“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.07.2017, 19:38
1417

Üçüncü çağırış Milli Məclisə seçkilər (2005). 3.Təbliğat mərhələsi (sentyabr-oktyabr 2005)

A- A+

⇔ ⇔ ⇔ 

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq deputatlığa namizədlərin təbliğat kampaniyası sentyabrın 7-dən noyabrın 5-dək, yəni düz 59 gün davam etməli idi. Gözlənildiyi kimi, seçki marafonunun məhz bu həlledici dövrü xüsusilə gərgin keçdi və bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Lakin həmin olaylara keçməzdən öncə bu mərhələyə gəlib çatmış deputatlığa namizədlərin sosial təsnifatı ilə bağlı bəzi diqqətçəkən faktları sadalamaq istərdik.

MSK-nın "Seçkilər" İnformasiya Mərkəzinin açıqladığı statistik göstəricilərə görə, deputatlığa namizədlərin 94 faizi ali təhsilli idi, bəziləri iki ali təhsil almışdılar. Namizədlərin 5 faizi orta, 1 faizi isə natamam ali, yaxud natamam orta təhsili almış şəxslər idi. Yəni hətta normal təhsili olmayanlar da deputat mandatına iddia edirdilər. Çünki, prezident seçkilərindən fərqli olaraq (dövlət başçısı adına iddia edən şəxsin mütləq ali təhsili olmalıdır), deputatlığa namizəd üçün qanunvericilikdə təhsillə bağlı məhdudiyyət yoxdur. Deputatlığa namizədlərin 212 nəfərini, yəni təxminən 11 faizini qadınlar təşkil edirdi.

Namizədlərin peşə və ixtisasları ilə bağlı statistika da diqqətçəkən idi. Belə ki, millət vəkili olmaq istəyənlərdən təxminən 350 nəfər (hər 6 namizəddən biri) ali mühəndis təhsili almış şəxs idi. İkinci yerdə iqtisadçılar (təxminən 240 nəfər), üçüncü yerdə isə hüquqşünaslar (220 nəfər) gedirdi. Deputat olmaq istəyən müəllimlər (təxminən 140 nəfər) və həkimlər (100 nəfərə yaxın) də ilk "beşliyə" daxil idi. Ali məktəblərin filologiya və jurnalistika fakültələrini bitirənlər də birlikdə kifayət qədər saya malik idi - 130 nəfər.

Bundan əlavə, namizədlər arasında tarixçilər, filosoflar (100-ə yaxın), başqa humanitar ixtisasların sahibləri də yetərincə idi. Ümumilikdə deputat mandatına iddia edənlər arasında "humanitarlar" digər sahələr üzrə ixtisas sahiblərini üstələyirdi. Millət vəkili olmaq istəyənlər arasında peşəsi sürücü və fəhlə kimi göstərilmiş şəxslər də vardı - 30-a yaxın. Hamizədlərin ixtisaslar üzrə sıralamasında sonuncu yerlərdə isə memarlar (5 nəfər) və hərbi təhsili olanlar (cəmisi 3 nəfər) dururdu.

Deputatlıq uğrunda yarışanların böyük qismi 41-50 yaş arasında olan şəxslər idi - təxminən 41 faiz. Hamizədlərin təxminən 30 faizi 51-60 yaş arasında, hər beş namizəddən biri (21 faiz) isə 25-40 yaş arasında olanlar idi. Deputat mandatı uğrunda mübarizəyə qoşulanların təxminən 8 fazinin yaşı isə 60-dan, bəzilərinin isə hətta 70 və 80-dən çox idi. Sonuncular arasında ən qocaman deputatlığa namizədlər 1990-1995-ci il Ali Sovetinin deputatı olmuş akademik Mitəd Abbasov (79 yaş), 1995-2000-ci illər parlamentinin deputatı olmuş Babaxan Muradov (78 yaş), habelə birinci və ikinci çağırış Milli Məclisin üzvü olmuş akademik Cəlal Əliyev (78 yaş) və Murtuz Ələsgərov (78 yaş) idi. Ən gənc namizədlər isə 26 yaşlı Fuad Muradov və 1978-ci il təvəllüdlü Aytən Şirinova idi. Yeri gəlmişkən, onların hər ikisi 29 saylı Səbail seçki dairəsində qeydə alınmışdılar. Daha bir diqqətçəkən məqam - ikinci çağırış Milli Məclisin depatat korpusundan 79 nəfər növbəti dəfə mandat uğrunda mübarizəyə qoşulsa da, sonradan beş nəfər bu fikirdən daşınmış və qalan 74 nəfər isə deputatlığa namizəd olaraq qeydə alınmışdı.

O ki qaldı təbliğat kampaniyasının gedişinə, namizədlər öz təbliğatını əsasən üç istiqamətdə qurmuşdular: çap təşviqat materialarının yayılması, televiziya efirindən istifadə və bilavasitə seçicilərlə görüşlər. Birinci üsuldan istisnasız olaraq bütün namizədlər yararlanmışdı və artıq sentyabrın 7-si səhərdən Bakının (rayonlarda bu proses nisbətən gec start götürdü) küçələri namizədlərin rəngbərəng portretləri, təşviqat plakatları ilə "bəzənməyə" başlamışdı. Paytaxt meriyası ilk dəfə olaraq bu seçkilərdə təşviqat materialları üçün xüsusi stendlər ayırsa da, namizədlərin az qismi ondan yararlandı və şəhər rəhbərliyinin ardıcıl etirazlarına rəğmən yenə binaların divarları seçki plakatları üçün ən "əlverişli" yer oldu.

Televiziya efirindən istifadə təbliğat kampaniyasının ikinci ayı, ələlxüsus da son 2-3 həftədə maksimum intensivlik qazandı. Baxmayaraq ki, 60-dan çox namizədi qeydə alınmış dörd partiya və blok (YAP, "Azadlıq", "Yeni siyasət" və "Milli birlik") dövlət televiziyasında və ictimai televiziyada pulsuz pulsuz teleefir vaxtı almışdı, elə pullu efirdən də ən çox istifadə edənlər bu qurumların, daha dəqiq desək, YAP və "Azadlıq" blokunun təmsilçiləri oldu. O cümlədən "Lider" TV istisna olmaqla (bu kanalda yalnız bir neçə dəfə təşviqat materialı yer almışdı) özəl telekanallar da efir vaxtının ən pik vaxtında namizədlərin "ixtiyarında" idi. Lakin, bununla yanaşı, bir çox namizədlər, xüsusilə regionalardan namizədliyini irəli sürmüş bitərəflər kampaniya dövründə teleefirdən, ümumiyyətlə, istifadə etmədilər.

Televiziya təbliğatının mahiyyətinə gəldikdə isə, kampaniya boyu namizədlərin, özəlliklə müxalifət və iqtidar təmsilçilərinin qarşılıqlı ittihamları, bir-birinin siyasi keçmişini araşdırmaq cəhdləri daha çox üstünlük təşkil etdi. Seçicilər bu kampaniya boyunca teleefirdən özünün və dövlətin problemlərinin həll barədə təmkinlə, bəlağətsiz və ən əsası, inandırıcı şəkildə danışa bilən çox az adamın səsini eşitdi.

İqtidar təmsilçilərinin təbliğatında əsas vurğu ölkənin son bir neçə ildə əldə etdiyi iqtisadi uğurlar, büdcənin sürətlə artımı, növbəti illərdə gözlənilən böyük neft gəlirlərinin əhalinin rifahını daha da yaxşılaşdıracağı və s. müsbət məqamlara yönəldilirdisə, müxalifət namizədləri, özəlliklə "Azadlıq" blokunun təmsilçiləri öz çıxışlarını ifrat nihilizm və ucdantutma tənqid üzərinə kökləmişdilər. Bu cür qarşılıqlı söz güləşdirməsində isə konstruktiv çıxışlara, demək olar ki, yer qalmırdı. Bununla belə, təbliğat kampaniyasında iqtidar təmsilçiləri öz opponentlərinə nisbətən vahid platformaya malik qüvvə təsiri bağışlayırdı.

Seçkilərdə çox sayda namizədlə təmsil olunmasına rəğmən ümumilikdə vahid platformadan (Heydər Əliyev siyasətinə sadiqlik, mövcud sabitliyin və idarəetmə kursunun davam etdirilməsi, bununla yanaşı, yeni islahatların zəruriliyinin önə çəkilməsi) çıxış edən iqtidar namizədlərindən fərqli olaraq müxalifət düşərgəsinin seçki mübarizəsində bir neçə blokla təmsil olunması və teleefirdə bir-birini əvəzləyən müxalifət namizədlərinin həm də bir-birini təkrarlaması seçicidə vizual olaraq bu düşərgənin yeknəsək olması qənaətini yaradırdı.

Digər yandan, hakimiyyət əleyhinə sərt çıxışların edilməsi, ona qarşı ultimativ tələblərin səsləndirilməsi cəmiyyətdə effekt doğursa da, bu cür çıxışların seçici mövqeyinə praktik təsiri o qədər də güclü olmurdu. Çünki seçici həmin sərt çıxış və ultimatumları səsləndirənlərdən onların ölkənin inkişafını real olaraq necə gördüklərinə, bu və ya digər sahədəki nöqsanı aradan qaldırmaq üçün nə edəcəklərinə dair real olaraq bir şey eşitmirdi.

İqtidar və müxalifət namizədlərinin bilavasitə seçicilərlə görüşləri, mitinq və toplantıları da bu cür qarşlıqlı ittihamlar atmosferində cərəyan edirdi. Ümumilikdə təbliğat kampaniyasının ilk dövründən iqtidar namizədlərinin daha çox bölgələrdə əhali ilə görüş və toplantılara üstünlük verdiyi halda, müxalifət təmsilçiləri əsas diqqəti Bakıya yönəltmişdilər. Bunun səbəbi isə çox sadə idi. Seçkiləri izləyən beynəlxalq müşahidəçilər, həmçinin xarici media təmsilçilərinin tam əksəriyyəti Bakıda idi və burada baş verən hər bir olay dərhal həm ölkə daxilində, həm də xaricdə böyük rezonans doğuracaqdı.

Bu baxımdan müxalifətin radikal hissəsini birləşdirən "Azadlıq" blokunun təbliğat kampaniyası başlayandan sonra "Qələbə" meydanında keçirdikləri icazəli aksiyalardan əl çəkərək şəhərin mərkəzində icazəsiz aksiyalar taktikasını seçməsi də eyni motivdən qaynaqlanırdı. Faktiki olaraq müxalifət təbliğat kampaniyası dövründə yalnız bir dəfə (sentyabrın 10-da) "Qələbə" meydanında mitinq keçirdi, kampaniyanın sonrakı dövrü isə müxalifət təmsilçilərinin şəhərin mərkəzində polislə toqquşmaları ilə (25 sentyabr, 1, 9, 23 oktyabr) yadda qaldı.

Müxalifət bu olayları seçki təbliğatı imkanlarının qeyri-qanuni olaraq məhdudlaşdırılması və seçkilərin saxtalaşdırılmasına hazırlıq, iqtidar isə müxalifətin seçkidə labüd məğlubiyyətini göz önünə alaraq bilərəkdən toqquşmaya getməsi və seçkinin pozulmasına cəhdi kimi qiymətləndirdi. Hakimiyyət müxalifətə paytaxtda kütləvi aksiya keçirmək üçün daha dörd marşrut ayrıldığını bildirsə də, müxalifələr həmin yerlərin şəhərin kənarında olmasını önə sürərək onlardan imtina etdi. Bir sözlə, seçki kampaniyasındakı iqtidar-müxalifət toqquşması yüksələn xətt üzrə inkişaf edirdi.

Bu prosesin pik dövrü oktyabrın 17-nə təsadüf etdi. "Azadlıq" blokunun təsisçilərindən biri, Demokrat Partiyasının sədri Rəsul Quliyevin həmin gün Azərbaycana qayıdacağını bəyan etməsi müxalifət qüvvələri tərəfindən seçki kampaniyasını faktiki hakimiyyət dəyişikliyinə çevirəcək kritik hadisə kimi nəzərdən keçirilirdi. 17 oktyabr öncəsi müxalifət təmsilçilərinin çıxışları artıq Azərbaycanda "məxməri inqilab" üçün şəraitin yetişməsi və həlledici mübarizənin başlanması üzərində köklənmişdi. Amma hakimiyyət də 17 oktyabra maksimum səfərbərliklə hazırlaşmışdı və hadisələrin sonrakı gedişatı bunu təsdiqlədi. R.Quliyevin vəd etdiyi gün Bakıya gəlib çıxmaması və bunun ardınca hökumətin bir neçə yüksək vəzifəli üzvünün qəfil istefaya göndərilərək sonra da həbs edilməsi göstərdi ki, hakimiyyətin 17 oktyabrla bağlı hazırlığının gerçək miqyası daha böyük imiş.

Hakimiyyət daxilindən müxalifətə uzanan gizli maliyyə kanallarının kəsilməsi, bu fəaliyyətdə ittiham edilən iqtisadi inkişaf naziri Fərhad Əliyevin, səhiyyə naziri Əli İnsanovun, digər bir neçə hökumət məmurunun həbsi və ölkənin birinci şəxsinin bu qətiyyətli addımlarının cəmiyyətdə geniş müsbət rezonans tapması prinsip etibarilə seçki yarışının taleyini xeyli dərəcədə həll etmişdi.

Prezident İlham Əliyevin hakim komanda daxilində gerçəkləşdirdiyi - fakt etibarilə qəfil, amma məntiq nöqteyi-nəzərindən çoxdan gözlənilən bu təmizləmə prosesi həm də mahiyyət etibarilə Azərbaycanda aylardan bəri haqqında diskussiyalar gedən "məxməri inqilab"ın məhz yuxarıdan başlanması demək idi. Həmin olaylar eyni zamanda onu da sübutladı ki, prezidentə qarşı ən ciddi müxalifət elə hakimiyyətin içində imiş və əgər 17 oktyabrla bağlı maksimal səfərbərlik həyata keçirilməsəydi, növbəti proseslər ölkədə hakimiyyət çevrilişə təkan verə bilərdi. Təsadüfi deyil ki, məhz bu olaylardan sonra seçki kampaniyası da nisbətən sakit məcraya qayıtdı, müxalifət liderləri isə artıq mərkəzdə taktiki mübarizənin uduzulduğunu diqqətə alaraq təbliğat dövrünün son iki həftəsini regionlarda seçicilərlə görüşlərə sərf etdilər.

Seçki kampaniyasının son günləri daha bir məqamla yadda qaldı. Ölkə prezidenti oktyabrın 25-də seçkilərin şəffaflığının təmin ediliməsi yönündə daha bir sənəd - "Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncam imzalayaraq kampaniyanın əvvəlindən beynəlxalq dairələrin israrla irəli sürdüyü təklifləri - səsvermə günü seçicələrin barmaqlarının mürəkkəblə işarələnməsi və maliyyələşmə mənbəyindən asılı olmayaraq bütün QHT-lərə seçkiləri müşahidə hüququnun verilməsi məsələsini müsbət həll etdi.

Öz növbəsində parlament oktyabrın 28-də bu məsələlərlə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər etdi. Həmin iclasda parlament baş prokororun müraciətini nəzərə alaraq dövlət çevrlişinə cəhddə ittiham olunan (17 oktyabr olayları ilə bağlı) 38 saylı Sumqayıt birinci dairəsindən millət vəkili, "Azərikimya" dövlət konserninin prezidenti Fikrət Sadıqovun deputat toxunulmazlığını ləğv etdi. Bu həm də ikinci çağırış Milli Məclisin sonuncu iclası oldu.

 

 

Xəbərlər
Redaktorun seçimi