“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.03.2017, 21:09
1525

"Exit-poll": kim, necə, harada? (2005)

Azərbaycan reallığı üçün yenilik olan bu texnologiyanın nə dərəcədə səmərəli olacağı sərlövhədəki sualların hər üçündən asılıdır...
A- A+

⇔ ⇔ ⇔ 

Məlum olduğu kimi, builki parlament seçkiləri gedişində Azərbaycanda ilk dəfə olaraq genişmiqyaslı "exit-poll"un keçirilməsi nəzərdə tutulub. Azərbaycanda bu prosedur qismən də olsa, hələ 2003-cü ilin prezident seçkiləri zamanı həyata keçirilmişdi. Lakin o vaxt sorğu prosesi yalnız paytaxtda bir neçə seçki məntəqəsini əhatə etmişdi və tam mənası ilə "exit-poll" sayıla bilməzdi. Son vaxtlaradək cəmiyyətin böyük əksəriyyəti üçün nəinki bu prosesin mahiyyəti, elə "exit-poll"un hərfi mənada nə demək olduğu da naməlum idi. Hərçənd bu mövzunun mətbuatın və siyasi diskussiyaların geniş şəkildə müzakirə predmetinə çevrildiyi indiki vaxtda da ictimaiyyətin, geniş seçici kütləsinin "exit-poll"dan tam mənası ilə xəbərdar olduğunu düşünmək sadəlövhlük olardı. Odur ki, biz də məsələyə lap başdan başlayaq.

Beləliklə, ingilis dilindən hərfi tərcümədə "exit-poll" "çıxışda səsvermə" deməkdir. Bu prosesin mahiyyəti də elə onun adındadır. Başqa sözlə, "exit-poll" seçki məntəqəsinə gəlib konstitusion borcunu yerinə yetirmiş seçicilər arasında onların kimə səs verdiyini müəyyənləşdirmək məqsədilə keçirilən rəy sorğusudur. Bu prosesin iki mühüm funksional cəhəti var. Birincisi, "exit-poll" hələ seçkilərin ilkin rəqəmləri elan edilməmiş səsvermənin ümumi mənzərəsini təsəvvür etməyə imkan verir. Çünki onun nəticələri səsvermə bitəndə dərhal sonra ictimaiyyətə açıqlanır. İnformasiya və sürət əsri olan çağımızda bunun nə dərəcədə əhəmiyyətli olduğunu yəqin xüsusi izah etməyə gərək yoxdur.

"Exit-poll"un informativ funksiyasından daha mühüm olanı isə   onun ortaya qoyduğu mənzərənin seçkinin rəsmi nəticələri ilə nə dərəcədə üst-üstə düşüb-düşməməsi ilə bağlıdır. Yəni burada "exit-poll" artıq siyasi önəm kəsb edən tərəfi ilə diqqət çəkir. Prinsipcə "exit-poll"un çoxdan və geniş yayıldığı Qərb ölkələrində, o cümlədən bu texnologiyanın vətəni sayılan ABŞ-da daha prioritet kimi məhz birinci, yəni informativ funksiya əsas götürülür. Çünki həmin ölkələrdə seçkinin rəsmi nəticələri ilə "exit-poll"un nəticələrini tutuşdurmaq elə bir problem yaratmır və bu onlar bir qayda olaraq üst-üstə düşür.

Odur ki, Qərb, özəlliklə Amerika reallığı üçün "exit-poll" hər şeydən öncə qlobal seçki şousunun bir elementi kimi nəzərdən keçirilir. Təsadüfi deyil ki, ABŞ-da "exit-poll"un keçirilməsinin əsas sifarişçiləri əsasən kütləvi informasiya vasitələri, televiziya kanalları olur və onlar seçki günü "exit-poll"un nəticələrini ictimaiyyətə çatdırmaq üçün əsl özünüreklam savaşına çıxırlar.

Azərbaycan reallığı üçün yeni bir texnologiya olan "exit-poll"un daha çox ikinci, yəni siyasi funksionallığı ilə əhəmiyyət kəsb edəcəyi isə şəksizdir. Təsadüfi deyil ki, "exit-poll" Azərbaycanda builki seçkilərin daha şəffaf keçirilməsini təmin etməyə çalışan beynəlxalq dairələrin irəli sürdükləri tövsiyələrdən biridir və Azərbaycan rəhbərliyi də bu tövsiyəni qəbul edib. Bu tövsiyə prezident İlham Əliyevin mayın 11-də imzaladığı "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsi haqqında" sərəncamında da əksini tapıb. Sərəncamın 5-ci bəndində ölkənin mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, onlar "Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində ixtisaslaşmış ictimai rəyçilər tərəfindən aparılacaq "exit-poll" prosesinin aparılmasına lazımi şərait yaratsınlar, həmin prosesin gedişinə qanuna zidd olaraq müdaxilə etməsinlər".

Beləliklə, Azərbaycanda ilk dəfə olaraq seçkilərdə "exit-poll"un keçirilməsinə hüquqi təminat yaradılıb. Lakin prezident sərəncamında təsbit olunmuş bu müddəadan savayı hələlik "exit-poll"un necə, hansı şərtlər daxilində və kimlər tərəfindən keçirilə biləcəyinə dair hər hansı normativ akt, tövsiyə və s. mövcud deyil. Eyni zamanda, seçkilərin keçirilməsinə cavabdeh olan əsas qurum kimi MSK-nın da bu yöndə hansısa qərarı və ya təlimatı məlum deyil. Hər halda MSK-nın internet saytında parlament seçkilərinə həsr olunmuş qərar və təlimatların sırasında "exit-poll"a dair heç nəyə rəst gəlmədik.

Bir sözlə, noyabr seçkilərində Azərbaycanda "exit-poll"un keçiriləcəyi məlum olsa da, bu prosesin həm geniş ictimaiyyət və ayrı-ayrı seçicilər, həm də onun keçirilməsində bu və ya digər şəkildə iştirak etmək istəyən sorğu mərkəzləri, qeyri-hökumət təşkilatları və s. üçün        çoxlu sayda məchullar qalmaqdadır və ortaya çeşidli suallar çıxır.

Təbii ki, ilk sual "exit-poll"un kimlər tərəfindən keçiriləcəyi ilə bağlıdır. Yəni "exit-poll" keçirməyə səlahiyyəti, yaxud qabiliyyəti (texniki imkanlar, müvafiq təcrübə və s.) olan bu və ya digər təşkilat necə və hansı meyarlarla və kim (hansı instansiya) tərəfindən müəyyənləşəcək? Bu prosesdə beynəlxalq dairələrin iştirak məsələsinə də tam aydınlıq gəlməyib. Hələlik yalnız o məlumdur ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USIAD) "exit-poll" keçirilməsini təşkil etmək niyyətindədir. Bu qurum ABŞ hökumətinin keçirdiyi xüsusi tenderdə qalib gəlib.

Amma o da aydındır ki, USIAD bilavasitə "exit-poll"u həyata keçirməyəcək və okeanın o tayından Azərbaycana geniş mütəxxəsis kontingenti, texniki heyət, rəyçilər və s. gətirməyəcək. Yəni bu prosesin bilavasitə həyata keçirilməsi Azərbaycanın müxtəlif sorğu mərkəzlərinə, fondlara, digər qurumlara havalə ediləcək. Təbii ki, bu işə cəlb ediləcək kadrlar, rəyçilər üçün müvafiq treninqlər, seminarlar və s. keçiriləcək. Artıq USIAD-ın bu məqsədlə Azərbaycanın rəy sorğusu sahəsində təcrübəsi olan təşkilatlarla işbirliyinə başladığı bildirilir.

Hərçənd Azərbaycan reallığı üçün bu işbirliyinin necə və kiminlə qurulacağı da suallarla müşayiət olunur. Məsələn, artıq indidən müxalifət dairələri qeyd edirlər ki, USIAD-ın formalaşdıracağı "exit-poll" konsorsiumunda daha çox hakimiyyətə yaxın qurumlar, QHT-lər yer alacaq ki, bu da nəticə etibarilə prosesin şəffaf və etibarlılığını şühbə altına qoyacaq. Digər tərəfdən, müxalifət dairələri indiyədək bir neçə dəfə ABŞ-ın ayrı-ayrı qurumlarının Azərbaycanda təşkil etdiyi rəy sorğularının nəticələrini şübhə altına almağa cəhd edib.

Məsələn, 2003-cü ilin prezident seçkiləri ərəfəsində ABŞ-ın Respublikaçılar İnstitutunun təşkil etdiyi rəy sorğusunda hakimiyyətin prezidentliyə namizədinin böyük üstünlüklə qalib gələcəyi elan edilmişdi, bu yaxınlarda Amerikanın nüfuzlu "Gallur International" institutunun düzənlədiyi rəy sorğusu nəticəsində isə Azərbaycan prezidentinin əhali arasında çox yüksək, 77 faiz dəstəyə malik olması təsdiqlənib. Lakin müxalifət düşərgəsi 2003-cü ildə olduğu kimi, builki sorğunun nəticələrini də qəbul etmək istəmir. Bu xüsusda kim və necə təminat verə bilər ki, 6 noyabrda ABŞ-ın təşkilatçılığı ilə keçiriləcək keçiriləcək "exit-poll"un nəticələri də müxalifəti qane etmədiyi təqdirdə onlar buna da qarşı çıxmayacaqlar.

Eyni zamanda, USIAD-ın formalaşdıracağı "exit-poll" konsorsiumunun gələcək tərkibi ilə bağlı bənzər şübhələr iqtidar dairələrində də olar bilər və yəqin ki, var. Odur ki, bu məsələdə, necə deyərlər, "qızıl orta həddi" tapmaq və sözügedən konsorsiumu ən optimal şəkildə formalaşdırmaq bəlli çətinliklər doğurur və böyük şühbə var ki, əldə olunacaq nəticə seçki mübarizəsinin bütün tərəflərində normal qarşılanacaq. Həmçinin 6 noyabrın səhərisi, yəni nəticələrin bu və ya digər tərəfdə "süngü" ilə qarşılanmasından sonra ilk baxışdan vahid komanda təsiri bağışlamış həmin konsorsiumda ciddi ixtilafın yaranmayacağına da təminat yoxdur. Hər halda 2003-cü ildə Gürcüstanda, 2004-cü ildə isə Ukraynada keçirilmiş "exit-poll" prosesi bu cür faktlarla da müşayiət olunmuşdu.

Başqa tərəfdən, məsələ yalnız ABŞ-ın formalaşdıracağı "exit-poll" konsorsiumu ilə məhdudlaşmayacaq. Artıq məlumdur ki, Azərbaycandakı ayrı-ayrı sorğu mərkəzləri, QHT-lər, informasiya vasitələri də müstəqil şəkildə "exit-poll" keçirmək niyyətindədirlər və onların da özlüyündə fərqli siyasi simpatiyalarının olduğu və deməli, bu amilin elan ediləcək nəticələrdə də özünü büruza verəcəyi ciddi problem kimi ortaya çıxa bilər.

Bir sözlə, seçkilərin ilkin rəsmi nəticələri ilə çeşidli qurumlar tərəfindən keçirilmiş "exit-poll"un nəticələri tutuşdurulmağa başlayanda Azərbaycanda çox qarışıq bir mənzərə yarana bilər. Yəni hər kəs yalnız özünə məqbul olan təşkilatın nəticələrini düzgün və ədalətli sayaraq qalan nəticələri heç yaxın belə buraxmaz. Belə bir mənzərənin konturları bizə 2003-cü ilin prezident seçkilərindən qismən tanışdır. Bu cür qarışıqlığın və nəticə etibarilə "exit-poll" texnologiyasının gerçək mahiyyətini şübhə altına alan siyasi manipulyasiyaların önünü isə yalnız bir şərtlə kəsmək olar ki, o da Azərbaycanda seçkidə maraqlı olan bütün qüvvələrin kompromis format olaraq qəbul edib nəticələri ilə razılaşacağı optimal və geniş heyətli "exit-poll" konsorsiumun formalaşdırılması ola bilər. Amma belə vahid və peşəkarlar komandasının yaradılması da yuxarıda qeyd etdiyimiz səbəblərdən çox müşkül görünür.

Təsadüfi deyil ki, Azərbaycanda "exit-poll" mövzusu gündəmə gələndən istər mətbuat səhifələrindəki yazılarlda, istərsə də ayrı-ayrı ekspertlərin, politoloqların çıxışlarında məhz bu məsələ xüsusilə vurğulanır. Ümumilikdə "exit-poll"un realığın əksi, yoxsa siyasi manipulyasiya vasitəsi olması kimi dilemması bu texnologiya meydana gələndən aktual olub.

Düzdür, sabit siyasi və demokratik ənənələrə malik Qərb ölkələrində seçkilərlə bağlı artıq belə bir dilemma mövcud deyil. Bu problem daha çox siyasi mübarizənin normal qəliblərə hələ oturmadığı və seçki prosesinin çeşidli manipulyasiyalarla müşayiət olunduğu postsovet ölkələri üçün xarakterikdir və onun nə vaxt və necə aradan qalxması ümumilikdə seçki mədəniyyətinin inkişafı, sivil siyasi mübarizə təcrübəsinin təşəkkül tapması ilə bağlı olan məsələdir.

Odur ki, Azərbaycan şəraitində bu dilemmanın doğura biləcəyi fəsadlar diqqətə alınmaya bilməz. Özü də söhbət "exit-poll"un təkcə ölkədaxili siyasi mübarizənin predmetinə çevrilməsindən deyil, bu məsələ ətrafında mümkün manipulyasiyaların daha geniş miqyas və mahiyyətində intişar tapmasından gedir.

Məlumdur ki, Amerika ilə yanaşı, Rusiyanın müvafiq mərkəzlərinin də Azərbaycan seçkilərində "exit-poll" keçirmək istədiyi bildirilir. Bu isə sözügedən prosesə daxixi siyasi manipulyasiya ilə yanaşı, müəyyən anlamda geosiyasi manipulyasiya faktorunun da əlavə edilməsi ilə nəticələnə bilər. Postsovet məkanında baş verən məlum olayları nəzərə alsaq görərik ki, bu və ya digər ölkədəki seçki müstəvisində baş-başa gələn Amerika ilə Rusiya həmin prosesi nəticə etibarilə ciddi geosiyasi mübarizəyə çevirirlər. Bu mübarizədə Vaşinqtonun, yaxud Moskvanın qalib gəlməsi başqa bir mövzudur.

Belə bir mübarizəyə "ev sahibliyi" etməyə vadar olan ölkənin vəziyyəti isə arzu edənlər üçün ciddi araşdırma mövzusu ola bilər. Hər halda bir fakt aşkardır ki, bu və ya digər ölkənin böyük dünya güclərinin geosiyasi savaş arenasına çevrilməsi heç də yaxşı perspektiv deyil. Bunu istər qonşu Gürcüstanın, istərsə də Ukraynanın timsalında açıq şəkildə görmək mümkündür. Özəlliklə Gürcüstanın bu müstəvidə yeri və mövcud durumu, necə deyərlər, həsəd aparılası deyil. Ərazisindəki ağır etnik münaqişələrinin ipləri xeyli dərəcə Moskvanın əlində olan bu ölkənin ABŞ-la Rusiyanın geosiyasi mübarizəsinə meydan olmaqla nə qazanıb-nə itirdiyini yəqin gürcülər özləri daha yaxşı bilərlər. Amma biz də buradan özümüz üçün nəticələr çıxara bilərik. Hər halda tarazlı xarici siyasəti ilə dünya güclərinin savaş deyil, əməkdaşlıq məkanına çevrilmiş Azərbaycanda parlament seçkilərinin böyük dövlətlərin geosiyasi mübarizə predmetinə çevrilməsi ehtimalının Azərbaycan dövlətinə nələr vəd etdiyini təsəvvür etmək o qədər də çətin olmaz.

                                                          * * *       

Qeyd etdiyimiz kimi, "exit-poll"un müasir seçki texnologiyası kimi çox üstün cəhətləri ilə yanaşı, qüsurlu sayılan və mübahisə doğuran tərəfləri də var. Burada "exit-poll"un kimlər tərəfindən təşkil olunması ilə barabər, prosesin bilavasitə yerlərdə necə keçirilməsi, sorğu məntəqələrinin seçilməsi, sorğunun hansı prinsip və üsullarla aparılaması kimi məsələlər də önəm kəsb edir.

"Exit-poll" mahiyyət etibarilə real seçkiyə paralel aparılan və nəticələri də seçkinin real nəticələrini maksimum əks etdirən bir proses olduğundan o da səsvermə ilə bir vaxtda başlanır və səsvermə bitəndə yekunlaşır. Bununla belə, real seçkidən fərqli olaraq "exit-poll"un nəticələri "onlayn" rejimində mərkəzi kompüterə daxil olur, orada işlənilir, ümumiləşdirilir və səsvermə bitəndən dərhal sonra (Azərbaycanı götürsək, deməli saat 19-dan sonra) elan edilir.

Qabaqcıl dünya praktikasında qəbul olunmuş qaydalara əsasən, "exit-poll"un nəticələri ilə seçkilərin rəsmi rəqəmləri arasında fərq 1,5- 3 faiz, bəzi hallarda isə maksimum 5 faiz təşkil edə bilər. Əgər fərq bundan da artıq alınırsa, onda səsvermənin şəffaflığına dair əsaslı şübhələr yarana bilər.

Təbii ki, sabit demokratiya ənənələrinə malik ölkələrdə bu xüsusda elə bir problem yaranmır. Hərçənd burada da istisnalar olur. Məsələn, ABŞ-da 2004-cü ilin noyabrında keçirilmiş seçkilərdə prezidentlik yarışının taleyinin xeyli dərəcədə həll olunduğu Ohayo ştatında "exit-poll"un yekunlarına görə, səsvermənin qalibi demokrat Con Kerri olmuşdu. Rəsmi nəticələrə görə isə həmin ştatın və ümumilikdə prezident seçkilərinin qalibi respublikaçı Corc Buş elan edildi. Bununla belə, demokratlar seçkinin nəticələrini qəbul etdilər və Kerri Buşu qələbə münasibətilə təbrik etdi. Başqa cür ola da bilməzdi, çünki "exit-poll" nə qədər mükəmməl bir texnologiya olsa da, o, real seçkinin nəticələrini əvəz edə bilməz. Yəni həmin vaxt Amerika demokratlarının ağlına da gəlməzdi ki, onlar "exit-poll"un nəticəsini əsas götürüb respublikaçıların qələbəsini şübhə altına alsınlar. Gəlin görək, Azərbaycan gerçəkliyində belə bir presedent mümkündürmü? Hər halda bunu təsəvvür etmək çox çətindir.

Ymumiyyətlə, qeyd etmək lazımdır ki, son vaxtlar ABŞ-da "exit-poll"a münasibətdə müəyyən təbəddülatlar, bu texnologiyanın real imkanlarına müəyyən şübhələr də özünü göstərməkdədir. Əslində, ötən yazıda da qeyd etdiyimiz kimi, ABŞ-da "exit-poll" daha çox seçkiləri işıqlandıran iri media quruluşlarının informasiya sahəsində özünüreklam yarışının bir elementi kimi nəzərdən keçirilir. Amerika telekanalları sifariş verdikləri "exit-poll"un nəticələrini öz auditoriyasına çatdırmaq seçki günü əsl informasiya savaşı aparırlar və savaş bəzən reallığın üzərinə çıxmış olur. Bunun ən bariz nümunəsini Amerika cəmiyyəti 2000-ci il prezident seçkiləri zamanı görmüşdü.

Məlum olduğu kimi, həmin seçkilərdə respublikaçı Buşla demorat Qorun mübarizəsi "daban-dabana" gedirdi, seçkinin taleyini həll edən Florida ştatında isə qalibi müəyyən etmək üçün səsləri ikinci dəfə saymalı olmuşdular. Bir neçə həftə davam edən gərgin proses sonda Buşun qalib elan olunması ilə yekunlaşdı. Amma o vaxt ABŞ-ın bir sıra telekanalları bu üzücü prosesi gözləmədən artıq seçki günün axşamı "exit-poll"un nəticələrinə dayanaraq seçkidə Qorun qalib gəldiyini elan etmişdilər. Sonradan onlar həm Buşdan, həm də Amerika cəmiyyətindən üzr istəməli oldular.

Bütün bunlar "exit-poll"un bir sosioloji metodika kimi mübahisəli cəhətlərini ortaya qoyur. Ymumilikdə isə "exit-poll"la bağlı mübahisələr həddən artıq çoxdur. Məsələn, "exit-poll"u ciddi qəbul etməyənlər hər şeydən öncə belə bir məqama diqqət çəkirlər ki, bu, seçicini konstitusiya ilə ona verilmiş gizli səsvermə hüququndan mərhum edən və çeşidli manipulyasiyalara yol açan bir prosedurdur. Hərçənd seçicinin konstitusion hüquqları ilə bağlı sualı daha çox ritorik hesab etmək lazımdır. Çünki gizli şəkildə səs verib seçki məntəqəsini tərk edən seçiciyə yaxınlaşan "exit-poll" rəyçisi onu öz seçimi barədə məlumat veməyə heç də məcbur etmir. Əgər seçici kimə səs verdiyini açıqlamaq istəmirsə, bu onun hüququdur.

Özəlliklə bu məqam majoritar qaydada keçirilən parlament, yaxud bələdiyyə seçkiləri zamanı əhəmiyyət kəsb edən məsələdir. Tutaq ki, seçki dairəsi kənd rayonunu əhatə edir və bu və ya digər kənddə seçicilərin xeyli qismi öz seçimlərini "exit-poll" rəyçilərinə açıqlamağa meyl göstərmirlər. Belə vəziyyətdə çıxış yolu açıq rəy sorğusu üsulundan deyil, anonim sorğu üsülundan istifadə ola bilər. Bunun üçün "exit-poll" keçirənlər seçki məntəqəsinin çıxışında əlavə bir seçki qutusu və namizədlərin adları əks olunmuş bülletenlər qoyur və seçicilərə bir növ ikinci dəfə səs verməyi təklif edirlər, yəni bir növ paralel səsvermə keçirirlər. Hərçənd bu üsulun da çətinlikləri var. Hər şeydən öncə bu, "exit-poll" təşkilatçıları üçün əlavə xərclər (seçki qutuları, bülletenlərin hazırlanması və s.) deməkdir, digər tərəfdən belə sorğunun nəticələrini operativ şəkildə işləyib ümumiləşdirmək də xeyli vaxt və vəsait tələb edir.

"Exit-poll"un təşkilində başlıca məsələlərdən biri də bu işi peşəkar səviyyədə görəcək kadr potensialı ilə bağlıdır. "Exit-poll" təşkilatçıları adətən rəyçilər komandasını müsabiqə yolu ilə formalaşdırırlar, daha sonra onlara treninqlər keçirlər. Müsabiqədə ilk növbədə ünsiyyətcillik keyfiyyətinə diqət yetirilir. Çünki rəy sorğusu keçirən şəxs hər şeydən öncə potensial müsahibində (seçicidə) etimad doğurmalıdır. Eyni zamanda, "exit-poll" rəyçilərinin neytral, siyasi baxımdan tərəfsiz olması çox vacib məsələdir. Digər mühüm bir məsələ "exit-poll" üçün seçici-müsahiblərin müəyyən edilməsi ilə ilə bağlıdır. Məlumdur ki, "exit-poll" üçün seçilən rəyçi kontingenti adətən gənc oğlan və qızlardan ibarət olur. Və bir çox hallarda belə bir vəziyyət müşahidə olunur ki, onlar sorğu obyektini seçərkən daha çox öz həmyaşıdlarına üstünlük verirlər, yaxud bu seçimdə fərdi simpatiya faktorunu əsas götürürlər.

Gerçəkdə isə sorğu zamanı bütün fərdi məqamlar tamamilə bir kənara qoyulmalı və rəyçi müsahibini seçərkən "exit-poll" texnologiyasının nəzərdə tutduğu bölgü prinsipinə dəqiq əməl etməlidir. Həmin prinsip isə əsasən 10:1 (bəzi hallarda 7:1) nisbəti üzrə müəyyənləşir. Yəni rəyçi seçki məntəqəsini tərk edən hər 10 seçicidən birinin fikrini öyrənməlidir.

Bu xüsusda "exit-poll" metodoloqlarının tez-tez misal gətirdikləri sadə bir formul da var. Həmin formula görə, rəyçi səsvermənin başlanmasına bir neçə dəqiqə qalmış seçki məntəqəsi qarşısında hazır vəziyyətdə olmalı, ilk seçicilər məntəqəni tərk etməyə başlayarkən zahirən özünə daha simpatik saydığı seçicini müəyyən etməli, lakin həmin şəxsə deyil, onun ardınca məntəqəni tərk edən ikinci şəxsə yanaşmalı (yəni bu üsulla rəyçi özünün şəxsi rəğbətini bir kənara qoymuş olur) və onun kimə səs verdiyini öyrənməlidir. Bundan sonra isə o, məntəqədən çıxan hər 10 nəfərdən birini rəyini soruşmalıdır.

Düzdür, bu qaydalara reallıqda nə dərəcədə əməl olunması və ümumilikdə "exit-poll"un başlıca meyarı olan təsadüfi seçmə üsulunun proses gedişində nə dərəcədə tətbiq edilməsi artıq rəyçilərinin, necə deyərlər, vicdanının öhdəsinə buraxılır. O cümlədən rəyçinin "exit-poll" zamanı nə dərəcədə tərəfsizlik nümayiş etdirməsi də. Başqa sözlə, həyatın bütün sahələrində olduğu kimi, burada da çox şey insan faktorundan asılıdır. Yəni kimin necə səs verməsi ilə yanaşı, səsləri kimin və necə sayması da çox mühüm şərtdir.

Bir çox hallarda bu cür subyektivlik amillərini minimuma endirmək üçün "exit-poll" təşkilatları seçki məntəqələrinə əlavə nəzarətçilər ezam edirlər. Ymumilikdə isə "exit-poll" zamanı hər məntəqədə minimum 2 rəyçi olur. Onlardan biri məntəqəyə daxil olan seçicilərinin ümumi hesabını aparır, digəri isə seçicilər arasında qeyd olunan nisbət üzrə sorğu keçirir.

"Exit-poll"un obyektiv və real nəticələr verməsini təmin edən mühüm şərtlərdən biri də prosesin mümkün qədər qədər geniş ərazini əhatə etməsi ilə bağlıdır. Lakin burada söhbət sırf coğrafi baxımdan əhatədən, yəni "exit-poll"un ölkənin bütün bölgələrində keçirilməsindən deyil, ölkə (yaxud seçki dairəsi) üzrə elektoral mənzərənin dolğun əks olunmasından gedir. Yəni "exit-poll"un illah bütün seçki məntəqələrində təşkil edilməsi vacib deyil, üstəlik bu, maliyyə baxımından həddən çox xərc tələb edən bir işdir.

"Exit-poll"da seçkinin ümumi mənzərəsini əhatə etməsinə nail olmaq üçün sorğular üçün prisipial önəm daşıyan seçki dairələri (məsələn, müxalifətin və hakimiyyətin ən güclü namizədlərinin yarışdığı dairələr), daha sonra həmin dairələr üzrə elektoral baxımdan xüsusilə vacib sayılan məntəqələr müəyyən edilir. Bu məqam majoritar qaydada keçirilən parlament seçkiləri üçün xüsusilə əhəmiyyətlidir. Yəni bu halda, məsələn, Azərbaycandakı 124 dairənin hamısında, yaxud 5 min məntəqədə bütünlüklə "exit-poll" keçirməyə gərək yoxdur. Elektoral baxımdan daha çox əhəmiyyət kəsb edən məntəqələrin seçilməsi prezident seçkiləri üçün də keçərlidir. Misal üçün, ABŞ-da prezident seçkilərində ümumi mənzərəni əldə etmək üçün təxminən 300 məntəqənin seçilməsi kifayət edir.

Həhayət, "exit-poll"da mübahisə doğuran məsələlərdən biri nəticələrin elan olunması ilə bağlıdır. Yuxarıda qeyd etdiyimiz kimi, qanunvericiliyə görə, KİV-lər "exit-poll"un nəticələrini yalnız səsvermə bitəndən sonra elan edə bilərlər. Lakin bugünədək "KİV" anlayışının özü hələlik tam dəqiqləşməyib. Söhbət informasiya yayılmasında müstəsna rol oynayan internet-nəşrlərin KİV sayılıb-sayılmamasından gedir. Məsələn, ABŞ-da 2000-ci il seçkilərində internet-nəşrlər məlum qaydaya əməl etməkdən boyun qaçıraraq "exit-poll"un nəticələrini onlayn rejimində öz səhifələrində yerləşdirmişdilər.

Eyni zamanda o bir həqiqətdir ki, bu gün insanların müəyyən qismi (özəlliklə böyük şəhərlərdə) ən operativ məlumatları məhz internetdən almağa üstünlük verirlər. Təsəvvür edin ki, siz də onlardan birisiniz, səsverməyə getməzdən öncə (tutaq ki axşamüstü) kompüterinizi işə salıb həmin internet-qəzetlərdə "exit-poll"un o vaxta qədər məlum olan nəticələrinə diqqət yetirirsiniz və görürsünüz ki, sizin rəğbət bəslədiyiniz namizəd nəticələrdə xeyli geri qalıb. Hərçənd o vaxtadək hələ bilmək olmaz ki, nəticələr günün yekununda necə dəyişəcək. Ola bilsin ki, sizin namizədin potensial elektoratının böyük hissəsi o vaxtdak hələ səs verməmiş olsun, yaxud həmin namizədin seçicilərinin xüsusi üstünlük təşkil etdiyi bu və ya digər bölgə üzrə məlumatlar həmin "exit-poll"da hələ əksini tampayıb və s.

Bununla belə internetdə gördüyünüz rəqəmlər sizin (sizin kimilər yüzlərlə, minlərlə ola bilər) seçiminizə təsir etmək imkanındadır və burada "exit-poll" göstəriciləri artıq elektoratla manipulyasiya funksiyasını yerinə yetirir.

Belə vəziyyətin qarşısını yalnız o şərtlə almaq olar ki, "exit-poll" keçirəcək bütün təşkilatlar seçkilərdən əvvəl ümumi razılığa gəlirlər ki, sorğuların nəticələrini səsvermə bitənədək heç bir halda internetdə yerləşdirməyəcəklər. Lakin, Amerikanın da təcrübəsindən göründüyü kimi, belə bir razılaşmaya heç də tam şəkildə əməl olunmur.

Odur ki, belə bir problemin Azərbaycanda da ciddi şəkildə üzə çıxacağını istisna etmək olmaz. Ymumiyyətlə, mövzunu yekunlaşdıraraq qeyd etmək istərdik ki, Azərbaycan reallığı üçün yenilik olan "exit-poll"la bağlı diskussiya və mübahisələr, yəqin ki, ta 6 noyabradək davam edəcək və burada qeyri-adi heç nə yoxdur. Mühüm olanı odur ki, bu mübahisələr 6 noyabrdan sonra daha da dərinləşməsin, başqa sözlə, parlament seçkilərinin istər "exit-poll", istərs də rəsmi nəticələri cəmiyyətin mütləq əksəriyyəti tərəfindən qəbul olunsun...

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu 

«525-ci qəzet», 13-20 avqust 2005-ci il

 

Xəbərlər
Redaktorun seçimi