“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.08.2014, 12:58
1619

Məhəmməd Əmin Rəsulzadə (1884-1955)

Azərbaycan Xalq Cümhuriyyətinn qurucusu
A- A+

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində doğulmuşdur.

Siyasi xadim, publisist, yazıçı-dramaturq. Azərbaycanın “İstiqlal bəyannaməsi”ni elan etmiş Milli Şuranın (1918) sədri.

Əvvəlcə kommunist (sosialist) ideyalarına meyl etmiş, sol təmayüllü "Hümmət" yaradıcılarından olmuşdur. Sonra isə milli-demokratik platformada dayanan "Müsavat" partiyasını qurmuşdur.

Bakıda rus-tatar və texniki məktəbdə təhsil almışdır. 1904-1907-ci illərdə "Hümmət", "Təkamül" və "Yoldaş" qəzetlərinin redaktoru olmuşdur. Yazılarında Azərbaycan türkləri arasında sosial demokratik ideyaları təbliğ etmişdir. 1908-ci ildə inqilabi mövzuda "Gecədə işıq" əsərini yazır.

1909-cu ildə Səttarxanın başçılığı altında Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı baş verir. Rəsulzadə ora köməyə gedir. 1910-cu ildə Tehranda İran Demokratik Partiyasının " Yeni İran " qəzetinin təşkilində iştirak edib, ilk nömrələrini redaktə edir. Tehranda və Ərdəbildə sosial-demokratiyanı təbliğ edən iki kitab nəşr etdirir.

1911-ci ildə çar Rusiyası qoşunları İrana girir. M. Rəsulzadə İstanbula mühacirət edir. "Türk yurdu" jurnalını təsis edərək burada Azərbaycan türklərinin iranlılaşdırılmasından bəhs edir. Onların tarixi köklərini və xalqın millət kimi formalaşmasını araşdırır. 1911-ci ildə M. Rəsulzadə silahdaşları ilə birgə gizli şəkildə "Müsəlman Demokratik Müsavat Partiyası"nı yaradırlar. M.Rəsulzadə partiyanın rəhbəri olur.

1914-cü ildə "Dirilik" siyasi jurnalında çap etdirdiyi məqalələrində Azərbaycan milli ideyalarını formalaşdırmağa başlayır. 1915-ci ildə yenidən gizli şəkildə müsavat partiyasının orqanı olan "Açıq söz" qəzetini təsis edərək marksist ideyalardan tamamilə uzaqlaşır.

1917-ci ildə Rusiyadakı fevral inqilabından sonra "Müsəlman demokratik müsavat partiyası" üzə çıxır. 1917-ci ilin iyulunda bu partiya N. Yusifbəyli tərəfindən yaradılmış "Türk milli federallar partiyası" ilə birləşərək "Müsavat" partiyası adlandırıldı. Partiyanın sədri M. Rəsulzadə seçildi. Federalların Rusiyanın tərkibində milli-müstəqil federasiya kimi qalmaq proqramı əsas götürüldü.

1917-ci ilin oktyabrında Rusiyada: bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra, Azərbaycan demokrat partiyası "Müsavat" öz proqramında dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etdi. Azərbaycanda müstəqil dövlətçilik hərəkatı inkişaf etməyə başladı. Bu hərəkatın ideyalarına M. Ə. Rəsulzadə "Xalq idarəçiliyi", "Bizə hansı hakimiyyət lazımdır" kitablarında inkişaf etdirir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi özünün buraxıldığını elan etdi. Səhəri gün buraxılmış seymə daxil olan müsəlman partiya və qruplar Azərbaycan milli şurasını yaradaraq, M. Rəsulzadəni İcraiyyə komitəsinin sədri seçirlər.

28 may 1918-ci ildə M. Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan edərək Fətəli xan İsgəndər oğlu Xoyskini hökumətə rəhbər seçir. Bu dövrdə M. Rəsulzadə Azərbaycan dövlətçiliyinin, milli mədəniyyətin, təhsilin, sənaye və kənd təsərrüfatının inkişafı üçün bütün qüvvə və bacarığını sərf edir. Bilavasitə onun rəhbərliyilə Azərbaycan Dövlət Universiteti yaradılır və özü burada "Osmanlı ədəbiyyatı tarixi"ndən mühazirələr oxuyur.

1920-ci ilin aprelində rus sovet imperiyası ikinci dəfə Azərbaycanı işğal edərək burada kommunist rejimi qurur, avqustda M. Rəsulzadəni həbs edib Bayıl dustaqxanasına salırlar. Bu arada Bakıya gələn Stalin M. Rəsulzadənin azad olunması üçün tapşırıq verir və onu özü ilə Moskvaya aparır. Məsələ onda idi ki, 1905-ci ildə faytonda neft rezervuarlarının birinin yanından keçən M. Rəsulzadə görür ki, bir dəstə adam birinin əl-ayağını bağlayıb neftlə dolu rezervuarada batırmaq istəyir. Bu İosif Stalin (Koba) imiş. M. Rəsulzadə onu xilas edərək şəhərə gətirib gizlədir. İ. Stalin də burada borclu qalmayıb, M. Rəsulzadəni azad edib özü ilə Moskvaya aparıb Xalq Millətlər Komissarlığında işə düzəldir.

1922-ci ildə M. Rəsulzadəni Skandinaviya ölkələrinə ezamiyyətə göndərirlər. O, daha geri qayıtmır. Bu dövrdən M. Rəsulzadənin mühacir həyatının üçüncü dövrü başlanır. 1923-cü ildə o, İstanbulda "Bizim əsrin əzabkeşi" və "Azərbaycan Respublikası keçmişdə və indi", 1924-29-cu illərdə "Yeni Qafqaz" və "Odlar ölkəsi" qəzetlərini redaktə edir.

30-cu illərin əvvəllərində qəzetlərin redaktəsilə bərabər Berlində və Parisdə kitablar çap etdirir. 1938-39-cu illərdə Polşa hökumətinin məsləhətçisi olur. 1947-ci ildə Ankaraya köçərək Azərbaycan haqqında bir neçə kitab nəşr etdirir. 1952-ci ildən "Azərbaycan" jurnalını nəşr edir.

Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat etmiş, orada dəfn olunmuşdur. 1991-ci ildə doğulduğu Novxanı kəndində büstü qoyulmuşdur.

 

Xəbərlər
Redaktorun seçimi