“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.11.2019, 13:18
531

Tolerantlıq – Azərbaycanı dünyaya tanıdan mənəvi dəyər

A- A+

“Azərbaycanda gərginlik tək Qarabağ problemi, yəni Ermənistanın təcavüzü ilə əlaqədar deyil. Təəssüf ki, gərginliyi yaradan səbəblərdən biri də ölkəmizdə uzun illər bir yerdə yaşayan millətlər, etnik qruplar arasında münasibətlərin bir qədər pozulmasıdır. Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycanda olan bütün millətlərin birləşməsini təmin edə bilərik. Bu, bizim əsas vəzifələrimizdən biridir”. 
   
Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı gün - 1993-cü il iyunun 15-də Milli Məclisdə ölkənin üzləşdiyi ağır problemlərdən danışarkən bu sözləri təsadüfən söyləməmişdi. Tarixən müxtəlif millətlərin, fərqli inanc və mədəniyyətlərin dinc yanaşı yaşadığı Azərbaycanda 80-ci illərin sonundan başlanan neqativ proseslər (Ermənistanın ərazi iddiaları zəminində Qarabağda alovlanan separatizm və hərbi təcavüz, Bakıda törədilən 20 Yanvar qırğını, xarici xidmət emissarları vasitəsilə şimal və cənubda etnik ayırıcılığın körüklənməsi) əsrlərlə formalaşmış tolerantlıq mühitini də zədələmişdi. Ölkənin təkcə ərazi bütövlüyü hədəf alınmamışdı, dini təfriqə və etnik münaqişələr üçün daha böyük zəmin hazırlanırdı. Müstəqilliyin möhkəmləndirilməsinin, davamlı istiqrarın başlıca şərtlərindən biri dini və milli tolerantlıq atmosferinin yenidən bərqərar edilməsi idi.
   
Etnik və dini müxtəliflik tariximizin parçasıdır
   
Məhz buna görə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra dini konfessiyalar və millətlərarası münasibətlərin inkişaf etdirilməsi dövlətin prioritet istiqamətlərindən oldu. Ulu öndər hər zaman bir fikri xüsusi vurğulayırdı ki, Azərbaycanın çoxmillətli ölkə olması bizim sərvətimizdir və bunu qoruyub saxlamalı, dünyaya layiqincə təqdim etməliyik. Bu siyasətin vacib ünsürlərindən biri sivilizasiyalararası ünsiyyəti təşviq edən təşəbbüslər idi. 

1998-ci ilin sentyabrında Bakıda tarixi İpək Yolu ilə bağlı beynəlxalq konfransın keçirilməsi bu istiqamətdə ilk mühüm addım oldu. 30-dək ölkənin qatıldığı konfrans iqtisadi işbirliyini (Avropa-Asiya nəqliyyat dəhlizi) ehtiva etsə də, strateji məqsəd Şərq-Qərb dialoquna meydan açılması idi. Dörd il sonra (oktyabr 2002) Bakıda ATƏT-in iştirakı ilə gerçəkləşən “Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması" mövzulu konfrans sivilizasiyalararası münasibətlər fəlsəfəsinin sınağa çəkildiyi bir dövrdə (2001-ci ilin 11 sentyabrından sonra) Azərbaycanın tolerantlıq nümunəsinin dünyaya təqdimatı üçün əlamətdar imkan yaratdı.

Konfransda çıxış edən Prezident Heydər Əliyev belə bir forumun tolerantlıq mühiti ilə seçilən Azərbaycanda çağırılmasının təsadüfi olmadığını vurğuladı: “Azərbaycan geosiyasi mövqeyinə, etnik və dini mənzərəsinin rəngarəngliyinə görə dünyanın unikal guşələrindən biridir. Avropa ilə Asiyanın qovuşuğunda, Böyük İpək yolunun üstündə yerləşən ölkəmizdə zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, islam, xristian və yəhudi dinləri əsrlər boyu qarşılıqlı anlaşma mühitində yaşamış və yaşamaqdadır. Azərbaycan çoxkonfessiyalı ölkədir və dünyada dinlərarası, mədəniyyətlərarası əlaqələrin genişlənməsinə öz layiqli töhfəsini verəcəkdir”. 

2008-ci ilin dekabrında Bakıda “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzulu konfransda ilk dəfə Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin mədəniyyət nazirlərinin bir araya gəlməsi, Prezident İlham Əliyevin konfransda mədəniyyətlərarası dialoqla bağlı “Bakı Prosesi” təşəbbüsünü irəli sürməsi bu sözlərin təsdiqi oldu.

2009-cu ilin noyabrında Azərbaycan paytaxtı “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfransa, 2010-cu ilin aprelində dini liderlərin dünya sammitinə ev sahibliyi etdi. Bunun ardınca Bakını sivilizasiyalararası ünsiyyət mərkəzinə çevirən iki ənənəvi tədbirin - 2010-cu ildə Beynəlxalq Humanitar Forumun, 2011-ci ildə Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əsası qoyuldu. 

“Bu gün dünyanın müxtəlif yerlərində bir çox münaqişələrin səbəbi müxtəlif din və etnik qrup nümayəndələrinin arasında anlaşmanın olmamasıdır. Tarix, ənənələr və coğrafiyamız bizə onu diktə edib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkan olub. Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçasıdır və biz bununla fəxr edirik”, - Prezident İlham Əliyevin 2017-ci ilin mayında keçirilən IV Mədəniyyətlərarası Dialoq Forumunda dediyi sözlər bütün dünya tərəfindən təsdiq və təqdir olunur. Çünki bu, sadəcə, bəyan deyil, arxasında əsrlərin təcrübəsinə dayanan reallıq, zamanın sınağından keçən mənəvi irs var. Çağdaş dünyanın dərin ehtiyac duyduğu şəfqət, anlaşma və dialoq kimi dəyərlər Azərbaycan xalqının mənəviyyatında tarixən təşəkkül tapıb. 
   
Yaradılanı Yaradana görə sevmək
   
Tolerantlıq fərqli fikir və görüşlərin bir-birinə dözümünü, “özünə rəva bilmədiyini başqasına arzu etmə” çağırışını ehtiva edir. Bu ilahi çağırış bütün səmavi dinlərin kitablarında var. Deməli, doğulduğu andan bütün insanların, formalaşdığı zamandan bütün xalqların xislətində bu dəyər olmalıdır. Amma gerçəkdə belə deyil. Çünki Yaradanın bizə verdiyi xislət zamanla - insanlara, xalqlara nəcib yol göstərən müdriklər olmadıqda - aşınır. 

Yaradılanı Yaradana görə sevən ruh sahibləri Azərbaycanda hər zaman olub. “Yeddi gözəl”lə xalqlar dostluğunu tərənnüm edən Nizamidən bu yana bir çox mütəfəkkirlərimizin əsərləri dünyaya dostluq, tolerantlıq şüaları yayıb. “Qəlblər yaxşılıq edənə doğru məhəbbətlə meyl edər. Yaxşılıq, barışmaq məhəbbətdən yaranar” - altı əsr öncə sufi filosofu Seyid Yəhya Bakuvi insanları bu sözlərlə ilahi eşqdən qaynaqlanan sevgi və anlaşmaya çağırırdı. Azərbaycan xalqının övladları “Hamımız bir günəşin zərrəsiyik” (Abdulla Şaiq) misrası ilə böyüyüb, “Qardaşıq, ey insanlar” (Məhəmməd Hadi) təfəkkürü ilə yetkinləşib.
   Ona görə də bu torpaq müxtəlif inanclara, fərqli mədəni miraslara hər zaman açıq olub. Dünyanın ən qədim xristian məbədlərindən biri (Kiş məbədi, Şəki) Azərbaycandadır. Dünyanın ən qədim məscidlərindən biri 743-cü ildə Azərbaycanda (Şamaxı) ucaldılıb. Atəşpərəstliyin ən böyük məbədi də bu torpaqdadır. Orta əsrlərdə Avropada dini təqiblərdən qaçan yəhudilər buraya pənah gətiriblər. XIX əsrin əvvəlində Azərbaycana alman icması köç edib. XIX əsrin sonunda Bakı neft bumu ilə bərabər, milli-dini tolerantlıq mühiti ilə də dünyada ad çıxarmışdı. Məscidlərin yanında alman kirxası, polyak katolik kilsəsi, yəhudi sinaqoqu, rus pravoslav məbədləri inşa edilirdi. 
   
Cümhuriyyət irsi: dövlət quruculuğunda milli-dini tolerantlıq
   
Azərbaycan xalqının mənəviyyatındakı tolerantlıq mühiti XX əsrin əvvəlində milli dəyərləri saxlamaqla modernləşmə xətti seçmiş ziyalı fikrimizin məhək daşı oldu. Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin “türkçülük, çağdaşlıq və islamiyyət” məfkurəsi üzərində qurulan Cümhuriyyət - müsəlman dünyasında ilk parlamentli respublika - ziddiyyət girdabındakı Qərb-Şərq münasibətlərinə yeni tarixi örnək verdi. Cümhuriyyətin təməl prinsiplərindən biri millətlərarası münasibətlərin inkişafı, milli-dini tolerantlığın təmin edilməsi idi. İstiqlal Bəyannaməsinin 6 bəndindən 3-ü (3, 4 və 5-ci) bundan bəhs edirdi: 

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

Bir faktı da əlavə edək. Cümhuriyyət Parlamentində 120 deputatın üçdəbiri qeyri-müsəlman idi: rus, erməni, yəhudi, alman, gürcü, polyak, ukraynalı və s. 

Azərbaycan Respublikası Cümhuriyyətin irsinə sahib çıxıb. XXI əsrdə də xalqımızın dünyaya təqdim etdiyi ən böyük dəyər çoxmədəniyyətli, tolerant cəmiyyət örnəyidir. Dünyanın istənilən yerindən gələn əcnəbi öz dünyagörüşü, dini baxışı və digər fərqli cəhətləri ilə burada özünü rahat hiss edir. 

Azərbaycanda bütün millətlərə, etnik qruplara mədəni inkişaf, irs, dil və adət-ənənələrini qoruyub yaşatmaq imkanı təmin edilməklə bərabər, müxtəlif dini konfessiyaların fəaliyyətinə şərait yaradılır, dinlərarası əməkdaşlıq təşviq edilir. Müsəlman məscidləri ilə yanaşı digər dinlərin məbədləri də dövlətin dəstəyi ilə təmir-bərpa edilir, yeniləri inşa olunur. Dini qurumlara maliyyə yardımı göstərilir. Prezident İlham Əliyevin 20 iyun 2017-ci il tarixli sərəncamı ilə Qafqaz Müsəlmanları İdarəsi, rus pravoslav kilsəsi, yəhudi dini icması, katolik kilsəsi və alban-udi xristian icmasına növbəti yardımlar edildi. 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi Azərbaycanın dövlət siyasətində milli-dini zənginliyə verilən dəyərin göstəricisidir.
   
Fərqliliklərin harmoniyasındakı zənginlik 
   
Azərbaycanın bu xüsusda dünyaya nümayiş etdirdiyi daha bir nümunə ölkə başçısının dini konfessiya nümayəndələri ilə əlamətdar tədbirlərdə bir araya gəlməsi, eləcə də konfessiyalar arasındakı sıx münasibətlərdir. Bunun gözəl örnəyi Ramazan ayında Prezidentin, hökumət üzvlərinin, millət vəkillərinin, xarici diplomatların dini rəhbərlərlə birlikdə iftar süfrəsinə toplaşmasıdır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə Azərbaycanda həm tolerantlıq mühitinin, həm də dinlərarası və din-dövlət münasibətlərinin göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu münasibətlərin sağlam zəmində formalaşması bizim böyük sərvətimizdir.

Eyni fikri dini icma rəhbərləri də bölüşür.

Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr: “Bu, müasir Azərbaycanın ənənəsidir. Bu ənənə bizim cəmiyyətin vəziyyətini əks etdirir və ölkədə dinlərarası dialoqun, sülh və həmrəyliyin təsdiqidir”.

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev: “Azərbaycan dünyaya bəyan edir ki, dini və mədəni müxtəlifliyin harmoniyası əsasında elə bir cəmiyyət yaratmaq olar ki, o cəmiyyət dinc, sülh və əmin-amanlıq şəraitində yaşaya bilər. Bunun bariz nümunəsi bizim doğma vətənimizdir”.

Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete: “2016-cı ilin oktyabrında Papa Fransisk Azərbaycana səfər etdi, bizim yaşadığımız reallığı gördü və qeyd etdi ki, dinlərarası münasibətlərin bu cür yüksək səviyyəsi dünyanın başqa ölkələri üçün nümunə olmalıdır. Belə nümunəvi Azərbaycana görə Tanrıya şükür etmək istəyirəm”.

Dünya katoliklərinin rəhbəri Bakıda dini icma başçıları ilə görüşündən sonra bu sözləri də dilə gətirmişdi: “Səmimi qəlbdən arzu edirəm ki, Azərbaycan müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlıq yolunu davam etdirsin. Şərq ilə Qərb arasında qapı olan bu məkan daim sülhə açıq olsun”. Fərqlilikləri ayırıcılıq deyil, zənginlik kimi görənlər üçün Azərbaycan hər zaman belə şükranlı diləklərin məkanı olacaq.
   
Vüqar Əliyev 

"Mədəniyyət" qəzeti

 

Xəbərlər
Redaktorun seçimi