“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.03.2017, 15:56
1147

Qiymət artımı: bu addım zəruri idimi? (2006)

A- A+

Qiymət artımları BVF ilə razılaşmaya əsasən aparılır və Fondun hökumətin bu addımını dəstəkləməsi təəccüblü deyil. Fond ekspertləri hesab edir ki, düzgün qiymət siyasəti olmasa, iqtisadiyyat səmərəli işləməyəcək.

⇔ ⇔ ⇔

Yeni ilin əvvəlində ölkənin iqtisadi həyatında baş verən ən əlamətdar hadisə Azərbaycan hökumətində yeni bir müstəqil nəzarət orqanının meydana çıxması oldu. Nazirlər Kabinetinin qərarı ilə dövlət tərəfindən tənzimlənən qiymətlərin üzərində dövlət nəzarətinin təmin edilməsini həyata keçirən Tarif (qiymət) Şurasının funksiyaları genişləndirildi və ona müstəqil icra strukturu statusu verildi. Bu, iqtisadi inkişaf naziri Heydər Babayevin Şuraya sədr gəlməsinin yeganə təzahürü deyil. 

Cənab Babayevin Tarif (qiymət) Şurasının sədri olaraq 2006-cı ildə keçirdiyi ilk toplantıda dizel yanacağı da daxil olmaqla 3 neft məhsulunun qiymətləri artırıldı. Tarif (qiymət) Şurasının qərarı ilə dizel yanacağının, ağ neft və məişət soba yanacağının qiyməti 36 qəpiyə (1600 AZM) çatdırıldı. Bu qərardan əvvəl dizel yanacağının qiyməti 18 qəpik, ağ neft 16 qəpik, soba yanacağı 11 qəpik təşkil edirdi. Bundan başqa aviasiya yanacağının da bir tonunun qiyməti 210,7 AZN-dən 280,6 AZN-ə qaldırıldı. Qiymətlər yanvarın 6-dan tətbiq edilməyə başlandı.

Tarif Şurasının bu qərarı cəmiyyətdə ciddi rezonans doğurdu. Xüsusən də, sürücülərin kütləvi etiraz aksiyaları, ayrı-ayrı sahibkarlıq qruplarının narazılığı, qiymətlərin artırılması ilə irəli sürülən tələblər sanki hökumətə qarşı bu qərarının ləğv edilməsi ətrafında aşağılardan gələn bir etiraz dalğasının görüntüsü yaratdı.

Əslində isə nə baş verdi - qiymətlərin dəyişməsi zəruri idimi? Tarif Şurasının gətirdiyi əsaslar qiymətlərin dəyişdirilməsi üçün kifayət qədər zərurət yaradırdımı? Bəs bu, daxili bazarda qiymətlərin artmasına, yaxud ən azından gözləntilərdən doğa biləcək inflyasiya yarada bilərmi? Son vaxtlar bu mövzuda geniş diskussiyalar gedir.

Bu diskussiyalarda maraq doğuran bir elementi müşahidə etmək mükündür - demək olar ki, əksər ekspertlər hökumətin bu addımının zəruriliyini qəbul edir, daha çox onun sosial təbəqələrə təsirinin yumşaldılmasının vacibliyini önə çəkirdilər.

 
Əsas səbəblər
 

Beləliklə, yuxarıda verilən suallara cavabı arayaq, ən azı ona görə ki, ölkənin yanacaq-energetika sektorunda baş verən prosesləri təhlil etmədən hökumətin bu addımının əsaslı olub-olmamasını müəyyən etmək çətindir. Tarif Şurasının qiymətlərin artımı üçün gətirdiyi əsaslar bir neçədir.

Birincisi, bu daxili bazar qiymətlərinin dünya bazar qiymətlərinə yaxınaşdırmaq istiqamətində atılan addım olmaqla yanacaq-energetika sektorunun gizli subsidiyalaşdırılmasının azaldılmasını nəzərdə tutur.

Sirr deyil ki, əsasını yanacaq-energetika kompleksi təşkil edən Azərbaycan iqtisadiyyatı demək olar ki, əsasən subsidiyalaşdırma mexanizmi üzərinə köklənib. Bu ondan irəli gəlir ki, hasilat sənayesinin təqdim etdiyi xammalın satış qiymətləri dövlət tərəfindən tənzimlənir və daxili sənaye kompleksinin fəaliyyəti üçün təqdim olunan enerjidaşıyıcıları (neft, qaz, enerji və s.) öz maya dəyərindən ucuz şəkildə istehlakçılara verilir. Məsələn, dünya bazarlarında neftin qiymətləri son üç ildə artmaqda davam edir və xam neftin bir bareli 60 dollara (1 tonu 420 dollara) yaxın ikən, ARDNŞ hasil etdiyi neft və neft məhsullarını bundan 6-7 dəfə aşağı qiymətə satır. Bu elə bir qiymətdir ki, hətta şirkətin neftin hasil olunmasına çəkdiyi xərcləri, yəni maya dəyərini örtmür. Neft məhsullarında bu fərq xam neftə nisbətən aşağı olsa da, nisbətdə yenə yüksəkdir. Məsələn, qiymət artımına qədər dizel yanacağının daxili qiyməti dünya bazar qiymətindən 3 dəfə, ağ neftin qiyməti 4 dəfə, aviasiya kerosininin 2,5 dəfə az idi.

Birbaşa təqdim edilməyən, dolayı hesab edilən belə subsidiyalaşdırma kvazisubsidiyalaşdırma, yəni gizli subsidiyalaşdırma adlanır. Bunun səviyyəsi yuxarı olduqca, iqtisadi sistemin səmərəli işləməsi haqqında yanlış təsəvvür yaranır. Prezident İlham Əliyev bir dəfə iqtisadiyyatın subsidiyalaşdırılması səviyyəsi ilə bağlı belə bir göstəricisini xatırlatmışdı - 1 milyard dollar. Bu dövlətin gizli subsidiyalaşdırmadan gördüyü birbaşa zərərdir və hələ özündə iqtisadi sistemin digər həlqələrindəki nəticələri əks etdirmir.

Məsələn, ARDNŞ-in böyük həcmdə dizel yanacağını alan müştəriləri sırasında özəl təşkilatlar, xüsusilə də böyük avtomobil parklarına məxsus olan xarici neft şirkətləri vardır. Bu o deməkdir ki, ucuz daxili qiymət tətbiq etməklə dövlət öz gəlirini başqa bir formada həmin şirkətlərə verir, yəni onları subsidiyalaşdırır. Şirkətlər ucuz xmmal, ucuz elektrik enerjisi alır, ucuz yanacaqdan istifadə edir. Baxmayaraq ki, onlar istehlak etdiklərinin pulunu tam həcmdə ödəyirlər, amma bu istənilən halda həmin xammalın alınmasına, əldə edilməsinə verilən xərcləri örtmür, dövlət öz zərərinə olsa da, onların ehtiyaclarını dövlət büdcəsinin itirilən gəlirləri hesabına maliyyələşdirir. Bu düzgün maliyyələşmə hesab edilə bilməz və maliyyə axınlarının mütləq qaydada salğamlaşdırılmasına ehtiyac vardır. Beynəlxalq Valyuta Fondunun qiymətlərin artımı ilə bağlı tövsiyələri ayrı-ayrı zamanlarda nə qədər tənqid atəşinə tutulsa da, mahiyyət etibarilə, onun əsasında düzgün arqumentləşdirmə durur - əsasını yanacaq-energetika kompleksi Azərbaycan iqtisadiyyatı bazar qanunları ilə işləməlidir. Əks halda, o yalnız xəstə iqtisadiyyat olaraq qalacaq.

Dizel yanacağının qiymət artımı birinci növbədə, bu sahədə subsidiyalaşdırmanın məhdudlaşdırılmasına gətirməlidir. Əlbəttə, razılaşmaq lazımdır ki, son qiymət artımı yeganə olmaya bilər və kompleksin tam sağlamlaşması üçün dünya bazar qiymətləri ilə daxili qiymətlər arasında fərq minimallaşdırılmalıdır.

İkincisi, qiymət artımı dizel yanacağının ölkədən qeyri-rəsmi şəkildə çıxarılmasının qarşısını almaq məqsədi güdür. Qeyd edək ki, hökumət rəsmiləri etiraf etməsə də, bu çox ciddi problem olaraq qalırdı. Daxili bazarda ucuz qiymətə alınaraq ya eləcə dizel yanacağı şəklində, ya da digər neft məhsullarına qatılmaqla yaxın ölkələrin bazarlarına çıxarılırdı. Ekspertlərin təxmini hesablamalarına görə, belə üsulla hər ay 15 min tona yaxın dizel yanacağı kənara çıxarılırdı. Nəticədə təkcə ARDNŞ deyil, həm də dövlət büdcəsi külli miqdarda itki verirdi. Məlumat üçün bildirək ki, məsələn, bütünlükdə gələn il ölkədə 692 min ton dizel yanacağının istehlak olacağı proqnozlaşdırılır. Əlbəttə, sual oluna bilər ki, burada problem başqadır - yəni administrativ nəzarət rıçaqları kifayət qədər effektli deyil. Lakin istənilən halda, təcrübə göstərir ki, problemin iqtisadi həlli çözülməyincə heç bir inzibati nəzarət mexanizmi qaçaqmalçılığın qarşısını almaq iqtidarında deyil.

Üçüncüsü, daxili bazarda dizel yanacağının keyfiyyətini artıracaq. Qeyd edildiyi kimi, yanacağının bu növünün ucuz olması səbəbindən onun digər neft məhsullarına qatılması və pərakəndə satışa çıxarılması kimi hallar mövcud idi. Digər tərəfdən bu dəfə qiymət artımından əldə edilən gəlirlər tam şəkildə büdcəyə getməyəcək, gəlirlərin bir hissəsi də ARDNŞ-in sərəncamında qalacaq. Bu vəsaitlərin neftayırma zavodlarının emal texnologiyaların təkmilləşdirilməsinə yönəldiləcəyi gözlənilir. Qeyd edək ki, Azərbaycan neftinin emal dərinliyi aşağı faiz təşkil etdiyindən neft məhsullarının dünya bazarlarında rəqabətqabiliyyətliyi aşağıdır. Azərbaycan əsasən yanacağı yaxın bölgəyə satır və Gürcüstan bu sırada ön yerdədir. Bu baxımdan yanacağın keyfiyyətinin artırılması neftayırma sektorunda mühüm problemlərdən biridir və istər daxili, istərsə də xarici bazarlara çıxış üçün bu problemin həlli zəruri xarakter daşıyır.

Dördüncüsü, qiymət artımı dövlət büdcəsinin gəlirlərini artıracaq. Mahiyyət etibarilə qiymətlərin dəyişməsindən ən real qazancı dövlət büdcəsi alacaq. Hesablamalara görə, bu 82 mln. yeni manat həcmində əlavə gəlir gətirməlidir. Bu isə dövlət büdcəsinin gələn il üçün daxilolmalarının 2,6 faizi deməkdir.

Qeyd edək ki, neft məhsullarının qiymət artımı əsasən aksizlərin artımı hesabına həyata keçirilir. Neft məhsullarının, o cümlədən dizelin qiymət strukturunda vergilərin xüsusi çəkisi kifayət qədər yüksəkdir və qiymət artımlarının tənzimlənməsi aksizlərin hesabına həyata keçirildikdə bu gəlirlər dövlət büdcəsinə daxil olur. Beləliklə, bu dəfəki qiymət artımı nəticəsində dövlət büdcəsinə aksizlər üzrə 21 mln. manat, ƏDV üzrə 30 mln. manat, mənfəət vergisi üzrə 31 mln. manat əlavə vəsaitin daxil olacağı gözlənilir. Dövlət büdcəsinin əlavə gəlirləri hökumətə bu qiymət artımından doğa biləcək təsirlərin neytrallaşdırılması və gəlirlərin daha rasional istifadə olunmasına imkan verir.

 
Təsir və əks-təsir

 

Dizel yanacağının qiymət artımının iqtisadi sistemə təsirini qiymətləndirmək üçün ilk növbədə həmin yanacağın istehlakçı qrupları üzrə bölünməsinə nəzər yetirmək lazımdır. Mütəxəssislərin qiymətləndirmələrinə görə, yanacağın əsas hissəsi - 60 faizə yaxını nəqliyyat sektorunda istifadə olunur. Bura dövlət təşkilatları, özəl şirkətlər və şəhər nəqliyyatına məxsus bütün avtomobil parkı daxildir. Təbii ki, qiymət artımı ilk növbədə özünü məhz nəqliyyat sektorunda biruzə verir.

Bununla belə, yanacağın qiymətlərinin dəyişməsinin sektorun fəaliyyətini iflic vəziyyətə salacağı ilə bağlı ayrı-ayrı fikirlər spekulyasiya mövzusundan başqa bir şey deyil. Birincisi, dizel yanacağının istehlakçıları sırasında böyük xüsusi çəkiyə malik kateqoriya dövlət icra strukturlarının avtomobil parklarıdır. Bura müdafiə və daxili işlər nazirliklərinin avtomobil parkı, həmçinin digər dövlət orqanlarının xidməti avtomobil parkları daxildir. Qiymətin artımı bu təşkilatların xərclər smetasında öz əksini tapır, lakin onların dizel yanacağı ilə təmin edilməsi üçün dövlət büdcəsində vəsait nəzərdə tutulub.

İkincisi, qiymətlərin dəyişməsi şəhər nəqliyyatının xərclərinə təsir edir. Lakin mütəxəssislərin apardığı araşdırmalar belə söyləməyə əsas verir ki, xərclərin səmərəli bölgüsü və şəhər nəqliyyatında bürokratik inzibati idarəetmənn aradan qaldırılması, marşrutlarda rəqabət prosesinin təmin edilməsi qiymət artımını nəinki kompensasiya etməyə imkan verəcək, hətta bu sahədə əlavə gəlirlərin yaranmasına şərait yaradacaq. Bircə faktı qeyd etmək lazımdır ki, sürücülərin gündəlik xərclərində verginin xüsusi çəkisi 6 faizə yaxın, yanacağın xüsusi çəkisi qiymət artımından sonra 40 faizə yaxın təşkil edir. Qalan vəsait marşrut sahiblərinə, dispetçer xidmətinə, ayrı-ayrı lüzumsuz xərclərə yönəlir.

Bundan başqa, şəhər nəqliyyatının heç də hamısı dizel yanacağından istifadə etmir və bir çox avtobuslar benzinlə çalışır. Şəhər meriyasının paytaxta irihəcmli avtobuslar gətirməsi vədləri nəhayət ki, reallaşarsa nəqliyyatın böyük əksəriyyəti benzinə keçmiş olacaq ki, bu da həmin avtobuslar üçün öz xərclərini örtməyə kifayət edir.

Ekspertlər hesab edir ki, nəqliyyat sektorunda inhisarçılıq və direktiv qaydalar hökm sürdüyündən burada artım baş verməyəcək, lakin dizel resurslarının 15-18 faizinin istehlak olunduğu kənd təsərrüfatında qiymətlərin 10-15 faiz səviyyəsində dəyişə bilməsi mümkündür. Yəqin ki, bu yeganə sahədir ki, qiymət artımı həqiqətən də xidmətlərin dəyərinin artımına və bu da öz növbəsində kənd təsərrüfatı məhsullarının qiymətlərinə əhəmiyyətli təsir edə bilər. Lakin hər bir iqtisadi sistemin səmərəli fəaliyyəti öz inkişafı naminə etmək istədiyi güzəştin ünvanlı olmasından asılıdır.

Bu baxımdan mütəxəssislərin fikrincə, hökumət kənd təsərrüfatının subsidiyalaşdırılması ilə bağlı konsepsiya qəbul etməlidir, yəni kənd təsərrüfatı sektoru ünvanlı subsidiyalaşdırılmalıdır. Belə subsidiyalaşdırma bir çox ölkələrdə tətbiq olunur. Ən azından qonşu İranın uğurlu təcrübəsi buna misal ola bilər. Qeyd edək ki, belə bir yanaşma hökumət kuluarlarında da müzakirə olunur və yaxın zamanlarda Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Nazirliyinin təkliflərlə çıxış edəcəyi gözlənilir. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmağa hazırlaşdığı bir məqamda bu məsələ xüsusilə aktualdır, çünki, təşkilata üzv olduqdan sonra hökumətin subsidiyalaşdırmanı geniş tətbiq etməsi məhdudlaşa bilər.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu ilə əldə edilmiş razılaşmaya görə, hökumət 2008-ci ilə qədər enerjidaşıyıcıların və kommunal xidmətlərin qiymətinin qaldırılmasını tam şəkildə başa çatdırmalıdır. Bu qiymət artımı 2004-cü ildə başlanıb və o zaman qiymət artımı bütün neft məhsullarına şamil olunmuşdu. Qeyd edək ki, 2004-cü ilin noyabr ayına qədər neft məhsullarının qiyməti yalnız 1998-ci ildə artırılmışdı və o zaman bu artım artıq labüd idi. 2004-cü ilin noyabrında aparılan qiymət dəyişikliyi zamanısa avtomobil benzini Aİ-96 11,1 faiz, Aİ-92 12,5 faiz, Aİ-80 13,3 faiz, dize yanacağı 12,5 faiz, məişət soba yanacağı 10 faiz, ağ neft 14,3 faiz artırılmışdı. Bu artımlar topdansatış qiymətinə tətbiq olunmamış, yalnız qiymətə tətbiq olunan aksizlər artırılmışdı və bununla da qiymət artımından bütün gəlir dövlətin büdcəsinə gedirdi. O zaman dizelin qiymətinə də 15 faizlik aksiz tətbiq olundu, ağ neft üçün aksizlər isə 2,78 faizdən 22,3 faizə qədər artırıldı. Beləliklə, son iki ildə dizel yanacağının qiyməti 750 manatdan 1800 manata qədər artırılıb.

Qeyd etdiyimiz kimi, qiymət artımları BVF ilə razılaşmaya əsasən aparılır və Fondun hökumətin bu addımını dəstəkləməsi təəccüblü deyil. Fond ekspertləri hesab edir ki, düzgün qiymət siyasəti olmasa, iqtisadiyyat səmərəli işləməyəcək. Eyni zamanda, dövlət belə məsələləri kompeks həll etməli və əlində olan imkanlardan maksimum bəhrələnməlidir. Fondun 2004-cü ildə hökumətə verdiyi niyyət məktubunda qiymət artımına getmək tövsiyyə olunmuşdu və bunun müəyyən mərhələlərlə və əhalinin aztəminatlı hissəsinn mənafelərini qorumaqla edilməsi göstərilirdi.

Beləliklə, əhalinin aztəminatlı hissəsinin qiymət artımlarının təsirindən müdafiə olunması öncül məsələ olaraq ortaya çıxır.

Aprel ayından aztəminatlı ailələrə ünvanlı sosial yardım mexanizminin işə salınacağı hökumətin qiymət artımına getməsinə bəraət qazandırır. Hökumət total güzəştləri ləğv edir, əvəzində aztəminatlı ailələr geniş güzəştlər mexanizmi formalaşdırır. İndi güzəştdən istifadə etmək üçün hər bir vətəndaş bu statusu almaq üçün müəyyən kriteriyalara uyğun gəlməlidir. Razılaşmaq lazımdır ki, belə ünvanlılıq sosial güzəştlərdən istifadə edənlərin sayını kəskin azaldacaq və böyük maliyyə resurslarına qənaət etməyə imkan verəcək. Belə halda, aztəminatlı kateqoriyadan olan vətəndaşların qiymət sıçrayışlarının təsirindən qorumaq daha asan görünür.

Digər bir məsələ yanacağın qiymət artımının inflyasiya törətmə təhlükəsi ilə bağlıdır. BVF hesab edir ki, enerjidaşıyıcaların qiymətləri mərhələlərlə qaldırılmalıdır. Azərbacanda maliyyə bazarı zəif inkişaf edib, iqtisadiyyatın monetizasiyası aşağı səviyyədədir və bu müəyyən ehtiyatlanmalara əsas verə bilər. Hərçənd, mütəxəssislərin fikrincə, qiymətlərin budəfəki artımı inflyasiya üçün əsas vermir, çünki, bu birdəfəlik addımdır. Söhbət müəyyən mənada inflyasiya gözləntisinin doğura biləcəyi təhlükədən gedirsə, onun da nəticələri aradan qaldırıla bilər.

Digər neft məhsullarına gəlincə, bunların sırasında əhalinin istehlak etdiyi ağ neftin qiymətinin artmasının da ciddi bir dəyişikliyə səbəb olmayacağı gözlənilir. Çünki ağ neftdən istifadə edən aztəmintlı ailələrin mühüm bir qrupu - qaçqınlar və məcburi köçkünlər müəyyən limit daxilində büdcə vəsaitləri hesabına həmin yanacağın dəyərini alırlar.

Beləliklə, qiymət artımının müsbət və mənfi təsirlərini qiymətləndirərkən, məsələyə səthi yanaşmaq düzgün olmazdı. Əgər bu artımın iqtisadi sistem üçün plyusları - ilk baxışdan görünməsə belə - çoxdursa, buna getmək lazımdır. Hökumətin yanacaq-energetika kompleksindəki qiymətlərin tənzimlənməsi ilə bağlı xüsusi konsepsiyası olmalı və bu konsepsiya ölkə iqtisadiyyatının əsasını təşkil edən bu kompleksin qısa perspektivdə sağlamlaşdırılmasına nail olmağa imkan verməlidir.

 

Azərbaycana yaxın ölkələrin bazarlarında neft məhsullarının müqayisəli qiymətləri

 
Ölkələr Valyuta Dizel yanacağı Etilləş- diril- məmiş benzin Valyuta Dizel yanacağı Etilləş-diril- məmiş benzin Valyuta Dizel yanacağı Etilləş- diril- məmiş benzin
Azərbaycan USD 0,39 0,39 AZM 1 800,00 1 800,00 AZN 0,3600 0,3600
Gürcüstan USD 0,68 0,70 AZM 3 104,89 3 234,26 AZN 0,6210 0,6469
Rusiya USD 0,56 0,61 AZM 2 563,60 2 786,53 AZN 0,5127 0,5573
Ukrayna USD 0,68 0,70 AZM 3 122,56 3 214,40 AZN 0,6245 0,6429
Qazaxıstan USD 0,44 0,45 AZM 2 020,48 2 066,40 AZN 0,4041 0,4133
Belarus USD 0,54 0,66 AZM 2 479,68 3 030,72 AZN 0,4959 0,6061

 

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu

«525-ci qəzet», yanvar 2006


 

Xəbərlər
Redaktorun seçimi