“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.05.2018, 13:00
485

Azərbaycanda yaşayan rus pravoslavları dövlətin diqqət və qayğısı ilə əhatələnib

A- A+

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov 2018-ci il mayın 7-də Bakıda yerləşən “Müqəddəs Jen-Mironosits” rus pravoslav kafedral kilsəsini ziyarət edib, kilsənin həyətində yerləşən Pravoslav Dini Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Görüşdə arxiyepiskop Aleksandr ölkəmizdə rus pravoslavlığının tarixi və fəaliyyəti haqqında geniş məlumat verərək, dövlətin bu dini quruma göstərdiyi qayğıdan, ölkəmizdəki tolerantlıq mühitindən yüksək məmnunluğunu ifadə edib. Arxiyepiskop respublikamızda mövcud olan müxtəlif dini qurumlarla, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası dini qurumu, Alban-Udi Xristian dini icması, yəhudi icmaları və digərləri ilə sıx əməkdaşlıq etməsindən, dostluq münasibətləri qurmasından da danışıb.

Etibar Nəcəfov öz növbəsində Ümummilli Lider Heydər Əliyevin rus pravoslavlarına yüksək diqqət və qayğı ilə yanaşmasından, ölkəmizdə yaşayan rus xalqının nümayəndələrinin mənəvi dəyərlərinin qorunması sahəsində görülən işlərdən,  Prezident cənab İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətdən bəhs edib.

Sonra arxiyepiskop Aleksandra “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabı təqdim edilib. Arxiyepiskop öz növbəsində kilsənin fəaliyyətini əks etdirən müxtəlif ədəbiyyat nümunələri təqdim edib.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein ilə keçirilən görüşdə kilsənin tarixi haqqında məlumat verilərək bildirilib  ki, bu kilsə 1909-cu ildə məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin maddi yardımı və ianələr hesabına inşa edilib. 1920-ci ildə sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olub, onun baş keşişi isə güllələnib. Kilsənin boş binasından müxtəlif məqsədlər üçün istifadə edilib, 1990-cı ildə qanlı Yanvar hadisələri zamanı kilsənin dam örtüyünə iki mərmi düşərək binanı yararsız hala gətirib.

Məbədin yarıdağılmış binası Azərbaycan hökumətinin qərarı ilə 1991-ci ildə Rus Pravoslav Kilsəsinin sərəncamına verilib, təmir-bərpa işləri həyata keçirilib, 27 may 2001-ci ildə Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi Azərbaycana səfəri zamanı bu məbədi təqdis edib və ona baş kafedral kilsə statusu verib. Kilsənin 24 mart 2003-cü il tarixdə həyata keçirilən açılış mərasimində Ulu Öndər Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların rəhbərləri iştirak edib.

Diqqətəlayiq haldır ki, kilsəsinin bərpasında azərbaycanlı xeyriyyəçi iş adamı Aydın Qurbanovun böyük xidmətləri olub, tələb olunan maliyyə və maddi vəsaitlərin əsas hissəsini öz üzərinə götürüb.

Görüşdə Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov da iştirak edib.

Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumu Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2002-ci ildə ilk dəfə, 2009-cu ildə isə yenidən dövlət qeydiyyatına alınıb. Yeparxiya üç blaqoçinliyə (inzibati bölgü) – Bakı şəhər blaqoçinliyi, Qərb balqoçinliyi və Xəzəryani blaqoçinliyə bölünür. Onun nəzdində 5 kilsə (Bakı – 3, Gəncə -1, Xaçmaz -1), 2 dua evi (Sumqayıt və Lənkəranda), 1 sovmə (Rusiyanın Azərbaycandakı səfirliyinin ərazisində yerləşir) fəaliyyət göstərir.

Yeparxiyanın tərkibində fəaliyyət göstərən Pravoslav Dini Mədəniyyət Mərkəzi Prezident İlham Əliyevin tapşırığı ilə inşa edilib və 2013-cü ilin noyabr ayının 15-də açılışı olub. Açılış mərasimində Prezident İlham Əli­yev, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, həmçinin Rus Pravoslav Kilsəsinin Vereyski arxiyepiskopu, Müqəddəs Sinod yanında Tədris Ko­mitəsinin sədri, Moskva Pravoslav Ruhani Akademiyasının ve Seminariyasının rektoru, Berlin ve Alman arxiyepisko­pu, Moskva Patriarxlığının kilsə və cəmiy­yətin münasibətləri üzrə şöbə rəhbəri, ölkəmizdəki digər xristian və yəhudi icmaların sədrləri, millət vəkilləri, xarici ölkələrin səfirləri və digər şəxslər iştirak edib.

Bu dördmərtəbəli binada vəftiz otağı, müxtəlif tədbirlərin, o cümlədən konfrans və seminarların keçirilməsi üçün yerlər tikilmiş, həmçinin kilsə təhsilinin verilməsi məqsədilə bazar günü məktəbləri üçün lazımi şərait yaradılıb.

Qeyd edək ki, 2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin həyata keçirdiyi “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində rus kilsələrində milliyyətcə rus olan vətəndaşlarımız üçün Azərbaycan dili tədris olunur. Yeparxiya tərəfindən rübdə bir dəfə “Pravoslavnıy Kaspi” jurnalı və ayda iki dəfə “Pravoslavniy vestnik” qəzeti nəşr olunur.

Ölkəmizdə yaşayan rus pravoslavları hər zaman Azərbaycan dövləti tərəfindən diqqət və qayğı ilə əhatələnib. Hər il əlamətdar dini bayramlar münasibəti ilə Prezident İlham Əliyev tərəfindən pravoslav icmasına təbriklər ünvanlanır ki, bu ənənənin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.

Xəbərlər
Redaktorun seçimi