“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.12.2013, 10:33
1159

Azərbaycan tarixi günbəgün: 7 dekabr

A- A+

7 dekabr 1918 - Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti fəaliyyətə başlayıb...

 

7 dekabr 1875 - Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski (1875-1920) Şəkidə anadan olub. Fətəli xan Xoyski əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Ulu babaları Xoy və Şəkinin xanları, atası çar Rusiyasının generalı olub. F.Xoyski 1906-cı ildə Rusiya imperiyasının II Dövlət Dumasının deputatı seçilib. Azərbaycan Xalq Cümhuriyyətinin 1-3-cü hökumətlərində baş nazir (may 1918 - mart 1919) olub, beşinci hökumətdə (dekabr 1919 - aprel 1920) xarici işlər naziri işləyib. 1920-ci ilin iyununda Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib.

 

7 dekabr 1918 - Bakıda məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti fəaliyyətə başlayıb. «Müsavat» fraksiyasının (lideri M.Rəsulzadə) təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev onun müavini seçilib. İclasda müvəqqəti Nazirlər Şurasının istefası qəbul edilib və yeni (üçüncü) hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırılıb. Parlament ölkə əhalisinin 24 min nəfərinə 1 deputat olmaqla formalaşmışdı və 80 azərbaycanlı, 21 erməni, 10 rus, 1 alman, yəhudi, gürcü və polyak deputat üçün yer ayrılmışdı. Həmkarlar və neft sənayeçiləri üçün 5 yer nəzərdə tutulmuşdu. Bu, müsəlman Şərqində demokratik əsaslı ilk parlament idi. Parlamentdə 11 fraksiya vardı. 17 ay müddətində 145 iclas keçirilmiş, 230-dək qanun qəbul olunmuşdu.

 

7 dekabr 1989 - Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərarına (1 dekabr 1989) bir həftə sonra münasibət bildirib. Ali Sovetin Rəyasət Heyəti qərarı «Azərbaycan SSR-in suverenliyinə yolverilməz müdaxilə» kimi dəyərləndirib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi