“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.03.2013, 21:54
1432

Azərbaycan tarixi günbəgün: 30 mart

A- A+

30 mart 1918 - Bakıda erməni-daşnak və rus-bolşevik dəstlərinin azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınları başlayıb.

Ermənilər qırğına əvvəlcədən hazırlaşmışdılar. Brest-Litovsk sülh müqaviləsinə (3 mart 1918) əsasən, Türkiyə cəbhəsindən geri dönən rus əsgərlər Stepan Şaumyanın başçılıq etdiyi “Bakı Soveti”nin sərəncamında idilər. Dünya müharibəsindən qayıdan azərbaycanlıların əksəriyyəti isə Şaumyanın göstərişi ilə Bakı yaxınlığında tərksilah edilmişdi. Azərbaycanlı hərbçilərin buna qarşı çıxması erməni dəstələrinə onlara qarşı qırğına başlamaq bəhanəsi verdi. Şaumyan 1918-ci il aprelin 13-də Moskvaya göndərdiyi teleqramda yazmışdı: «Bizim dəstəyə edilən hücumdan bir bəhanə kimi istifadə etdik və parlaq qələbə qazandıq».

 

30 mart 1920 – Azərbaycan Xalq Cümhuriyyətində növbəti hökumət böhranı yaranıb. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi beşinci hökumət kabineti istefa verib. Yeni hökuməti qurmaq isə artıq mümkün olmadı. Hökuməti qurmaq tapşırılmış Məmmədhəsən Hacınski (beşinci hökumətdə daxili işlər naziri idi) bolşeviklərlə (Azərbaycan Kommunist Partiyası) əməkdaşlığın tərəfdarı idi. Hacınskiyə görə, sovet Rusiyasına geniş güzəştlər verməklə Azərbaycanın istiqlalını qorumaq mümkün idi. Aprelin ortalarında Hacınski «Müsavat» partiyasından istefa verərək Azərbaycan K(b)P-yə daxil oldu.

 

30 mart 1992 - Azərbaycan Respublikası ilə İraq arasında diplomatik münasibətlər qurulub. İraq Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 2-də tanımışdı.

 

30 mart 2004 - Milli Məclis Azərbaycan Respublikasında yeni ərazi-inzibati vahidi - Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması barədə qanun qəbul edib. Kəngərli rayonu muxtar respublikanın Babək və Şərur rayonlarından ayrılmış kəndlər əsasında yaradılıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi