“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.07.2009, 10:56
357

Qarabağ nizamlanmasının Baza Prinsipləri açıqlanıb

A- A+

2007-ci ildən danışıqlar masasında olan sənədin əsas detalları ABŞ administrasiyası tərəfindən mətbuata elan olunub

Birləşmiş Ştatlar prezidentinin administrasiyası Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Baza Prinsiplərinin detallarını mətbuata elan edib. Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda 2007-ci ildə Madriddə Rusiya, ABŞ və Fransanın xarici işlər nazirlərinin təklif etdiyi prinsiplərin əsas mahiyyəti açıqlanır. 

Bəyanatda bu prinsiplərin Helsinki Son Aktına, gücün tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqluq və öz müqəddəratını həll etmək hüququna əsaslandığı qeyd olunub.

Ağ Evin mətbuat xidməti Madrid Prinsiplərinin konkret maddələrini də açıqlayıb.

1. Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması.

2. Dağlıq Qarabağa keçid statusu verməklə onun təhlükəsizliyi və özünü idarə etməsinə təminat verilməsi.

3. Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması.

4. Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək hüquqi səlahiyyəti olan arzunun ifadə etmək hüququ.


5. Bütün qaçqın və köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtmaq hüququ.

6. Sülhməramlı əməliyyatları nəzərdə tutan beynəlxalq təhlükəsizlik təminatının verilməsi.


Ağ Evin bəyanatında deyilir ki, Baza Prinsiplərinin Ermənistan və Azərbaycan tərəfindən dəstəklənməsi həm iki ölkə, həm də region üçün əhatəli sülhün, stabilliyin və firavanlığın yaranmasına səbəb olacaq.

Xatırladaq ki, “Böyük 8-lər”in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında ABŞ, Rusiya və Fransa prezidentləri Barak Obama, Dmitri Medvedev və Nikola Sarkozi Qarabağ sülh prosesinə dair birgə bəyanat qəbul ediblər.

Prezidentlər ATƏT-in Minsk Qrupunun həmsədrlərinə Azərbaycan və Ermənistan prezidentlərini Baza Prinsiplərinə dair son təkliflərin əks olunduğu, 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırıblar: “Biz öz vasitəçilərimizə təlimat verdik ki, Madrid Sənədinin son tamamlanmış variantını prezidentlərə təqdim etsinlər. Biz Azərbaycan və Ermənistan prezidentlərini qalan fikir ayrılıqlarını aradan qaldırmağa və hərtərəfli sülh planının əsasını təşkil edəcək Baza Prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırırıq”.

 

ABŞ dövlət katibinin 1-ci müavini: “Qarabağ münaqişənin həlli üçün real imkan var”

ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq Azərbaycana səfərinin başlıca məqsədinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar aparmaq olduğunu bəyan edib.

C. Staynberq jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə bu məsələdə tərəqqi əldə olunduğunu söyləyib: “Həmsədr ölkələrin dövlət başçılarının bəyanatı və iki ölkə prezidentinin iyulun 17-də keçirəcəkləri görüş əsasında da deyə bilərik ki, münaqişənin həlli üçün real imkan var. Mən Azərbaycan prezidenti və hökumətinin bu məsələnin konstruktiv həllinə dair güclü istəyini müşahidə etdim. ABŞ iki ölkə prezidentinin münaqişənin konstruktiv həllini tapmaq səylərini dəstəkləyir”.

Xəbərlər
Redaktorun seçimi