“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.07.2017, 19:41
1305

Üçüncü çağırış Milli Məclisə seçkilər (2005). 4. Seçki yarışının ilkin nəticələri (noyabr 2005)

A- A+

⇔ ⇔ ⇔ 

Beləliklə, 4 ay sürən seçki kampaniyası 6 noyabr finişinə çatdı. Namizədliyi qeydə alınmış 2063 nəfərdən 1541 nəfəri (o cümlədən 165 qadın namizəd) yolun sonuna gəlib çıxmışdı. Bu ümumilikdə seçki yarışına qoşulmuş şəxslərin (2237 nəfər) təxminən 70 faizini, qeydə alınmış namizədlərin isə 75 faizini təşkil edirdi. Seçki yarışını tərk edənlərin təxminən üçdə birini YAP-çı namizədlər təşkil edirdi. Hərçənd bu proses də tam rəvan şəkildə ötüşməmiş, partiyanın rəsmi namizədlərinin xeyrinə yarışı tərk etməsi məsləhət bilinənlərdən bir qismi (50-yə yaxın şəxs) buna əməl etmədiyi üçün YAP sıralarından xaric olunmuşdu. Təxminən 50-yə yaxın namizəd isə müvafiq dairə seçki komissiyalarının müraciəti əsasında Apellyasiya Məhkəməsi tərəfindən seçkidən kənarlaşdırılmışdı. Onların bir qisminə qarşı təbliğat dövründə qanunvericiliyi pozması (seçiciləri maddi təşviqlə ələ alma və s.) ilə bağlı ittihamlar irəli sürülsə də, məhkəmənin çıxardığı qərarlar arxasında digər namizədlər üçün "yol təmizləmək" niyyətləri də yox deyildi.

MSK-nın "Seçkilər" İnformasiya Mərkəzinin internet saytında yerləşdirilmiş yekun statistikaya görə, ən çox namizəd 125 saylı Zəngilan-Qubadlı dairəsində mübarizə aparırdı - 26 nəfər. Bakı şəhəri üzrə ən çox namizəd (24 nəfər) 29 saylı Səbail dairəsində idi. Ümumilikdə 17 dairədə (o cümlədən paytaxt üzrə 9 dairədə) namizədlərin sayı 20 və daha çox idi. Hamizədlərin sayına görə ən zəif göstərici 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur və 5 saylı Şahbuz-Babək dairələrində (hərəsində 3 namizəd) qeydə alınmışdı. Bakıda (29 dairə), həmçinin Gəncə və Sumqayıtda (hərəsində 4 dairə vardı) orta hesabla hər dairəyə 16, bölgələrdə (ümumilikdə 81 dairə) isə 11 namizəd düşürdü.

MSK-nın məlumatına görə, ölkə üzrə 5137 seçki məntəqəsi yaradılmış və həmin məntəqələr üzrə 4 milyon 660 min seçici (hər seçki dairəsinə 37 min seçici) qeydə alınmışdı. Hərçənd burada da ümumi statistik mənzərə fərqli idi. Məsələn, 5 saylı Şahbuz-Babək dairəsində 27 min, 44 saylı Sumqayıt-Abşeron dairəsi isə 45 min seçicini əhatə edirdi. 122 saylı Xankəndi dairəsində isə cəmisi 3300 nəfər seçici qeydə alınmışdı. Hərçənd avqust ayında bu dairə üzrə seçkilər elan ediləndə MSK-dan bildirmişdilər ki, o, ən azı 7 min nəfəri əhatə edəcək.

Digər tərəfdən, əvvəldən bəlli idi ki,Dağlıq Qarabağ ermənilərinin Xankəndi dairəsi üzrə seçkiyə qatılması real məsələ deyil. Odur ki, MSK gərək bu dairədə seçki elan edərkən nəzərə ala və keçmiş DQMV ərazisi üzrə formalaşdırılmış dairələrdən seçicilərin bir qismini (məsələn, 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd dairəsi 40 mindən çox seçicini əhatə edirdi) bu dairəyə "köçürəydi". Hər halda 3 minlik seçici kontingenti ilə 45 minlik seçicinin parlamentdə eyni dərəcədə (1 yer) təmsil olunması anormaldır.

Seçicilərin səsvermədə iştirak fəallığı üzrə statistik mənzərə birmənalı deyildi. Artıq ikinci dəfə idi ki, parlament seçkilərinin gedişi "Seçkilər" İnformasiya Mərkəzi tərəfindən "on-layn" rejimində (ilk dəfə bu sistem 2000-ci il 5 noyabr seçkilərində işə salınmışdı) internetdə yayınlanırdı və bu prosesi yaxından izləmək mümkün idi. Səhər saat 8-də başlanan səsvermə saat 19-da başa çatdı və ölkə üzrə seçicilərin 46,83 faizinin (2 milyon 184 min nəfər) səs verdiyi elan olundu. Ən yüksək aktivlik 51 saylı Qusar (70,13 faiz), 70 saylı Masallı (65,72 faiz), 95 saylı Tərtər (65,15 faiz), 14 saylı Əzizbəyov ikinci (64,93 faiz) və 1 saylı Şərur-Sədərək (63 faiz) dairələrində qeydə alınmışdı. Ümumilikdə 40-dan çox dairədə seçicilərin 50 faizdən çoxu səsvermədə iştirak etmişdi. Ən passiv iştirak isə 28 saylı Sabunçu üçüncü (28,7 faiz), 27 saylı Sabunçu ikinci (31,7 faiz) və 118 saylı Ağdam şəhər (32,3 faiz) qeydə alınmışdı.

İlk dəfə olaraq bu seçkilərdə ölkə üzrə bir neçə "exit-poll" keçirilirdi və onların nəticələrinin səsvermə bitəndən dərhal sonra elan ediləcəyi bildirilmişdi. Lakin yalnız səsvermə bitəndən 3 saat sonra ABŞ-ın "Mitofskü International" və "Edison Media Research" şirkətlərinin 125 dairədə keçirdiyi "exit-poll"un nəticələri internetdə yerləşdirildi. Həticələrə görə, dairələrin böyük əksəriyyətində YAP təmsilçiləri və bitərəf namizədlər qalib gəlmişdi. Qeyd edək ki, müxalifət hələ 6 noyabrdan xeyli öncə bu şirkətlərin keçirəcəyi "exit-poll"a etimad göstərməyəcəyini, yalnız ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin tərəfdaşı olan "RA Government Services" şirkətinin "exit-poll"unu qəbul edəcəyini bildirmişdi.

Lakin bu "exit-poll"un yekunu da müxalifət üçün ürəkaçan olmadı. Səsvermədən yalnız 5 saat ötəndən sonra (artıq bu vaxt "Seçkilər" İnformasiya Mərkəzi də dairələr üzrə ilkin nəticələri elan etməyə başlamışdı) açıqlanan nəticələrə əsasən, "exit-poll" keçirilmiş 65 dairədən 58-də ümumi göstərici MSK-nın ilkin nəticələri ilə adekvat idi, yəni bu dairələrdən eyni namizədlər qalib çıxmışdı. Hərçənd bəzi dairələrdə MSK-nın nəticələri ilə "exit-poll"un göstəriciləri arasındakı fərq qəbul olunmuş həddən (3,5 faiz) artıq idi. Həmin gün "exit-poll" keçirmiş daha iki qurumun - Estoniyanın "Saar-poll" şirkətinin və yerli "Proqnoz" sosioloji xidmətinin nəticələri də ümumilikdə MSK-nın göstəriciləri ilə üst-üstə düşürdü.

Belə olan təqdirdə müxalifət təmsilçiləri "RA Government Services" şirkətinin "exit-poll"una da etimadsızlıq göstərərək bəyan etdilər ki, yerlərdə bu şirkət üçün sorğu keçirənlərin çoxu hakim partiya yaxın şəxslər olub. Öz növbəsində YAP funksionerləri də əks ittihamla çıxış edərək ayrı-ayrı dairələrdə sorğunun müxalifyönlü şəxslər tərəfindən keçirildiyini bildirdi. Bu xüsusda ən böyük mübahisə 11 saylı Qaradağ dairəsi ətrafında yarandı. MSK-nın məlumatına görə, həmin dairədə 43 faiz səslə YAP-ın namizədi, ötən parlamentin spikeri Murtuz Ələsgərov qalib gəlmişdi. Lakin "exit-poll"da M.Ələsgərovun göstəricisi cəmisi 8 faiz idi, onun müxalifətdən (ADP) olan rəqibinin isə 58 faiz səs qazandığı göstərilirdi.

"RA Government Services"-in "exit-poll"u ilə rəsmi nəticələr arasında daha bir fantistik fərq 119 saylı Ağdam kənd dairəsində üzə çıxdı. Həmin dairədə rəsmi nəticəyə görə, YAP-çı Bəxtiyar Sadıqov qalib gəlib (42,5 faiz), "exit-poll"da isə onun 3 faiz səs qazandığı göstərilir. Həmin dairədə "exit-poll"un qalibi olaraq (33 faiz) göstərilən şəxs isə (Təhmasib Hovruzov) MSK-nın statistikasına görə, cəmisi 102 səs qazanıb və seçkini 0,6 faiz səslə sonuncu yerdə başa vurub. Bütün bunlar onu göstərir ki, Azərbaycanın seçki praktikasında ilk dəfə keçirilən "exit-poll" heç də subyektiv müdaxilələrsiz ötüşməyib.

Seçkilərlə bağlı beynəlxalq müşahidəçilərin qənaəti də kifayət qədər fərqli oldu. MSK-nın məlumatına görə, 6 noyabr seçkiləri ilə bağlı 45 ölkədən 1568 nəfər xarici müşahidəçi akkreditə olunmuşdu. Bu, 2000-ci ilin parlament seçkiləri ilə müqayisədə üç dəfə çox idi. ATƏT, Avropa Şurası, HATO Parlament Assambleyası və Avropa Parlamentini təmsil edən müşahidəçilərin birləşdiyi Beynəlxalq Müşahidəçilər Missiyasına 660-a yaxın nümayəndə daxil idi.

Odur ki, hər şeydən öncə bu missiyanın qənaəti maraqla gözlənilirdi. Missiya 2005-ci il seçkilərinin bir sıra cəhətləri ilə ötən seçkilərdən müsbət şəkildə fərqləndiyini, özəlliklə seçkiqabağı mərhələnin kifayət qədər demokratikliyi ilə seçildiyini (namizədlərin qeydiyyatında problemin olmaması, təbliğat kampaniyası üçün geniş şəraitin yaradılması) bildirməklə yanaşı, səsvermə zamanı və səslərin hesablanmasında bir sıra pozuntulara yol verildiyini bəyan etdi.

Missiyanın ilkin hesabatına (yekun hesabatın dekabrın ortalarında elan ediləcək) görə, ölkə üzrə seçki məntəqələrinin 87 faizində seçki ümumən normal keçib və xırda pozuntularla müşayiət olunub, 13 faizdə isə proses tam mənfi qiymətləndirilib. Missiyanın qənaətinə görə, seçkilər bir sıra beynəlxalq standartlara və Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə cavab verməyib. Nümayəndələrin sayına görə ikinci olan (600 nəfərə yaxın) MDB-nin müşahidəçilər missiyası, həmçinin Türkiyənin, digər qonşu və bəzi Avropa ölkələrinin (Baltikyanı ölkələr, Bolqarıstan, Rumıniya) təmsilçiləri isə seçkilərə müsbət və ümumən müsbət qiymət verdilər.

Öz növbəsində Azərbaycan rəhbərliyi tənqidi qeydləri və sözügedən çağırışı adekvat qarşıladı. Prezident İlham Əliyev artıq noyabrın 7-də MSK-ya, habelə ölkə prokurorluğuna bütün şikayətlərin operativ şəkildə araşdırılması və günahkarların cəzalandırılması barədə göstəriş verdi. Artıq noyabrın 8-9-da MSK bir neçə dairə üzrə qərarlar qəbul etdi. 31 saylı Suraxanı ikinci dairəsində 10 məntəqənin ləğvi nəticəsində həmin dairədə birinci yerə "Azadlıq" blokundan Əli Kərimli (daha öncə birincilik YAP təmsilçisinə məxsus idi) çıxdı. 8 saylı Binəqədi birinci dairəsində də eyni prosedur (12 məntəqənin ləğvi) daha bir müxalifət təmsilçisini ("Azadlıq" blokundan Arzu Səmədbəyli) birinci yerə çıxardı.

Bundan əlavə, MSK 9 saylı Binəqədi ikinci dairəsində seçkilərin nəticələrini bütövlükdə ləğv etdi. Sonrakı günlərdə MSK daha üç dairədə - 38 saylı Hizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci və 110 saylı Zaqatala dairələrində (ilkin nəticələrə görə, YAP təmsilçilərinin qalib gəldiyi elan edilmişdi) məntəqələrin beşdə ikisindən çoxunda pozuntu olduğu nəzərə alınaraq (qanunvericiliyə görə, bu halda dairə üzrə nəticələr ləğv edilməlidir) bütövlükdə nəticələri ləğv etdi. MSK-dakı müxalifət təmsilçiləri bu dairələrdə nəticələrin bütünlüklə ləğvinə qarşı çıxaraq pozuntular nəzərə alınmaqla səslərin yenidən hesablanmasını və nəticədə birinci yerə çıxacaq müxalifət namizədlərinin qələbəsini elan etməyi tələb etsələr də, nəticəsi olmadı.

MSK-nın şikayətlərlə (quruma 538 şikayət daxil olmuşdu) bağlı araşdırması noyabrın 23-dək davam etdi. Nəticədə ümumilikdə 80-ə yaxın dairə üzrə 460 məntəqənin (ölkə üzrə bütün məntəqələrin 9 faizi) nəticələri ləğv edildi. Lakin, yuxarıda qeyd olunan iki dairədən savayı, qalan yerlərdə bu prosedur seçkilərin ümumi yekunlarına təsir göstərmədi. Əvəzində məntəqələr üzrə nəticələrin ləğvi seçkinin ümumi statistikasına təsir etdi və ölkə üzrə etibarlı sayılmış səslərin sayı 1 milyon 974 minə (42,2 faiz) endi.

Eyni zamanda, MSK bir sıra şikayətlərin araşdırılmaq üçün prokurorluğa göndərildiyini bildirdi. Prokurorluqdan isə 15-ə yaxın iş üzrə cinayət işinin açıldığı, bəzi işlər üzrə dairə və məntəqə komissiya sədrlərinin haqqında həbs qərarının alındığı bildirildi. Eyni zamanda, dövlət başçısının sərəncamları ilə seçkilərə müdaxilə etdiyinə görə üç rayonun (Suraxanı, Sabirabad, Zaqatala) icra başçısı vəzifəsindən azad edildi.

Lakin bütün bu tədbirlər seçkilərdə gözlədiyindən xeyli az yerə sahib olmuş müxalifət qüvvələrini qane etmədi. "Azadlıq", "Yeni siyasət" və "Milli birlik" blokları, habelə parlamentdə heç bir yer əldə etməmiş bir neçə müxalifət partiyası seçkilərin bütün ölkə üzrə saxtalaşdırma ilə müşayiət olunduğunu bəyan etdilər və seçkilərin ölkə üzrə yenidən keçirilməsi tələbilə etiraz aksiyalarına başladılar. Seçkidən narazı qalan bitərəf namizədələr də bu tələbə qoşuldular. Ümumilikdə 500-ə yaxın namizədin iştirakı iə keçirilən forumda seçkilərin nəticəsinin tanınmaması barədə birgə bəyanat qəbul edildi. Buna cavab olaraq hakim partiya seçkinin nəticələrini tanıyan namizədlərin forumunu keçirdi. 700-ə yaxın namizədin iştirak etdiyi tədbirdə seçkilərin tanınması barədə parlamentdə yer almış bir sıra müxalifət partiyaları da imza atdı.

Noyabrın 23-də MSK seçkilərin yekun protokolunu təsdiqlədi və 125 dairədən 121-də seçkinin baş tutduğunu elan etdi.

Yekun protokola əsasən, 121 nəfər qalibdən 58-i YAP təmsilçisi (o cümlədən 50 nəfər partiyanın rəsmi siyahısı üzrə), 42 nəfər isə bitərəf namizəddir. "Azadlıq" blokundan 8 nəfər, "Yeni siyasət" bloku, "Ana Vətən" və Vətəndaş Həmrəyliyi partiyaların namizədlərindən 2 nəfər seçkilərdə qalib gəlib. Bundan əlavə, daha 7 partiya (Liberal,"Ümid", Sosial Rifah, Demokratik İslahatlar, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Vətəndaş Birliyi partiyaları) parlamentdə hərəyə bir yer qazanıblar. Ümumilikdə müxalifət düşərgəsi 17 yer əldə edib.

MSK-nın yekun qərarı 11 lehinə, 4 əleyhinə olmaqla qəbul edildi. MSK-da müxalifəti təmsil edən 6 nümayəndədən yalnız ikisinin (ADP və Kompartiyanın təmsilçisi) qərarı dəstəklədiyi, AXCP, AMİP, Müsavat və Vətəndaş Həmrəyliyi partiyalarının nümayəndələrinin isə sənədi imzalamaqdan imtina etdikləri bildirildi. Elə həmin gün MSK seçkilərin yekun protokolunu Konstitusiya Məhkəməsinə göndərdi.

 

Xəbərlər
Redaktorun seçimi