“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.03.2009, 14:01
357

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun nəticələri açıqlanıb

A- A+

MSK-nın məlumatına görə, seçicilərin 71 faizinin iştirak etdiyi səsvermədə referenduma çıxarılmış maddələr 87-91 faiz dəstək qazanıb

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı martın 18-də ümumxalq səsverməsinə çıxarılmış referendum aktı layihəsi üzrə səslərin hesablanmasının ilkin nəticələrini açıqlayıb.  

Məlumata əsasən, ölkə üzrə seçicilərin 3 478 571 nəfəri səs verib ki, bu da ümumi seçicilərin 71,08%-i deməkdir. Ən yüksək seçici fəallığı 75 saylı Lənkəran-Masallı (81,12%), ən aşağı seçici fəallığı isə 43 saylı Sumqayıt III (59,79%) Seçki Dairəsində qeydə alınıb.

MSK-dan verilən məlumata görə, səsvermənin keçirildiyi 5367 məntəqədən 5311-nin nəticələrlə bağlı hesabatını təqdim edib. Bu isə təxminən 98,9% deməkdir.

Təqdim olunmuş hesabatlara əsasən, ilkin rəsmi nəticələr belədir:

1.
12-ci maddənin I hissəsinə «azadlıqlarının» sözündən sonra «Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin» sözləri əlavə edilsin – lehinə 3029673 (87.84%), əleyhinə 232859 (6.75%), etibarsız 186474 (6.75%);

2. 15-ci maddənin II hissəsinə «əsasında» sözündən sonra «sosial yönümlü» sözləri əlavə edilsin - lehinə 3022504 (87.63%), əleyhinə 237558 (6.88%), etibarsız 188944 (5.47%);

3. 17-ci maddə «Ailə, uşaqlar və dövlət» adlandırılsın, maddəyə aşağıdakı məzmunda III, IV, V və VI hissələr əlavə edilsin:
«III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər
IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.
V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər
VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir» - lehinə 3039478 (88.12%), əleyhinə 229545 (6.65%), etibarsız 179983 (5.21%);

4. 18-ci maddənin II hissəsində «dinlərin» sözündən sonra «(dini cərəyanların)» sözləri əlavə edilsin – lehinə 3012294 (87.33%) əleyhinə 242766 (7.03%), etibarsız 193946 (5.62%);

5. 19-cu maddənin II hissəsində «Milli» sözü «Mərkəzi» sözü ilə əvəz edilsin. 95-ci maddənin 15-ci bəndində «Milli» sözü «Mərkəzi» sözü ilə əvəz edilsin. 109-cu maddənin I hissəsinin 10-cu bəndində «Milli» sözü «Mərkəzi» sözü ilə əvəz edilsin, bəndə aşağıdakı sözlər əlavə edilsin:
«Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir» - lehinə 3020484 (87.57%), əleyhinə 240062 (6.96%), etibarsız 188460 (5.46%);

6. 25-ci maddəyə aşağıdakı məzmunda IV və V hissələr əlavə edilsin:
«IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz , yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqlar təmin edilir» - lehinə 3030226 (87.85%), əleyhinə 234732 (6.80%), etibarsız 184048 (5.33%);

7. 29-cu maddənin IV hissəsindən «və ya ictimai ehtiyaclar» sözləri çıxarılsın – lehinə 3011358 (87.31%), əleyhinə 241724 (7.00%), etibarsız 195924 (5.68%);

8. 32-ci maddədə: II hissəsinin ikinci cümləsində «şəxsi həyata» sözləri «şəxsi və ailə həyatına» sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır»;
III hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz»;
Aşağıdakı məzmunda V hissə əlavə edilsin:
«V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır – lehinə 3032304 (87.91%), əleyhinə 234840 (6.80%), etibarsız 181862 (5.27%);

9. 39-cu maddəyə aşağıdakı məzmunda III və IV hissələr əlavə edilsin:
«III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.
IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir» - lehinə 3022325 (87.62%), əleyhinə 234240 (6.79%), etibarsız 192441 (5.57%);

10. 48-ci maddəyə aşağıdakı məzmunda V hissə əlavə edilsin:
«V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz» - lehinə 3019339 (87.54%), əleyhinə 238487 (6.91%), etibarsız 191180 (5.54%);

11. 50-ci maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:
«III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir» - lehinə 3017634 (87.49%), əleyhinə 238592 (6.91%), etibarsız 192780 (5.58%);

12. 67-ci maddədə: maddənin adında «ittiham edilənlərin» sözləri «təqsirləndirilən şəxslərin» sözləri ilə, maddənin mətnində «ittiham etdiyi» sözləri «təqsirləndirdiyi» sözü ilə əvəz edilsin; maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
«II. Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir» - lehinə 3020618 (87.57%), əleyhinə 237509 (6.88%), etibarsız 190879
(6.88%);

13. 71-ci maddədə: II hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.»Aşağıdakı məzmunda IX və Х hissələr əlavə edilsin:
«IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz .
Х. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər» - lehinə 3025447 (87.71%), əleyhinə 235695
(6.83%), etibarsız 187864 (5.44%);

14. 72-ci maddənin I hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər» - lehinə 3026916 (87.76%), əleyhinə 232783 (6.74%), etibarsız 189307 (5.48%);

15. 75-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
«II. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur» - lehinə 3043295 (88.23%), əleyhinə 222473 (6.45%), etibarsız 183238 (5.31%);

16. 84-cü maddənin I hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir» - lehinə 3073475 (89.11%), əleyhinə 216226 (6.26%), etibarsız 159305 (4.61%);

17. 88-ci maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin:
«IV. Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər» - 3025394 (87.71%), 238096 (6.90%), etibarsız 185516 (5.37%);

18. 92-ci maddədə «daimi və başqa» sözləri «komitələr və» sözləri ilə əvəz edilsin – lehinə 3007539 (87.20%), əleyhinə 245334 (7.11%), etibarsız 196133 (5.68%);

19. 95-ci maddənin I hissəsinə aşağıdakı məzmunda 20-ci bənd əlavə edilsin:
«20) bələdiyyələrin hesabatlarının dinlənilməsi».
146-cı maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin:
«IV. Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər» - lehinə 3015299 (87.42%), əleyhinə 242089 (7.01%), etibarsız 191618 (5.55%);

20. 96-cı maddədə: I hissəyə «Ali Məhkəməsinə» sözlərindən sonra «Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına,» sözləri, II və IV hissələrinə «Ali Məhkəməsinin» sözlərindən sonra «Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının,» sözləri əlavə edilsin;
III hissədə «orqanın» sözü «subyektin» sözü ilə əvəz edilsin;
Aşağıdakı məzmunda VI və VII hissələr əlavə edilsin:
«VI. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.
VII. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir» - lehinə 3012949 (87.35%), əleyhinə 242422 (7.02%), etibarsız 193635
(5.61%);

21. 101-ci maddənin V hissəsi aşağıdakı redaksiyada verilsin:
«V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir» -
3164508 (91.75%), əleyhinə 158894 (4.60%), etibarsız 125604 (3.64%);

22. 108-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
«II. Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir» - lehinə 3032310 (87.91%), əleyhinə 232933 (6.75%), etibarsız 183763 (5.32%);

23. 109-cu maddənin I hissəsində: 13-cü bənddə «İcra Aparatını» sözləri «Administrasiyasını» sözü ilə əvəz edilsin;
17-ci bənddə «dövlətlərarası beynəlxalq» sözləri «dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökümətlərarası» sözləri ilə əvəz edilsin, 95-ci maddənin I hissəsinin 4-cü bəndində «dövlətlərarası» sözündən sonra «və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökümətlərarası» sözləri əlavə edilsin – lehinə 3021227 (87.59%), əleyhinə 238208 (6.90%), etibarsız 189571 (5.49%);

24. 125-ci maddəyə aşağıdakı məzmunda VII hissə əlavə edilsin:
«VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir» - lehinə 3017858 (87.49%), əleyhinə 239593 (6.94%), etibarsız 191555 (5.55%);

25. 129-cu maddənin mövcud mətni İ hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II və III hissələr əlavə edilsin:
«II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
III. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır» - lehinə 3018194 (87.50%), əleyhinə 241345 (6.99%), etibarsız 189467 (5.49%);

26. 130-cu maddənin IX hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir» - lehinə 3024851 (87.70%), əleyhinə 234483 (6.79%), etibarsız 189672 (5.49%);

27. 131-ci maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:
«III. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir» - lehinə 3021045 (87.59%), əleyhinə 236120 (6.84%), etibarsız 191841 (5.56%);

28. 146-cı maddənin mövcud mətni V hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda I, II və III hissələr əlavə edilsin:
«I. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir.
II. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz .
III. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir» - lehinə 3006034 (87.15%), əleyhinə 250184 (7.25%), etibarsız 192788 (5.58%);

29. 149-cu maddəyə aşağıdakı məzmunda VIII hissə əlavə edilsin:
«VIII. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməmiş normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir» - lehinə 3018230 (87.51%), əleyhinə 237941 (6.89%), etibarsız 192835 (5.59%).

APA, 19.03.2009.

 

AŞPA-nın müşahidəçi heyəti səsverməni ümumən müsbət qiymətləndirib

Avropa Şurası Parlament Assambleyasının 18 mart referendumu ilə əlaqədar Azərbaycana göndərilmiş nümayəndə heyəti ümumxalq səsverməsinə dair rəyini açıqlayıb. Rəydə Avropa Şurası Venesiya Komissiyasının Azərbaycandakı konstitusiya dəyişikliklərinə dair rəyi xatırladılır.

AŞPA-nın nümayəndə heyəti bildirir ki, referendum ərəfəsində mediada daha geniş müzakirələr təşkil edilsəydi, bu, referendumun məqsədlərinə daha yaxşı xidmət etmiş olardı: “Nümayəndə heyəti bəzi dəyişikliklərin konistitusiyanın əhəmiyyətli dərəcədə təkmilləşməsinə səbəb olacağı barədə Venesiya Komissiyasının rəyinə qatılır və Azərbaycan hakimiyyətini onları tam şəkildə yerinə yetirməyə dəvət edir. Nümayəndə heyəti belə nəticəyə gəlir ki, referendum Azərbaycan xalqının sabitlik və demokratikləşmə elementlərinin genişlənməsinə hazır olduğunu göstərir. Buna baxmayaraq, hakimiyyətin daha yaxşı tarazlaşdırılması gələcəkdə də islahatların aparılmasını tələb edəcək”.

Nümayəndə heyəti qeyd edir ki, səsvermə prosesi şəffaf olub, yaxşı təşkil edilib və dinc mühitdə keçib. AŞPA-nın 18 mart referendumu ilə əlaqədar Azərbaycana göndərilmiş nümayəndə heyəti seçki prosesindəki təkmilləşdirmələrin davam etdirilməsini vacib sayır.

“Media forum”, 19.03.2009.

Xəbərlər
Redaktorun seçimi