“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.04.2010, 19:36
461

Yerevan Türkiyə ilə imzalanmış protokollardan imtina edib

A- A+

Ərdoğan: “Ermənistanın bu addımı rəsmi Ankaranı narahat etmir”

Rəsmi Yerevan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini rəsmən dayandırmış və sənədin parlamentdə ratifikasiyasından imtina etmişdir. 

Bu bəyanatla Ermənistan prezidenti Serj Sarkisyan aprelin 22-də xalqa müraciətində çıxış etmişdir. O bildirmişdir ki, protokolların Türkiyə parlamentində ratifikasiya olunmasına dair ağlabatan müddət sona çatmışdır.

Bəyanatın ardınca S.Sarkisyan Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin normallaşmasına dair protokolun ratifikasiyasının dayandırılması ilə bağlı sərəncamı imzalamışdır.

S.Sarkisyanın Sürix protokollarının Ermənistan parlamentində ratifikasiyasının dayandırılması ilə bağlı sərəncamına rəsmi Vaşinqton da münasibət bildirmişdir.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Filip Krouli bildirmişdir ki, S.Sarkisyanın qərarına təəccüblənmədik. Rəsmi Yerevan atacağı addımla bağlı əvəlcədən ABŞ-ı məlumatlandırmışdır.

Ermənistanın verdiyi qərar Birləşmiş Ştatların rəsmiləri ilə razılaşdırılmışdır.

Filip Krouli demişdir ki, ABŞ tərəfləri normallaşma istiqamətində səylərin davam etdirilməsi üçün qapıları açıq saxlamağa çağırır.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə rəsmi Yerevanın qərarına münasibət bildirərək demişdir ki, Ermənistanın bu addımı rəsmi Ankaranı narahat etmir. Baş nazir vurğulamışdır ki, rəsmi Yerevanın 24 aprel öncəsi bu addımı atması siyasi xarakter daşıyır. Lakin belə addımlar heç bir nəticə verməyəcək.

Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair protokollar 2009-cu il oktyabrın 10-da Sürix şəhərində (İsveçrə) iki ölkənin XİN başçıları tərəfindən imzalanmışdı.

* * *

ABŞ Konqresinin spikerindən ermənipərəst bəyanat

Türkiyənin “Hürriyet” qəzetinin yazdığına görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pellosi qondarma “erməni soyqırımı” gününə (24 aprel) həsr olunmuş gecədəki çıxışında bədahətən bu sözləri bəyan edib: “Həmin gün biz hamımız erməniyik. Erməni xalqının böyük faciəsinin anıldığı gün hamımız hüzn içindəyik”.

Yəni ABŞ Konqresinin palata sədri hər il aprelin 24-də ənənəvi “Hayes” sualına müsbət cavab verəcəyini vəd edir… Nensi Pellosinin həmin gün həqiqətən erməni olmaq istəyi onun öz şəxsi işidir. Amma hər halda bütün amerikalıların adından deyil, öz adından danışmalıdır. Çünki milyonlarla ABŞ vətəndaşının, o cümlədən çoxsaylı türk və Azərbaycan diasporunun özünü erməni saymaq niyyəti əsla yoxdur.

Amerika Konqresinin palata sədrini əmin edə bilərəm ki, aprelin 24-də bu ölkənin azı azərbaycanlı və türk vətəndaşları erməniləşməyəcək. Həmin gün onların yandıracaqları şamlar isə Birinci Dünya müharibəsi illərində Türkiyənin kişi əhalisinin doğma yurdu yağı düşməndən bir neçə cəbhədə müdafiə etdiyi bir vaxtda təpədən-dırnağadək silahlanmış fərari erməni başkəsənlərinin Şərqi Anadoluda görünməmiş azğınlıqla qətlə yetirdikləri milyonlarla günahsız türk, azərbaycanlı və kürd qadın, uşaq və qocalarının nurlu xatirəsinə ehtiram əlaməti olacaqdır.

Vüqar Seyidov,

AzərTAc-ın xüsusi müxbiri, Berlin.

 

 

Xəbərlər
Redaktorun seçimi