“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
31.03.2017, 20:23
1331

"Qarabağ düyünü"nün açılması niyə ləngiyir? (2005)

Yaxud real siyasətlə praktik nəticəyə çatmaq üçün nə qədər yol qət etmək gərəkdir?
A- A+

⇔ ⇔ ⇔

 

Son vaxtlar beynəlxalq arenada Qarabağ probleminə münasibətdə əlamətdar tendensiyanı müşahidə edirik. Bir-birinin ardınca dünyanın aparıcı siyasət mərkəzləri Azərbaycanın ən ağır və illərdən bəri ədalətli çözüm gözləyən dərdinə kifayət qədər obyektiv və ən əsası isə adekvat, yəni bu problemin nədən yaranıb və niyə bu həddə gəlib çatdığını inikas etdirən yanaşma tərzini ortaya qoyurlar. 

Avropa Şurası Parlament Assambeyasında Qarabağ məsələsi ilə bağlı qətnamənin qəbulu, Azərbaycanın tələbi ilə təsis edilmiş beynəlxalq faktaraşdırıcı missiyanın işğal olunmuş bölgələrə səfər etməsi, Ermənistanın Azərbaycana təcavüzünün ən dəhşətli səhifəsi sayılan Xocalı soyqırımının dünyanın bir nömrəli fövqəldövlətinin qanunverici orqanında gündəmə gəlməsi və ABŞ konqresmenlərinin Ermənistanın işğalçılıq siyasətini ifşa edən bəyanatlar verməsi və nəhayət, son olaraq ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair illik hesabatında Ermənistanın işğal etdiyi torpaqlarda dövlət səviyyəsində məskunlaşdırma siyasəti həyata keçirdiyinin qeyd olunması - bütün bunlar 2005-ci ilin ilk iki ayının mühüm yekunlarıdır.

Eyni zamanda, bu faktları müsbət prizmadan qəbul edən ictimai rəydə haqlı olaraq sual ortaya çıxır ki, niyə sadalanlar məhz indiyə, yəni 2005-ci ilin əvvəlinə təsadüf edir və həmin nəticələrə bir neçə il öncə nail olmaq mümkün deyildimi? Məsələyə pessimst yanaşanların da öz sualları var - əgər 10 ildən sonra Qarabağ məsələsində bu nəticələr əldə edilibsə, məsələn, ABŞ Konqresində Xocalı soyqırımı barədə gerçəklər yalnız indi səslənirsə, onda bu siyasəti nə dərəcədə effektli saymaq olar?

Qeyd etmək lazımdır ki, hər iki yanaşma tərzi kütləvi şüura xasdır, geniş mənada götürsək, cəmiyyətin böyük hissəsi məhz bu cür düşünür. İctimai fikir daha çox faktlara, praktik nəticəyə, bir sözlə, məsələnin görünən tərəflərinə istinadən formalaşır.

Azərbaycanın Qarabağla bağlı siyasətinin ilk real nəticələrinin niyə indiyə təsadüf etməsini dəqiqləşdirmək üçün isə məsələnin, necə deyərlər, kökünə nəzər salmaq lazımdır. Özəlliklə erməni lobbisinin böyük imkanlara malik olduğu ABŞ Konqesində ilk dəfə olaraq Azərbaycanın üzləşdiyi təcavüz barədə həqiqətin açıq şəkildə səslənməsi bu fakta bir qədər geniş aspektdə yanaşmanı zəruri edir. Təkcə ona görə yox ki, konqresmenlər Dən Barton və Solomon Ortisin Nümayəndələr Palatasındakı çıxışlar oradakı erməni lobbisi üçün şok effekti doğurub, həm də görə ki, bu fakt Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanınıb qəbul olunması istiqamətində aparılan ardıcıl işin hələlik ilk nəticəsidir. Təsadüfi deyil ki, erməni lobbisi də konkret olaraq bu faktı deyil, perspektivi göz önünə alaraq bildirir ki, böyük neftin Bakı-Ceyhanla axmağa hazırlaşdığı vaxtda Azərbaycanın lobbiçilik imkanlarının da intişar tapması Amerika siyasətindəki erməni maraqları üçün yaxşı heç nə vəd etmir.

Qeyd etmək lazımdır ki, Azərbaycan həqiqətlərinin ABŞ Konqresinə çıxmasını şərh edən əksər icmalçılar bu prosesin kökünü 2003-cü ilin avqustunda Bakıda Milli Məclislə Konqres arasında imzalanmış memorandumda axtarırlar. Həqiqətən də sözügedən memorandum Azərbaycan və ABŞ parlamentləri arasındakı münasibətləri keyfiyyətcə yeni məcraya saldı, ilk dəfə olaraq Milli Məclislə Konqres arasında birgə işçi qrup yarandı və hazırda həmin qrupa Amerika tərəfdən yuxarıda adını çəkdiyimiz S.Ortis rəhbərlik edir. Bununla belə, məsələnin kökünü yalnız bu fakta bağlamaq ən azı gerçəkliyi təhrif etməkdir. Çünki belədə sual ortaya çıxa bilər ki, əgər ABŞ Konqresinin diqqətini Azərbaycan həqiqətlərinə yönəltmək üçün sadəcə bir işçi qrupun yaradılması kifayət idisə, onda o niyə daha öncə yaradılmırdı. Bax məsələnin kökü də elə bundadır ki, belə bir qrupun 4-5 il öncə ortaya çıxması real idimi? Bu cür əməkdaşlıq qruplarının yaranması üçün Konqreslə, oradakı nüfuz dairələri ilə uzun-uzadı işləmək lazımdır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, qardaş Türkiyə Konqresdə belə bir qrupun yaradılmasına yalnız 2001-ci ildə müvəffəq olub və 21 konqresmendən ibarət "Türkiyənin dostları qrupu" təsis edilib və yeri gəlmişkən, bu gün Konqresdə Azərbaycanın haqq sözünü ifadə edən D.Barton və S.Ortis də həmin qrupun üzvləridir. Halbuki Türkiyə 20-ci əsrin ikinci yarısından ABŞ-ın ən yaxın (o cümlədən 1952-ci ildən NATO alyansında) müttəfiqidir.

Digər yandan, Amerikada konqresmenlər üçün səlahiyyət müddəti ilə bağlı məhdudiyyət yoxdur və Konqresdə elə təmsilçilər var ki, 20 ildir bu vəzifəni daşıyırlar. Yəni hər hansı konqresmen bu və ya digər ölkənin dostuna çevririlsə, bu dostluq və əməkdaşlıq uzun illər davam edir. Misal üçün Nümayəndələr Palatasında ən mühüm postlardan birini, büdcə təxsisatarı komitəsinin sədri vəzifəsini tutmuş respublikaçı Bob Livinqston uzun illər Türkiyənin Konqresdəki ən yaxın dostu (təəssüf ki, 2004-cü il seçkilərində növbəti dəfə Konqresə seçilə bilmədi) olub, "erməni soyqırımı" nın Konqresin gündəminə gəlməsinə qarşı dəfələrlə çıxışlar edib. Yaxud da illərdən bəri Amerikada erməni lobbisinə rəhbərlik edən, o cümlədən 1992-ci ildə Azərbaycana qarşı 907-ci qadağanın ("Azadlığa Dəstək Aktı"na düzəliş) əsas müəlliflərindən olmuş Frenk Pallone və Co Knollenberqi (hazırda Konqresdə "Ermənistanın dostları qrupu"nun həmsədrləridir) misal göstərmək olar.

Yeri gəlmişkən, 2003-cü ilin avqustunda Bakıda baş nazir İlham Əliyevlə görüşdə ABŞ konqresmenlərdən biri, Nümayəndələr Palatasının hərbi işlər komitəsi sədrirnin müavini Kurt Ueldon maraqlı bir faktı etiraf etdi. O bildirdi ki, 1986-cı ildə ilk dəfə Konqresə seçilərkən konqresmenlərin çoxu Azərbaycanın harada olduğunu xəritədə belə göstərə bilmirdilər. Halbuki o vaxt ABŞ ictimaiyyəti "erməni həqiqətləri"ndən yetərincə xəbərdar idi. Məsələn, 1986-cı ildə Kaliforniyanın qubernatoru erməni əsilli Corc (Qurqen) Dokmecyan (1982-ci ildən 1991-ci ilədək bu vəzifədə olub) Amerikada ilk dəfə olaraq "erməni soyqırımı"nı tanınmasına (rəhbərlik etdiyi ştatda) dair akta imza atmışdı. Məhz bu presedentdən sonra erməni diasporu ABŞ-ın daha 10 ştatında analoci qərarların qəbuluna nail oldu. 1990-cı ildə isə həmin Dokmecyan Kaliforniyada Mixail Qorbaçov üçün təmtəraqlı qəbul təşkil etdi və ona Qarabağ məsələsinin ədalətli həllini, yəni bu ərazinin Ermənistana verilməsini ön görən təkliflərini çatdırdı.

Azərbaycan həqiqətlərinin ABŞ siyasi elitasına çatdırılması üçün ilk addımdlar isə hələ bir neçə il sonra atılacaqdı.

Çünki ölkəmiz formal müstəqilliyini 1991-ci ildə əldə etsə də, 1994-cü ilədək Azərbaycanın ABŞ-a yönəlik siyasəti faktiki olaraq mövcud deyildi. Xalq Cəbhəsinin hakimiyyətlə olduğu bir ildə isə Amerikanın bizdən, bizim isə Amerikadan xəbərsiz olduğumuzu açıq söyləyə bilərik. Məhz bunun nəticəsi idi ki, Qarabağ məsələsi barədə yalnız ermənipərəst qanunvericilərin bəyanatları əsasında məlumatlanan Konqres 1992-ci ilin noyabrında məlum 907-ci qadağanı qəbul etdi. Azərbaycanın hakimiyyəti isə bu qərardan yalnız 1993-cü ilin yanvarında, yəni qərar prezident Buş (ata) tərəfindən təsdiqlənərək qüvvəyə minəndən sonra xəbər tutmuşdu.

Təsadüfi deyil ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanın ABŞ-la dialoqunda əsas mövzulardan biri məhz 907-ci qadağa oldu. Eyni zamanda, Azərbaycan rəhbərliyi başa düşürdü ki, bu qadağanın ləğvi müşkül bir işdir. Çünki Amerikada Konqresin qəbul etdiyi hansısa qanunun sonradan ləğv edilməsinə dair presedent, demək olar ki, yoxdur. Odur ki, söhbət 907-nin yalnız qismən yumşaldılmasından, maksimum isə onun qüvvəsinin müəyyən müddətə "dondurulmasından" gedə bilərdi. Hərçənd Azərbaycan hakimiyyətinin bəzi "optimist" təmsilçiləri bunun əksini iddia edərək populist bəyanatlar verirdilər. Məsələn, 1997-ci ildə prezident Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri ərəfəsində o vaxtkı dövlət katibi Vəfa Quluzadə bəyan edirdi ki, "artıq Amerikadakı erməni lobbisinin orunğa sütunu sındırılıb və 907-ci qadağa uzağı bir ilə ləğv ediləcək".

Yeri gəlmişkən, məhz belə populist bəyanatların nəticəsində Azərbaycan cəmiyyəti Qarabağ nizamlanması ilə bağlı əsassız, reallıqdan uzaq optimizmə köklənmiş oldu. Bü gün Azərbaycan cəmiyyətində aktual olan "Qarabağ məsələsi niyə bu vaxtadək həll olunmayıb" ritorikasının arxasında da xeyli dərəcədə bu məqam dayanır.

Qarabağ məsələsinin həllini yaxınlaşdırmaq üçün isə ilk növbədə bu problemi beynəlxalq birliyə, dünyanın böyük güclərinə adekvat şəkildə çatdırmaq, dünyanı Azərbaycanın ədalətli mövqeyini inandırmaq lazım idi. Uzun və gərgin fəaliyyət tələb edən bu hədəf barədə 1997-ci ildə maksimalist bəyanatlar vermək ən azı sadəlövhlük idi. 

Necə ki, ABŞ-la enerci sektorunda strateci əməkdaşlığın ilk günlərindən Azərbaycan cəmiyyətində (və elə hakimiyyətdə də) belə rəy formalaşmışdı ki, Amerikaya verəcəymiz neftin müqabilində ondan Qarabağ probleminə ən azı ədalətli yanaşma, perspektivdə isə dəstək görəcəyik. "Birləşmiş Ştatlar Azərbaycanı özünə etibarlı tərəfdaş sayır" - prezident Bill Klintonun 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalanandan sonra bəyan etdiyi bu sözləri Bakıda çoxları hərfi mənada qəbul etmişdi. Lakin tezliklə məlum oldu ki, Amerikanın Azərbaycanın probleminə diqqətcil olması üçün yalnız neft amili yetərli deyil. Bu ölkənin sənin problemlərinə diqqət kəsilməsi üçün onunla daima işləmək lazımdır. Özü də yalnız hökumətlə yox.

Təsadüfi deyil ki, 1994-cü ildən ARDNŞ-in vitse-prezidenti kimi Azərbaycanın neft strategiyasının reallaşmasında, o cümlədən Bakı ilə Vaşinqton apasındakı enerci əməkdaşlığının təşəkkül tapmasında müstəsna fəaliyyət göstərən İlham Əliyev eyni zamanda Azərbaycan həqiqətlərinin ABŞ siyasi dairələrinə, Konqresə çatdırılması istiqamətində də aktiv çalışmağa başladı. Qeyd etiək lazımdır ki, 1994-1996-cı illərdə bu müzakirələr nisbətən ikinci planda qalırdısa, 1997-ci ildən sonra (artıq Azərbaycanın neft strategiyası işə düşmüş, əsas müqavilələr imzalanmışdı) Qarabağ mövzusu Vaşinqtonla dialoqda prioritet məsələ oldu. 1997-ci ilin yayında prezident H.Əliyevin ABŞ-a rəsmi səfəri isə bu xüsusda əlamətdar mərhələ oldu. Azərbaycan rəhbəri ABŞ-da olduğu 10 gün müddətində bu ölkənin siyasi dairələrində, özəlliklə Konqres üzvlərində Qarabağ münaqişəsinə obyektiv baxış yaratmaq üçün çoxsaylı görüşlər keçirdi, erməni təbliğatı (və təşviqatı) ilə "beyinləri yuyulmuş" bəzi konqresmenlərə Azərbaycanın məruz qaldığı təcavüzün miqyasını sübut etmək etmək üçün saatlarla vaxt sərf etdi.

Həmin gərgin müzakirələrdə iştirak edən ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev bir neçə aydan sonra, 1997-ci ilin noyabrında bu missiyanı təkbaşına davam etdirməli oldu. ABŞ Konqresində "Azərbaycanın dostları qrupu" təşkilatlanması yönündə ilk praktik addımlar da həmin dövrə təsadüf edir. Vaşinqtonda ABŞ konqresmenləri ilə, o cümlədən bayaq adını çəkdiyimiz B.Livinqstonla görüşlər keçirən İlham Əliyev 907-ci qadağanın ilk növbədə Amerikanın Azərbaycandakı maraqlarına zərər vuran diskriminasiya aktı olduğunu onların nəzərə çatdırdı. Onun Amerika qanunvericilərinə ünvanladığı "Məgər erməni lobbisi Azərbaycanla ABŞ arasında həyata keçiriləcək böyük müştərək layihələrdən də əhəmiyyətlidir" sualı isə heç də ritorik deyildi və Vaşinqton bu sualın gerçəkliyini 2001-ci ilin payızında, beynəlxalq antiteror kampaniyasında Azərbaycanın dəstəyinə ehtiyac duyandan sonra qəbul etməyə məcbur oldu.

1998-ci ilin noyabrında yenidən ABŞ-a səfər edən İlham Əliyev Konqresdə bir sıra görüşlər keçirdi, Azərbaycanın yaxın dostuna çevrilən senator Sem Braunbeklə görüşdə "Böyük İpək yolu" layihəsi ətrafında geniş müzakirələr apardı. Xatırladaq ki, həmin ilin sentyabrında Bakıda "Böyük İpək yolu" (TRACECA) konfransı keçirilmişdi, Ermənistan isə nəhəng regional əməkdaşlıq layihəsindən kənarda qalmışqdı. Bir qədər sonra S.Braunbekin hazırladığı və Azərbaycanın bu layihədə mövqelərini daha da möhkəmlədən "İpək yolu strategiyası aktı" Senatda qəbul edildi. Eyni zamanda, bu qanunvericilik aktı ilə 907-ci qadağa qismən yumşaldı.

Həmin səfər gedişində diqqətçəkən digər məqam Amerikadakı müsəlman diasporu ilə əlaqələrin qurulması oldu. İlham Əliyev Vaşinqton İslam Mərkəzində Amerika müsəlmanlarının nümayəndələri ilə görüşdə onları Azərbaycanın haqq işinə dəstək verməyə çağırdı, bu istiqamətdə konkret addımlar müzakirə olundu. Yeri gəlmişkən, 2002-ci ildə ilk dəfə olaraq sıravi amerikalıların ABŞ-ın Ermənistana yardımına etiraz olaraq başlatdığı kampaniyanın iştirakçıları arasında bu ölkənin müsəlman icmasının xeyli nümayəndəsi vardı. Bəlkə bu birilərinə xırda bir fakt kimi görünə bilər, amma Amerika gerçəkliyindən xəbərdar olanlar yaxşı bilirlər ki, bu ölkədə siyasi mühitə atilmış toxumun cücərməsi üçün illər lazım olur. Azərbaycan rəhbərliyinin 1997-ci ildən aktiv şəkildə başladığı iş də 2003-cü ildə Konqresdə "Azərbaycanın dostları qrupu"nun yaranması ilə praktik bəhrəsini verdi.

Sonda yenidən ABŞ konqresmenlərinin məlum bəyanatlarına qayıdaraq bir mühüm məqamı qeyd etmək istərdik. Hər iki konqresmen Ermənistanın Azərbaycana təcavüzündən danışarkən 2005-ci ilin yanvarında AŞPA-da qəbul olunmuş Qarabağa dair qətnaməyə istinad edirlər. Bu isə o deməkdir ki, bəzilərinin formal, deklarativ sənəd kimi qəbul etdiyi bu qətnamə artıq praktik rolunu oynamağa başlayıb. Necə ki, dörd il öncə ölkəmizin AŞPA-dakı nümayəndə heyəti Azərbaycan həqiqətlərinin beynəlxalq ictimayyətə çatdırılması yönündə ilk addımlarını atarkən bəziləri bunu formal, praktik əhəmiyyəti olmayacaq iş kimi qiymətləndirdi.

Lakin 2001-ci il aprelindən, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı İlham Əliyevin Strasburqda Ermənistanı təsavüzkarlığını pisləyən ilk çıxışı ilə başlanan bu yol heç də "yel dəyirmanları ilə" mübarizə olmadı, əksinə, Azərbaycanın haqq mövqeyi ifadə edən onlarla sənəd Avropa Şurasından keçdi və yekun olaraq məlum qətnamə qəbul edildi. Təbii ki, bu yekun hələ son deyil, Azərbaycan öz problemini beynəlxalq birliyə qəbul etdirmək, ən əsası isə ondan bu problemin həlli ilə bağlı real dəstək almaq üçün hələ çox iş görməlidir. Amma mühüm olanı odur ki, bu işin təməli və məqsədə aparan realist siyasət var.

"Qarabağ düyünü"nün açılması da populist bəyanatlarla deyil, məhz real siyasətlə mümkündür. Bəli, bu məsələ çox uzandı və ictimai şüurda yaranan suallar başadüşüləndir. Amma bir gerçəyi də nəzərə almaq lazımdır ki, bu düyünün heç də bütün ipləri bizim əlimizdə deyil. Odur ki, hansı ipi nə vaxt çəkmək məsələsində son dərəcədə tədbirli olmaq gərəkdir. 

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu

"525-ci qəzet", 4 mapt 2005-ci il

 

Xəbərlər
Redaktorun seçimi