“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.07.2017, 19:11
1743

Birinci çağırış Milli Məclis (1995-2000). 2. Müstəqillik dövrünün ilk parlamenti: "siyasi portret"in ştrixləri

A- A+

⇔ ⇔ ⇔ 

1995-ci ilin 12 noyabr seçkilərində ümumilikdə 96 deputat mandatı (71 majoritar və 25 proporsional) öz sahibini tapmışdı. Parlamentin işə başlaması üçün yetərsay (83 nəfər) vardı və noyabrın 24-də prezident Heydər Əliyevin iştirakı ilə yeni Milli Məclisin (MM) ilk iclası keçirildi. Deputat korpusunun ən yaşlı üzvü, 1923-cü il təvəllüdlü akademik Ziya Bünyadovun sədrliyilə keçirilən iclasda parlamentin sədarəti seçildi. Ötən parlamentlə müqayisədə rəhbərlikdə heç bir dəyişiklik olmadı. Rəsul Quliyev MM-in sədri, Arif Rəhimzadə 1-ci müavin, Yaşar Əliyev isə müavin seçildilər.

Hoyabrın 26-da 20 seçki dairəsində ikinci tur səsverməsi (daha 8 dairədə seçkilərin nəticəsi ləğv olunmuş və yeni seçkilər təyin edilmişdi) keçirildi və 13 dairə üzrə deputatlar bəlli oldu. 7 dairədə isə seçkilər baş tutmamış sayıldı. 1996-cı il fevralın 4-də ümumilikdə 15 dairədə yeni seçkilər keçirildi və 124 nəfərlik parlament (42-ci Xankəndi dairəsi istisna olmaqla) tam tərkibdə formalaşdı. Beynəlxalq dairələr, o cümlədən ATƏT və Avropa Şurasından olan müşahidəçilər missiyası seçkiləri ciddi təndid etsələr də, bütövlükdə prosesi "demokratiyaya doğru addım" kimi qiymətləndirdi.

Deputatların hamısı öz yerini tutandan sonra məlum oldu ki, 124 nəfərdən 54-ü (o cümlədən 19 nəfər proporsional sistem üzrə) bilavasitə hakim partiyanı təmsil edir. YAP-çı deputatların təxminən yarısını "91-lər" (1992-ci ilin noyabrında H.Əliyevə müraciət edərək ondan YAP-a rəhbərlik etməyi xahiş edən qrup) təşkil edirdi. 55 nəfər isə deputat mandatını bitərəf namizəd kimi qazanmışdı.

Hərçənd onların bir qismi elə iqtidar düşərgəsini təmsil edir və icra strukturunda yüksək vəzifə tuturdu. Onların arasında xarici işlər naziri Həsən Həsənov (Masallı dairəsi), mədəniyyət naziri Polad Bülbüloğlu (Şuşa-Cəbrayıl), prezidentin işlər idarəsinin rəbhəri Akif Muradverdiyev (Binəqədi-Həsimi), prezidentin köməkçisi Eldar Hamazov (Ağstafa) və s. şəxslər vardı. ARDHŞ-in 1-ci vitse-prezidenti İlham Əliyev (Qaradağ) və akademik Cəlal Əliyev (Saatlı) da parlamentə bitərəf namizədlər olaraq seçilmişdilər. Onlar yalnız 1999-cu ildə YAP-ın rəhbərliyində rəsmən yer aldılar.

"Seçki qanunu"na görə, parlamentin 15 faizi (19 nəfər) eyni zamanda icra hakimiyyətində vəzifə tuta bilərdilər (Bu müddəa keçid dövrü üçün nəzərdə tutulmuşdu və 2000-ci ilin parlament seçkilərində hakimiyyət bölgüsü prinsipi təmin olundu). Lakin vəzifəli deputatların sayı bu kvotadan çox idi. Odur ki, 1996-cı ildə vəzifəli deputatların bir neçəsi mandatdan imtina etdi. Əvvəlcə P.Bülbüloğlu mandatını könüllü olaraq təhvil verdi, 1996-cı ilin noyabrında isə baş nazir, YAP-ın proporsional siyahısı üzrə deputat seçilmiş Fuad Quliyev səhhəti ilə bağlı vəzifədən və MM üzvlüyündən getdi. Daha sonra Torpaq Komitəsinin sədri Qərib Məmmədov eyni addımı atdı.

Parlamentdə müxalifət təmsilçilərinin sayı 10 nəfər idi: AXCP-nin 4 (3-ü proporsional, 1-i majoritar), AMİP-in 3 (hamısı proporsional), "Müsavat" (Şirzad Əyyub), Vətəndaş Həmrəyliyi (Sabir Rüstəmxanlı) və Sosial Ədalət (Mətləb Mütəllimov) partiyalarının hərəyə bir deputatı vardı. Bundan əlavə, MM-də mərkəzçi və hakimiyyətə yaxın partiyalar kimi tanınan Demokratik İstiqlal Partiyasının 2 (Vilayət Quliyev və Mübariz Qurbanlı), Demokratik Sahibkarlar (Mikayıl Mirzə), Ana Vətən (Fəzail Ağamalı) və Demokratik Maarifçilik (Babaxan Muradov) partiyalarının da hərəyə bir təmsilçisi yer almışdı. Sonrakı illərdə parlamentdaxili konfiqurasiyada köklü dəyişiklik olmadı. Bu xüsusda yalnız bitərəf deputatların bir hissəsinin (təxminən 15 nəfər) YAP sıralarına keçməsini və 1998-1999-cu illərdə YAP-çı deputatların bir neçəsinin müxalifətə "transfer" olunmasını qeyd etmək olar.

Lakin yeni parlament tam tərkibdə yalnız bir neçə həftə işləyə bildi. 1996-cı il fevralın 26-da 54 saylı Balakən seçki dairəsindən deputat seçilmiş, milliyətcə avar olan Əli Ansuxski terror nəticəsində qətlə yetirildi. Ə.Ansuxski deputatlıqdan öncə biznes fəaliyyəti ilə tanınmışdı və qətlin motivlərinin bununla bağlı olduğu bildirilirdi.

1996-cı ildə parlamentdə ən mühüm qanunvericilik hadisəsi isə torpaq islahatı qanunların qəbulu oldu. Azərbaycanda özəlləşdirmənin ilk mərhələsi start götürdü. Torpaq kəndlilərə paylandı, fermer təsərrüfatları inkişaf etməyə başladı.

1996-cı ildə həmçinin Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə münasibətlərinin əsası qoyuldu. Həmin ilin iyununda Azərbaycan AŞPA-da qonaq statusu aldı və rəsmi Bakı AŞ-yə qəbul olunmaq üçün rəsmən müraciət etdi.

1996-cı ildə parlamentdə ilk siyasi ixtilaf da özünü göstərdi. Lakin bu ixtilaf iqtidar və müxalifət deputatları arasında deyil, hakimiyyətin daxilində meydana çıxmışdı. Ölkə prezidenti ilə parlametin sədri arasında 1995-ci ilin əvvəlində meydana çıxan ziddiyyətlər daha da dərinləşimşdi. Qanunverici orqanın rəhbəri kreslosunda əyləşməsinə baxmayaraq R.Quliyevin özünü hökumət rəsmisi kimi aparması, o cümlədən imzalanan neft müqavilələrinə, qəbul edilən iqtisadi qərarlara mütəmadi olaraq müdaxilə etməsi münasibətləri kritik həddə çatdırmışdı. İş o yerə çatdı ki, iqtisadi məsələlər üzrə dövlət müşaviri Vahid Axundov Prezident Aparatında keçirilən mətbuat konfransında spikerin iqtisadiyyatla məşğul olmaq iddialarını açıq şəkildə pisləyərək ona qanunvericilik fəaliyyəti ilə məşğul olmağı tövsiyə etdi.

Avqust ayında YAP-ın Siyasi Şurası spikerin fəaliyyətini sərt tənqid edən bəyanatla çıxış etdi və hakim partiyanın MM-dəki deputatları R.Quliyevi istefa verməyə çağırdılar. 1996-cı sentyabrın 11-də R.Quliyev "səhhətində problemlərlə bağlı" MM sədri vəzifəsindən istefa verdi. Prezident H.Əliyev şəxsən istefa prosedurunda iştirak edirdi. İstefadan sonra R.Quliyevin "müalicə üçün" Almaniyaya, oradan isə ABŞ-a getdiyi xəbər verildi.

İstefasından sonra təxminən bir il ərzində R.Quliyevdən səs-səmir çıxmadı və yalnız 1997-ci ilin sonunda onun xarici mətbuatda müxalif çıxışları eşidilməyə başladı. Öz növbəsində hakimiyyət bu çıxışları adekvat qarşıladı. Heftayırma zavodunda aparılmış yoxlamalar R.Quliyevin küllü miqdarda dövlət əmlakını mənimsədiyini üzə çıxardı və 1998-ci ildə parlament əvvəlcə onun deputat toxunulmazlığına, sonra isə "uzun müddət üzürsüz səbəbə parlamentin iclaslarında iştirak etmədiyi üçün" deputat mandatına xitam verdi.

O ki qaldı parlamentin yeni sədrinə, bu post təxminən bir ay boş qaldı və 1996-cı il oktyabrın 16-da YAP sədrinin müavini Murtuz Ələsgərov MM-in yeni sədri seçildi. Konstitusiya hüququ üzrə mütəxəssis olan M.Ələsgərov xalq hərəkatının fəallarından biri olmuş, hətta AXC Ali Məclisinin üzvü seçilmişdi. 1992-ci ildə "91-lər"in sırasında YAP-ın yaranmasında fəal iştirak etmişdi. 1993-cü ildən BDU-nun rektoru idi.

1997-ci il də parlament üçün qanlı terror aktı ilə başlandı. Fevralın 21-də Sovet İttifaqı Qəhrəmanı, tanınmış alim və ictimai xadim, YAP sədrinin müavini, akademik Ziya Bünyadov qətlə yetirildi. Bu terror aktı ölkədə böyük ictimai rezonans doğurdu, bir neçə il sürən istintaq sonda belə nəticəyə gəldi ki, Z.Bünyadov peşə fəaliyyəti ilə bağlı, alban tarixçisi Musa Kalankatuylu haqqında kitabına görə "Hizbullah" terror təşkilatının sifarişi ilə qətlə yetirilib. Bu, parlamenti sarsıdan sonuncu terror aktı oldu. Birinci çağırış MM-in fəaliyyəti müddəti başa çatanadək isə daha 5 deputat dünyasını dəyişmişdi. Sofiq Hüseynov 1996-da, Yusif Vəkilov 1997-də, Səfiyar Musayev 1999-da, Fərəməz Maqsudov və Məzdək Hüseynov isə 2000-ci ildə ağır sürən xəstəlikdən sonra vəfat etdilər.

Qanunvericilik nöqteyi-nəzərindən isə 1997-ci il elə bir mühüm hadisələrlə yadda qalmadı. Yalnız 1997-ci ilin yayında başlanan dövlət əmlakının özəlləşdirilməsi prosesi ilə bağlı parlamentdə bir sıra iqtisadi qanunların qəbul olunmasını qeyd etmək olar.

1998-ci ildə ölkədə yeni prezident seçkilərinə start verildi və parlamentdə də siyasi hərarət artdı. R.Quliyevin prezident seçkilərində iştirak edəcəyini bəyan etməsi onun MM-dəki tərəfdarları üçün də siyasi mesaj oldu. Qeyd etmək lazımdır ki, 1995-ci il parlament seçkilərində hakimiyyətin deputat korpusunun siyahısı müəyyənləşərkən orada R.Quliyevin də müəyyən "kvotası"nın yer aldığı sirr deyildi və spikerin okeanın o tayından göndərdiyi mesajdan sonra onun parlamentdəki tərəfdarlarından bir neçəsi özünü büruzə verdi. YAP-çı depupatlardan Mahir Əsədov (Şəmkir seçki dairəsi) və Akif Şahbazov (Biləsuvar) ADP-nin (R.Quliyev artıq bu partiyanın həmsədri idi) sıralarına keçdiyini bildirdi. Sonra YAP fraksiyasından daha iki deputat - partiyanın proporsional siyahısı üzrə seçilmiş Zəminə Dünyamalıyeva və Solmaz Ələsgərova (Samux-Goranboy) ADP-yə keçdi.

Müxalifət dairələri YAP-da "domino effekti"nin başladığını güman etsə də, hakimiyyət prosesi kritik həddə keçməyə qoymadı. Sonrakı dövrdə YAP-çı deputatlardan yalnız iki nəfər siyasi səmtini dəyişdi - Şamil Yusifov (Gəncə) ADP-yə üzv oldu, YAP Siyasi Şurasının üzvü Toğrul İbrahimli (Binəqədi) isə "Hamus" adlı yeni partiya təsis etdi. Hərçənd bu qopmalar hakim partiya üçün elə bir problem yaratmırdı, çünki YAP-ın parlamentdəki təmsilçilərinin sayı artıq 70-ə çatmışdı.

1998-ci ildə Milli Məclisdə prezident seçkiləri ilə bağlı qanunvericiliyin qəbulu yeni bir tendensiya - müxalifət deputatlarının iclasları boykot etməsi ilə yadda qaldı. Lakin ümumi sayı 17-yə çatan müxalifət deputatlarının bu yolla seçki qanunvericiliyinə və MSK-nın formalaşmasına təsir etmək niyyətləri nəticəsiz qaldı. Parlament çoxluğu bu qanunları müxalifətin iştirakı olmadan qəbul etdi. Müxalifət liderləri prezident seçkilərini tam şəkildə boykot etmək niyyəti də baş tutmadı, AMİP sədri E.Məmmədov H.Əliyevin əsas rəqibi kimi seçkilərdə iştirak etdi və ağır məğlubiyyətə düçar oldu. H.Əliyev 76 faiz səslə ikinci dəfə ölkə prezidenti seçildi.

1998-ci il Azərbaycan parlamentinin Avropa Şurası ilə əməkdaşlığının genişlənməsi və bir sıra hüquqi islahatlarlarla da yadda qaldı. Artıq Azərbaycanın parlamentinin nümayəndə heyəti AŞPA-nın sessiyalarında müşahidəçi sifətilə iştirak edirdi. 1998-ci ilin yanvarında Azərbaycan müsəlman dövlətləri arasında birinci olaraq ölüm hökmünü ləğv etdi. Bu vaxt ölüm hökmü hətta AŞ üzvü olan bir sıra ölkələrdə qüvvədə idi. 1998-ci ilin yayında parlament "Konstitusiya Məhkəməsi haqqında" qanun qəbul etdi, Azərbaycanda ilk dəfə olaraq məhkəmə hakimiyyətinin bu ali instansiyası fəaliyyətə başladı. 1998-ci il avqustun 7-də isə Azərbaycanda mətbuat üzərinə qoyulmuş senzura tamamilə ləğv edildi.

1999-cu parlamentdə nisbi sakitliklə müşayiət olundu. Hərçənd prezident H.Əliyevin səhhətində problemlərin yaranması və onun bir neçə ay xaricdə (Türkiyə və ABŞ-da) müalicə olunması ölkə müxalifətini, o cümlədən parlamentdəki müxalifət qrupunu nisbi siyasi fəallığa sövq etmişdi. Lakin H.Əliyevin müalicəni uğurla başa vuraraq dövlətin rəhbərliyinə qayıtması müxalifətin "X günü" barədə illüziyalarına son qoydu. Bələdiyyə seçkiləri və bələdiyyələrin fəaliyyəti ilə bağlı qanunvericilik sənədləri də əsasən müxalifətin iştirakı olmadan qəbul edildi. 1999-cu il dekabrın 12-də Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirildi. Bu dəfə müxalifət partiyalarının əksəriyyəti seçkidə təmsil olunmuşdu, seçkiləri boykot edən isə AMİP idi.

Birinci çağırış Milli Məclis həmçinin Azərbaycanda hüquqi sistemin yaradılması istiqamətində bir sıra önəmli qanunlar qəbul edib. Yeni Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, Əmək, Ailə, Vergi, Gömrük məcəllələri, həmçinini «Məhkəmələr və hakimlər haqqında», «Polis haqqında», «Prokurorluq haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Vəkillər və vəkillik fəaliyyəti haqqında» və s. qanunlar qəbul olunmuşdu. Ümumilikdə bu dövrdə parlamentdə 2 minə yaxın qanun və qərar qəbul olunmuşdu, Azərbaycan 100-dən çox beynəlxalq müqavilə və konvensiyaya qoşulmuşdu.

2000-ci ilin yayında yeni seçki qanunvericiliyi qəbul edildi. Seçkilərin baş tutması üçün yetərsay 50 faizdən 25 faizə endirildi. Yeni qanuna əsasən, majoritar qaydada seçkilərin qalibi üçün səs çoxluğu ilə müəyyənləşirdi. Proporsional sistem üzrə parlamentə keçid baryeri 8 faizdən 6 faizə endirildi. MSK haqqında qanunveroicilikdə bu qurumun 18 nəfərdən ibarət olması (6 nəfər YAP, 6 nəfər müxalifət, 6 nəfər isə bitərəf deputatların irəli sürdüyü üzvlər) təsbit edildi.

Beləcə parlament 2000-ci ilə qədər qoydu. İlin ortasında Azərbaycanın AŞ-yə qəbuluna yaşıl işıq yandırıldı, AŞPA-nın iyun sessiyası ölkəmizin təşkilata rəsmən dəvət olunması barədə qərar qəbul etdi. İyun ayı həmçinin MM-də yeni seçki qanunvericiliyi ilə bağlı gərgin müzakirələrə səhnə oldu. İkinci çağırış Milli Məclisə seçkilər 2000-ci il noyabrın 5-nə təyin edildi.

Beləliklə, birinci çağırış Milli Məclis Azərbaycanın müstəqillik tarixində da istər hüquqi dövlət quruculuğu, istərsə də parlamentarizm ənənələrinin inkişafı baxımdan mühüm yer tutur. Artıq müstəqil Azərbaycanın konstitusiyasına əsaslanan parlament institutu formalaşmış, onun fəaliyyəti nəticəsində Azərbaycanın dövlətçilik inkişafı üçün zəruri olan böyük qanunvericilik bazası yaradılmış, ölkədə genişmiqyaslı hüquqi islahatlara təkan verilmişdi. Yeni Milli Məclis, öncəki parlamentdən fəqli olaraq, siyasi ambisiyaların mübarizə arenası deyil, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmlənməsinə xidmət edən (o cümlədən 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində) dövlət institutu kimi özünü təsdiqləmişdi.

Eyni zamanda, Milli Məclisin beynəlxalq əlaqələri yaranmış və müxtəlif təşkilatların parlament assambleyalarında təmsilçiliyi təşəkkül tapmışdı. Bununla belə, istər ölkədəki islahatlar kursuna daha effektli töhfə verilməsi və daha mükəmməl qanunvericiliyin hazırlanması, istərə də Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsində adekvat rol oynaması üçün parlamentin yeni müstəviyə qədəm qoyması vacib idi və bu missiya ikinci çağırış Milli Məclisin üzərinə düşməli idi.

 

Xəbərlər
Redaktorun seçimi