“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.10.2020, 16:00
537

Helsinkidə “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib

A- A+

Müxtəlif icmaların nümayəndələri və yerli sakinlərin iştirak etdiyi tədbirdə “Qarabağ: Bizim əcdadlarımızın irsi” adlı sənədli film nümayiş olunub...


 

Oktyabrın 18-də Finlandiyanın paytaxtı Helsinki şəhərinin mərkəzi “Odi” kitabxanasında Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa olunmasının 29-cu ildönümünə həsr olunmuş “Qarabag Azərbaycandır” adlı tədbir kecirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər Təşkilatının rəhbəri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə müxtəlif icmaların nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə işğalçı Ermənistan ordusunun Azərbaycanın ikinci şəhəri olan Gəncədə yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində həlak olan günahsız dinc sakinlərin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Ü.Cabbarova dövlət müstəqilliyinin əldə olunması, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı işğalçı və təcavüzkar siyasəti barədə ətraflı məlumat verib. O, işğalçı Ermənistan ordusunun humanitar atəşkəs rejimini kobudcasına pozaraq, cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini raket atəşinə tutması nəticəsində, aralarında qadınlar və azyaşlı uşaqlar da olan 24 mülki şəxsin həlak olmasını, 90 nəfərin yaralanmasını faşizmin və vandalizmin təzahürü adlandırıb, beynəlxalq birliyi bu hərbi cinayətə səssiz qalmamağa çağırıb.

Sonra “Qarabağ: Bizim əcdadlarımızın irsi” adlı sənədli film nümayiş olunub.

Tədbirin bədii hissəsində Finlandiyada yaşayan gənclər – Mona Safojifar, Aylin Guluzadə, Aysu Saedi vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər, Könül Saedi “Laçın” xalq mahnısını, Leyli Huseynova bəstəkar Vasif Adıgözəlovun “Elegiya” prelüdiyasını, Sevil Quliyeva “Sarı gəlin” rəqsini ifa ediblər.

Tədbir zamanı təşkil olunan guşədə Qarabag və Azərbaycandan bəhs edən kitablar, xalcalar, milli geyimlər və s. nümayiş etdirilib.

Xəbərlər
Redaktorun seçimi