“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.12.2009, 21:48
434

Milli Məclis Avropa Parlamentinə müraciət edib

A- A+

Rövşən Rzayev: “Avropa Parlamentinin üzvlərini dialoqa dəvət etməliyik”

Milli Məclisin dekabrın 25-də keçirilən iclasında deputatlar Avropa Parlamentinin Azərbaycanla bağlı dekabrın 17-də qəbul etdiyi qətnaməyə etirazlarını bildiriblər.

APA-nın xəbərinə görə, iclasda çıxış edən vitse-spiker Valeh Ələsgərov Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməni ədalətsiz adlandırıb, buna cavab verilməsini vacib sayıb:

“Hər bir insanın hüquqları təmin olunmalıdır, tək jurnalistlərin yox. Avropa parlamenti heç vaxt 1 milyona yaxın qaçqın və məcbur köçkünün tapdaladan hüquqlarını yada salmayıb. Onların hüquqları heç kimin yadına düşməyib. Qətnamədə kimlərinsə dərhal azad edilməsi, efir yayımlarının bərpası tələb olunur. Biz buna cavab verməliyik”.

Milli Məclisin spikeri Oqtay Əsədov bu qətnamənin Azərbaycana qarşı təzyiqin bir növü kimi qiymətləndirib: “Bu, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı güzəştə məcbur etmək vasitələrindən biridir”.

Deputat Rövşən Rzayev deyib ki, qətnamədə birtərəfli mövqe tutulub. O, Milli Məclisin bəyanatla çıxış etməsini təklif edib: “Avroparlamentin üzvlərini dialoqa dəvət etməliyik”.

Millət vəkili Fuad Muradov da problemin ciddiliyinə diqqət çəkib: “Azərbaycanın ədalətli mövqeyi nə qədər səslənirsə, bir o qədər əks-səda görürük. Müəyyən siyasi qruplar Azərbaycana təzyiq edir”.

Deputat Səməd Seyidov da Azərbaycanı istəməyən qüvvələrin fəaliyyətə başladığını deyib. Onun sözlərinə görə, bu qətnaməyə iki tərzdə reaksiya verilməlidir:

“Birincisi, qətnaməyə etiraz edilməlidir. Bu qətnamə ən əvvəl Azərbaycanın regionda liderliyi ilə bağlıdır. Digər tərəfdən də biz işimizi təhlil etməliyik. Biz onlarla hansı istiqamətdə işləyirik? Azərbaycanın Avropa üçün əhəmiyyətini onlara öz dillərində izah etməliyik. Bu istiqamətdə fəaliyyət göstərilməlidir. Qətnamə qərəzli, qeyri-obyektiv sənəddir”.

Milli Məclis bu mövzuda müzakirələrin yekunu olaraq Avropa Parlamentinə müraciət qəbul edib.

* * *

Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamentinə müraciəti

Hörmətli həmkarlar!

Avropa Parlamentinin bu il dekabrın 17-də Azərbaycana dair qəbul etdiyi qətnamə ölkəmizdə təəssüf və narahatlıq hissləri doğurmuşdur.

Azərbaycan Respublikası ölkəmizdə ümumbəşəri dəyərlərin bərqərar edilməsi işində nüfuzlu beynəlxalq təşkilatlar ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Avropa İttifaqı, o cümlədən Avropa Parlamenti ilə əlaqələrin inkişaf etdirilməsi dövlətimizin xarici siyasətinin üstün istiqamətlərindən biridir. Azərbaycan ilə Avropa İttifaqı arasında 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ölkəmizin bu nüfuzlu qurumla münasibətlərinin hüquqi bazasını təşkil etmişdir.

2004-cü ildə Azərbaycanın Avropa İttifaqı tərəfindən “Avropa qonşuluq siyasəti”nə daxil edilməsi qarşılıqlı iqtisadi inteqrasiyanın və siyasi əməkdaşlığın daha da genişlənməsinə təkan vermişdir. Qonşuluq siyasəti çərçivəsində ikitərəfli fəaliyyət planı imzalanmış və Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirilmişdir. 2009-cu ilin may ayından Azərbaycan Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində də əməkdaşlıq etməyə başlamışdır.

Biz Avropa İttifaqı ilə əməkdaşlığın parlament ölçüsünə də xüsusi əhəmiyyət veririk. Hesab edirik ki, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi Avropa Parlamenti ilə əlaqələrin intensivləşdirilməsi üçün yaxşı imkanlar yaradır.

Hazırda Milli Məclis Avropa İttifaqının Tvininq layihəsini həyata keçirməkdədir. Layihənin ümumi məqsədləri Azərbaycan Respublikasında demokratiyanın və qanunun aliliyinin möhkəmlənməsinə töhfə vermək, xüsusən qanunvericiliyin Avropa İttifaqı qanunvericiliyinə yaxınlaşdırılmasına kömək göstərməkdir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün səylərini artırır, bu məqsədlə mövcud layihələrdə fəal iştirak edir, gələcəkdə yarana biləcək layihələrdə isə iştirakını təmin etməyə çalışır. Qeyd etmək yerinə düşər ki, 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

Ötən əsrin sonlarına yaxın dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası demokratiyaya doğru uzun və çətin bir yol keçməkdədir. Təqribən 16 il bundan əvvəl vətəndaş müharibəsi təhlükəsinin, daxili çəkişmələrin ölkəni məhv olmaq həddinə gətirdiyi Azərbaycan bu gün iqtisadi tərəqqi, demokratik inkişaf sahəsində qazandığı uğurları ilə dünyanın diqqətini özünə cəlb edən bir dövlətdir.

Qeyd etmək maraqlıdır ki, 1993-cü ildən bəri ölkədə ümumi daxili məhsul 4,7 dəfə artmışdır. Son 6 ildə Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri sırasındadır. 2008-ci ilin yekunlarına görə Azərbaycan Dünya Bankının “Doing business” proqramında bir nömrəli islahatçı ölkə kimi tanınmış, Dünya İqtisadi Forumunun reytinqində rəqabət qabiliyyətinə görə dünyanın 133 ölkəsi arasında 51-ci, MDB məkanında isə 1-ci olmuşdur.

Demokratik, hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının, o cümlədən ifadə və informasiya azadlığının möhkəmləndirilməsi üçün müntəzəm genişmiqyaslı işlər həyata keçirilir. Bu sahədə vəziyyəti təsəvvür etmək üçün bircə faktı qeyd etmək kifayətdir ki, bu gün 9 milyona qədər əhalisi olan bir ölkədə 4113 mətbu nəşr, 35 televiziya kanalı, 11 radio, 56 informasiya agentliyi fəaliyyət göstərir.

İnsan hüquqlarının bütün kompleksinin təmin edilməsi, xüsusən Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində yerindən-yurdundan olmuş 1 milyona qədər qaçqın və məcburi köçkün vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması üçün lazımi tədbirlər görülür, əhalinin aztəminatlı hissəsinin qayğısına qalınır. Son 8 ildə yoxsulluq səviyyəsi 3,7 dəfə azalaraq, 2001-ci ildəki 49 faizdən 13,2 faizə düşmüşdür. Gender bərabərliyinin təmin edilməsi, qadınların cəmiyyətdə özünəməxsus yer tutması, milli azlıqların hüquqlarının qorunması, uşaqların hüquqlarının müdafiəsi, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün zəruri işlər həyata keçirilir.

Lakin biz yaxşı başa düşürük ki, əldə etdiyimiz nailiyyətlər ilə yanaşı, görüləsi işlər hələ çoxdur. Axı demokratiyanın imkanları tükənməzdir, demokratik dəyərlər sistemi hər gün daha da zənginləşir, zaman yeni-yeni problemləri qarşıya çıxarır. Bunların öhdəsindən gəlmək üçün yeni demokratik formaların işlənib hazırlanması tələb olunur. Bu sahədə beynəlxalq təşkilatların göstərə biləcəyi köməyin əhəmiyyəti çox böyükdür.

Amma bu məsələdə ən az lazım olan bir şey varsa, o da qeyri-obyektivlik və qərəzdir. Baş verən ayrı-ayrı halları ümumiləşdirərək, Azərbaycanda həyata keçirilən demokratik prosesləri gözdən salmağa, xüsusi məsələləri ümumi inkişaf meyli kimi təqdim etməyə cəhd göstərilməsi Avropa Parlamenti qətnaməsinin layihəsini hazırlayan şəxslərin məsələlərə birtərəfli yanaşdıqlarını və qərəz güddüklərini nümayiş etdirir.

Azərbaycan Respublikası demokratiyanın şəksiz üstünlüklərini gerçəkləşdirərək, insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yolunu şüurlu surətdə və qəti olaraq seçmişdir. Bu yolda qarşıya çıxan çətinliklər bizi qorxutmur. Biz bilirik ki, Avropa demokratiyaları da müxtəlif problemləri dəf edə-edə bu səviyyəyə gəlib çıxmışlar. Müasir dünyanın bir hissəsi olmaq istəyən hər bir dövlət bu yolu keçməlidir.

Məhz buna görə də biz Avropa Parlamentinin qətnaməsini demokratik dövlət olan Azərbaycanın nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndiririk. Qətnamədə qaldırılan məsələlərə ötəri nəzər salınması belə onun nə qədər qərəzlə hazırlandığını sübut edir. Bircə faktı qeyd edək. Azərbaycanda üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir. Qətnamədə göstərilən məhkəmə hökmü hələ birinci instansiyada qəbul edildiyi halda, son qərar kimi təqdim edilərək, əsassız nəticələr çıxarılmışdır.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra heç bir bloka daxil olmadan, öz milli mənafelərinə uyğun siyasət yeridir. Həm də elə bir vəziyyətdə ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ağrılı problemlə qarşılaşmışıq, ölkə əhalisinin hər 9 nəfərindən biri qaçqın və məcburi köçkündür. Təəssüf doğuran hal budur ki, işğalın qurbanının Azərbaycan Respublikası, işğalçının isə qarşı tərəf olduğunu hamı bilsə də, Avropa İttifaqı indiyədək birmənalı seçimini etməmişdir.

Nə qədər ki sülh imkanları tükənməyib, biz bu problemi dinc vasitələrin köməyi ilə nizama salmağa çalışırıq. Amma Avropa Parlamentinin adı çəkilən qətnaməsinin qəbul edilməsi bizdə belə təəssürat yaradır ki, hər bir demokratik dövlətin praktikasında ola biləcək xırda problemləri bu cür nüfuzlu beynəlxalq təşkilatın qətnaməsinə çıxarmaqla bəzi qüvvələr Azərbaycanı ədalətli mövqeyindən çəkindirmək istəyirlər.

Azərbaycan Respublikasının Konstitusiyasına görə, insan hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bizi bu yoldan heç kəs çəkindirə bilməz. Gələcəyimiz demokratik inkişafla bağlıdır. Ümid etmək istəyirik ki, gələcəkdə Avropa Parlamenti Azərbaycan ilə bağlı məsələlərə baxarkən ölkəmizdə hökm sürən əsas meyilləri kənarda qoyaraq, ayrı-ayrı istisna halları ümumiləşdirmək yoluna düşməyəcəkdir.


(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il dekabrın 25-də keçirilmiş iclasında qəbul edilmişdir).

Xəbərlər
Redaktorun seçimi