“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.03.2010, 19:50
359

Mərhələli həll planının detalları açıqlanıb

A- A+

Elmar Məmmədyarov: “İlk mərhələdə 5 rayon və Laçının 13 kəndi azad olunmalıdır”

“Madrid təkliflərini təhlil edirik və düşünürük ki, Afinada təqdim olunan yeniləşmiş Madrid təklifləri bir sənəd kimi növbəti addımları atmağa və böyük saziş üzərində işə başlamağa imkan yaradır”.

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov martın 15-də Bakıda jurnalistlərə açıqlamasında deyib.

Nazir jurnalistlərin “Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün müharibə variantına əl ata bilərmi” sualına cavabında bildirib ki, istənilən münaqişənin diplomatik yolla həlli imkanları var:

“Altı ildir ki, Praqa prosesi davam edir, son 2 il ərzində prezidentlər və xarici işlər nazirləri bir neçə görüş keçirib, vasitəçilər regiona səfərlər ediblər, Madrid təklifləri yeni variantda təqdim olunub. Azərbaycan sənədi ümumilikdə qəbul etməyə imkan yaradır. Bu o deməkdir ki, Azərbaycan münaqişənin diplomatik yolla həllini seçib, biz bu yolla gedirik. Ermənistan bu variantı qəbul edib-etməyəcəyini elan etsin, biz də ondan sonra hansı addımları ata biləcəyimizi bildirərik. Biz də XİN-də cürbəcür variantları müzakirə edirik və fikirləşirik ki, hansı şəkildə, hansı yolla bu il müzakirələr getsin”.

Praqa prosesinin 2004-ü ildə başladığını xatırladan nazir bildirib ki, bu, mərhələləri prosesdir, Madrid sənədində bütün mərhələlər artıq əksini tapıb:

“Sənəddə hansı mərhələdə hansı addımların atılacağı qeyd olunub. Sənədə görə, ilk növbədə Ermənistan 5 rayondan, üstəgəl Laçının 13 kəndindən qoşunlarını çıxarmalıdır. Sonra bütün kommunikasiyalar açılır, donor konfransı elan olunur, torpaqlar bərpa edilir, su kəmərləri bərpa edilir, məcburi köçkünlər geri qayıdır. Artıq bununla bağlı xeyli proqram hazırdır.

Əlbəttə, təhlükəsizlik baxımından sülhməramlı müşahidəçilərdən də söhbət gedir. Çünki azərbaycanlı məcburi köçkünlər geri qayıdanda təhlükəsizlik problemləri də ortaya çıxacaq və bu məsələ həll olunmalıdır. Oraya qayıdacaq məcburi köçkünlərin təhlükəsizlik problemləri çox vacib olduğundan təhlükəsizlik baxımından beynəlxalq müşahidəçilər məsələsi həll olunur, sonra Laçın və Kəlbəcərdən qoşunlar çıxarılır, bütün yollar açılır. 

Azərbaycanlı icması Qarabağa qayıtdıqdan sonra imkan yaranacaq ki, sonuncu mərhələ - Qarabağın statusunun müəyyənləşdirilməsi prosesi başlansın. Qarabağın statusunun müəyyənləşməsi Azərbaycan üçün çox vacibdir. Qarabağ Azərbaycan torpağıdır, düzgün deyil ki, Azərbaycanın hansısa ərazisi onun inzibati nəzarətindən çıxsın. Əlbəttə, biz deyirik ki, bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olsun.

Öz müqəddəratını təyin etməyə gəldikdə, bu məsələ də beynəlxalq hüququn bir hissəsidir. Amma bu o demək deyil ki, ərazi bütövlüyü pozula bilər. Biz dəfələrlə bildirmişik ki dünyada müxtəlif muxtariyyətlər, statuslar var... Məsələn Rusiya Federasiyasında tatarlar, başqırdlar öz müqəddəratlarını təyin eləyiblər, amma Rusiya Federasiyası çərçivəsində...

Biz mərhələli prosesi dəstəkləyirik, çünki inanırıq ki, bütün məsələləri bir gündə həll etmək olmaz. Ermənistan işğal olunmuş torpaqlardan öz qoşunlarını addım-addım çıxararsa, həm iqtisadi, həm də təhlükəsizlik baxımdan region üçün böyük imkanlar açılacaq. Heç kim torpağı götürüb harasa gedə bilməz, istər-istəməz qonşularla düz siyasət qurmalısan. Mən Azərbaycan xarici işlər naziri kimi inanıram ki, ən vacib və yaxşı proses budur. Biz işğal olunmuş ərazilər və məcburi köçkünlər məsələsini danışıqlar masasından götürməliyik. Bu, nə qədlər tez olsa, o qədər yaxşı olar, müharibə ritorikası da aradan qalxar. Müharibə ritorikası ilk növbədə ona görə mövcuddur ki, işğal olunmuş torpaqlar, məcburi köçkünlər problemləri var”.

 * * *

İlk mərhələdə Laçın rayonunun hansı kəndləri boşaldılacaq? 

Xarici işlər naziri Elmar Məmmədyarov martın 15-də açıqlama verərək deyib ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini nəzərdə tutan Madrid prinsiplərinə görə, Ermənistan qoşunları işğal altında olan 5 rayondan (Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) və Laçın rayonunun 13 kəndindən çıxmalıdır.

Söhbət hansı 13 kənddən gedir? Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov “Media forum”un bu sorğusuna cavabında bildirib ki, azad olunması nəzərdə tutulan 13 kənd adbaad məlumdur.

Nazirlik sözçüsü həmin kəndlərin adını çəkməsə də, onların Laçın dəhlizi və Dağlıq Qarabağ ərazisindən uzaq kəndlər olduğunu bildirib: “Çoğrafi baxımdan Laçın dəhlizindən aralı, misal üçün, Qubadlı rayonuna, digər rayonlara yaxın ərazilərdir”.

* * *

Bax həmçinin:

Elmar Məmmədyarov: “Mən Bernar Fasie ilə bu barədə danışacağam” 

-15.03.2010-

Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədri Bernar Fasienin İrəvanda keçirilən NATO seminarında səsləndirdiyi fikirlərlə bağlı araşdırma aparacaq.

APA-nın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı fransız həmsədrlə şəxsən danışacaq: “Mən Bernar Fasie ilə bu məsələni danışacağam”.

Qeyd edək ki, “Novosti-Armenia” agentliyinin məlumatına görə, Bernar Fasie NATO Parlament Assambleyasının Ermənistan paytaxtında keçirilən “Rose Roth” seminarında çıxışında Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar başlayarsa, Azərbaycanın qələbə qazana bilməyəcəyini deyib:

“Şəxsən, mən Ermənistan və Qarabağ döyüşçülərinin mərdliyinə bələdəm”. Diplomat bildirib ki, müharibə Azərbaycana fayda gətirməyəcək və onun maliyyə maraqlarına, neft satışına zərər verəcək. Həmsədr qeyd edib ki, Azərbaycan iqtisadiyyatına sərmayə qoyan beynəlxalq sərmayədarlar öz vəsaitlərinin təhlükə altında qalmasını istəməyəcəklər və Azərbaycana kapital qoymaqdan imtina edəcəklər.

 * * *

Fransanın Azərbaycandakı səfirliyi: “Bernar Fasyenin dedikləri təhrif olunub”

-15.03.2010-

“Media forum” saytı Fransanın Azərbaycandakı səfirliyinə sualla müraciət edib: ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin martın 12-si Yerevanda - NATO Parlament Assambleyasının “Rouz-Rot” seminarında səsləndirdiyi “Müharibə yenidən başlandığı təqdirdə Azərbaycanın qələbə qazanması mümkün deyil, çünki mən erməni və Qarabağ əsgərlərinin şücaətinə şəxsən bələdəm” sözlərini necə şərh edərdiniz?

Səfirliyin mətbuat xidmətinin katibi Cəmilə Axundova “Media forum”a açıqlamasında Bernar Fasyenin bəyanatı haqda məlumatı erməni mətbuatının yaydığını bildirib: “Fransanın Azərbaycandakı səfirliyi erməni mətbuatının yazdıqlarına şərh vermir. Digər tərəfdən isə məsələnin dəqiqliyi hələ sual altındadır. Biz öyrəndik ki, Bernar Fasyenin dedikləri təhrif olunub”.

Xəbərlər
Redaktorun seçimi