Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının katibliyi İstanbulda yerləşəcək
Bakıda türk mədəniyyətinin qorunması üçün vəqf, Astanada muzey və araşdırma fondu qurulacaq
Sentyabrın 16-da İstanbulda, “Çırağan” sarayında Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak etmişdir.
Xatırladaq ki, ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda, 2006-cı ildə Antalyada, 2009-cu ildə isə Naxçıvanda keçirilmişdir.
Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevi, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu, Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanı qarşıladı.
Özbəkistan sammitdə təmsil olunmayıb. Qeyd edək ki, Özbəkistan prezidenti İslam Kərimov sonuncu dəfə 1998-ci ildə Türkdilli ölkələrin dövlət başçılarının sammitində (Astana) iştirak edib. 2000-ci ildə Bakıdakı sammitdə Özbəkistanı parlament sədri təmsil edib. Sonrakı sammitlərdə isə Özbəkistan, ümumiyyətlə, yer almayıb.
* * *
Zirvə toplantısını Türkiyə Prezidenti Abdullah Gül açdı. O, zirvə görüşündə iştirak edən dövlət başçılarını salamladı və onları yenidən görməkdən məmnun olduğunu bildirdi. “Qardaş ölkələrimiz arasındakı müştərək dil, din, tarix, mədəniyyət və dəyərlərə əsaslanan tellər çox güclüldür”, - deyən Abdullah Gül vurğuladı ki, məhz bu baxımdan türkdilli ölkələrin dövlət başçılarının bir araya gəlməsi çox önəmlidir. Türkiyə Prezidenti türkdilli ölkələr arasında əməkdaşlığın güclənməsində ötən il Naxçıvanda keçirilən IX zirvə toplantısında qəbul edilən qərarların mühüm rol oynadığını bildirdi, həmin qərarların əhəmiyyətini xüsusi vurğulayaraq dedi:
- Naxçıvanda bu kontekstdə qəbul etdiyimiz mühüm qərarlardan biri də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılmasıdır. Məlum olduğu kimi, Şuranın Katibliyi İstanbulda olacaqdır. Bugünkü toplantıda Katibliyin strukturunun yaradılması ilə bağlı qərar qəbul edəcəyik. Bu çərçivədə Şuranın baş katibini də təyin edəcəyik. Beləliklə, keçən il Naxçıvanda təməlini qoyduğumuz təşkilatın qurulmasını təmin edəcəyik.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının atalarımızdan miras aldığımız müştərək dil, mədəniyyət və dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq baxımından mühüm bir iş görəcəyinə inanırıq. Eyni millətə mənsub olmaqdan qürur duyan xalqlarımız arasındakı əzəli və əbədi qardaşlıq tellərinin artıq konkret əməkdaşlığa çevriləcəyinə güvənirik.
Türkiyə Prezidenti əlavə etdi ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması geniş coğrafi ərazini əhatə edən Türk dünyasının qarşılaşdığı problemlərin həllində də vacib rol oynayacaqdır. Bu, həmçinin ölkələrimizi və xalqlarımızı bir-birinə daha sıx bağlayacaq, bölgədə sülhə və sabitliyə xidmət edəcəkdir. Abdullah Gül türkdilli ölkələrin əlaqələrinin genişlənməsində mühüm rol oynayan TÜRKSOY və katibliyi Bakıda yerləşən Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətindən danışdı. Daha sonra Türkiyə Prezidenti İstanbulda keçirilən X zirvə toplantısında müzakirə olunacaq məsələlər barədə məlumat verdi.
Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında çıxış etdi. Zirvə görüşündə digər dövlət başçıları da çıxış etdilər.
Tədbirdə TÜRKSOY-un və TürkPA-nın fəaliyyətinə dair məlumatlar dinlənildi.
Sonda dövlət başçıları zirvə toplantısının yekun sənədini imzaladılar.
Qərara alındı ki, növbəti zirvə toplantıları 2011-ci ildə Qazaxıstanda, 2012-ci ildə Qırğızıstanda keçirilsin.
* * *
TÜRKSOY (Ankara), Türk Parlament Assambleyası (Bakı) və Türk Akademiyası (Astana) türk birliyinin əsas fəaliyyət qolları olacaq
Sentyabrın 16-da Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı başa çatdıqdan sonra prezidentlər birgə mətbuat konfransı keçiriblər.
Mətbuat konfransında çıxış edən Türkiyə Prezidenti Abdullah Gül deyib ki, X zirvə toplantısı çox səmərəli keçib, bir sıra mühüm məsələlər müzakirə olunub.
Toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı qərar qəbul olunub. Katibliyi İstanbulda yerləşəcək bu qurum iştirakçı ölkələr arasında əlaqələrin gücləndirilməsi üçün sistemli fəaliyyət göstərəcəkdir. Türkiyəli diplomat Xəlil Akınçı türkdilli ölkələr üçün xüsusi önəmi olan bu qurumun baş katibi təyin olunub.
Türkiyə Prezidenti qeyd edib ki, Şuranın tərkibində dövlət başçılarının şurası, xarici işlər nazirlərinin şurası, ağsaqqallar şurası, yüksək vəzifəli şəxslər şurası və daimi katiblik fəaliyyət göstərəcəkdir.
Ankarada fəaliyyət göstərən TÜRKSOY, Bakıda fəaliyyət göstərən Türkdilli Ölkələrin Parlament Assambleyası, Astanadakı Türk Akademiyası isə Şuranın gücləndirilməsi istiqamətində çalışacaqdır.
Zirvə görüşündə, həmçinin qərara alınıb ki, türk mədəniyyətinin qorunması üçün Bakıda vəqf, universitetlər arasında fəaliyyətin gücləndirilməsi üçün qurum, Astanada Türk Akademiyasının tərkibində muzey, tarixi araşdırma fondu yaradılsın.
Abdullah Gül bildirib ki, Astana 2012-ci ildə türk mədəniyyətinin paytaxtı, oktyabrın 3-ü isə Türkdilli ölkələrin əməkdaşlıq günü elan olunub. Gələn il Türkmənistanda MDB-nin üzvü olan türk dövlətlərinin müstəqilliyinin 20 illiyinin qeyd edilməsi, həmçinin türkdilli ölkələrin dövlət başçılarının növbəti zirvə görüşünün Qazaxıstanda keçirilməsi qərara alınıb.
Vüqar Orxan