“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.07.2017, 19:25
2188

İkinci çağırış Milli Məclis (2000-2005). 2. Yeni parlamentin ümumi mənzərəsi

A- A+

⇔ ⇔ ⇔ 

2000-ci il noyabrın 5-də keçirilmiş seçkilərdən sonra 124 mandatdan 113-cü sahibini tapmışdı. O cümlədən 99 majoritar dairədən 88-də qalib müəyyənləşmişdi. Seçkilərdə məğlubiyyətə uğramış müxalifət partiyaları yeni parlamenti qeyri-legitim elan edərək etiraz kampaniyasına başlamışdı. Lakin bu kampaniya müxalifət düşərgəsindəki ziddiyyətlər səbəbindən tezliklə iflasa uğradı. Müsavat, AMİP və ADP-nin boykot çağırışlarına baxmayaraq AXCP ("islahatçılar") və VHP (Sabir Rüstəmxanlı) deputat mandatlarından imtina etmədi. Proporsional sistem üzrə 2 mandat qazanmış Kommunist Partiyası (Ramiz Əhmədov) isə, ümumiyyətlə, boykot barədə düşünmürdü.

Beləliklə, noyabrın sonunda ikinci çağırış Milli Məclis fəaliyyətə başladı. Murtuz Ələsgərov yenidən parlamentin sədri seçildi. Ötən parlamentdə 1-ci vitse-spiker olmuş Arif Rəhimzadə də öz postunda qalmışdı. Lakin sədarətdə müəyyən dəyişiklik də vardı. Artıq parlamentdə iki vitse-spiker postu vardı və onlardan biri bitərəf deputatlar üçün nəzərdə tutulmuşdu. Həmin vəzifəyə parlamentin nüfuzlu deputatlarından biri Zakir Zeynalov (87 saylı Tovuz şəhər seçki dairəsi) seçildi. Digər vitse-spiker postunu hakim partiyanın nümayəndəsi (proporsional sistem üzrə seçilmişdi) Ziyafət Əsgərov tutdu. 2001-ci ilin əvvəlində Z.Zeynalov ağır sürən xəstəlikdən sonra vəfat etdi. Bir müddət vakant qalan vitse-spiker postuna bitirəf deputat Gövhər Baxşəliyeva (57 saylı Bərdə-Ağcabədi seçki dairəsi) seçildi.

2001-ci il yanvarın 7-də nəticələri ləğv olunmuş 11 dairədə təkrar seçkilər 5 noyabr seçkilərdən müsbət mənada fərqləndi. Beynəlxalq tənqidləri nəzərə alan hakimiyyət bu dəfə daha demokratik seçki şəraiti yaratmışdı. Eyni zamanda, hakimiyyət təkrar seçkidə daha çox boykotçu müxalifətin iştirakında maraqlı idi. Lakin həmin partiyalar şansı rədd etdilər. Təkrar seçkilərdə 11 mandatdan yalnız 4-ü YAP təmsilçilərinə qismət olmuşdu. Əvəzində bu seçkilər bir neçə kiçik partiya üçün əlamətdar şans oldu və Mayis Səfərli ("Yurddaş"), İqbal Ağazadə ("Ümid"), Abutalıb Səmədov (AHAP), Zahid Oruc ("Ana Vətən") deputat mandatı qazandılar. AXCP ("islahatçılar") daha bir mandat (Əliməmməd Huriyev) əldə etdi.  

Beynəlxalq müşahidəçilər təkrar seçkilərə ümumən müsbət rəy verdi və bu, Azərbaycanın Avropa Şurasına (AŞ) yolunu xeyli rəvan etmiş oldu. 2001-ci il yanvarın 25-də Azərbaycan AŞ-nin tamhüquqlu üzvü oldu. Müəyyən olunmuş kvotaya görə, Azərbaycana AŞ-nin Parlament Assambleyasında 12 deputat (6 əsas və 6 ehtiyat üzv) yeri ayrılmışdı. Millət vəkili İlham Əliyevin rəhbərlik etdiyi deputat qrupu ilk dəfə olaraq AŞPA-nın işində iştirak etdi. Qrupda hakim partiya və bitərəflərin təmsilçiləri ilə yanaşı, müxalifət deputatlarına yer (2 nəfər) ayrılmışdı.

Parlamentin tam tərkibi formalaşsa da, seçki mübahisələri hələ davam edirdi. Müsavat və AMİP majoritar qaydada parlamentə seçilmiş üzvlərini mandatdan imtina etməyə çağırsa da, onlar bu çağırışa əməl etmədilər. Eyni zamanda, Vaqif Səmədoğlu və Şirzad Əyyub Müsavat üzvlüyündən istefa verərək parlametin bitərəf deputatlarına qoşuldular. Öz növbəsində AMİP majoritar qaydada deputat seçilmiş üzvlərini (Rüfət Ağalarov və Hidayət Qulamov) partiya sıralarından xaric etdiyini bildirdi.

Lakin maraqlıdır ki, hər iki deputatın Milli Məclisin internet saytında yer alan tərcümeyi-halında onların bu gün də AMİP üzvü olduğu göstərilir. Radikal müxalifətin çağırışına əməl edən yeganə şəxs isə AXCP-nin "klassiklər" qanadının rəhbəri Mirmahmud Mirəlioğlu oldu. 29 saylı Əli Bayramlı-Salyan dairəsindən deputat seçilmiş M.Mirəlioğlu təxminən bir ilə yaxın sürən boykotdan sonra mandatından rəsmən imtina etdi və 2002-ci ilin aprelində həmin dairədən bitərəf Mikayıl Mirzə deputat seçildi.

İkinci çağırış Milli Məclisin tərkibi bir sıra cəhətlərinə görə əvvəlki parlamentdən fərqlənirdi. Əvvala, 1995-ci ilin parlamentindən yalnız 53 nəfər yeni tərkibdə yer almışdı. Birinci çağırış Milli Məclisin üzvü olmuş əksər şair-yazıçı, sovet dövrünün əmək zərbəçisi, incəsənət xadimləri - bir sözlə, praktik olaraq deputat fəaliyyəti göstərməyən və yalnız görüntü naminə zalda əyləşən şəxslərin çoxu parlamentə düşməmişdi. Hərçənd yeni parlamentdə də bu kateqoriyadan olan mandat sahibləri vardı.

Ötən parlamentdə kifayət qədər (30 nəfərə yaxın) təmsil olunmuş qocaman YAP-çıların, "91-lər"in sayı da yeni parlamentdə minimuma enmişdi. Əvəzində qanunverici orqanın yeni tərkibində gənc deputatların, intellektual səviyəsi, peşəkərlığı ilə seçilən millət vəkillərinin sayı nəzərəçarpacaq dərəcədə artmışdı.

Yeni parlamentdə ikinci diqqətçəkən cəhət hakim partiya üzvlərinin sayının artması idi. Əgər 1995-ci il seçkilərindən sonra Milli Məclisdə YAP-ın 54 üzvü vardısa və yalnız sonradan bitərəflərin hakim partiya sıralarına keçməsi ilə bu rəqəm 70-ə çatmışdısa, ikinci çağırış Milli Məclisdə lap əvvəldən YAP-ın parlamentdəki fraksiyasında 74 deputat (o cümlədən 58 nəfər majoritar sistem üzrə) vardı və bu rəqəm sonadək dəyişməz olaraq qaldı. Bitərəf deputatların sayı isə 30-a yaxın idi. Başqa sözlə, bu dəfə parlaimentdə hakim partiya üzvlərinin sıraları monolitliyi ilə, bitərəflərin sırası isə sabitliyi ilə diqqət çəkirdi.

Təsadüfi deyil ki, 1995-ci ilin parlamentindən fərqli olaraq, yeni parlamentin fəaliyyəti dövründə YAP-dan heç bir "qopma" baş vermədi. Bu xüsusda yalnız partiya sədrinin keçmiş müavini Rəfael Allahverdiyevi qeyd etmək olar, amma sabiq merin YAP-dan uzaqlaşması faktiki olaraq hələ 2000-ci il seçkilərində gerçəkləşmişdi. 2003-cü ilin yayından isə o, səhhətindəki problemlər səbəbilə, ümumiyyətlə, parlamentin iclaslarına qatılmırdı. Bütövlükdə götürdükdə, ikinci çağırış Milli Məclisdə siyasi mənsubiyyətlə bağlı heç bir "transfer" faktı qeydə alınmamışdı.  

Yeni parlamentin digər əlamətdar cəhəti müxalifətin aşkar passivliyində özünü göstərdi. İkinci çağırış Milli Məclisdə müxalifət deputatları qanunvericilik nöqteyi-nəzərindən hansısa təşəbbüskarlıqla diqqət çəkmədi.

1995-ci ilin parlamentində cəmisi 10 müxalif deputat vardı, amma onlar daha aktiv görünürdülər. Yeni parlametdə isə 15-ə yaxın müxalifətçi deputat olmasına rəğmən, bir tərəfdən, onların arasında koordinasiyanın olmaması, digər yandan, parlamentdəki əsas müxalifət qrupunu təşkil edən AXCP-nin daxilindəki ziddiyyətlər səbəbindən ikinci çağırış Milli Məclisdə hakimiyyətin opponentləri daha çox "boz kütlə" olaraq yadda qalıblar. Üstəlik 2005-ci ilin yazında əvvəlcə Ə.Huriyevin, daha sonra isə Asim Mollazadənin AXCP sıralarından getməsi ilə partiyanın deputat sayı 4-ə endi. Üstəlik AXCP sədri Əli Kərimli 2003-cü ilin mayından sonra parlamentin iclaslarına iştirak etməyib.

İkinci çağırış Milli Məclisdə başqa bir diqqətçəkən cəhət kimi deputatların bir qisminin müxtəlif icra strukturlarına işə keçməsini və bu səbəbdən parlamentdə əlavə seçkilər yolu ilə rotasiyanın həyata keçirilməsini qeyd etmək olar. Sözsüz ki, bu xüsusda ən böyük hadisə YAP sədrinin 1-ci müavini və hakim partiyanın proporsional seçki siyahısına rəhbərlik etmiş İlham Əliyevin 2003-cü ilin 15 oktyabrında prezident seçilməsi oldu. Bundan sonra MSK-nın qərarı ilə YAP-ın proporsional siyahısında 17-ci sırada olmuş Asif İmaməliyev rotasiya qaydasında parlamentdə üzvü oldu.

Bundan əlavə, 2002-ci ildə Nazim İbrahimov (Qaradağ seçki dairəsi), 2004-cü ildə Əli Abbasov (Səbail seçki dairəsi) deputat mandatlarını hökumətdə nazir postlarına dəyişməli oldular. İkinci çağırış Milli Məclisin fəaliyyəti müddətində deputatların bir neçəsi icra başçısı və səfir vəzifəsinə təyinat alaraq mandatlarını təhvil verdilər. Deputat mandatını yeni vəzifəyə dəyişənlər sırasında sonuncu şəxs isə 2005-ci ilin yayında İctimai Televiziyanın direktoru vəzifəsinə seçilən İsmayıl Ömərov (Xaçmaz seçki dairəsi) oldu.

İkinci çağırış Milli Məclisdə deputatın toxunulmazlıq hüququndan məhrum edilməsi faktı iki dəfə qeydə alınıb. 2003-cü ilin 15-16 oktyabr hadisələrindən sonra parlament baş prokurorun təqdimatına əsasən İqbal Ağazadənin (Xətai üçüncü seçki dairəsi) deputat toxunulmazlığına xitam verilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmişdi. 2005-ci il oktyabrında isə analoji qərar 38 saylı Sumqayıt birinci dairəsindən millət vəkili, "Azərkimya" dövlət konserninin prezidenti Fikrət Sadıqovun barəsində qəbul edildi və o, dövlət çevrilişi cəhdində ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edildi.

Bundan əlavə, ikinci çağırış Milli Məclisin səlahiyyət müddətində bir neçə deputat (Zakir Zeynalov, Samur Hovruzov, Nağı Əbdüləzimov, Şamil Qurbanov, Şadman Hüseyn, İbrahim İsayev) dünyasını dəyişdi.

Bütün bu dəyişikliklər səbəbilə 2001-2004-cü illərdə parlamentə ümumilikdə 11 dəfə əlavə seçki keçirildi. Sonuncu dəfə ikinci çağırış Milli Məclisə əlavə seçkilər 2004-cü il oktyabrın 19-da oldu və 24 saylı Nizami (Eldar Quliyev), 29 saylı Səbail (Afət Xanbabayeva) və 101 saylı Xanlar-Daşkəsən (Rövşən Rzayev) dairələri üzrə yeni deputatlar seçildilər. 2005-ci il ərzində parlamentdə sadalanan səbəblərdən boşalmış yerlərə isə əlavə seçkilər keçirilmədi. Çünki artıq yeni seçkilərə start verilmişdi və üstəlik qanunvericilik də yeni parlament seçkilərinə 6 ay qalmış boşalmış yerlərə əlavə seçkiləri qadağan edirdi. Bu səbəbdən, ikinci çağırış Milli Məclis öz səlahiyyət müddətini 120 deputatla başa vurmalı oldu.

Yeri gəlmişkən, bu seçkilər ilk dəfə olaraq birmandatlı dairələrin yeni coğravi sxeminə uyğun keçirilmişdi. Artıq ölkə üzrə majoritar seçki dairələrinin sayı 100 deyil, 125 olmuşdu. Bu dəyişiklik isə 2002-ci il avqustun 24-də keçirilmiş referendum nəticəsində mümkün olmuşdu. Prezident Heydər Əliyevin təşəbbüsü ilə keçirilən referendumda Konstitusiyanın ümumilikdə 20 maddəsinə 40-a yaxın əlavə və düzəliş edildi. Həmin dəyişikliklərin bir qismi parlamentlə bağlı idi. Konstitusiyanın 83-cü maddəsinə edilən dəyişikliyə əsasən, Milli Məclisə proporsional sistem üzrə seçkilər ləğv olundu və parlamentin bütün deputatlarının birmandatlı dairələr üzrə seçilməsi təsbit edildi.

Bundan əlavə, parlamentin səlahiyyəti qismən genişləndirildi. Parlamentə insan hüquqları üzrə müvəkkili - Ombudsmanı seçmək (95-ci maddə), həmçinin hökumətdən illik hesabat tələb etmək hüququ verildi.

Konstitusiyaya edilən başqa bir dəyişikliyə (105-ci maddə) görə, ölkədə hakimiyyət bölgüsü prinsipi daha da dəqiqləşdirildi və ali icra hakimiyyətinin başçısı olan prezidenti əvəz edəcək (əgər o, vaxtından əvvəl vəzifədən gedərsə) şəxs kimi baş nazir təsbit olundu. Buna qədər isə prezident səlahiyyətlərini vaxtından öncə təhvil verdiyi halda onu parlamentin sədri, yəni qanunverici orqanın rəhbəri əvəz edirdi, bu isə hakimiyyət bölgüsü prinsipi ilə ziddiyyət təşkil edirdi.

Konstitusiyaya edilən mühüm dəyişikliklərdən biri də ölkə əhalisinə ali məhkəmə instansiyasına - Konstitusiya Məhkəməsinə şikayət etmək hüququnun verilməsi oldu. Bu müddəa həmçinin Azərbaycan vətəndaşlarına Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək imkanı yaratmış oldu.

Qeyd etmək lazımdır ki, ikinci çağırış Milli Məclis ötən müddətdə ölkə həyatı üçün vacib olan qanunvericilik sənədləri ilə yanaşı, Azərbaycanın Avropa ailəsinə və demokratik dünyaya inteqrasiyasını təmin edəcək bir sıra beynəlxalq sənədləri, Avropa Şurasının konvensiya və protokollarını da təsdiq edib.

2003-cü ildə isə parlamentdə qəbul olunun ən mühüm qanunvericilik toplusu yeni Seçki Məcəlləsi oldu. Müzakirələri hələ 2002-ci ildə başlanan və böyük diskussiyalar doğuran Seçki Məcəlləsi 2003-cü il mayın 27-də qəbul olundu və iyunun 3-də qüvvəyə mindi. Ölkədə keçiriləcək bütün seçki proseslərini tənzimləyəcək bu qanunvericilik toplusunda seçki komissiyalarının təşkili ilə bağlı iki formul əksini tapmışdı. Keçid dövrü üçün nəzərdə tutulan müvəqqəti formula görə, MSK-nın 15 üzvündən 6-sı parlament çoxluğunu (YAP), 6-sı müxalifəti (o cümlədən 3 yer parlamentdə təmsil olunan müxalifət üçün, 3 yer isə parlamentdənkənar müxalifət üçün), 3-ü isə bitərəf deputatları təmsil edir. Seçki Məcəlləsinin 2005-ci il parlament seçkilərindən sonra qüvvəyə minən əsas formulu isə MSK-nın 18 üzvdən ibarət olmasını və iqtidar, müxalifət və bitərəflərin bərabar kvota ilə (6 nəfər) təmsil olunmasını nəzərdə tutur.

Yeri gəlmişkən, Seçki Məcəlləsinin sözügedən müddəaları o vaxt beynəlxalq ekspertlər, o cümlədən AŞ-nin Venesiya Komissiyası tərəfindən ümumən məqbul sayılmışdı. Bununla belə, 2003-cü ilin prezident seçkilərindən sonra Azərbaycanda seçki sisteminin hələ də mükəmməl olmadığı qənaətinə gələn Venesiya Komissiyası Seçki Məcəlləsinin, o cümlədən seçki komissiyalarının formalaşdırılma prinsiplərinə yenidən baxılması təşəbbüsü ilə çıxış etdi. Öz növbəsində hakimiyyət bir sıra dəyişikliklərə razı olsa da, seçki kommissiyalarının mövcud formulunun dəyişdirilməsi təklifini qəbul etmədi. Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri nəzərdə tutan qanun isə 2005-ci il iyununun sonunda, yeni seçkilərə rəsmən start verilməsindən bir neçə gün öncə qəbul edildi.

Beləcə, ikinci çağırış Milli Məclis səlahiyyət müddətinin sonuna yaxınlaşdı. Bu müddətdə parlament ölkə həyatı üçün vacib olan qanunvericilik sənədlərinin qəbulu ilə yanaşı, Azərbaycanın Avropa ailəsinə və demokratik dünyaya inteqrasiyasını təmin edəcək bir sıra beynəlxalq sənədləri, Avropa Şurasının konvensiya və protokollarını da təsdiq etmişdi. Ümumilikdə ikinci çağırış Milli Məclisin 311 iclası keçirilmiş, bu iclaslarda 1042 akt, o cümlədən 909 qanun və 133 qərar qəbul edilmişdi.

Beləliklə, ikinci çağırış Milli Məclis Azərbaycanda parlamentarizm təcrübəsini daha da zənginləşdirdi. Bu dövrdə Azərbaycanın qanunvericilik bazası genişləndi, qanunların böyük hissəsi Avropa standartlarına uyğunlaşdırıldı. Həmin qanunlar, həmçinin ölkəmizin qoşulduğu çoxsaylı beynəlxalq konvensiyalar Azərbaycanda demokratik inkişafın, insan haqlarına təminat və hüquqi dövlət quruculuğu prosesinin daha da dərinləşdiyini, Azərbaycanın beynəlxaq müstəvidə mövqelərinin möhkəmləndiyini nümayiş etdirdi.

İkinci çağırış Milli Məclisin fəaliyyət dövrü həm də Azərbaycan parlamentinin dünyanın ən nüfuzlu təşkilatlarından olan Avropa Şurası Parlament Assambleyasında tamhuquqlu təmsilçiliyi ilə yadda qaldı. Beş il müddətində Azərbaycan parlamentarları AŞPA-da, həmçinin digər beynəlxalq təşkilatlarda ( ATƏT-in Parlament Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, MDB Parlamentlərarası Assambleyası, NATO Parlament Assambleyası və s.) aktiv fəaliyyət göstərmişdilər. Azərbaycan parlamentinin dünyanın 60-dan çox ölkəsinin parlamenti ilə əlaqələri yaranmışdı.

İkinci çağırış Milli Məclisin deputat korpusu intellektual və peşəkarlıq səviyyəsinə görə də öncəki parlamentdən üstün idi. Azərbaycanda parlament institutu artıq dünyanın inkişaf etmiş, demokratik ölkələrinin parlamentlərinin səviyyəsinə çatmaq üçün önəmli yol qət etmişdi. Bu yolun daha önəmli hissəsini yeni parlament qət etməli idi və artıq üçüncü çağırış Milli Məclisə start verilmişdi.

 

Xəbərlər
Redaktorun seçimi