“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.05.2013, 10:41
1479

Azərbaycan tarixi günbəgün: 28 may

A- A+

28 may 1918 - Tiflisdə Azərbaycan Milli Şurasının iclasında «İstiqlal Bəyannaməsi» qəbul olunub və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub...

 

28 may 1918 - Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub. Əhməd bəy Ağayevin sədrliyi ilə (Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə həmin vaxt Batumda Osmanlı ilə danışıqlarda idi) keçən iclasda iştirak edən 26 deputatın yekdil səsi ilə «İstiqlal Bəyannaməsi» qəbul olunub.

Fətəli xan Xoyskinin başçılığı ilə ilk hökumət təsdiqlənib. Hökumətdə «Müsavat» 3, müsəlman sosialistlər 2, «Hümmət» və «İttihad» hərəyə 1 yer almışdı, 2 nəfər bitərəf nazir (o cümlədən F.Xoyski) vardı. Milli hökumət iyunun 16-dək Tiflisdə fəaliyyət göstərdi, sonra Gəncəyə, sentyabrın 17-də isə Bakıya köçdü. Cümhuriyyətin 23 aylıq tarixində beş hökumət qurulmuş, onlardan üçünə F.Xoyski, ikisinə isə N.Yusifbəyli başçılıq etmişdi.

 

28 may 1919 - Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib. Antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd edib.

 

28 may 1947 - Görkəmli bəstəkar, pianoçu, Xalq artisti, Bəstəkar İttifaqının sədri Firəngiz Əliağa qızı Əlizadə Bakıda anadan olub. "Vətən haqqında nəğmələr" oratoriyası, "Ağ atlı haqqında əfsanə" rok-operası, “İntizar”, “Sənin adın dənizdir” operaları, "Üç akvarel" vokal silsiləsi, "Boş beşik" baleti və s. əsərlərin, kinofilmlərə (“Əlaqə” və s.) musiqilərin müəllifidir.

 

28 may 1992 - Sədərəkdə Naxçıvanı Türkiyə ilə birləşdirən körpünün ("Ümid körpüsü") açılışı olub. Mərasimdə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev, Azərbaycan Ali Sovetinin sədri İsa Qəmbər, Türkiyənin baş naziri Süleyman Dəmirəl iştirak edib.

 

28 may 2004 - Azərbaycanla Keniya arasında diplomatik münasibətlər qurulub.

 

28 may 2006 - Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunan Azərbaycan nefti Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına çatıb. Kəmərin neftlə doldurulmasına 2005-ci il mayın 25-də başlanmış, neft kəmərin Gürcüstan hissəsinə 2005-ci il avqustun 10-da, Türkiyə hissəsinə 2005-ci il noyabrın 18-də daxil olmuşdu. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi 

Xəbərlər
Redaktorun seçimi