“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.08.2014, 12:49
1623

Şirvanşah I İbrahim (1352-1417)

Şirvanşahlar dövlətinin hökmdarı
A- A+

Şeyx İbrahim Dərbəndi 1352-ci ildə kasıblaşmış xan ailəsində doğulmuşdur. Kəsranilərin törəmələrindən olub ikinci Mənuçöhrün doqquzuncu nəslindəndir. 1382-1417-ci illərdə Şirvanın şahı. Dərbəndilər sülaləsinin banisi.

Dərbəndilər IX ərsdə yaranmış Şirvanşahlar dövlətinin üçüncü (və son) sülaləsi (Məzyədilər (861-1027) və Kəsranilərdən (1027-1382) sonra) olmaqla yanaşı, tam türk əsilli sülalə olmuşdur. Dərbəndilər sülaləsinin (1382-1538) ən parlaq simalarından biri Şirvanşah I İbrahimdir.  

Şirvanşah I İbrahim elmi, mədəniyyəti himayə edən uğurlu sərkərdə, müdrik dövlət xadimi idi. Deyilənlərə görə, İbrahim yaz günlərinin birində özünün adəti ilə xışla yer şumlayır - ağbuynuzlu kəlləri ilə xış çəkirmiş. Günəş bir qədər qalxdıqda günortaya yaxın xışı bir qədər dərinə salaraq öküzləri dincə buraxıb, ağacın altında dincəlirmiş. Bu arada Şirvan sarayından elçilər gəlib onun Şirvanın şahı elan edirlər.

Şah olduqdan sonra İbrahim 35 il ərzində Teymur və onun varisləri, habelə Toxtamış, Cəlairilər, Qaraqoyunlular kimi qüdrətli düşmənlərə qarşı davam gətirir. İbrahim özünün 10 minlik süvarisilə Teymurun Türkiyə (Anadolu) səfərində iştirak edərək bir sıra parlaq qələbələr əldə etmişdi.

Hakimiyyətdə olduğu illərdə Azərbaycan feodal xanlıqlarını qüdrətli bir dövlətdə birləşdirməyə səy göstərmiş, siyasi danışıqlar yolu ilə onları özünə tabe etdirə bilmişdi. Teymurilərin türkmən qəbilələri Qaraqoyunlularla müharibə  aparmalarından məharətlə istifadə edən İbrahim 1406-cı ildə döyüşsüz Təbrizə girmişdi. Ancaq tezliklə Qaraqoyunluların qorxusundan geri qayıtmışdı.

Şəki xanı Sidi Əhmədlə və Kaxetiya çarı Konstatinlə müqavilə bağlayaraq 1412-ci ildə Qaraqoyunlularla müharibəyə başladı. Bu döyüşdə İbrahim və onun silahdaşları uğursuzluğa düçar olub əsir düşdülər. Konstantin öldürüldü. İbrahim üçün isə 1200 tümənlik qan pulu tələb olundu. Təbrizlilər onu o qədər sevirdilər ki, Şirvan xəzinəsinə növbə çatmadı. Təbrizlilər bu pulu yığıb onu təntənə ilə yola salanda Qaraqoyunlu hökmdarı özü də burada iştirak etmişdi.

Çox maraqlıdır ki, İbrahim Moskva knyazları ilə də dostluq edirdi. İbrahimin tapşırığı ilə on beşdən artıq azərbaycanlı usta Moskvada Kremlin tikintisində iştirak etmişdi.

Şeyx İbrahim Dərbəndi (I İbrahim) 1417-ci ildə Şirvanda vəfat etmişdir. Şirvanşahlar dövlətinin varlığına Səfəvi hökmdarı I Təhmasibin Şirvana yürüşləri nəticəsində son qoyulmuşdur.

İ. P. Petruşevski "Böyük patriot Şirvanşah İbrahim" adlı kiçik bir broşüra, yazıçı Əbdül Hüseynov isə "Əkinçi taxtda" adlı povest yazmışdır.

 

Xəbərlər
Redaktorun seçimi