Dünyanı ikiyə bölən gün
Amerika Birləşmiş Ştatlarındakı 11 sentyabr terrorundan 8 il ötür
Amerikada tarixin ən böyük terror olayının – 11 sentyabr terror aktının törədilməsindən 8 il ötür. 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda törədilən terror aktları bu hadisəni işıqlandıran məqalələr və audio-video materialların sayına görə ABŞ-da törədilmiş digər terror aktlarını geridə qoyur.
Həmin materiallar “Make History” saytında toplanıb və bu ildən internet auditoriyanın ixtiyarına verilib. Təşkilatçılar bu günə kimi 500 saatlıq videomaterial toplayıblar. Bu gün 11 sentyabr hadisələrinin ildönümü ilə əlaqədar həmin hadisələri əks etdirən yeni video görüntülər yayımlanıb.
Qeyd edək ki, “Əl-Qaida” terror təşkilatının üzvü olan 19 terrorçu müxtəlif istiqamətlərdə hərəkət edən 4 sərnişin təyyarəsini ələ keçirərək müxtəlif obyektlərə doğru yönəldiblər. Təyyarələrdən ikisi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin göydələnlərinə çırpılıb.
Terrorçular daha bir təyyarəni Pentaqonun əsas binasına yönəldiblər. Dördüncü təyyarə isə Pensilvaniya ştatı ərazisində yerə düşüb. Ümumilikdə terror aktları nəticəsində 3 mindən çox adam ölüb.
11 sentyabr hadisələri ABŞ-ın xarici siyasətində köklü dəyişikliyə səbəb olub. Məhz bu hadisələrdən sonra rəsmi Vaşinqton beynəlxalq terrorizmə qarşı mübarizəni öz xarici siyasət kursunun əsas prioritet istiqaməti elan edib.
Xatırladaq ki, Vaşinqtonun təhriki ilə NATO-nun Əfqanıstanda antiterror əməliyyatına başlamasında 11 sentyabr hadisələri stimul rolunu oynayıb.
Son səkkiz ildə ABŞ və müttəfiq dövlətlər 11 sentyabr hadisələrinə görə məsuliyyəti öz üzərinə götürmüş “Əl-Qaida” terror təşkilatının ləğv edilməsi istiqamətində antiterror fəaliyyəti aparırlar.
Bax həmçinin:
Terrorun həqiqət anı
11 sentyabr təkcə Amerikanı deyil, qalan dünyanı da özü-özünə hesabat verməyə məcbur etdi
Dünyanın ən böyük və qanlı təxribatı kimi tarixə düşən 11 sentyabr terrorunun ildönümüdür. Telegörüntüləri onu seyr edənlərin yaddaşından heç vaxt silinməyəcək həmin gün, sözsüz ki, təkcə terror hücumuna məruz qalmış ABŞ üçün deyil, bütün dünya üçün misilsiz bir şok idi.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-i səhər terrorçuların qaçırdığı iki sərnişin təyyarəsi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin (DTM) "əkiz" qüllələrinə çırpılaraq onları yerlə-yeksan etmiş, daha bir təyyarə Vaşinqtonda ABŞ Müdafiə Nazirliyinin (Pentaqonun) binasına çırpılmış, terrorçuların qaçırdığı bir təyyarə isə Pensilvaniya ştatında yerə düşərək partlamışdı.
O dəhşətin xronikası dəqiqəbədəqiqə tarixin yaddaşındadır. Nyu-York vaxtı ilə 8.46-da (Bakı vaxtı ilə 17.46) "Amerikan Eyrlaynz" aviaşirkətinin Bostondan Los-Ancelesə uçan (11-ci reys) "Boinq" sərnişin təyyarəsi DTM-nin "şimal" qülləsinə, 17 dəqiqə sonra "Yunayted Eyrlaynz" şirkətinə məxsus daha bir "Boinq" (175-ci reys, Boston - Los-Anceles) 115 mərtəbəli göydələnin ikinci - "cənub" qülləsinə dəyərək partlamışdı.
Hadisənin şoku içərisində ABŞ Federal Aviasiya İdarəsi Nyu-York ətrafında uçuşlara qadağa qoyduqdan bir neçə dəqiqə sonra, saat 9.55-də isə "Amerikan Eyrlaynz"ın Vaşinqtondan Los-Ancelesə uçan sərnişin təyyarəsi (77-ci reys) ABŞ Müdafiə Nazirliyinin (Pentaqonun) beşguşəli möhtəşəm binasına çırpıldı.
Nəhayət, 10.25-də "Yunayted Eyrlaynz"ın Nyu-Yorkdan San-Fransiskoya uçan (93-cü reys) daha bir sərnişin təyyarəsi Pitsburq şəhərindən 130 kilometr aralıda, Sommerset bölgəsində yerə dəyib partlamışdı.
Təyyarələrin partlaması ilə yaranan güclü istilik effekti Nyu-Yorkdakı "əkiz" qüllələrin möhkəm konstruksiyasını o dərəcədə zəiflətmişdi ki, dünyanın ən möhtəşəm tikilisi bir neçə dəqiqənin içində nəhəng polad-beton "dağı"na çevrilmişdi. DTM-nin binasında yanğın bir neçə gün davam etdi.
Ticarət mərkəzinin dağıntılarının təmizləmə işləri isə düz 9 ay sürdü. Sonralar aparılmış statistikaya görə, təkcə DTM-nin dağıntıları altında 2792 nəfər, onun "əkiz" qüllələrinə çırpılmış iki təyyarədə 157 nəfər, Pentaqonun binasına dəyən təyyarədə və binanın özündə 184 nəfər, Pensilvaniya ştatında yerə düşmüş təyyarədə isə 129 nəfər həlak olub. Bundan əlavə, 380 nəfər itkin düşmüş hesab olunur.
Bu gün bütün bu statistika, həmçinin 11 sentyabr terrorunun bir çox digər detalları (terror qurbanlarının telefonda qışqırdıqları son fəryad səsləri də daxil olmaqla) Amerika və dünya ictimaiyyətinə bəllidir. Bununla belə, ötən beş ildə 11 sentyabrla bağlı bir çox şübhə və müəmmalar da qəzet səhifələrində, kitab və filmlərdə eninə-boyuna incələnib.
Üstündən illər keçəndən sonra hətta ABŞ-ın özündə də bir qisim insan 11 sentyabr hadisələrinin terror aktı olmasına şübhə edir, bu nəhəng təxribatın ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən qəsdən törədildiyi və bununla Amerikanın sonradan Əfqanıstanda, İraqda və s. yerlərdə müharibə aparmaq üçün bəhanə qazandığı qənaətindədir.
O cümlədən Nyu-Yorkdakı DTM binası ətrafında spekulyasiyalar bu gün də davam edir. Bəzi iddialara görə, binanın sahibi Larri Silversteyn 11 sentyabr terrorundan ayyarım əvvəl, 2001-ci il iyul ayının 24-də binanın ayrı-ayrı biznes dairələrinə 99 illiyə kirayəyə verilməsi barədə çox sərfəli müqavilə imzalayıb və bu onun gözlənilən təxribatdan xəbərdar olduğunu göstərir. 11 sentyabr öncəsi DTM-də yerləşən bir çox banklardan milyardlarla dollar dəyərində qızılın çıxarılması barədə də iddialar yetərincədir.
Yeri gəlmişkən, bu beş ildə Nyu-Yorkun Manhetten rayonunda, vaxtilə DTM göydələnlərinin ucaldığı "sıfır nöqtəsi"ndə xatirə kompleksinin inşası da çoxlu mübahisələrə yol açıb. Nəhayət, dünən (sentyabrın 8-də) faciənin beşinci ildönümü münasibətilə burada müvəqqəti xatirə mərkəzi açılıb. Mərkəzdə 11 sentyabr terroru qurbanlarının və itkin hesab edilən şəxslərin fotoşəkilləri ilə yanaşı, DTM-nin metal konstruksiyalarının bəzi qırıntıları və "əkiz" qüllələrindən birinə çarpılmış təyyarənin füzelajının bir hissəsi nümayiş olunur.
Ötən müddətdə ABŞ-da 11 sentyabr hadisələrinə görə cəmisi bir nəfər üzərində məhkəmə prosesi yekunlaşıb. Bu ilin mayında Virciniya ştatının məhkəməsi Mərakeş əsilli Fransa vətəndaşı, bin Ladenin yaxın silahdaşlarından sayılan Zəkəriyyə Musəvini ömürlük həbs cəzasına məhkum edib. Özü də o, 2001-ci ilin avqustunda, yəni 11 sentyabr terrorundan öncə başqa ittihamlar əsasında həbs olunmuşdu və sonradan istintaq gedişində 11 sentyabrın hazırlanmasında iştirakını etiraf edib.
11 sentyabrın müəllifi sayılan və bu beş ildə yeri-yurdu, öldü-qaldısı müəyyənləşməyən Üsəma bin Ladenin isə artıq bir növ nağıl qəhrəmanına çevrilib. Bununla yanaşı, 11 sentyabrdan beş il keçəndən sonra da istər Amerika, istərsə də dünya ictimaiyyəti bu olayların başlıca suallarına hələ də cavab tapmayıb.
Necə oldu ki, dünyanın ən güclü təhlükəsizlik sisteminə malik möhtəşəm dövləti bu nəhəng təxribatı önləyə bilmədi, "bir ovuc" terrorçunun qarşısında aciz qaldı? Bu sual indi xeyli dərəcədə ritorik səslənir. Hərçənd məlumdur ki, 2001-ci ilin 11 sentyabrından öncə ABŞ kəşfiyyatı və xüsusi xidmət orqanlarında "Əl-Qayda"nın təyyarə ilə təxribat törətmək planları barədə xeyli məlumatlar olub.
11 sentyabradək DTM-nin əzəmətli binası təkcə Nyu-Yorkun deyil, bütövlükdə Amerikanın möhtəşəmlik simvolu sayılırdı. Onun darmadağın edilməsi beynəlxalq terror tərəfindən Amerikanın möhtəşəmliyinə və yenilməzliyinə vurulan çox həssas zərbə idi. 115 mərtəbəli binanın çökməsi ilə ABŞ cəmiyyətində bu dövlətin məğlubedilməzliyi, dünyada isə Amerikanın qüdrəti barədə mülahizələrin müəyyən mənada mif olduğu ortaya çıxdı.
"Soyuq müharibə"nin başa çatması ilə özünü təkqütblü dünyanın mütləq hakimi qismində görən ABŞ 11 sentyabrla beynəlxalq terror sifətində çox qorxulu bir düşmənlə üz-üzə qaldığının fərqinə varmalı oldu. Hərçənd 11 sentyabr mahiyyət etibarilə istər Amerika, istərsə də dünya üçün tam gözlənilməz, qəfil hadisə deyildi. Çünki dünyanın 2001-ci ilədək olan siyasi tarixini, ələlxüsus da Amerikanın bu tarixdəki yeri və rolunu göz önünə alsaq, 11 sentyabrın heç də "birdən" baş vermədiyini yəqin edərik.
Bu xüsusda bin Ladenin bioqrafiyasının bəzi məqamlarını (o cümlədən onun 1980-ci illərdə Əfqanıstanda sovetlərə qarşı mübarizədə Amerika kəşfiyyatı ilə yaxın əlaqələrini) da yada salmaq olar. Amma indilik bunları bir kənara qoyaq. Çünki 2001-ci ilin 11 sentyabrı geniş mənada çağdaş tarix üçün yeni istinad nöqtəsi oldu.
Amerikanı sarsıdan partlayışlar beynəlxalq terrorizmin nə dərəcədə dəhşətli kabus olduğunu təsdiqlədi və dünyanı bu yöndə özü-özünə hesabat verməyə məcbur etdi. 11 sentyabr şoku bütün dünyaya göstərdi ki, hətta ən böyük fövqəldövlət belə beynəlxalq terror şəbəkəsi ilə ayrılıqda mübarizə aparmaq gücündə deyil. Məhz buna görə də 11 sentyabrın səhərisi ABŞ prezidenti Corc Buş dünya dövlətlərini beynəlxalq terrorizmlə mübarizədə köməyə çağırdı.
Amerika prezidentinin "ya bizimləsiniz, ya da terrorçularla" bəyanatı bəzilərinə Stalinin məşhur "kim bizimlə deyilsə, bizə qarşıdır" kəlamını xatırlatsa da, mövcud gerçəkliyin ifadəsi idi. Terrorun dünyanı açıq-aşkar təhdid etdiyi vaxtda baş verənlərə alayarımçıq münasibət bildirmək mümkün deyildi. Bu, hər bir dövlət üçün prinsip və mövqe nümayişi məqamı idi.
Azərbaycan da ilk gündən antiterror koalisiyasında yer aldı. Ölkəmiz 11 sentyabrdan sonra ABŞ-a mənəvi dəstək verməklə bərabər, antiterror koalisiyası təyyarələrinə hava dəhlizinin verilməsi, terrorçuların maliyyə axınlarının qarşısının alınması və "Əl-Qayda" təşkilatının fəal üzvlərinin həbs olunmasında fəal iştirak edib.
Azərbaycanın bu prinsipial mövqeyi onun ABŞ-la tərəfdaşlığında yeni səhifə açdı. ABŞ administrasiyası 1992-ci ildən qüvvədə olan 907-ci qadağanın qüvvəsini dayandırmaq üçün Konqresə müraciət etdi və 2002-ci ilin yanvarında bu yasaq aradan qalxdı.
Bununla Amerika həm də məlum gerçəyi bir daha təsdiqləmiş oldu ki, o, fövqəldövlət olaraq bütün addımlarını yalnız öz mənafeyinə uyğun atır. Çünki 2001-ci ilin 11 sentyabrınadək rəsmi Bakının 907 ilə bağlı bütün xahişlərinə ABŞ hökumət rəsmiləri belə cavab verirdilər ki, onlar bu məsələdə Konqresə təsir etmək gücündə deyillər. Bütün bunlar, necə deyərlər, böyük siyasətin xırda detallarıdır.
Eyni zamanda, o da bir gerçəkdir ki, 11 sentyabrdan sonra dünyada terrora total müharibə elan edən ABŞ bu faktordan həm də özünün dünyadakı hegemonluğunu möhkəmlətmək üçün maksimum yararlanmaq yolunu tutdu. Bu isə nəhayətdə Amerika ilə qalan dünya arasında 2001-ci ilin sentyabrında yaranmış anlaşma bağlarının tədricən qırılması ilə nəticələndi.
Təsadüfi deyil ki, 2001-ci oktyabrında Amerikanın Əfqanıstanda "Əl-Qayda" və "Taliban"a qarşı başladığı "Əyilməz azadlıq" əməliyyatını dünya anlayışla qarşılamışdısa, 11 sentyabrdan ilyarım sonra, 2003-cü ilin martında, beynəlxalq terror şəbəkəsi, o cümlədən "Əl-Qayda" ilə əlaqəsi təsdiqlənməyən İraqda Səddam Hüseyn rejiminin devrilməsi ilə başlanan müharibə dünyanın böyük əksəriyyəti tərəfindən mənfi qarşılandı.
Çünki İraq müharibəsi antiterror mübarizəsi kontekstindən kənara çıxmışdı və onun ABŞ-ın Yaxın Şərqdəki siyasi və geoiqtisadi maraqlarını təmin etmək məqsədi güddüyü olduqca aşkar idi. Təsadüfi deyil ki, Əfqanıstandan fərqli olaraq, İraq müharibəsinin başlamasına nə BMT razılıq vermişdi, nə də Amerikanın NATO-dakı müttəfiqləri (Britaniya istisna olmaqla) bu müharibədə ABŞ-la yanaşı yer aldı.
Beynəlxalq miqyasdakı antiterror koalisiyası indi çox yayğın görünür. İraqda dörd ildən bəri davam edən qanlı dövranın nə vaxt bitəcəyi, habelə ABŞ-ın bu "bataqlıq"dan necə çıxacağı isə çoxlu suallar doğurur. Bu gün dünyanın bütün ölkələri terrorla mübarizəni özünün milli təhlükəsizliyinin prioritet istiqaməti elan edib. O cümlədən beynəlxalq terrorun ən böyük hədəfi olan Amerika da bu məqsədlə milyardlarla dollar vəsait xərcləyir, viza rejimini sərtləşdirir, total izləmə və kəşfiyyat şəbəkəsini gün-gündən möhkəmlədir.
2001-ci ildən sonra ABŞ-ın hərbi büdcəsi dəfələrlə artıb. Bu isə deməkdir ki, Amerika antiterror müharibəsində nəfəs dərmək niyyətində deyil. Amma bütün bu fantastik büdcəyə və təhlükəsizlik tədbirlərinə rəğmən bu gün Amerika cəmiyyəti, beş il öncə olduğu kimi, yenə özünü terror təhlükəsi qarşısında müdafiə olunmuş hesab etmir.
11 sentyabrdan təkcə Amerika üçün deyil, bütün dünya üçün çıxan başlıca nəticə isə terrorla hamılıqla, heç bir ikili, üçlü standartlara yol vermədən mübarizə aparılmasının labüdlüyüdür.
Nə qədər ki, ayrı-ayrı dövlətlər terrora və onu özünə fəaliyyət prinsipi seçən qüvvələrə münasibətdə gerçəklik deyil, siyasi maraqlar prizmasından yanaşacaqlar, nə qədər ki, dünyada terrora "yaxşı" və "pis", "mənim" və "sənin" bölgülərinə ayrılaraq qiymət veriləcək, bu bəladan nə bütövlükdə dünyanın, nə də ayrılıqda heç bir kiçik, yaxud fövqəl dövlətin qurtulması mümkün olan iş deyil.
Vüqar Orxan, “525-ci qəzet”, 11.09.2006.