“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.08.2014, 20:16
3090

Şükür Rzayev (1929-2006)

Azərbaycan SSR-in nəqliyyat prokuroru(1982-1986), Bakı şəhər prokuroru (1994-1998), ədliyyə general-mayoru, Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı (1983-1987)
A- A+

Şükür Həbib oğlu Rzayev 1929-cu il oktyabr ayının 21-də Qarabağ torpağında dünyaya göz açmışdır. Üç bacısı (Fatma, Səltənət, Məhbubə) və üç qardaşı (Hidayət, Rəşid, Əbülfət) ilə birlikdə uşaqlıq illərini Şuşanın «Merdinli» məhəlləsində keçirmişdir.

Atası Həbib kişi əsil-köklü şuşalı idi. O, 1888-ci ildə anadan olmuş, Azərbaycanda sovet hakimiyyəti qurulanadək mirzəlik etmişdir. 1920-ci ildən sonra «Revkom»da, «Kasıblar komitəsi»ndə çalışmış, Cavanşir bölgəsinin cinayət axtarış şöbəsinin rəisi olmuşdur. 1959-cu ildən isə ömrünün sonuna qədər Azərbaycan Yazıçılar İttifaqında işləmişdir. 1970-ci ildə - 82 yaşında dünyasını dəyişmişdir. Anası Mirəssəb xanım bütün ömrünü övladlarının tərbiyəsinə və təhsilinə həsr etmiş, 1962-ci ildə, 67 yaşında əbədiyyətə qovuşmuşdur.

Şükür Rzayev dörd yaşında ikən ailələri Bakı şəhərinə köçür. 1937-ci ildə 173 saylı məktəbin birinci sinfinə daxil olur. Bir müddət Ağdamda yaşamaları ilə əlaqədar orta təhsilini orada davam etdirir. Ailələrinin yenidən Bakıya qayıdışından sonra, 132 saylı məktəbdə təhsilin davam etdirir və məktəbi qızıl medalla başa vurur. 1948-1953-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil alır.

1953-cü ildə Şükür Rzayev universiteti fərqlənmə diplomu ilə bitirib, təyinatı üzrə respublikanın prokurorluq orqanlarında işləməyə başlayır. Əmək fəaliyyətinə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası prokurorunun köməkçisi kimi başlayır. 1957-ci ilin fevral ayına qədər Naxçıvanda çalışır, ömür-gün yoldaşı Solmaz xanımla gələcək xoşbəxt ailəsinin təməlini burada qurur.

1957-ci ildə Bakı şəhəri Əzizbəyov rayon prokurorluğuna müstəntiq təyin olunur. 1957-1959-cu illərdə Azərbaycan Respublikası Prokurorluğunun Məhkəmələrdə cinayət işlərinin baxılmasına nəzarət və İstintaq şöbələrinin prokuroru vəzifəsində çalışır.

1959-cu ilin dekabr ayında Lənkəran rayonlararası (Lənkəran-Lerik-Astara rayonları) prokuroru təyin edilir, burada da özünü bacarıqlı, işinin öhdəsindən layiqincə gəlməyi bacaran bir hüquqşünas kimi təsdiqləyir. 1960-cı ildə Şükür Rzayev Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilir.

1965-ci ilin fevral ayında qanunvericiliklə nəzərdə tutulan prokurorluq müddəti bitdiyi üçün yenidən öz əvvəlki vəzifəsinə - Azərbaycan Respublikası Prokurorluğunun İstintaq şöbəsinin prokuroru vəzifəsinə qaytarılır. On ildən artıq - 1966-cı ilin iyun ayından həmin şöbədə rəis müavini, 1976-cı ilin noyabr ayından 1979-cu ilin may ayına qədər isə Respublika Prokurorluğunda Daxili işlər orqanlarında istintaqa və təhqiqata nəzarət şöbəsinin rəisi vəzifələrində çalışır.

Bu müddətdə prokurorluq orqanlarında fəaliyyəti yüksək qiymətləndirilir. 1967-ci ildə SSRİ Baş Prokuroru R.A.Rudenkonun imzası ilə “Oktyabr inqilabının 50 illik yubileyi şərəfinə” Fəxri Fərmanla təltif olunur. 1970-ci ildə «Şərəfli əməyinə görə və V.İ.Leninin anadan olmasının 100 illiyi münasibəti ilə» yubiley medalı, 1972-ci ildə ikinci dəfə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı və SSRİ Prokurorluğunun yaradılmasının 50 illiyi münasibətilə Ümumittifaq «Bilik» cəmiyyətinin Fəxri Fərmanı ilə ilə mükafatlandırılır.

1979-cu ilin may ayında Şükür Rzayev Respublika Prokurorluğunda Məhkəmələrdə cinayət işlərinin baxılmasına nəzarət şöbəsinə rəis təyin edilir və 1982-ci ilin yanvar ayınadək bu vəzifədə işləyir.

1981-ci ildə Azərbaycan SSR Nəqliyyat Prokurorluğu yaradılır (vilayət prokurorluğu hüququnda), 1982-ci il yanvarın 16-da Şükür Rzayev respublika nəqliyyat prokuroru təyin edilir. Bu, o dövrdə SSRİ miqyaslı vəzifə idi və SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri L.İ.Brejnevin 26 may 1982-ci il tarixli fərmanı ilə Şükür Rzayevə 3-cü dərəcəli Dövlət ədliyyə müşaviri rütbəsi verilir.

Şükür Rzayevin təşkilatçılıq bacarığı sayəsində tezliklə yeni prokurorluq orqanının Naxçıvanda, Gəncədə və respublikanın başqa şəhərlərində strukturları, habelə Xəzər Nəqliyyat Prokurorluğu yaradılır. 1984-cü ildə Şükür Rzayevin təşəbüsü ilə Azərbaycanda ilk dəfə prokurorluq orqanlarının ümumittifaq müşavirəs keçirilir. Bu illərdəki zəhmətinə və fəaliyyətinə görə 1984-cü ildə «Əmək veteranı» medalı, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Fəxri fərmanı ilə təltif edilir. Eyni zamanda, 1983-1987-ci illərdə Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı olur.

Həmin illərdə ölkədə elan olunan “aşkarlıq” siyasətindən sui-istifadə edən bəzi qüvvələr Azərbaycanda ayrı-ayrı rəhbər şəxslərə qarşı qaralama kampaniyalarına başlamışdılar, paxıllıq meylləri güclənmişdi. Təcrübəli, tələbkar, prinsipial dövlət xadimi olan Şükür Rzayevin əleyhinə də Moskvaya məqalələr, imzasız məktublar göndərilirdi. Bu kampaniyanın nəticəsində 13 may 1986-cı ildə Azərbaycan KP MK Bürosunun qərarı ilə Şükür Rzayev respublika nəqliyyat prokuroru vəzifəsindən azad edilir.

Bundan sonra o, 1986-1987-ci illərdə Respublika Prokurorluğunun İstintaq idarəsində prokuror, 1987-ci ildən isə Bakı Şəhər Prokurorluğunda əvvəl İstintaq, sonra isə Daxili işlər orqanlarında istintaqa və təhqiqata nəzarət şöbəsinə prokuror işləyir.

Şükür Rzayev bu illərdə bir ziyalı, milli təəssübkeş kimi respublikanın ictimai həyatında da fəallıq göstərir. 1988-cı ildə bir qrup ziyalı ilə birlikdə «Təhsil» cəmiyyəti yaradılmasının təşəbbüsçülərindən olur. 1990-cı ilin avqustunda «Təhsil» cəmiyyəti Ədliyyə Nazirliyində qeydiyyata alınaraq rəsmi fəaliyyətə başlayır.

Bu dövrdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində Dağlıq Qarabağ münaqişəsi artıq alovlanmışdı, separatçılar qanunçuluğa meydan oxuyurdular, regionda hüquq-mühafizə orqanlarının işi iflic olmuşdu. Vilayət prokurorluğunda törədilən qanunsuzluqlara yox demək, haqq-ədalətin, qanunçuluğun bərpasını təmin etmək məqsədilə Bakıdan Xankəndinə işi bilən, təcrübəli bir prokuror göndərmək lazım idi. 1991-ci il noyabrın 8-də Bakı Şəhər Prokurorluğu İstintaq şöbəsinin prokuroru Şükür Rzayev respublika prokurornun əmri ilə Xankəndi şəhərinə ezam olunur. O, şəhərə gəlir, bir neçə gün ona tapşırılan cari məsələlərin həlli ilə məşğul olur, vilayətin hərbi komissarına, vilayət prokurorluğunun əməkdaşlarına konkret tapşırıqlar verir.

Noyabrın 14-də DQMV Prokurorluğunun binasına basqın edən üzü maskalı bir qrup Şükür Rzayevin oturduğu kabinetə girərək onu girov götürür və gözlərini bağlayaraq naməlum istiqamətə aparır. Erməni separatçıları onu Xankəndidə qanunçuluğun bərpası naminə nümayiş etdirdiyi cəsarət və prinsipiallığa görə cəzalandırmaq istəyirdilər. Erməni girovluğunda məşəqqətli 24 gün yaşayan Şükür Rzayev dekabrın 7-də girovluqdan azad edilir.

1992-ci ilin yanvar ayında Qarabağ rayonlararası prokurorluğu yaradılır və Şükür Rzayev öz şəxsi təşəbbüsü ilə Qarabağ rayonlararası prokuroru təyin edilir. 1993-cü ilin aprelində həmin prokurorluğun ləğv olunması ilə əlaqədar o, yenidən Respublika Prokurorluğunda Ümumi nəzarət şöbəsinə prokuror təyin edilir. 1993-cü ilin noyabr ayından 1994-cü ilin oktyabrınadək Respublika Prokurorluğunda Daxili işlər orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəisi işləyir.

1994-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Şükür Rzayev Bakı şəhər prokuroru təyin edilir və 1998-ci ilin fevralınadək bu vəzifədə çalışır. Bu dörd il ərzində ona göstərilən bu etimadı şərəflə doğrudur. O dövrdə bir çox ağır cinayətlərin, o cümlədən 1994-1995-ci illərdə dövlət çevrilişlərinə cəhdlərin istintaqı Bakı Şəhər Prokurorluğunda aparılırdı. Şükür Rzayev bu vəzifədə çalışdığı illərdə həmişəki kimi dövlətə, dövlətçilik ənənələrinə sədaqətini sübut edir.

1998-ci ilin fevralında prokurorluq orqanlarında 45 illik fəaliyyətini başa vuraraq təqaüdə çıxır. Ömrünün sonrakı illərini dünyalar qədər sevdiyi nəvələri ilə ünsiyyətin ləzzəti ilə yaşayır.

Şükür Rzayev 2006-cı ildə dünyasını dəyişib...

* * *

►Bax həmçinin:

Bakının ağır günlərinin prokuroru – Tarixçə

Rafiq Səməndər. 24 gün əsirlikdə (sənədli povest)

 

 

Xəbərlər
Redaktorun seçimi