“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.04.2017, 17:50
1467

Birinci ledi (2005)

Azərbaycan cəmiyyəti onu daha yaxından tanımağa başlayır...
A- A+

«Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir. Kimsənsə, elə də olmalısan. Özgələrin rollarını və obrazlarını gərək üzərinə götürməyəsən» - Mehriban xanımın bu sözləri onun gələcək fəaliyyətinin qırmızı xəttini təşkil edəcək.

 

Respublikamızda ilk dəfə olaraq ictimaiyyətin müxtəlif təbəqələrinin iştirakilə əlamətdar bir müsabiqə - «İlin qadını» sorğusu keçirilib. Məlum olduğu kimi, analoji sorğular dünyanın başqa ölkələrində də təşkil edilib və bu tədbirlər qadınların IV Beynəlxalq konfransının (1995-ci ildə Pekində keçirilmişdi) 10 illiyinə həsr olunmuş BMT-nin 49-cu xüsusi sessiyasına hazırlıq çərçivəsində keçirilir. 

«Lider Qadınlar» ictimai birliyinin təşəbbüsü ilə Azərbaycan Sosiologiya Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə görə, UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva «İlin qadını» elan edilib. Bu fakta müxtəlif aspektlərdən yanaşmaq olar, lakin, zənnimizcə, başlıca məqam ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə olaraq ictimaiyyətin diqqəti ölkənin birinci xanımının şəxsiyyəti üzərində köklənib. Təbii ki, bunu birinci növbədə Mehriban xanımın aktiv ictimai fəaliyyətinin, o cümlədən xeyriyyəçilik fəaliyyətinin cəmiyyət tərəfindən adekvat qiymətləndirilməsi kimi xarakterizə etmək lazımdır.

Eyni zamanda, bu fakt Azərbaycanda dövlət (hakimiyyət) - cəmiyyət münasibətlərində yeni ştirxlərin üzə çıxdığının göstəricisidir. İctimai rəy artıq yalnız dövlət rəhbərinin şəxsiyyətinə, onun addımlarına deyil, ölkənin birinci xanımının fəaliyyətinə də münasibət bildirir. Bu faktı həmçinin Azərbaycan cəmiyyətinin hakimiyyətə, rəsmiyyətə münasibətində əvvəllər mövcud olmuş stereotiplərin tədricən yox olması kontekstində dəyərləndirmək lazımdır.

Bu əlamətdar tendensiya hələ bir neçəil öncə özünü büruzə verməyə başlamışdı. Mərhum prezident Heydər Əliyevin paytaxtda və regionlarda əhali ilə qeyri-rəsmi təmasları, müxtəlif bayram tədbirlərində, o cümlədən Novruz şənliklərində sıravi insanlarla səmimi iltifat quraraq onlarla birlikdə əylənməsi - bütün bu faktlar ilk baxışdan formal təsir bağışlasa da, əslində Azərbaycan cəmiyyətinin uzun illər öyrəşdiyi və rəhbər simasının, bir növ rəsmiyyətin zəruri ştrixləri sayılmış stereotiplərin aradan qalxması idi.

Azərbaycanda yeni prezident seçiləndən sonra da bu təqdirəlayiq tendensiya davam etməkdədir. Cəmiyyət prezident İlham Əliyevin əhali ilə qeyri-formal iltifatına, yaxud onun avtomobilin sükanı arxasına keçərək paytaxtı gəzməyə çıxmasına müsbət rezonans verir. Bu faktlar nəticə etibarilə Azərbaycanda hakimiyyətlə cəmiyyət arasındakı rəsmiyyət pərdəsinin qalxmasına, bu münasibətlərin daha şəffaf və qarşılıqlı etimad atmosferində qurulmasına dəlalət edən nuanslardır. Qeyd etmək lazımdır ki, bütün sivil ölkələr üçün xarakterik olan bu tendensiya özündə demokratik və plüralist cəmiyyətin (vətəndaş cəmiyyətinin) formalaşmasını da ehtiva edən uzun bir prosesdir və Azərbaycanda da dövlət-cəmiyyət münasibətləri bu yolu keçməlildir.

Lakin hakimiyyətin cəmiyyətə açılması, dövlət rəhbərinin, onun ətrafının, habelə şəxsi həyatının, ailəsinin sıravi insanlar üçün əlçatan (təbii ki, bütün normal cəmiyyətlərdə qəbul olunmuş ictimai etika çərçivəsində) olması təkcə sözügedən formal stereotiplərin ləğvi ilə məhdudlaşmır. Bu xüsusda çox vacib missiyanı daşıyan və dövlətin birinci adamının ictimai şüurdakı simasını bir növ tamamlayan bir şəxs də var. Bu, dövlət başçısının xanımı, yaxud, bütün dünyada qəbul olunmuş sözlə ifadə etsək, ölkənin birinci ledisidir.

“Birinci ledi” anlaşıyı ayrı-ayrı ölkələrdə dövlətçilik ənənələrindən, siyasi sistemdən, milli-mental dəyərlərdən və s. asılı olaraq müxtəlif səpkidə qəbul olunsa da, onun bütün ölkələr üçün eyni olan parametri var. Bu, dövlətin birinci xanımının yüksək ictimai statusudur. Ölkənin birinci ledisinin şəxsiyyətinə ictimai maraq miqyasına görə yalnız dövlət başçısına olan maraqla müqasiyə edilə bilər.

Yeri gəlmişkən, “birinci ledi” ifadəsi XIX əsrin ortalarında ABŞ-da meydana gəlib. Hərçənd uzun müddət Amerika cəmiyyətində birinci ledinin statusu dekorativ səciyyə kəsb edib. XX əsrdə bu status daha real və ictimai əhəmiyyətli şəkil aldı. Teodor Ruzveltin və Vudro Vilsonun hakimiyyəti gövründə onların xanımları faktiki olaraq Ağ ev administrasiyasının katibliyinə rəhbərlik edirdilər. ABŞ prezidenti vəzifəsinə 4 dəfə seçilmiş Franklin Ruzveltin həyat yoldaşı Eleanor Ruzvelt geniş ictimai fəallıyyətlə məşğul olur, Konqresdə çıxışlar edir, aktual məsələlərlə bağlı müsahibələr verir, mətbuatda məqalələr dərc etdirirdi. Bu fəallığın məntiqi davamı kimi o, ABŞ-ın BMT-dəki təmsilçisi oldu və “İnsan haqları Bəyannaməsi”nin müəlliflərindən biri kimi tarixə düşdü. 

Nəhayət, ABŞ tarixində ən populyar birinci ledi olmuş Hillari Klinton böyük siyasətdə də qüvvəsini sınadı və hazırda Senatın üzvüdür, 2008-ci il seçkiləri üçün isə demokratların əsas namizədi sayıılr. Bugünkü Amerika reallığında birinci ledi hakimiyyət elitasının mühüm simalarından biri kimi qəbul olunur, onun Ağ evdə geniş ştata malik ayrıca ofisi var və amerikalılar seçkilərdə təkcə prezident və vitse-prezidentliyə namizədlərə deyil, həmçinin gələcək birinci lediyə səs verirlər və sonuncu məqam elektoral baxımdan heç də az rol oynamır.

Digər ölkələrdə birinci ledi faktoru, ABŞ-dakı qədər fəal mövqelərə malik olmasa da, yuxarıda qeyd etdiyimiz kimi, daima ictimaiyyətin diqqət mərkəzindədir. Patriarxal ənənələrin və poliqamiyanın hakim olduğu müsəlman-ərəb ölkələrində də birinci ledinin şəxsiyyəti, bu və ya digər hərəkəti geniş ictimai diskussiya doğurur. Asiya ölkələrinin birinci lediləri isə hətta regional təşkilat (16 ölkənin təmsi olunduğu “birinci ledilər klubu”na hazırda Pakistan prezidentinin xanımı sədrlik edir) təsis ediblər və mütəmadi sammitlərini keçirirlər. O ki qaldı Avropaya, burada da birinci ledilər daha çox ictimai fəaliyyətlə, xeyriyyəçiliklə məşğul olurlar, müxtəlif qeyri-hökumət fondlarına rəhbərlik edirlər. Hətta fəal siyasətə qoşulanlar da var.

Qeyd edək ki, postsovet ölkələrində birinci ledi institutu (belə demək mümkünsə) hələ yeni formalaşır. Sovet dövründə dövlət başçının şəxsi həyatı və ailəsi geniş ictimaiyyət üçün qapalı mövzu olub. Yalnız 80-ci illərin sonunda, yəni SSRİ qüruba doğru gedərkən bu “ənənə” pozuldu. Sovet cəmiyyəti SSRİ-nin birinci (və sonuncu) prezidenti ilə yanaşı onun xanımını, sovet dövlətinin birinci ledisini də tanıdı. Lakin Raisa Maksimovnanın hədsiz təkəbbürü və ictimai rəyi qıcıqlandıran manerası (yeri gəldi-gəlmədi, bu və digər məsələyə münasibət bildirməsi, jurnalistlərin M.Qorbaçova ünvanladığı siyasi sualları da onun əvəzindən cavablandırması) bu tanışlıqda yalnız mənfi izlər qoydu və nəticə etibarilə M.Qorbaçovun ölkə daxilindəki mənfi reputasiyasına da “əsaslı töhfə” verdi. Odur ki, R.Qorbaçovanın “nümunəsi” biinci ledi məsələsində mənfi örnək sayıla bilər.

Ölkəmizin müstəqilliyini bərpa etməsindən 14 il keçsə də, “birinci ledi” anlayışı Azərbaycan cəmiyyəti üçün hələ yenidir. Bunun isə, necə deyərlər, obyektiv və subyektiv səbəbləri var. Bəllidir ki, mərhum dövlət başçısı Heydər Əliyevin xanımı hələ o, Moskvada, SSRİ rəhbərliyində işləyərkən dünyasını dəyişmişdi. Düzdür, Azərbaycan cəmiyyəti akademik Zərifə Əliyevanı kifayət qədər tanıyırdı və onun böyük alim, qayğıkeş həkim və bir Azərbaycan qadını kimi xatirəsi ictimaiyyətin yaddaşında yaşayır. Bununla belə, qeyd etdiyimiz kimi, sovet reallıqları çərçivəsində ölkənin, respublikanın birinci şəxsinin xanımının sözün indiki mənasında birinci ledi rolunda çıxış etməsi mümkünsüz idi.

Eyni zamanda, mərhum H.Əliyevin ayrı-ayrı müsahibələrindəki, o cümlədən V.Mustafayevin filmindəki xatirələri Azərbaycan cəmiyyəti üçün əlamətdar açıqlamalar olmaqla bərabər, ictimai fikirdə dövlət başçısı və xanımı barəsində kifayət qədər komplekssiz rəyin formalaşması üçün əhəmiyyətli ştirxlər sayıla bilərdi. Bu açıqlamalardan aydın olurdu ki, əgər ömür vəfa etsəydi, müstəqil Azərbaycanın əhalisi Zərifə xanımın simasında aktiv ictimai fəaliyyətlə məşğul olan və birinci ledi missiyasını bacarıqla yerinə yetirən bir qadını görəcəkdi.

O ki qaldı Ayaz Mütəllibov və Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu dövrə, Azərbaycan cəmiyyəti nə bu şəxslərin prezident kimi normal fəaliyyətini gördü, nə də onların həyat yoldaşlarını tanıdı. A.Mütəllibovun xanımı bir neçə dəfə onu rəsmi mərasimlərdə müşayiət edərkən televiziya ekranında görünmüşdü, amma ölkə əhalisi qatı demokrat və liberal dəyərlərin daşıyıcısı kimi təqdim olunan mərhum Ə.Elçibəyin yanında onun xanımını heç televiziya ekranında da görmədi. Yerli mətbuat bu ştrixin üzərindən ümumən sakit keçsə də, o, Azərbaycana təşrif buyuran, habelə Ə.Elçibəyin xarici səfərlərini işıqlandıran əcnəbi jurnalistlərin diqqətindən yayınmamışdı.

Nəhayət, Azərbaycan cəmiyyəti ilk dəfə olaraq dövlət başçısı İlham Əliyevin və onun xanımının timsalında ictimaiyyətlə səmimi münasibətlərdən çəkinməyən, onunla qarşılıqlı iltifat qurmağa çalışan prezident ailəsini gördü. Qeyd etmək lazımdır ki, Azərbaycan ictimaiyyəti Mehriban xanımı o hələ birinci ledi statusunu qazanmamışdan xeyli əvvəl tanımağa başlamışdı.

M.Əliyeva ali tibb təhsili (M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib) alsa da, doğulub-böyüdüyü mühit etibarilə ədəbiyyata, mədəniyyətə yaxından bağlı insandır və 1995-ci ildə onun təşəbbüsü ilə “Azərbaycan Mədəniyyətinin Dostları” xeyriyyə fondunun təsis edilməsi bunun göstəricisi idi. Fond ötən müddətdə Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq müstəvidə təbliğində, habelə xeyriyyəçilik sahəsində, milli mədəniyyətimizin qocaman korifeylərinə yardımlar edilməsində aktiv fəaliyyət göstərib. 1996-cı ildən üç dildə (Azərbaycan, rus və ingilis) nəşr olunan “Azərbaycan-İrs” jurnalı isə mədəniyyətimizin dünyaya tanıdılmasında önəmli missiyanı yerinə yetirir. Azərbaycan muğamının beynəlxalq səviyyədə tanınması və UNESCO tərəfindən dünya mədəni irsinin inciləri sırasına daxil edilməsində Fondun müstəsna xidməti olub.

UNESCO-nun rəhbərliyi M.Əliyevanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib və 2004-cü ilin sentyabrında ona təşkilatın Xoşməramlı səfiri statusu verilib. Nəzərə alsaq ki, belə fəxri titulu dünya üzrə 42 nəfər daşıyır və M.Əliyeva müsəlman aləmindən bu ada layiq görülmüş üç qadından biri (Mərakeşin şahzadəsi Lalla Məryəm və dünyanın məşhur xeyriyyə təşkilatlarından olan «Həriri Fond»un rəhbəri, Livanın keçmiş baş naziri Rafiq Həririnin bacısı Bahia Həriri də bu ada layiq görülüb), türkdilli ölkələrin isə yeganə qadın təmsilçisidir, həmin vəzifənin nə qədər məsuliyyətli olduğunu başa düşmək olar.

Ölkəmizin birinci ledisi bu mötəbər təşkilatda təkcə Azərbaycanın deyil, bütün türk xalqlarının mədəni irsinin təbliğatçısı kimi şərəfli missiyanı yerinə yetirməkdədir. Ötən ilin dekabrında Kazan şəhərində (Tatarıstan) UNESCO-nun qeyri-maddi mədəni irsin qorunmasına dair regional seminarında Mehriban xanım bu yöndə konkret təşəbbüslə çıxış edərək türk xalqlarının mədəniyyətini əhatə edən regional layihələr hazırlanacağını bildirib. Digər tərəfdən, UNESCO-nun Xoş məramlı səfiri statusu Azərbaycanın bir nömrəli probleminin dünya ictimaiyyətinə çatdırılması baxımdan əhəmiyyətli bir vasitədir.

Təsadüfi deyil ki, M.Əliyeva UNESCO-nun Xoşməramlı səfiri kimi iştirak etdiyi ilk beynəlxalq forumda həmin məsələni önə çəkib və dünya xəzinəsinə dəyərli töhfələr vermiş Azərbaycanın mədəni irsinin Ermənistanın təcavüzünə məruz qaldığını vurğulayıb. O, beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıb ki, UNESCO Azərbaycan muğamını bütün bəşəriyyətin inciləri siyahısına daxil edib, amma muğamın vətəni olan Şuşa, Qarabağın digər dilbər guşələri Ermənistanın işğalı altındadır, bu ərazilərdə Azərbaycan xalqının qədim memarlıq və mədəniyyət abidələri məhv edilib.

M.Əliyevanın Azərbaycan müsiqisinin şah əsəri olan muğamın inkişafı və gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyəti də diqqətəlayiqdir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu yaxınlarda başladığı təşəbbüs - Muğam Mərkəzinin yaradılması layihəsi ümumilikdə Azərbaycan mədəniyyəti üçün əlamətdar hadisə sayılmalıdır. Mərkəz Azərbaycan muğamının dünya miqyasına çıxarılmasında, beynəlxalq muğam simpoziumlarının, festivalların təşkilındə mühüm rol oynayacaq.

Azərbaycanın birinci ledisinin ictimai fəaliyyətinin əhəmiyyətli bir istiqamətini də onun idman sahəsində gördüyü işlər təşkil edir. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edən M.Əliyeva həmin vəzifədə özünü bacarıqlı təşkilatçı kimi tanıdıb. Qısa müddətdə bu zərif idman növü Azərbaycanda geniş yayılmağa başlayıb, Azərbaycan gimnastları beynəlxalq miqyasda ilk uğurlarını qazanıblar. 2003 və 2004-cü illərdə bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının Bakıda keçirilməsi, həmçinin 2005-ci ildə bu idman növü üzrə dünya çempionatının ölkəmizdə keçirilməsinə dair qərarın qəbul olunması M.Əliyevanın rəhbərlik etidiyi federasiyanın beynəlxalq nüfuzunun göstəricisidir.

Bununla belə, mübaliğəsiz qeyd etmək olar ki, Azərbaycanın birinci xanımının ictimai fəaliyyətinin ən dəyərli və bütün cəmiyyətin diqqətini çəkən istiqaməti onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun başladığı geniş sosial proqramlardır. Əgər indiyədək M.Əliyevanın fəaliyyəti ölkə həyatının ayrı-ayrı sahələrini (mədəniyyət, idman) əhatə edirdisə, cəmiyyətin ən həssas, diqqət və mərhəmətə ən çox ehtiyac duyan hissəsinə - yetim, kimsəsiz, ağır xəstəliyə düçar olmuş, əqli və fiziki qüsurları olan uşaqlara, habelə çətin sosial şəraitdə yaşayan məcburi köçkünlərin övladlarına qayğı göstərilməsi ümumxalq əhəmiyyətli bir işdir. Sözsüz ki, bu kateqoriyaya aid olan uşaqların qibtəedilməz durumu, həmçinin mövcud büdcə imkanları daxilində onlara göstərilən dövlət qayğısının yetərli olmaması hakimiyyətə də, cəmiyyətə də yaxşı bəllidir. Eyni zamanda, o da aydındır ki, dünyanın heç bir ölkəsində bu qəbildən olan insanlara qayğı və diqqət yalnız dövlət qurumlarının fəaliyyəti ilə məhdudlaşmır.

Odur ki, birinci ledinin başladığı iş qeyri-dövlət resurslarını bu istiqamətə səfərbər etmək, digər yaşıdları kimi deyə-gülə yaşamaq imkanından mərhum olan uşaqların problemlərini bütün cəmiyyətin sosial prioritetləri sırasına daxil etmək məqsədi daşıyır. Heydər Əliyev Fondu ötən ildən başlayaraq bu istiqamətdə bir sıra tədbirlər (məcburi köçkün uşaqlarına yardımların göstərilməsi, paytaxtda bir neçə internat məktəbinin təmiri, diabetli və talassemiyalı uşaqlara yardım proqramları və s.) həyata keçirir. Fond tərəfindən hazırlanan və 2005-ci ilin yanvarından həyata keçirilməyə başlanan geniş proqram isə Bakıdakı internat məktəbləri və uşaq evlərinin yenidən qurulmasını nəzərdə tutur. Proqram çərçivəsində sözügedən müəssisələrə baş çəkən M.Əliyeva harada (təkcə Əzizbəyov rayonunda 41 belə müəssisə var) konkret hansı yardımın zəruri olduğunu şəxsən dəqiqləşdirir.

Lakin bu xüsusda artıq indidən özünü göstərən bir nüansı qeyd etmək lazımdır. M.Əliyeva paytaxtdakı internat və uşaq evləri ilə tanışlığı zamanı belə bir məqam diqqəti çəkdi ki, bu ziyarəti təşkil edən hökumət nümayəndələri onun təkcə çoxsaylı problemləri olan müəssisələrə (belələri əksəriyyət təşkil edir) deyil, həmçinin normal şəraiti (əsasən xarici donorların yardımı hesabına) olan müəssisələrə də baş çəkməsinə çalışırlar.

Əlbəttə, bu, xoş niyyətlə, yəni problemləri yoluna qoyulmuş, bir növ nümunəvi sayılacaq məktəb və internatların da olduğunu göstərmək üçün edilirsə, normal qarşılana bilər. Amma görünən odur ki, bəzi məmurlar birinci ledini kurasiyalarında olan sosial müəssiəsələrə (təbii ki, söhbət «nümunəvi» müəsisələrdən gedir) dəvət etməklə daha çox şəxsi niyyət güdürlər və özlərini reklam etmək istəyirlər. Özünü reklam etmək istəyən müxtəlif qeyri-dövlət qurumlarının, xeyriyyə təşkilatlarının da bu «yarışa» qoşulduğu bildirilir. Bu isə nəticə etibarilə ölkənin birinci ledisinin diqqət və etimadından sui-istifadə deməkdir və belə arzuolunmaz tendensiyanın cəmiyyətdə hansı rezonansı doğuracağını dərk etmək çətin deyil.

O ki qaldı ölkə əhalisinin birinci ledinin fəaliyyətinə verəcəyi qiymətə, yuxarıda qeyd etdiyimiz sorğunun nəticələri bu yöndə yalnız ilk ictimai mesaj sayıla bilər. Ən azı ona görə ki, Mehriban xanım birinci ledi simasında cəmiyyət qarşısına yeni çıxıb və onun bu ictimai vəzifədə görəcəyi əsas işlər hələ qarşıdadır. M.Əliyevanın indiyədək nümayiş etdiridiyi ictimai fəallıq, habelə beynəlxalq aləmdəki nüfuzu düşünməyə əsas verir ki, o, Azərbaycanın birinci ledisi statusunda da cəmiyyətin ən yüksək etimadına nail olacaq.

«Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir. Kimsənsə, elə də olmalısan. Özgələrin rollarını və obrazlarını gərək üzərinə götürməyəsən» - Mehriban xanımın özünə kredo seçdiyi bu sözlər, zənnimizcə, onun gələcək fəaliyyətinin qırmızı xəttini təşkil edəcək. O, birinci ledi kimi daşıdığı ictimai məsuliyyəti də, bu məsuliyyətin ağırlığını da yaxşı dərk edir.   

Vüqar Orxan

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu

«525-ci qəzet», 22 fevral 2005-ci il

 

 

Xəbərlər
Redaktorun seçimi