“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.05.2013, 09:36
940

1 may

A- A+

1 may 1934 - Tanınmış yazıçı, dramaturq, ssenarist İsi Məlikzadə anadan olub...

Azərbaycan

 

1 may 1494 - Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Məhəmməd Füzuli (1494-1556) İraqın Kərbəla şəhərində anadan olub. Dəqiq təvəllüd tarixi bəlli deyil, bəzi mənbələrdə 1494-cü ilin mayı göstərilir. Türk Bayat tayfasından olan Füzulinin ailəsi İraqa Azərbaycandan köçmüşdü. Füzuli Azərbaycan türkcəsində, ərəb və fars dillərində yazıb. Ana dilində yazdığı "Leyli və Məcnun" poeması dünya ədəbiyyatının inciləri sırasına daxildir. Şair Kərbəlada vəfat edib və İmam Hüseynin məqbərəsinin yanında dəfn olunub.

 

1 may 1901 - Aşıq Bəhmən Göyçəli (Bəhmən İbrahim oğlu Qarayev; 1901-13.11.1976) anadan olub.

 

1 may 1910 - Xalq artisti, müğənni Sürəyya Sədrəddin qızı Qacar (1910 - 1992) Şuşada doğulub. Opera və Balet Teatrında Leyli, Gülnaz, Asya ("Leyli və Məcnun", "O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z. Hacıbəyli) və s. partiyalarda çıxış edib. Dövlət Filarmoniyasının solisti olub.

 

1 may 1929 – Əməkdar jurnalist Sona Bağırova (1929-10.5.2001) anadan olub. Uzun illər “Azərbaycan gəncləri” qəzetində çalışıb.

 

1 may 1934 - Tanınmış yazıçı, dramaturq, ssenarist İsi Abbas oğlu Məlikzadə (1934 - 12.5.1995) Ağcabədi rayonunda anadan olub. “Həsrətin sonu”, “Özgə anası”, “Kövrək qanadlar”, “Küçələrə su səpmişəm”, “Yaşıl gecə”, “Günəşli payız”, “Dədə palıd” və s. kitabların, “Qatarda” pyesinin, “Kişi sözü”, “Gümüşgöl əfsanəsi” filmlərinin ssenari müəllifidir.

 

1 may 1936 - Tanınmış dilçi və ədəbiyyatşünas, professor, AMEA-nın müxbir üzvü Tofiq İsmayıl oğlu Hacıyev Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub. Azərbaycan türk ədəbi dilinin tarixi, türkologiya üzrə dəyərli əsərlərin, dərs vəsaitlərinin müəllifidir. Türkiyə Cümhuriyyətinin Dil, Tarix, Kültür Qurumunun fəxri üzvüdür. 

 

1 may 1940 – Xalq artisti, tanınmış müğənni, bəstəkar Niyaməddin Musayev İmişlidə doğulub. 1968-ci ildə respublika muğam festivalının qalibi olub. 1978-ci ildən "Röya" vokal instrumental ansamblının bədii rəhbəridir. “Gecə qatarında qətl” (1990) filmində epizodik rolda (mafiya üzvü) çəkilib.

 

1 may 1941 – Xalq rəssamı Mayis Ağabəyov anadan olub. Əsasən kino və geyim rəssamlığı sahəsində tanınan Mayis Ağabəyov 20-dən çox filmin quruluşçu rəssamı olub: ”, “Babək”, “Gümüşgöl əfsanəsi”, “Nizami”, “ Qətl günü”, “Özgə vaxt”, “Nəsimi (Məmməd Hüseynovla birgə), “Həyat bizi sınayır” (Fikrət Bağırovla birgə) və s.  

 

1 may 1946 – Bəstəkar Aydın Kərim oğlu Əzimov anadan olub. "Əmanət" musiqili komediyasının (libretto - V.Səmədoğlu), "Qətl günü", "Ümid" filmlərinə musiqinin müəllifidir.

 

1 may 1947 - Bəstəkar, Əməkdar incəsənət xadimi Rauf Tofiq oğlu Əliyev; 1947 – 14.6.2017) Şuşada anadan olub. Simfonik, instrumental və kamera əsərləri, filmlərə ("Yalan", "Fəryad", "Vahimə" və s.) musiqi yazıb. Azərbaycan Dövlət himninin partiturasını yenidən (2015) orkestrləşdirib.

 

1 may 1959 – Xalq artisti Firəngiz Bəhər qızı Mütəllimova Ağcabədi rayonunda doğulub. 1980-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Televiziya tamaşalarında (Gülnar  - "Səni axtarıram", Mərcan  - "Evləri köndələn yar"), filmlərdə (Sərvinaz - "Qaçaq Nəbi", Telli - "Bəyin oğurlanması", Sona - "İşarəni dənizdən gözləyin", Gülnarə - "Mənim ağ şəhərim" və s.) yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

1 may dünyanın bir çox ölkələrində “Zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü” kimi qeyd olunur. Tarixi 1886-cı il mayın 1-də Amerikada (Çikaqo) keçirilən və gülləbaran edilən əməkçi nümayişləri ilə bağlıdır. 1889-cu ildə II İnternasionalın Paris konfransının qərarı ilə təsis edilib.

 

1 may 1881 - Tanınmış fransız filosofu, antropoloq və paleontoloq Teyar de Şarden (Pierre Teilhard de Chardin, 1881-1955) anadan olub. Əsərləri: “Bəşəri mühit”, “İnsan fenomeni”.

 

1 may 1905 - SSRİ Xalq artisti, tanınmış aktyor Yuri Vladimiroviç Tolubeyev (1905-1979) anadan olub. Filmləri: “Maksimin qayıtması”, “Hamlet”, “İntervensiya” və s.

 

1 may 1916 - Amerika kinoaktyoru Qlenn Ford (Glenn Ford - Gwyllyn Samuel Newton Ford; 1916-2006) anadan olub. Filmləri: “Apokalipsisin dörd atlısı”, “Supermen”, “Bir çəngə möcüzə”, “Çoban” və s.

 

1 may 1924 - Tanınmış rus yazıçısı Viktor Astafyev (1924-2001) anadan olub. Əsərləri: “Çar-balıq”, “Qəmli detektiv”, “Lənətlənmiş və öldürülmüşlər” və s.

 

1 may 1924 - Tanınmış gürcü aktyoru və rejissoru David Abaşidze (1924-1990) anadan olub. Filmləri: “Qəm yemə”, “Pirosmani”, “Veri məhəlləsinin melodiyası”. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi