən olur-olsun - aqibətlərinə acıdıqlarını bildirmiş, bu cinayətləri törədənləri – yenə də millətindən asılı olmayaraq - qəti şəkildə ittiham etmiş, şiddətlə qınamışlar. Bu barədə bəyanatları Bakıda və Moskva mətbuatında dərc olunub: “Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətinə bələd olanlar onu da bilir ki, biz heç vaxt nə təşkilat olaraq, nə də onun ayrı-ayrı rəhbərləri kimi erməni xalqını bir xalq kimi təhqir edən sözlər işlətməmişik. Ancaq Azərbaycan xalqını bütün dünyada biabır etməyə çalışanlara, onu hər cür alçaltmağa cəhd edənlərə, milli və mədəni dəyərlərimizi tapdalayanlara, əzəli torpaqlarımızın işğalçılarına, erməni faşistlərinə qarşı sözümüzü hər zaman, hər yerdə demişik, deyirik və deyəcəyik.

Bir məsələni vurğulamağı da lazım bilirik. Bu və ya digər dərəcədə Əkrəmi müdafiə edənlərin arasında bizim hörmət bəslədiyimiz insanlar da var. Əkrəmin qəlbinə dəyməmək üçün onlar da “əsəri oxumamışıq, amma...” formuluyla işin içindən çıxmağa çalışırlar. Bu insanlardan, ümumən romanı oxumayanlardan xahiş edirik ki, mütləq yazını tapıb oxusunlar və taleyüklü bir məsələyə vicdanlarının səsi ilə münasibət bildirsinlər.

Əkrəm Əylisli xislətinin əsas iki cəhəti var: dəhşətli dərəcədə şöhrət, məşhurluq, tanınmaq hərisidir və bundan doğan ikinci cəhət - az-çox şöhrətlənən, məşhurlaşan, tanınan hər kəsə – istər ölü olsun, istər diri - dəhşətli həsədi, paxıllığı, nifrəti və kini. Bu romanının əsas yazılma səbəbi də məhz budur. Son iyirmi - iyirmi beş ildə meydana heç bir dəyərli bədii əsər çıxara bilməyən Əylisli yalnız qalmaqallarla, tanınmışlara sataşmaqla gündəmdə qalmağa çalışır. Amma Azərbaycan mühitində bu, artıq keçmir, hamı kimin kim olduğunu axır ki, yaxşı başa düşüb. Belə olan surətdə Ə.Əylisli dilə-dişə düşməyin başqa üsuluna əl atıb. Azərbaycan xalqının əleyhinə yazı yazıb Azərbaycanda, Azərbaycan dilində deyil, məhz Moskvada çap etdirib ki, ermənilərin, erməni lobbisinin, Rusiyada və başqa ölkələrdə ermənipərəst qüvvələrin vasitəsilə ad çıxarsın və beləliklə, şöhrət sarıdan qurdunu öldürsün. Artıq müəyyən dərəcədə məqsədinə nail də olub, erməni saytlarında “Qurbanəli bəy” hekayəsində deyilən “molodes…” tərifini qazanıb. Doğrudan da, ermənilərin və ermənipərəstlərin əlinə göydəndüşmə hədiyyədir. Çox güman ki, ermənilər və ermənipərəstlər “Daş yuxular” romanını dünyada geniş təbliğ edəcək, bir çox dillərə çevirtdirib nəşr etdirəcəklər, Azərbaycana qarşı silah kimi istifadə edəcəklər. Ola bilsin ki, Əylisli hansısa erməni varlısının təsis etdiyi bir mükafata da layiq görüldü. Amma Azərbaycan xalqının sevgisini və inamını həmişəlik itirdi”.

Məlumatda daha sonra bildirilir: “Manqurtlaşmamış hər bir azərbaycanlı – istəyir iqtidarda olsun, istəyir müxalifətdə - bu romanı xalqımıza arxadan vurulmuş bıçaq kimi qiymətləndirməyə bilməz. Milli maraqlarla bağlı elə məsələlər var ki, onlara münasibətdə iqtidar-müxalifət müstəvisinin fövqünə qalxaraq antiazərbaycan cəhdləri dəstəkləmək olmaz. “İşinin xətrinə erməniyə dayı de” - süni, saxta və yalançı məsəldir. “Daş yuxular”ın müdafiəsinə qalxanlar əsərlə tanış olub qəti şəkildə deməlidirlər: bədii əsərdə belə qatı antiazərbacan mövqeyini, birmənalı erməni təəssübünü qəbul edirlər, yoxsa yox? Bu məsələnin üçüncü cavabı yoxdur, sən ya öz xalqının tərəfindəsən, ya da onun torpaqlarını işğal edənlərin, insanlarına zülm edənlərin, 1918-ci ilin martından 1992-ci ilin Xocalısınacan günahsız azərbaycanlıların qanlarını tökənlərin? Bəziləri Ə.Əylislini indiyə qədər bol-bol aldığı adlardan, imtiyazlardan məhrum etməyi, onu bu cür cəzalandırmağı təklif edirlər. Ə.Əylislinin hər hansı şəkildə cəzalandırılmasının əleyhinəyik. Onun ən böyük cəzasını özü verib, - xalq və tarix qarşısında vicdanının ləkəsini heç vaxt silə bilməyəcək”.

* * *

“Əkrəm Əylisli sadə bir məntiqi unudub: birtərəfli həqiqət yoxdur”

 

Xalq yazıçısı Elçin:  

- Doğrusunu deyim ki, indiyə qədər oxuduğum kitablar arasında mənə Əkrəmin bu yazısı qədər pis təsir edən, mənfi emosiyalar yaradan bir yazı olmamışdı və mən olduqca da təəssüf etdim ki, Əkrəm Əylisli belə bir yazı yazıb. Təəssüf etdim ona görə ki, siyasi düşüncəsindən asılı olmayaraq iqtidarlı-müxalifətli - bütün xalq torpaqlarımızı Ermənistan işğalından azad etmək əzmində olduğu və bu zaman dünya güclülərinin ikili standartları ilə üzləşdiyi bir məqamda Əkrəm Əylislinin yazısı daha artıq və daha aqressiv birtərəfli mövqe nümayiş etdirir.

Təəssüf etdim ona görə ki, qatı erməni millətçiliyi və bu millətçiliyi mənəvi dəyər kimi qəbul etmiş erməni lobbiçiliyi heç şübhəsiz ki, Əkrəmin bu romanından effektli surətdə sui-istifadə edəcək. Əkrəm Əylisli bu yazını yazarkən sadə bir məntiqi unudub: birtərəfli həqiqət yoxdur. «Birtərəfli həqiqət» - yalnız birtərəfli mövqeyin ifadəsidir, bu isə, Əkrəm özü də yaxşı bilir ki, həqiqi ədəbiyyat üçün yaramaz bir cəhətdir. Burası da yəqin təsadüfi deyil və eyni zamanda əlamətdardır ki, «Daş yuxular» bədii cəhətdən də Əkrəmin zəif əsərlərindən biridir. Burada siyasi publisistika bədiiliyi tamam küncə sıxıb və çox acılar ki, bu yazının emosional təsiri bədii-estetik hadisə yox, qəddarlığın, vəhşiliyin birtərəfli, yəni antiazərbaycan təsvirindən doğan sosial hadisədir".
 

Xalq şairi Fikrət Qoca:  

- Əkrəm Əylislinin bu əsəri Azərbaycan xalqını ayaqlar altına almaqdan başqa bir şey deyil. Deyirlər ki, guya o, ermənilərlə aranı düzəltmək istəyib. Amma, mənim fikrimcə, belə eləmək aranı daha da pis salır. Çünki özünü alçaltmaqla şirin düşmək olmur, olsa-olsa nökər ola bilərsən, qapı süpürən olarsan. Yazıçısansa, mütləq həqiqəti de. Əgər Əkrəm onlarla dost olmaq istəyirdisə, mütləq həqiqəti deməliydi, onda, bəlkə, dostluğun özəyi qoyulardı.  Dost olacam deyə, bütün milləti ayaq altına salıb kölə eləmək nə deməkdir? Bu onun vicdanına düşür. Görünür, Əkrəm hələ yaxşı qocalmayıb, qocalanda bunların cavabını alacaq.

 

Xalq yazıçısı Mövlud Süleymanlı:  

- Bir var ayrı-ayrı insanların şəxsi hisslərinə toxunmaq bir də var cəm halda təhqir etmək. Əkrəm Əylisli bütöv bir xalqın cəm halda hisslərinə toxunub. Mənə qalsa, bəlkə də insanlıq naminə Əkrəmi bağışlaya bilərəm. Amma bu gün onu xalq bağışlayacaqmı? Əsas məsələ budur. Onun bu yazısı xalqın mənəviyyatını təhqir etmiş oldu, özü də elə bir yerdən ki, xalq həmişə bunu son arzusu kimi yaşayıb. Onu da qeyd edim ki, Əkrəmin ədəbiyyatımızda, vaxtilə ədəbi mühitin təmizlənməsində böyük xidmətləri olub. Onun bu səhvi haradan başlanır, xalqa qarşı bu hiss, bu qəzəb onda haradan yarandı? Buna sözün əsl mənasında üzülürəm. Bu işi tarixə yazılan bir ləkə kimi qəbul edirəm. Atalardan belə bir söz var “Mən onun daşını atdım artıq”. İndi həqiqətən də biz onun daşını atmış olduq. Əkrəmin yazdığı uydurmaları heç düşmən də qəbul etməz”.

* * *

Bax həmçinin:

►Əkrəm Əylislinin 2009-cu ildə verdiyi müsahibə

Xəbərlər
Redaktorun seçimi