“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.03.2013, 16:33
1543

Azərbaycan tarixi günbəgün: 24 mart

A- A+

24 mart 1992 - Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik üzrə ATƏT-in Minsk qrupu yaradılıb.

24 mart 1872 - Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (1872-1950) anadan olub. "Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.

 

24 mart 1938 - Görkəmli aktyor, Xalq artisti Həsənağa Turabov (1938 - 23.2.2003) anadan olub. 1960-cı ildən ömrünün sonuna qədər Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. Bir çox filmlərdə (“Yeddi ogul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s.) unudulmaz obrazlar yaradıb, rejissor kimi “Qaçaq Nəbi” (“Atları yəhərləyin”) filmini çəkib.

 

24 mart 1988 - Sov.İKP MK və SSRİ Nazirlər Soveti “1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında” qərar qəbul edib. Qərara əsasən, Dağlıq Qarabağın sosial-iqtisadi məsələləri Azərbaycanın səlahiyyətindən alınaraq ittifaq hökumətinə verilib. O vaxtkı respublika rəhbərliyi  buna etiraz etməmişdi.

 

24 mart 1990 - Erməni silahlı dəstələri Qazax rayonunun həmsərhəd kəndlərinə hücum ediblər. Basqın nəticəsində rayonun Yuxarı Əskipara, Aşağı Əskipara, Məzəm, Daş Salahlı və s. kəndlərində onlarla dinc sakin öldürülüb və yaralanıb.

 

24 mart 1992 - ATƏM (1995-ci ildən ATƏT) Şurasının Helsinkidə keçirilən toplantısında Qarabağ münaqişəsinin nizamlanması üzrə Minskdə konfrans keçirmək barədə qərar qəbul edilib. Minsk konfransı ilə bağlı Azərbaycan, Ermənistan, evsahibi ölkə Belarus, habelə Çexoslovakiya (1993-dən Çexiya və Slovakiya), Fransa, Almaniya, İtaliya, Rusiya, İsveç, Türkiyə və ABŞ-ın (cəmisi 12 ölkə) iştirakı ilə işçi format - Minsk qrupu yarandı.

Sonrakı müddətdə Minsk konfransı çağırılmasa da, Minsk qrupu Qarabağ münaqişəsində vasitəçilik təsisatı kimi formalaşdı. 1997-ci ildən qrupda ABŞ, Rusiya və Fransanın iştirakı ilə üçlü həmsədrlik institutu fəaliyyət göstərir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi