“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.10.2013, 09:50
1421

Azərbaycan tarixi günbəgün: 27 oktyabr

A- A+

27 oktyabr 1993 - Erməni silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi və Arazboyu kəndləri işğal olunub...

 

27 oktyabr 1929 – Gürcüstanın azərbaycanlılar yaşayan Qarayazı bölgəsinin Dəmirçi-Həsənli kəndində kolxoz quruculuğu və sovet hakimiyyəti əleyhinə üsyan başlanıb. İsaxan Hacıbayramoğlunun başçılıq etdiyi üsyan tədricən bütün Borçalı mahalını əhatə edib. Nəticədə hökumət üsyanın yatırılması üçün bölgəyə çoxlu sayda hərbi qüvvələr yeridib. Üsyançılara qarşı hərbi əməliyyata həmin vaxt Zaqafqaziya (ZSFSR -Zaqfederasiya) təhlükəsizlik orqanlarının rəhbərlərindən olan Lavreti Beriya şəxsən komandanlıq edib. Üsyan qəddarlıqla yatırılıb və bütün fəalları güllələnib.

 

27 oktyabr 1932 - Bəstəkar, Azərbaycan musiqi tarixində ilk romansların müəllifi Asəf Zeynallı (5.4.1909-1932) vəfat edib. Teatr tamaşalarına musiqi bəstələyib, "Uşaq süitası" əsəri ilə Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, bir sıra xalq mahnılarını nota alıb. 

 

27 oktyabr 1993 - Erməni silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi və Arazboyu kəndləri - Azərbaycan-İran sərhədinin 40 km-i işğal olunub. Cəbrayıl rayonunun Arazboyu kəndləri və Zəngilan rayonu erməni işğalçı qüvvələrinin mühasirəsinə düşüb.

 

27 oktyabr 1993 – Bakıda səfərdə olan İran prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani Azərbaycan prezidenti Heydər Əliyevlə görüşdən sonra Ermənistanın təcavüzünü pisləyən bəyanat verib. İran prezidentinin Ermənistan rəhbərliyi ilə telefon danışıqlarından sonra işğalçı qüvvələrin hücumuna qısa ara verilib, Arazboyu bölgələrdə mühasirəyə alınmış əhali İran ərazisinə keçib.

 

27 oktyabr 1993 – Prezident Heydər Əliyev BMT-nin Təhlükəsizlik Şurasına müraciət edərək qurumu Ermənistanın təcavüzünü dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi