“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.04.2017, 17:46
1366

«Xoşməramlı» missionerlər... (2005)

A- A+

ATƏT-in xüsusi missiyası Azərbaycanın işğal olunmuş ərazilərinə niyə gəlmişdi və orada hansı faktları aşkarladı?

⇔ ⇔ ⇔

 

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın həyata keçirdiyi məskunlaşdırma faktlarını araşdırmaq üçün regiona təşrif buyurmuş ATƏT ekspertləri fevralın 7-də missiyalarını başa vuraraq Vyanaya, ATƏT-in mənzil-qərargahına qayıdıblar. Təxminən 10 gün ərzində Dağlıq Qarabağ ətrafındakı 7 rayonda monitorinq keçirən missiyanın fəaliyyəti ilə bağlı məruzənin bir aya hazır olacağı və ATƏT-in fəaliyyətdə olan sədrinə təqdim ediləcəyi bildirilir.

Təbii ki, missiyanın məramı və fəaliyyəti hələ uzun müddət mətbuatın, ekspertlərin, icmalçıların diqqət mərkəzində olacaq. Bu araşdırmanın Qarabağ münaqişəsinin nizamlanması prosesinə, Minsk qrupu həmsədrlərinin gələcək fəaliyyətinə, habelə münaqişə tərəflərinin mövqelərinə necə təsir göstərəcəyi barədə mübahisə və diskussiyalar da davam edəcək.

Eyni zamanda, missiyanın bölgədə olduğu müddətdə Azərbaycanın və Ermənistanın kütləvi informasiya vasitələrinin, çeşidli dairələrin bu presendentə birmənalı yanaşmadığı gerçəkdir. Bu hadisəni Azərbaycanın siyasi-diplomatik uğuru kimi qiymətləndirənlər də var, əksinə, onun nəticə etibarilə Ermənistanın təcavüzkar siyasətini diqqətdən yayındıran və Dağlıq Qarabağ konfliktinin gerçək mahiyyətini təhrif edən bir missiya olduğunu vurğulayanlar da.

Sözügedən mülahizələrdə reallıq dərəcəsinin nə qədər olduğunu aydınlaşdırmaq üçün, zənnimizcə, bir qədər geri qayıdıb, ümumiyyətlə, bu missiyanın hansı proseslərin nəticəsi olaraq ortaya çıxdığını diqqətə almaq lazımdır.

Xatırladaq ki, ATƏT-in bölgəyə xüsusi missiyasının göndərilməsi barədə qərar ötən ilin sonunda BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı müzakirələrdən sonra qəbul olunub. Qeyd etmək lazımdır ki, rəsmi Bakı beynəlxalq birliyin diqqətini dəfələrlə sözügedən problemə cəlb etsə də, məhz 2004-cü ildə bu yöndə fəal praktik addımlar atıldı. 2004-cü ilin sentyabrın BMT Baş Assambleyasının sesiyasında çıxış edən dövlət başçısıı İlham Əliyev BMT-ni Azərbaycanın üzləşdiyi humanitar fəlakətə seyrçi qalmaqda suçladı və beynəlxalq birliyi Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinə münasibət bildirməyə çağırdı.

Bundan sonra ölkə rəhbərliyi XİN-ə məsələ ilə bağlı hazırlıq işi aparmağı tapşırdı və oktyabrda Azərbaycanın BMT-dəki nümayəndəlsi Yaşar Əliyev Baş Assambleyaya müvafiq məktub təqdim etdi. Məktubda nəzərə çatdırılırdı ki, ATƏT-in Minsk qrupu fəaliyyət göstərdiyi 12 il ərzində münaqişənin nizamlanmasında hər hansı bir nəticəyə nail ola bilməyib. Yerevan isə bu vəziyyətdən istifadə edərək işğal etdiyi ərazilərdə demoqrafik durumu süni surətdə dəyişdirmək məqsədilə orada məskunlaşdırma siyasəti aparır, Ermənistandan və dünyanın müxtəlif ölkələrindən ermənilər bu ərazilərə köçürülür.

Qeyd etmək lazımdır ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum qətnamələrindən (1993-cü ildə qəbul olunmuş 822, 853. 874 və 884 saylı qətnamələr) 11 il sonra bu məsələnin yenidən beynəlxalq birliyin müzakirəsinə çıxarılması özlüyündə əlamətdar fakt idi. Üstəlik bu dəfə məsələ BMT müstəvisinə keyfiyyətcə yeni rakursda - Ermənistanın Azərbaycana qarşı təcavüzünün konkret nəticələrinin, yəni işğal olunmuş ərazilərdə həyata keçirilən məskunlaşdırma siyasətinin geniş müzakirəsi məqsədilə çıxarılmışdı. Və ilk gündən bu prosesi əngəlləmək üçün bütün imkanlarını işə salan rəsmi Yerevan BMT-dəki müzakirələrdən ciddi şəkildə narahat olduğunu büruzə vermişdi.

Ermənilərin narahatlığı başa düşülən idi. BMT-dəki müzakirələr Ermənistanın Azərbaycana təcavüzünün miqyas və fəsadlarını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla yanaşı, problemin ədalətli şəkildə nizamlanmasına müəyyən impuls vermiş olacaqdı.

Qeyd etmək lazımdır ki, dünyanın bu və digər bölgəsində baş vermiş işğal faktının sonradan həmin ərazilərdə demoqrafik durumun dəyişdirilməsi və əhali məskunlaşdırılması ilə müşayiət olunması beynəlxalq hüquqda (o cümlədən 1949-cu ilin Cenevrə sazişində) yolverilməz hal sayılır. Baxmayaraq ki, bir ölkənin digərinə təcavüzü də beynəlxalq hüquq, o cümlədən BMT-nin Nizamnaməsi ilə qadağandır. Lakin bu, necə deyərlər, başqa bir mövzunun predmetidir. Etnik təmizləmə isə beynəlxalq yurisdiksiyada bəşəriyyət əleyhinə ən ağır cinayətlərin (məsələn, genosid) sırasına daxildir. Təsadüfi deyil ki, bu mövzu BMT çərçivəsində xüsusi həssaslıqla müzakirə edilən məsələlərdəndir. O cümlədən Fələstin problemi müzakirə edilərkən İsrailin işğal olunmuş ərazilərdəki məskunlaşdırma siyasəti dəfələrlə pislənilib və bununla bağlı müvafiq qətnamələr qəbul olunub. Həmin qətnamələrin aqibətinə bir qədər sonra qayıdacağıq.

İndiliksə bir məqamın altını çızaq ki, Ermənistanın cidd-cəhdlərinə, şantaj bəyanatlarına (Yerevan bəyan edirdi ki, məsələ BMT-nin müzakirəsinə çıxarılsa, danışıqlar prosesindən imtina edəcək, erməni lobbisi isə Bakını niyyətindən döndərmək üçün hətta ABŞ-ın dövlət katibinə müraciət etmişdi), habelə Yerevanın mövqeyini dolayısilə müdafiə edən həmsədrlərin tövsiyələrinə (ABŞ, Fransa və Rusiyanın BMT-dəki təmsilçiləri Baş Asambleyadakı müzakirələrin Qarabağ nizamlanmasına mənfi təsir göstərəcəyini iddia edərək Bakını bu niyyətdən vax keçməyə çağırırdılar) rəğmən Azərbaycan ilkin məqsədinə nail oldu. "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı məsələ Baş Assambleyanın 59-cu sessiyasının gündəliyinə salındı və noyabrın 23-də sessiyanın geniş iclasında müzakirə olundu.

Maraqlıdır ki, məsələnin gündəliyə salınması ilə bağlı səsverməyə qatılmayan Minsk üçlüyü bilavasitə müzakirələrdə fəal iştirak etdilər. Motiv isə aydır idi. Azərbaycanı inadından döndərməyə müvəffəq olmayan həmsədr dövlətlər Baş Assambleyadakı müzakirələr nəticəsində kompromis bir qərarın qəbul olunmasını istəyirdilər. Əks halda, onların iştirakı olmadan qəbul ediləcək hər hansı qərar nəticə etibarilə Minsk üçlüyünün, yəni Qarabağ nizamlanmasında geosiyasi inhisarı kimsə ilə bölüşmək istəməyən böyük dövlətlərin maraqlarına ziddi ola bilərdi.

Və münaqişə bölgəsinə ATƏT-in faktaraşdırıcı missiyasının göndərilməsi barədə razılığın əldə edilməsi həmin kompromis nəticə oldu. Rəsmi Bakı bununla razılaşdı və məsələ ilə bağlı Baş Assambleyada qətnamənin qəbulu qeyri-müəyyən vaxta saxlanıldı.

Qeyd etmək lazımdır ki, Azərbaycan Minsk üçlüyünün dəstəklədiyi bu variantla razılaşmağa məcbur idi. Bakı müzakirələrlə bağlı Baş Assambleyada konkret qətnamənin qəbulunda israr etməklə ən yaxşı halda Ermənistanı qınayan, amma əsasən müsəlman dövlətlərinin səs verəçəyi formal bir sənədin qəbuluna nail olacaqdı. Belə sənədlər isə onsuz da İslam Konfransı Təşkilatı çərçivəsində hər il qəbul olunur.

Bu bir gerçəkdir ki, BMT-də qəbul edilən sənədlər yalnız ona böyük dövlətlər (ilk növbədə ABŞ) səs verdikdə müəyyən siyasi effektə malik olur. Digər tərəfdən, beynəlxalq faktaraşdırıcı missiyanın bölgəyə gəlişi Azərbaycanın maraqlarına cavab verirdi. Qarabağ münaqişəsinin tarixi ərzində ilk dəfə gerçəkləşən bu fakt özlüyündə əlamətdar bir presendent idi. Azərbaycan uzun müddət idi ki, Ermənistanın işğalçılıq faktlarını təhqiq edəcək bir missiyanın regiona gəlişini gözləyirdi.

Qeyd etmək lazımdır ki, ermənilər də belə bir missiyanın bölgəyə gəlişini gözləyirdilər və ona ciddi hazırlaşırdılar. Bəziləri üçün qəribə görünə bilər, amma ermənilər indiyədək bir neçə dəfə ATƏT-ə və Avropa Şurasına riyakar müraciətlər edərək «Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real vəziyyəti görmək üçün» bölgəyə xüsusi missiya göndərilməsini istəyiblər. Sözsüz ki, ermənilər belə bir missiyaların vasitəsilə məhz özlərinə yarayan faktların, yəni Dağlıq Qarabağdakı ermənilərin «tarixən məruz qaldıqları təqib və sıxışdırılma faktları»nı dünya ictimaiyyətinə çatdırmaq niyyəti güdüblər.

Təsadüfi deyil ki, Yerevan faktaraşdırıcı missiyanın yaradılması barədə qərarı razılıqla qarşıladığını bildirmişdi və XİN başçısı Vardan Oskanyan bəyan etmişdi ki, Ermənistan həmin komissiya qarşısında 1991-1992-ci illərdə keçmiş Şaumyan (indiki Goranboy və Xanlar rayonlarının ərazisi) rayonunu tərk etmiş ermənilərin geri qaytarılması məsələsini də qaldırmaq niyyətindədir. Eyni zamanda, Oskanyan hələ o vaxt etiraf etmişdi ki, bəli, Dağlıq Qarabağ ətrayındakı rayonlarda erməni əhalisinin qeyri-mütəşəkkil və rəsmi strukturların iştirakı olmadan yerləşməsi faktları var, amma həmin ermənilər vaxtilə sözügedən Şaumyan rayonunu, habelə Bakını, Sumqayıtı, Gəncəni və s. tərk etmiş ermənilərdir.

Öz növbəsində Azərbaycan bu iddiaların əsassız olduğunu və işğal edilmiş ərazilərdə məskunlaşdırmanın bilavasitə Ermənistanın dövlət qurumları tərəfindən həyata keçirildiyini nəzərə çatdırmışdı. XİN başçısı E.Məmmədyarov Baş Assambleyadakı çıxışında Ermənistan hökumətinin həyata keçirdiyi "Qarabağa qayıdış" proqramınını detalları barədə sessiya iştirakçılarına məlumat verərək bu proqram çərçivəsində təkcə Laçın rayonunun ərazisində 13 min erməninin məskunlaşdığını bildirmişdi. Nazir nəzərə çatdırmışdı ki, bununla bağlı faktlar ABŞ Dövlət Departamentinin hesabatında və bir sıra xarici mətbuat vasitələrində öz əksini tapıb.

Qeyd etmək lazımdır ki, bu faktlar Ermənistanın özünün KİV-ində də dəfələrlə yer alıb. 2004-cü ilin sentyabrında "Azq" qəzetinə müsahibə verən qondarma "DQR"-in miqrasiya və məskunlaşdırma idarəsinin rəhbəri Serj Əmirxanyan etiraf etmişdi ki, atəşkəsin 10 ilində (1994-2004-cü illər) Dağlıq Qarabağ və ətraf rayonlarda 23 min erməni məskunlaşıb. O cümlədən Zəngilan və Cəbrayılın Arazboyu kəndlərində müvafiq olaraq 130 və 70 ailə yerləşdirilib. Onun bildirdiyinə görə, 2002-ci ildə işğal olunmuş ərazilərə 05, 2003-cü ildə 165, 2004-cü ilin yanvar-avqust aylarında isə 120 ailə (623 nəfər) köçürülüb.

Məhz bu gerçəkləri nəzərə alan Azərbaycan ümid edirdi ki, bölgəyə gələcək missiya hər şeyi obyektiv araşdıracaq və Ermənistanın işğalçılıq siyasətinin miqyasını öz gözü ilə görəcək. Çünki məsələyə, Ermənistan tərəfin iddia etdiyi kimi, Bakıdan və digər yerlərdən köçmüş ermənilərlə bağlı kontekstdə yanaşılsa, onda gərək 1988-1989-cu illərdə Ermənistandan deportasiya olunmuş 250 min nəfər azərbaycanlının taleyi də müzakirə obyekti olsun. Bu isə nəticə etibarilə Azərbaycanın BMT Baş Assambleyasına çıxardığı məsələnin konkret mahiyyətinin təhrif olunmasına gətirib çıxara bilərdi. Və təəssüflə qeyd olunmalıdır ki, ATƏT missiyası regiondakı «təhqiqatları» ilə ermənilərin bu niyyətinə, yəni problemi geniş tarixi kontekstə yayaraq onun faktiki mahiyyətinin nisbətən arxa plana keçməsinə şərait yaratmış oldu.

Əslində bu missiyanın tərkibi formalaşanda onun obyektiv olacağına ciddi şübhələr yaranmışdı. Missiya ATƏT sədrinin mandatı ilə yaradılsa da, onun məhz Minsk qrupunun formatında təşkil edilməsi (belə çıxırdı ki, Azərbaycan Minsk qrupunun fəaliyyətindən və onun işğal olunmuş ərazilərdə aparılan məskunlaşdırma faktlarına seyrçi qalmasında BMT-yə şikayət edir və həmin şikayətin araşdırılması da həmin Minsk qrupuna tapşırılır) və üstəlik həmin heyətdə Minsk qrupunun 9 üzvündən biri olan Türkiyənin yer almaması bütövlükdə bu missiyanın məramı və fəaliyyəti barədə fikir yürütməyə əsas verirdi. Monitorinqin ilk günündən aydın oldu ki, bu qrup işğal olunmuş ərazilərdə Ermənistanın həyata keçirdiyi məskunlaşdırma siyasətinin miqyasını olduğu kimi konstatasiya etməyə meylli deyil.

Əksinə, prosesin gedişatı göstərdi ki, missiya ona verilmiş mandatın çərçivəsini aşaraq Ermənistanın Azərbaycana qarşı təcavüzünün deyil, ümumilikdə Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı faktları araşdırmaq üçün gəlib.

Əslində bu da bizim üçün yenilik olmamalıdır. Çünki ATƏT-in Minsk qrupu fəaliyyət göstərdiyi 13 il ərzində nə bu münaqişənin gerçək miqyaslarını görüb, nə də Ermənistanın həyata keçirdiyi təcavüz və etnik təmizləmə faktlarını qeydə alıb. Əks təqdirdə heç bölgəyə xüsusi missiyanın ezam edilməsinə ehtiyac olmazdı. Çünki həmin Minsk qrupunun üzvləri ötən illər ərzində dəfələrdə bölgəyə səfər ediblər, o cümlədən Dağlıq Qarabağın ətrafındakı rayonlarda olublar və orada ermənilərin məskunlaşdığını da, necə deyərlər, bilməmiş deyirlər. Və bütün bunlardan sonra beynəlxalq vasitəçilər münaqişəyə və onun tərəflərinə balanslaşdırılmış münasibət bəsləməkdə davam ediblər, təcavüzkarla təcavüzün qurbanını tərəzinin fərqli gözlərinə qoymağa bir dəfə də olsun cəhd göstərməyiblər.

Missiya üzvlərinin ilk gündən separatçı rejimin təmsilçiləri ilə sıx təmasda olması (halbuki onlar Bakıda keçirdikləri mətbuat konfransında yalnız ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşikin və onun səhra köməkçilərinin müşayiəti ilə (onlar işğal olunmuş ərazilərin xəritəsini əzbər bilirlər) hərəkət edəcəklərini iddia edirdilər) də onların obyektivliyinə şübhə etməyə əsas verir. Hər halda Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri ATƏT missiyası ilə təmaslarından məmnun qaldıqlarını gizlətmirlər və missiyanın fəaliyyəti üçün gərəkən bütün şəraiti (nəqliyyat, mühafizə, tərcüməçilər, ərzaq, gecələmə üçün şərait və s.) təmin etdiklərini fəxrlə bəyan edirlər. Missiyanı bütün marşrutu boyunca qondarma respublikanın «xarici işlər naziri»nin müavini Masis Mailyan müşayiət edib. Üstəlik monitronqin sonunda missiya üzvləri Xankəndidə separatçı rejimin rəhbərliyi ilə görüşüb.

Özlərini sırf texniki missiya adlandıran qrupun üzvlərinin Kəlbəcər rayonunda «Dadivank» adlı «erməni monastırı»na baş çəkirməsi və orada xristian müqəddəslərin xatirəsinə şam yandırması isə bu qrupun ümumilikdə məramı barədə, necə deyərlər, düşünməyə əsas verir. Bu fakt həmin qrupun Qarabağda işğal faktlarını araşdıran missiyadan çox xristian təəssükeşliyindən qalmayan missioner qrupununa bənzədiyinin göstəricisi deyilmi?..

Bütün sadalanları yekunlaşdıraraq nə demək olar? Əvvala, yuxırada qeyd etdiyimiz kimi,

rəsmi Bakının işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı məsələni BMT Baş Assambleyasının müzakirəsinə çıxarandan sonra məsələ ilə bağlı xüsusi faktaraşdırıcı missiyasının yaradılması və bölgəyə ezam olunması özlüyündə əlamətdar hadisədir. Azərbaycan Ermənistanın məskunlaşdırma siyasəti haqqında həqiqəti ən yüksək kürsüdən beynəlxalq birliyə bəyan edib və bununla bağlı xüsusi missiya regiona göndərilib. Amma bu faktı Azərbaycanın maraqları baxımından o halda tamamilə müsbət saymaq olar ki, həmin missiya onun üzərinə qoyulmuş və bizim də umduğumuz ədalətli fəaliyyəti həyata keçirərək ortaya obyektiv bir nəticə qoymuş olsun.

O ki qaldı bu missiyanın nəticələrinə, zənnimizcə, burada söhbət yalnız siyasi nəticələrdən gedə bilər. Çünki indiyədək beynəlxalq praktikada analoji missiyaların hazırladığı hesabatların real nəticəsi qeydə alınmayıb. Misal üçün İsralin işğal etdiyi Fələsində həyata keçirilən məskunlaşdırma faktlarının araşdırılması ilə bağlı çoxsaylı missiyaları qeyd etmək olar. İsrailin 1967-ci ildən bəri işğal altında saxladığı Fələstin torpaqlarında yəhudilərin yerləşdiyi ümümilikdə 100-ə yaşayış məntəqəsi var və həmin məntəqələrdə 200 mindən 400 minədək yəhudi yaşayır. Eyni zamanda, indiyədək BMT müstəvisində İsrailin Fələstini işğal etməsini pisləyən 70-ə yaxın, o cümlədən işğal olunmuş ərazilərdə həyata keçirdiyi məskunlaşdırma siyasətini pisləyən 30-a yaxın qətnamə qəbul ounub. Amma İsrailin strateji partnyoru olan ABŞ bu ölkəyə qarşı sərt qərarların qəbulunu hər zaman (xüsusilə Təhlükəsizlik Şurasında veto hüququ ilə) önləyib.

Eyni zamanda, beynəlxalq praktikadan belə bir fakt da məlumdur ki, 1979-cu ildə ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş Kemp-Devid sülhündən sonra İsrail dövləti 1967-ci ildə işğal etdiyi Sinay yarımadasını Misirə qaytarıb və həmin ərazidə saldığı yəhudi yaşayış məntəqələrini ləğv edib. Amma bu fakt da, necə deyərlər, böyük siyasətin nəticəsidir.

Öz növbəsində Azərbaycan da istər faktaraşdırıcı missiyanın ortaya qoyacağı hesabatın müzakirəsində, istərsə də BMT Baş Assambleyasında hələ də açıq qalan məsələ ilə bağlı yekun qətnamənin qəbul olunmasında diplomatik fəallığını davam etdirməklə bərabər, böyük siyasətin reallıqlarını da nəzərə almalıdlır…

Vüqar Orxan

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu

(«525-ci qəzet», fevral 2005-ci il)

 

Xəbərlər
Redaktorun seçimi