“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.11.2013, 23:46
1127

Azərbaycan Türkiyə ilə viza rejimini aradan qaldırır

Elm və iş adamları, idmançılar, Azərbaycanla sıx bağlı olan Türkiyə vətəndaşları üçün viza ləğv ediləcək
A- A+

Noyabrın 13-də Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçirilmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan iclasda iştirak etmişlər.

İclasda Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə - siyasi, iqtisadi, enerji və digər sahələrdə dinamik inkişaf etdiyi bildirildi. İkitərəfli layihələrin uğurla həyata keçirilməsinin əhəmiyyəti qeyd olundu.

Ölkələrimizin birgə reallaşdırdığı layihələrin icrası ilə bağlı fikir mübadiləsinin aparıldığı iclasda Azərbaycan və Türkiyənin müvafiq nazirlikləri arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı.

Hökumətlərarası sənədlər imzalanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində noyabrın 13-də Ankarada Azərbaycan və Türkiyə hökumətləri arasında sənədlərin imzalanması mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 2013-cü il 13 noyabr tarixli iclasının nəticələrinə dair Birgə Bəyanatı imzaladılar.

Azərbaycan və Türkiyə hökumətləri arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında protokolu Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı –TUBİTAK-ın sədri Yücəl Altınbaşaq imzaladılar.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyi arasında elm, texnologiya, sənaye və sahibkarlığın gücləndirilməsinə dair Anlaşma Memorandumunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım imzaladılar.     
Azərbaycan və Türkiyə hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım imzaladılar.

Azərbaycan və Türkiyə hökumətləri arasında təhlükəsizlik  üzrə əməkdaşlıq  haqqında Sazişi  Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Türkiyənin daxili işlər naziri Muammer Gülər imzaladılar.

Azərbaycan və Türkiyə hökumətləri arasında  işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair Sazişi, həmçinin Azərbaycan və Türkiyə hökumətləri arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlığa dair Sazişi Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik imzaladılar. 

İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı 

Hökumətlərarası sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı olmuşdur.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlətinin başçısı İlham Əliyevi üçüncü dəfə Prezident seçilməsi münasibətilə təbrik etdi. Bildirdi ki, bu seçkiləri Türkiyədən 35 millət vəkili izləmiş və seçkilərin yüksək səviyyədə keçdiyini vurğulamışlar.

Türkiyə və Azərbaycanın Qafqazda sülh, təhlükəsizlik və rifahın təmini baxımından ciddi işlər gördüyünü qeyd edən Baş nazir Rəcəb Tayyib Ərdoğan bildirdi ki, aparılan danışıqlarda iki ölkə arasında hərbi, siyasi, mədəni, iqtisadi, ticarət və digər sahəsində görüləcək işlər müzakirə olunmuşdur. Rəcəb Tayyib Ərdoğan hazırda Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 4,2 milyard dollar olduğunu söylədi, bu rəqəmin 15 milyard dollara çatdırılmasının qarşıya məqsəd qoyulduğunu qeyd etdi.

Türkiyənin Baş naziri birgə reallaşdırılan neft, qaz və dəmir yolu layihələrinin vacibliyindən danışdı, 2014-cü ilin əvvəlində təməli qoyulacaq TANAP layihəsinin tarixi önəmini vurğuladı. 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Rəcəb Tayyib Ərdoğan bu münaqişənin həllinin Azərbaycan üçün xüsusi önəm kəsb etdiyini bildirdi.

Azərbaycan ilə siyasi münasibətlərin mükəmməl səviyyədə olduğunu deyən Türkiyənin Baş naziri bir daha iqtisadi sahədə əlaqələrə toxundu. Bildirdi ki, keçirilən görüşlərdə mədəniyyət sahəsində əlaqələrin inkişafına da xüsusi diqqət yetirilmişdir.

Türkiyənin Baş naziri Azərbaycan Prezidentinin bu səfərinin  ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da inkişafına mühüm töhfə olduğunu vurğuladı.

Prezident İlham Əliyev yenidən dövlət başçısı seçilməsinə görə ünvanına səsləndirilən fikirlərə və Türkiyədə rəsmi səfərdə olan Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı və əməkdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini vurğuladı.
Prezident İlham Əliyev ötən illərdə Türkiyənin böyük uğurlar qazanmasında Baş nazir Rəcəb Tayyib Ərdoğanın xidmətlərini xüsusi vurğuladı və hazırda qardaş ölkənin dünyanın ən güclü 20 dövlətindən biri olduğunu dedi. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qərarlarının icra mexanizminin olmadığını vurğulayan Prezident İlham Əliyev işğala son qoymaq üçün Azərbaycanın daha da güclənməsinin zəruriliyini bildirdi və bu məsələdə Azərbaycanın daim qardaş Türkiyənin dəstəyinə arxalandığını söylədi.

Türkiyənin hərbi sənayesi ilə bağlı təqdimat mərasiminin onda zəngin təəssürat oyatdığını deyən dövlətimizin başçısı ölkələrimizin bundan sonra da beynəlxalq səviyyəli regional layihələrin reallaşdırılmasında birgə səylərini əsirgəməyəcəklərini qeyd etdi.

Prezident İlham Əliyev qarşılıqlı sərmayələrin də mühüm əhəmiyyət kəsb etdiyini bildirdi və Azərbaycanın xaricdə ən böyük investisiyasını məhz Türkiyə iqtisadiyyatına yatıracağını xüsusi diqqətə çatdırdı. XXI əsrin türk dünyası əsri olacağını qeyd edən Prezident İlham Əliyev ümumi amallar naminə bundan sonra da xalqlarımızın səylərini əsirgəməyəcəklərini dedi, Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirdi və qardaş Türkiyə xalqına yeni-yeni uğurlar arzuladı.

Sonra media nümayəndələrinin sualları cavablandırıldı.     

 

"Azərbaycanla sıx bağlı olan Türkiyə vətəndaşları üçün tamamilə vizasız rejim tətbiq ediləcək"

"Biz artıq qərara gəldik ki, ilkin mərhələdə İqtisadiyyat Nazirliyindən veriləcək siyahı əsasında Türkiyə vətəndaşlarının Azərbaycana vizasız gediş-gəlişi təmin ediləcək”.

Azərbaycan prezidenti İlham Əliyev Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasından sonra keçirilən mətbuat konfransında türkiyəli jurnalistin viza rejiminin ləğvinə dair verdiyi sualı cavablandırarkən belə deyib.

Prezident bildirib ki, hər bir ölkənin, o cümlədən Azərbaycanın da viza ilə bağlı öz siyasəti var: “Ancaq istisna hal kimi elm adamları, idmançılar, iş adamları, tanınmış insanlar, Azərbaycanla sıx bağlı olan Türkiyə vətəndaşları üçün tamamilə vizasız rejim tətbiq ediləcək. Yaxın zamanlarda bu məsələ öz həllini tapacaq. Əminəm ki, bundan sonra belə suallara daha ehtiyac qalmayacaq”.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə mətbuat konfransında çıxışında bildirib ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasında akademiklər, tələbələr və iş adamları üçün vizaların aradan qaldırılması məsələsi müzakirə edilib.

 * * *

Qeyd. Türkiyə tərəfi Azərbaycanla viza rejimini artıq bir neçə ildir ki, tamamilə aradan qaldırıb.

Xəbərlər
Redaktorun seçimi