Azərbaycan tarixi günbəgün: 22 dekabr
22 dekabr 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu, 5-ci hökumət kabineti parlamentdə təsdiqlənib...
22 dekabr 1911 - Görkəmli jurnalist, pedaqoq, professor Nəsir İmanquliyev (1911-1998) anadan olub. 1947-ci ildən Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib, jurnalist kadrların hazırlanması işinə böyük töhfə verib. "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru olub.
22 dekabr 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu, 5-ci hökumət kabineti parlamentdə təsdiqlənib. Bundan öncəki 4-cü hökumət kabineti 1919-cu il martın 14-də qurulmuşdu. 1919-cu il sentyabrın 13-də baş nazir Nəsib bəy Yusifbəyli hökumətin sədri vəzifəsindən istefa vermişdi. Cümhuriyyətin yeni hökuməti də N. Yusifbəylinin baş nazirliyi ilə təşkil olundu.
22 dekabr 1920 - Tanınmış kinodramaturq, yazıçı, rejissor Həsən Seyidbəyli (1920-1980) anadan olub.
22 dekabr 1942 - Görkəmli hərbi xadim Həzi Aslanova birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Sovet Ordusunda 55-ci tank briqadasının komandiri olan polkovnik Həzi Aslanov bu ada Stalinqrad döyüşlərində göstərdiyi igidliyə görə layiq görülmüşdü. 1944-cü ildə general-mayor Həzi Aslanov ikinci dəfə yüksək ada təqdim edilsə də, tarixi ədalət uzun illər sonra, 1991-ci ildə öz yerini tapdı.
22 dekabr 1992 - Ali Sovetin Milli Şurası “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun qəbul edib. Qızğın mübahisələrdən sonra, 50 deputatdan 34-nün lehihə səsi ilə qəbul edilən qanunda dövlət dilinin "türk dili" kimi təsbitlənməsi dilçi alimlər arasında və ümumən cəmiyyətdə ziddiyyət doğurmuşdu. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasında dövlət dilinin adı “Azərbaycan dili” olaraq təsbitləndi. 2002-ci ildə parlament “Azərbaycan Respublikasının dövlət dili haqqında” yeni qanun qəbul etdi.
22 dekabr 1993 - Ermənistanın işğalçı qüvvələrinin hücümlarını dəf edən Azərbaycan Milli Ordusunun hissələri Fizüli rayonunun Arazboyu yaşayış məntəqələri istiqamətində əks-hücuma keçiblər. Uğurlu əməliyyat nəticəsində rayonun bir sıra kəndləri və Horadiz qəsəbəsi işğaldan azad edildi.
22 dekabr 1994 - Azərbaycanla Honduras arasında diplomatik münasibətlər qurulub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: