“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.11.2020, 13:00
1564

Dağıdılmış şəhərləri, rayonları yenidən dirçəldəcəyik

A- A+

Prezident İlham Əliyev noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad olunması ilə bağlı Azərbaycan xalqına müraciət edib

Kəlbəcər bizim qədim torpağımızdır. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər.

Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır.

Prezident İlham Əliyev bu sözləri noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad olunması ilə bağlı Azərbaycan xalqına müraciətində deyib.

Azərbaycan xalqını, kəlbəcərliləri təbrik edən dövlət başçısı vurğulayıb ki, 27 il davam edən işğal zamanı Kəlbəcərin tarixi abidələrinə, təbiətinə də böyük ziyan vurulub. İşğal zamanı ermənilər rayonun ərazisindəki alban xristian məbədləri ilə bağlı saxtalaşdırmaları da davam etdiriblər.

“Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq. Mən bu kilsələrdə dəfələrlə olmuşam, Şəki şəhərində, Qəbələ rayonunda, Udi kilsəsində. Bildiyiniz kimi, müharibə dövründə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nic qəsəbəsində qədim Udi Qafqaz Albaniyası kilsəsinin təmir işləri yekunlaşdı və bu kilsənin açılışı oldu. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Ona görə, heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən qorunacaq”, – deyə Prezident bildirib.

Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı?

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya tərəfindən, dünya liderləri tərəfindən təqdirlə qarşılanır: “Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb. Niyə bu, narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı, bizdən başqa? Mən bu məsələni dəfələrlə beynəlxalq tribunalardan, beynəlxalq kürsülərdən, xarici həmkarlarımla təmaslar əsnasında qaldırmışdım. Nə üçün buna heç kim narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalq heyət göndərmək istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın”.

Prezident diqqətə çatdırıb ki, Kəlbəcər rayonu füsunkar təbiəti, zəngin mədəni irsi ilə bərabər qonşu rayonların su təsərrüfatı üçün də böyük imkanlara malikdir. Tərtər çayı,  Bazarçay, Xaçınçay kimi bir neçə çayın mənbəyi Kəlbəcər rayonundadır.  1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Sərsəng su anbarı Qarabağın Aran zonasında yerləşən 6-7 rayonda suvarmanı təmin edirdi: “Mənfur düşmən yayda suyu kəsirdi, qışda buraxırdı və su basırdı bütün torpaqları. Bizə qarşı ekoloji terror təşkil edilirdi. Ermənistan terror dövlətidir, bu terrorun bir çox əlamətləri var. Tarixi abidələrimizin dağıdılması, mülki əhaliyə qarşı törədilən soyqırımı, meşələrimizin qırılması, çaylarımızın məcrasının dəyişdirilməsi və digər əlamətlər var. Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi, bizə isə su gəlmirdi. Biz Suqovuşan qəsəbəsini alandan sonra indi artıq suyun verilməsi başlamışdır və 100 min hektara suyun verilməsi nəzərdə tutulur”.

Prezident qeyd edib ki, işğal zamanı Kəlbəcər rayonunda meşələr də düşmən tərəfindən qırılıb, talanıb: “Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”.

Dövlət başçısı deyib: “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. Hamısını bərpa edəcəyik”.

Ermənistanın Kəlbəcərdə apardığı qanunsuz məskunlaşma barədə danışan İlham Əliyev bildirib ki, bu, Cenevrə Konvensiyasına görə hərbi cinayət sayılır. Düşmən bütün hərbi cinayətlərə görə, bütün dağıntılara görə cavab verəcək: “Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, Füzulidə də həmçinin, Cəbrayılda da həmçinin. Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan. Biz isə qurub-yaradanıq. Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır. Şuşaya yeni yolun çəkilişi artıq başlanmışdır. Dəmir yollarını bərpa edəcəyik... Yəni, bütün bu işlər planlı şəkildə aparılacaq və Azərbaycan vətəndaşları görüləcək işlərlə bağlı müntəzəm olaraq məlumatlandırılacaqdır. Bütün işləri biz planlı şəkildə etməliyik. Bir daha demək istəyirəm, ilk növbədə, dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq. Ondan sonra məhkəmə iddiaları. Ondan sonra şəhərlərimizin, kəndlərimizin baş plan əsasında yenidən qurulması, kənd təsərrüfatı, digər infrastruktur layihələri, su, işıq ilə əlaqədar lazımi tədbirlər. Ondan sonra yollar. Biz düşməni Şuşadan qovanda oraya gedən su xəttini sıradan çıxarıb. İndi Şuşada su yoxdur. Bax, budur bu düşmən.

Bizim əsgərlərimiz görəndə ki, Ağdam rayonunun bir kəndində erməni əhalisi vaxtında çıxa bilməyib, onlara çıxmaq üçün şərait yaradıblar. Onlara söz deyən olmayıb. Amma mənfur düşmən bizim meşələrimizi yandırır, evlərimizi yandırır, su xəttini sıradan çıxarıb. Hesab edir ki, bu, bizi dayandıracaq? Biz istənilən yerə su xətti çəkmişik – ucqar dağlara çəkmişik, dağ kəndlərinə çəkmişik. Hamısını bərpa edəcəyik, hamısını. Artıq müvafiq göstərişlər verilibdir və əminəm ki, biz bu işləri vaxtında görəcəyik”.

“Hesab edirdilər ki, bu torpaqları əbədi saxlayacaqlar”

Qarabağ məsələsi ilə bağlı danışıqlar dövrünü yada salan Prezident İlham Əliyev deyib: “O vaxt dəfələrlə mənə deyilirdi ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. Bütün beynəlxalq təşkilatlar, təmasda olduğum bütün böyük dövlətlərin liderləri dəfələrlə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Mən nə deyirdim? Deyirdim ki, var! Deyirdim ki, lazım olsa torpaqlarımızı hərbi yolla azad edəcəyik. Deyirdim ki, müharibə heç zaman istisna olunmur... Mən deyirdim ki, məsələni sülh yolu ilə həll etmək istəyirəm. Amma həll etmək istəyirəm. Ermənistan nə istəyirdi? Status-kvonu saxlamaq, əbədi etmək. Hesab edirdi ki, əgər 26-27 il ərzində buna nail olubsa, deməli, bundan sonra da nail olacaq. Hesab edirdilər ki, onların havadarları daim onları müdafiə edəcəklər, onların arxasında duracaqlar, onların əvəzinə müharibə aparacaqlar. Onlar, ümumiyyətlə, hesab edirlər ki, bütün dünya bunlara borcludur. Onlar bu ziyanlı və xəstə təfəkkürlə öz ölkəsini idarə etmək istəyirlər ki, kimsə gəlməlidir, bunlara mütləq kömək göstərməlidir. Bəs, siz özünüz nəyə qadirsiniz? Əgər hər zaman kiminsə ətəyindən yapışıb hansısa imtiyaz umursunuzsa, bəs, özünüz nəyə qadirsiniz? Bax, bu təfəkkür onların cəmiyyətini də demək olar ki, yanlış istiqamətə aparıb. Bu gün də hamıdan narazıdırlar. Bu gün də hamıya qarşı iddialar irəli sürürlər ki, nə üçün bizi heç kim müdafiə etmir. Sizi kim müdafiə etməlidir? Siz müstəqil ölkəsiniz, - əgər belə demək mümkündürsə, - müstəqil ölkə kimi də yaşayın, bu, birincisi. İkincisi, siz başqasının torpağını zəbt etmisiniz. Bir milyon insanı evsiz-eşiksiz qoymusunuz. Bütün binaları, evləri, şəhərləri dağıtmısınız. Siz özünüzü vəhşilər kimi aparmısınız. Haqq-ədalət sizin tərəfinizdə deyil, beynəlxalq hüquq sizin tərəfinizdə deyil, tarixi həqiqət sizin tərəfinizdə deyil. Amma hesab edirdilər ki, bu torpaqları əbədi saxlayacaqlar. Hesab edirdilər ki, vaxt keçəcək, nəsillər dəyişəcək. Azərbaycan xalqı bunu unudacaq, bu vəziyyətlə barışacaq. Səhv etdilər. Heç vaxt biz bu vəziyyətlə barışmaq fikrində deyildik”.

Dövlət başçısı bu illər ərzində Dağlıq Qarabağ məsələsinin daim beynəlxalq gündəmdə qalması üçün bütün istiqamətlərdə ardıcıl iş görüldüyünü və Vətən müharibəsində bunun öz nəticəsini göstərdiyini vurğulayıb: “Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövrdən fərqli olaraq bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu. Mən ilk günlərdən deyirdim ki, bu məsələ öz həllini hərbi, siyasi yollarla tapmalıdır. Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir... Əgər qulaq assaydı, bu rəzil vəziyyətə düşməzdi. Müharibənin nəticələri də mən deyən kimi oldu. Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı”.

Ali Baş Komandan xalqa müraciətini bu sözlərlə bitirib: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!”.

Xəbərlər
Redaktorun seçimi